Rusiya Azərbaycan üçün
çox mühüm,
dəyərli tərəfdaş, dost və
qonşu ölkədir
Dünən Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə görüşündə iki ölkə arasındakı münasibətlərə nəzər salındı, gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirə aparıldı. Azərbaycan və Rusiya prezidentlərinin son 3 ayda dördüncü, sentyabrda isə ikinci dəfə keçirilən görüşü, ilk növbədə, iki ölkə arasındakı yüksək və sıx siyasi dialoqun olduğunu göstərdi.
Azərbaycan və Rusiya arasında bu gün qarşılıqlı anlaşma mühiti mövcuddur. Son illərdə isə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Prezidentlər arasında bu cür intensiv görüşlərin keçirilməsi həm də Azərbaycan-Rusiya münasibətlərinin strateji mahiyyət daşımasının təsdiqidir.
Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin müsbət nəticələri dünən özlərinin qeyd etdikləri kimi təkcə siyasi sferada göstərmir. Belə ki, isti siyasi münasibətlərdən qaynaqlanan əməkdaşlıq telləri beynəlxalq tərəfdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Ölkələr arasında indiyədək 200-ə yaxın sənəd imzalanıb. Yaradılmış möhkəm hüquqi baza iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, yanacaq-energetika, elm və təhsil, mədəniyyət, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir.
Son 5 il
ərzində Azərbaycan və Rusiya
arasında 50-yə yaxın biznes-forum və
işgüzar görüşlər keçirilib. Bütün
bunlar nəticə etibarilə iqtisadi əlaqələrin inkişafına təkan
verib. Dünən keçirilən
görüşlərdə qeyd olunduğu kimi, Azərbaycan
Rusiya iqtisadiyyatına 1 milyard
dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırıb. Təkcə 2017-ci ildə
iki ölkə arasında ticarət
dövriyyəsinin həcmi 2,627 milyard dollar olub. Bu ilin birinci yarısında isə ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən
760 birgə müəssisə
fəaliyyət göstərir.
Rusiya-Azərbaycan İşgüzar
Şurası təkcə
ötən il
ümumi dəyəri
450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.
İki dövlət
arasında regionlararası
əməkdaşlıq da
getdikcə dərinləşir. Bu formatda əməkdaşlıq
ölkə prezidentlərinin
birgə təşəbbüsü
ilə başlayıb
və ticari-iqtisadi münasibətlərin inkişafında
böyük hadisəyə
çevrilib. Əlamətdar haldır ki, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən regionlararası forumlar ölkələr arasında
strateji tərəfdaşlığın
möhkəmlənməsinə müsbət töhfə verir, qarşılıqlı
faydalı əməkdaşlığın
genişlənməsinə şərait yaradır.
Hazırda Rusiyanın 78 subyekti
Azərbaycanla iqtisadi əlaqələr saxlayır.
Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq
barədə Çərçivə
sazişləri bağlayıb.
Dünənki görüşlərdə qeyd olunduğu kimi regionlararası əməkdaşlığın potensialı daha böyükdür. İki ölkənin
regionları arasında
səmərəli əməkdaşlığın
dərinləşdirilməsi üçün münbit
iqtisadi imkanlar mövcuddur.
Mədəni və humanitar sahələrdə də Rusiya ilə Azərbaycan arasında münasibətlər təqdirəlayiqdir. Hazırda 11 minə
yaxın azərbaycanlı
tələbə Rusiyada
təhsil alır.
Onlardan minə yaxını Rusiyanın büdcəsi hesabına oxuyur. Hər il
Azərbaycan vətəndaşlarına
200-dən çox təqaüd
verilir. 2010-cu ildən
Bakıda Lomonosov adına Moskva
Dövlət Universitetinin,
2015-ci ildən isə
İ.M.Seçenov adına
Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.
Humanitar
əməkdaşlığa gəldikdə onu da qeyd etmək
lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə
keçirilən Bakı
Beynəlxalq Humanitar Forumu artıq bütün dünyada aktual problemlərin, müasir cəmiyyətlərin
inkişaf məsələlərinin
müzakirə olunduğu
qlobal platforma kimi tanınır.
Rusiya dünyada
hərbi məhsulların
ən böyük istehsalçılarından biridir. Ona görə
hərbi əməkdaşlıq
da Azərbaycan-Rusiya münasibətlərinin mühüm
istiqamətlərindən biridir.
Son illərdə Azərbaycanın xaricdən
aldığı silah-sursatın
böyük hissəsi
Rusiyanın payına düşüb. Artıq Azərbaycanın
Rusiyadan aldığı
hərbi təyinatlı
məhsulların dəyəri
5 milyard dolları ötüb.
Prezident İlham Əliyevlə
Vladimir Putin arasındakı bərqərar olmuş şəxsi dostluq Azərbaycan-Rusiya münasibətlərinin
daha da möhkəmlənməsi
və dərinləşməsi
ilə müşahidə
olunur. Bunun nəticəsidir ki, yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən
Azərbaycanın Rusiya
ilə münasibətlərində
yeni keyfiyyət dəyişiklikləri baş
verir. Vladimir Putinin Azərbaycana dünənki səfəri
isə əlaqələrin
daha da inkişafı
ilə bağlı müzakirələrin davamı
baxımından xüsusi
əhəmiyyət kəsb
edir. Bu baxımdan
Bakıda aparılan danışıqların artıq
strateji səviyyəyə
yüksəlmiş Azərbaycan-Rusiya
münasibətlərinin gələcək
inkişafına mühüm
təkan verəcəyi
şübhəsizdir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 1.