Gözəl səsi ona böyük sevgi
qazandırdı
Musiqi dünyası
1928-ci ilin 23
sentyabrında Bakıda dünyaya göz açdı. Əksər
azərbaycanlı ailələrdə oğlan
övladını nəslin davamçısı hesab edir,
dünyaya gəlişinə daha çox sevinir, qohum-əqrəba
göz aydınlığı verir. Bu körpə
qızın isə bəxti gətirmişdi. Onun atası Yusif
kişi qız övladı arzusunda idi.
Düşünürdü ki, qızlar daha canıyanan olurlar,
ata-ana qayğısını oğlandan çox çəkirlər.
Yalnız atasının
deyil, ailənin digər üzvlərinin də sevincinin həddi-hüdudu
yox idi. Uşağın adqoyma mərasimi adət-ənənəyə
uyğun keçirildi. Yaxın qohumlar
yığışdı, məclis quruldu. Tutuxanım nənə
körpənin qulağına adını oxuyub xeyir-dua verdi:
"Adınla böyüyəsən, Firəngiz balamız”.
Uşaqlıq arzusu
Musiqi onu kiçik
yaşlarından öz cazibəsinə saldı. Orta məktəbdə
oxuyanda nəğmə dərslərinə xüsusi maraq
göstərirdi. Gözəl səsinin ilk pərəstişkarları
da o illərdə sinif yoldaşları oldu. Məktəbdə
keçirilən şənliklərdə həmişə
solist kimi çıxış edir, nənəsindən,
anasından eşitdiyi mahnıları həvəslə
oxuyurdu. Artıq "Böyüyəndə kim olacaqsan”
sualının cavabını da öz aləmində müəyyənləşdirmişdi.
Müğənni olacaqdı.
Evdə hər fürsət
düşəndə ailə üzvləri və gələn
qonaqlar üçün mahnılar oxuyurdu. Atası Yusif
kişi də qızının oxumağını çox bəyənirdi:
"Hələ uşaqdır, qoy istədiyi qədər
oxusun”, - deyirdi. Sonralar bu istəyin sevimli qızının sadəcə
şıltaqlığı olmadığını, Firəngizin
musiqi təhsili almaq arzusunu biləndə özündən
çıxacaqdı. Qızı ilə bağlı başqa
xəyalları olduğunu söyləyəcəkdi: "Firəngiz
həkimlik dalınca getməlidir, aşıqlıq dalınca
yox”. Ancaq qızın tərəfində dayananlar, Yusif
kişiyə yalvar-yaxar edənlər oldu. Nüfuz sahibi olan
Mahmud kişinin nəsihətləri, ailənin digər
üzvlərinin təkidləri axır ki, atanın ürəyini
yumşaltdı.
Atasının
müğənni olmasına razılıq verməsi onu
dünyanın ən bəxtəvər insanı etmişdi.
Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı
adına Bakı Musiqi Məktəbinə daxil oldu. Vokal sənətində
ilk dərslərini həmin məktəbdə almağa
başladı. Bir müddət sonra Azərbaycan Dövlət
Radiosunun xoruna dəvət aldı. Hələ tələbə
ikən həmin kollektivdə çalışmağa
başladı. Firəngiz Əhmədova 1946-1951-ci illərdə
Azərbaycan Dövlət Radiosu xorunun solisti oldu. Orada klassik
dünya bəstəkarlarının xor əsərlərində
əsas solo partiyaları oxudu.
Həyatını dəyişən möcüzə
Musiqi məktəbində
oxuduğu vaxtlar Firəngiz Əhmədovanın xəyalına
belə gətirmədiyi hadisə baş verdi. Məktəb
yoldaşı Rəfiqə bir gün ona dedi:
"Hamımız bilirik ki, sənin yaxşı səsin var.
Mənim bacım Ağabacı konservatoriyada bəstəkarlıq
sinfində oxuyur. Bu yaxınlarda Nizaminin sözlərinə
romans yazıb. Həmin romansı onun sənət müəlliminin
yanında oxumaq lazımdır. "Sən oxuyarsan?”. Firəngiz
heç düşünmədən cavab verdi: "Oxuyaram”.
Birlikdə Rəfiqəgilə getdilər. Gələcəyin
böyük bəstəkarı Ağabacı Rzayevanı da
Firəngiz Əhmədova həmin gün tanıdı. Gərgin
məşqlərə başladılar. Firəngiz romansa
müəyyən iradlarını da bildirir, gənc müəllif
onları nəzərə alırdı. Nəhayət, təyin
etdikləri gün konservatoriyaya yollandılar. Ağabacı
Rzayeva ona sinif otaqlarının birinin qapısında gözləməyi
xahiş edib, özü içəri keçdi. Bir neçə
dəqiqədən sonra onu dərs otağına
çağırdılar. İçəridə masanın
arxasında əyləşmiş eynəkli kişini görəndə
çaşıb qaldı. Eynəkli kişi ona ürək-dirək
verirmiş kimi gülümsəyib yer göstərdi:
"Xoş gəlmisən, qızım. Keç royalın
yanına, oxu görək, nə oxuyursan?!”
