Prezident İlham Əliyevin “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə
xalqına təbriki
Azərbaycanın
"Azerspace-2” peyki sentyabrın
26-da Fransa Qvianasında
yerləşən Kuru
kosmodromundan orbitə buraxılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib.
Dövlətimizin başçısı deyib:
-Əziz həmvətənlər.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün "Azərspace 2” peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur.
Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: "Azərspace 1” telekommunikasiya peyki, "Azərsky” müşahidə peyki və "Azərspace 2”.
Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz "Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik.
Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.
Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.
Peyklərin, eyni zamanda, kommersiya
tərəfi var. Bu gün
Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin
fəaliyyəti nəticəsində
ölkəmizə valyuta
gəlir. Azərbaycanın kosmik sənayedə
əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə
aparır. Təsadüfi deyil ki, bu
ilin səkkiz ayının göstəricilərinə
görə, Azərbaycanda
qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır. Eyni zamanda,
"Azərsky” müşahidə
peyki vasitəsilə
biz nəinki ölkəmizin,
dünyanın istənilən
nöqtəsində baş
verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və
hərbi potensialının
gücləndirilməsi işində
"Azərsky” peykinin
xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu
sahədə də xaricdən asılılığı
tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün
peyk xidməti göstəririk.
İnfrastruktur layihələrimizin icrası
və mövcud infrastrukturun qorunması üçün peyklərin
böyük əhəmiyyəti
var. Kənd təsərrüfatının
inkişafı, ekoloji
vəziyyətə nəzarət,
torpaqlardan səmərəli
şəkildə istifadə
edilməsi – bütün
bu işlərdə
"Azərsky” müşahidə
peykinin xüsusi rolu var.
Bir sözlə, əziz vətəndaşlar, əziz
dostlar, bu gün ölkəmizin həyatında növbəti
əlamətdar bir gündür. Azərbaycan qısa müddət
ərzində dünyanın
kosmik klubunun dəyərli üzvünə
çevrilibdir. Azərbaycan qarşıya
qoyduğu bütün
vəzifələri uğurla
icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan
dünyada müasir texnologiyaların inkişafında
öz dəyərli sözünü deyir.
"Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması
bizim növbəti tarixi qələbəmizdir.
Bundan sonra da Azərbaycan
yalnız uğurlar, qələbələr yolu
ilə gedəcək.
Bir daha sizi bu
gözəl hadisə münasibətilə ürəkdən
təbrik edirəm, hər birinizə cansağlığı,
xoşbəxtlik arzulayıram. Sağ olun.
Azərbaycan.- 2018.- 27 sentyabr.- S.1.