Oxumağa
başladı. Bir neçə dəqiqəlik ətrafında
baş verənləri unutdu. İfasını bitirən kimi
eynəkli kişiyə nəzər saldı. Ona çox diqqətlə,
maraqla baxırdı. "Harada oxumusan, yaxud oxuyursan?” Sual
gözlənilməz oldu. Utana-utana cavab verdi: "Bakı
Musiqi Məktəbində oxuyuram”. Eynəkli kişi bir qədər
fikirləşəndən sonra dilləndi: "Qızım, sənin
yerin musiqi məktəbi yox, konservatoriyadır. Sən
konservatoriyada təhsil almalısan”. Eşitdiklərinə
inana bilmirdi. Musiqi məktəbi tələbəsinin
birbaşa konservatoriya tələbəsi olması
üçün qeyri-adi hadisə baş verməli idi. Bu ciddi
görkəmli, təmkinli, görkəmindən,
danışığında əsilzadəlik yağan
adamın onunla zarafat edəcəyi də inandırıcı
görünmürdü. Öz-özünə çək-çevir
eləməyə ehtiyac qalmadı. Eynəkli kişi qapıya
yaxınlaşdı və öz köməkçisini
içəri dəvət edərək tapşırıq
verdi: "Bu qızın sənədlərini rəsmiləşdir.
Bundan sonra konservatoriyada oxuyacaq”.
Ağabacı Rzayevadan
bu kişinin adını öyrənəndə heyrətdən
donub qaldı. İfasını dinləyən, onunla
danışan, konservatoriyada oxumağına qərar verən
Üzeyir Hacıbəyli idi. Firəngiz Əhmədova
üçün əsl möcüzə baş vermişdi. O
günün təəssüratı bütün ömrünə
işıq salacaqdı...
Xoşbəxt xatirələr...
Həmin vaxtdan Firəngiz
Əhmədovanın müğənnilik fəaliyyətində
onu uğurlara aparan bir yol açıldı. Azərbaycan
Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi
Akademiyası) professor Marqarita Kolotovanın sinfində vokal təhsili
alan gənc qız çox tələbkar müəlliminin
tapşırıqlarına cavab vermək, vokal
texnikasının sirlərinə tam yiyələnmək
üçün var qüvvəsi ilə
çalışırdı.
Konservatoriyanın ikinci
kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət etdilər.
Firəngiz Əhmədovaya Müslüm Maqomayevin "Şah
İsmayıl” operasından Gülzarın partiyasını
hazırlamağı tapşırdılar. Çox gənc
yaşında çətin bir işin öhdəsindən gəlməli,
opera ifaçısı kimi səhnəyə
çıxmalı, yüksək vokal
ifaçılığı, həm də artistlik qabiliyyəti
nümayiş etdirməli idi. Məşqlərdə
iştirak edir, yorulmaq bilmədən
çalışırdı.
Tamaşa günü gəlib
çatdı. O, sevgisi yolunda cəfalar çəkən,
bütün çətinlikləri dəf edən gözəl
Gülzarı tamaşaçılara böyük məhəbbətlə
təqdim etdi. Opera səhnəsindəki ilk
çıxışı bəyənildi. Firəngiz Əhmədova
bu rolu ilə Azərbaycan opera səhnəsinə çox
istedadlı bir ifaçının gəldiyini təsdiq etdi.
Azərbaycan Dövlət
Konservatoriyasını 1955-ci ildə bitirdi. Opera səhnəsi
yeni uğurlarına meydan vermişdi. Ona bu dəfə
Üzeyir Hacıbəylinin "Koroğlu” operasında Nigar
partiyasını tapşırdılar. Yenə sevgi dolu, vəfalı,
mərd bir qadın rolu - Nigar partiyası ilə səhnəyə
çıxacaqdı. Firəngiz Əhmədova öz
Nigarı barədə sonralar yazacaqdı: "Mən
özümün çox da uzun olmayan aktyorluq dövrümdə
çox partiyalar oxumuşam. Cüzeppe Verdinin "Aida”
operasında Aida, "Otello” operasında Dezdemona, Müslüm
Maqomayevin "Nərgiz” operasında Nərgiz, "Şah
İsmayıl” operasında Gülzar, "Arşın mal alan”
komik operasında Gülçöhrə, Fikrət Əmirovun
"Sevil” operasında Sevil, Corc Bizenin "Karmen” operasında
Mikaela, Süleyman Ələsgərovun "Bahadur və Sona”
operasında Sona obrazlarını yaratmışam. Müxtəlif
xarakterli, insanı həyəcanlandıran, onun qəlbinin dərinliklərinə
nüfuz edən bu partiyaların hər biri mənim
üçün əzizdir. Lakin mənim çox sevdiyim bir
partiya da var - Nigar partiyası. Nigarın ariyaları mənim qəlbimin
dərinliklərinə işləmiş və heyranlıq
duyğuları yaratmışdır. Sürəkli
alqışlar kəsiləndən və pərdə
örtüləndən sonra da uzun müddət mən bu
obrazın xoş təsiri altında qalıram. Ona görə
ki, Üzeyir bəyin mənəvi böyüklüyü onun
yaradıcılığında da özünü qabarıq
göstərir”.
Firəngiz Əhmədova
özünü həm də ona görə xoşbəxt
hesab edirdi ki, tərəf-müqabili Koroğlunun əvəzsiz
ifaçısı, ecazkar səsinə və aktyorluq məharətinə
heyranlıq duyduğu Bülbül idi. 1959-cu ildə Moskvada
keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti
ongünlüyündəki çıxışlarını
da Firəngiz Əhmədova belə xatırlayırdı:
"Moskvada Azərbaycan incəsənətinin dekadası. Ora
bizim opera tamaşalarından "Koroğlu” və "Sevil”
getmişdi, bir də balet tamaşaları.
Açılış "Koroğlu” ilə oldu.
"Koroğlu”da mən böyük teatrda Bülbüllə
səhnəyə çıxdım. Bundan böyük
xoşbəxtlik olarmı?!”
1951-1988-ci illərdə
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının solisti olan Firəngiz Əhmədova bu teatrda
milli və Avropa bəstəkarlarının operalarında
çıxış etdi. Repertuarı zəngin idi. Bənzərsiz,
ürəyəyatımlı, yaddaqalan, geniş diapazonlu,
güclü, məlahətli səsi, ifaçılıq
qabiliyyəti, aktyorluq məharəti ilə ifa etdiyi Nərgiz,
("Nərgiz”), Gülzar ("Şah İsmayıl”), Nigar
("Koroğlu”), Sevil ("Sevil”), Səriyyə ("Azad”),
Sona ("Bahadur və Sona”), Maro ("Daisi”), Aida ("Aida”),
Toska ("Toska”) və başqa Azərbaycan və dünya
klassiklərinin şah əsərlərində aparıcı
partiyaların mahir ifaçısı kimi şöhrət
tapdı.
Firəngiz Əhmədova
Azərbaycanın opera sənətinin inkişafında
çox böyük rol oynadı. Opera tamaşalarında
böyük sənətkarlarla - Bülbül, Müslüm
Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil
olan Firəngiz Əhmədova o illərdə Sovet
İttifaqına daxil olan respublikalarda, eləcə də
Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya və
başqa ölkələrdə qastrol səfərlərində
oldu, Azərbaycan mədəniyyətini layiqincə təmsil
etdi.
Opera sənətində
yüksək uğurlar qazanan Firəngiz Əhmədova
müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz
ifaçısı kimi də tanındı. O, Üzeyir
Hacıbəylinin "Sənsiz”, Asəf Zeynallının
"Ölkəm”, Niyazinin "Arzu”, Əşrəf Abbasovun
"Heyran olmuşam”, Ağabacı Rzayevanın "Oxu,
gözəl”, eləcə də P.Çaykovski, S.Raxmaninov,
S.Taneyev və digər klassik rus bəstəkarlarının
romanslarını və mahnılarını sənətkarlıqla
ifa etdi.
Firəngiz Əhmədova
ictimai xadim kimi də tanındı. 4-cü
çağırış SSRİ Ali Sovetinə və 5-ci
çağırış Azərbaycan Respublikası Ali
Sovetinə deputat seçildi.
1989-1997-ci illərdə
o, Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq
kimi fəaliyyət göstərdi. Gənc vokal
ifaçılarının yetişməsində bilik və
bacarığını əsirgəmədi.
Müasir mədəniyyətimizin
görkəmli nümayəndələrindən olan Firəngiz
Əhmədovanın yaradıcılıq uğurları hər
zaman yüksək qiymətləndirildi. O, sovet dövründə
Azərbaycan Respublikasının əməkdar artisti, xalq
artisti və SSRİ xalq artisti fəxri adlarına layiq
görüldü. Ölkəmizin müstəqillik illərində
isə Firəngiz Əhmədova "Şöhrət” ordeni
ilə təltif olundu.
Azərbaycanın zəngin
musiqi tarixində layiqli yer tutan böyük sənətkar
2011-ci il dekabrın 16-da ömrünün 84-cü ilində vəfat
etdi. Unudulmaz sənətkarla vida mərasimi uzun illər
çalışdığı Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında keçirildi. Firəngiz
Əhmədova I Fəxri xiyabanda dəfn olundu.
Bu gün - 90 illiyində
Azərbaycan mədəniyyətinin görkəmli
simalarından biri, məşhur opera müğənnisi, kamera
vokal əsərlərinin mahir ifaçısı Firəngiz
Əhmədova sevənlərinin görüşünə
lent yazılarının yaddaşında qalan əsərləri
ilə gəlir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan. - 2018.- 26 sentyabr.- S.11.