5 ildə 3 peyk

 

"Azerspace 2” peykinin orbitə göndərilməsi İlham Əliyevin ardıcıl tarixi nailiyyətlərinin davamıdır

 

İstənilən ölkə və cəmiyyətin dinamik tərəqqisini şərtləndirən, fundamental əhəmiyyətə malik əsas məqamlardan biriinformasiya-kommunikasiya texnologiyaları ilə bağlıdır.

Elə bu səbəbdən də Azərbaycanda prioritet istiqamətlərdən hesab olunan kosmik sənayenin inkişafı istiqamətində mühüm addımlar atılır, informasiya-telekommunikasiya sektorunda irimiqyaslı layihələr həyata keçirilir. Sentyabrın 26-sında Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən "Azerspace 2” peykinin uğurla orbitə buraxılması bunu təsdiqləyən faktordur.

 

Azərbaycanda kosmik sənayenin inkişaf yolu

 

Bu, müstəqil Azərbaycanın "Azerspace 1” telekommunikasiya peykindən, "Azersky” müşahidə peykindən sonra orbitə çıxan sayca 3-cü peyki idi. Bu, həm də gənc müstəqil respublika kimi 5 il ərzində orbitə 3 peyk göndərən Azərbaycanın beynəlxalq səviyyədə təqdir edilən uğur göstəricisidir və bütün bu uğurlar bir daha təsdiqləyir ki, son 15 il ərzində ölkəmizdə kosmik sənayenin yaradılmasına, telekommunikasiya peyklərinin orbitə çıxarılmasına, ümumi intellektual potensialın inkişafına xüsusi diqqət və qayğı göstərilir.

Ölkədə bir çox digər sahələrdə olduğu kimi kosmik sənayenin əsasları da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə ötən əsrin 70-80-ci illərində Azərbaycan Elmlər Akademiyasının nəzdində kosmik tədqiqatların aparılmasına başlanılıb, bir çox texnoloji istehsalat kompleksləri yaradılıb.

Kosmik sənayenin inkişafının ikinci mərhələsi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının son 15 ildə ölkəmizdə informasiya texnologiyalarının inkişafına xüsusi önəm verməsi və bu sahəyə göstərdiyi diqqət və qayğı kosmik sənayenin yaradılması, eləcə də sonrakı inkişaf yollarının müəyyənləşdirilməsi işinə güclü təkan verib.

2009-cu ilin avqust ayında sərəncam imzalayaraq "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq edən Prezident bir il sonra Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos”un yaradılması ilə bağlı daha bir sənədə imza atdı. 2011-ci ildən isə "Azərkosmos” fəaliyyətə başladı.

 

"Azerspace 1” - 5 ilə 80 milyon dollar həcmində gəlir

 

İki il sonra - 2013-cü ildə Azərbaycan tarixində bir ilk gerçəkləşdi. 2013-cü il fevralın 7-də (Bakı vaxtı ilə fevralın 8-i) Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1” Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxıldı.

Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının beşinci ildönümü qeyd edildi. Bu müddət ərzində isə "Azerspace-1” peyki telekommunikasiya sahəsində digər ölkələrdən asılılığının aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edib.

"Azərkosmos”dan qəzetimizə verilən məlumata görə, hazırda Azərbaycanda peyk xidmətləri bazarında lider olan "Azerspace 1” peyki digər ölkələrdə də aktivlik nümayiş etdirir. Peykin dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var.

Dəyəri 233 milyon dollar olanbeş ildir ki, fəaliyyət göstərən "Azerspace 1” peykinin resurslarının 80 faizi kommersiya yönümlü istifadədədir. Bugünədək peykin tutumlarının istismarından 80 milyon dollar həcmində gəlir əldə edilib. Peykin qalan ömrü ərzində ölkə iqtisadiyyatına daha 220 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

 

Ölkəmizin müdafiə və təhlükəsizliyinə xidmət edən - "Azersky

 

 

2014-cü ilin dekabrında Fransanın "Airbus DS” şirkəti və "Azərkosmos” arasında imzalanmış strateji əməkdaşlığa dair saziş çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan "Azersky” orbitə buraxıldı. Bununla da, "Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başladı.

Bu gün "Azerskypeyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı var. Ötən dövr ərzində "Azerskypeykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir. "Azerspace-1” peyki ilə yanaşı, "Azerskyda Azərbaycanın suverenliyinin qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir.

Belə ki, 2015-ci ildən etibarən "Azerskypeyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. İşğal olunmuş ərazilərdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bunlarla yanaşı, Azərbaycana qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da "Azerskypeykinin imkanları tətbiq edilib.

Başlıca tətbiq sahəsi Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət etmək olan "Azerskypeykininkommersiya potensialı var. Peykin xidmətlərindən nəinki Azərbaycanda, eləcə də Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və s. ölkələrdə aktiv istifadə olunur. Dəyəri 157 milyon Avro olan "Azersky” peykindən bugünədək 24 milyon dollar həcmində gəlir əldə edilib.

 

"Azerspace 2” Azərbaycana 400 milyon dollar gəlir gətirəcək

 

Sentyabrın 26-da orbitə göndərilən sayca 3-cü peykimiz "Azerspace 2”nin orbitə buraxılması isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi ardıcıl tarixi nailiyyətlərin davamıdır. Bu həm Azərbaycanın gücünü, nüfuzunu artıran faktordur.

Bakıda 29 ölkənin 224 şirkətinin qatıldığı "ADEX-2018” üçüncü beynəlxalq müdafiə sərgisinin keçirildiyi bir zamanda "Azerspace 2” peykinin orbitə buraxılması xəbəri əlbəttə ki, Azərbaycanı istəməyən qüvvələr üçün göz dağıdır.

Onu da vurğulayaq ki, süni peyklər strateji təhlükəsizlik cəhətdən çox faydalıdır. Eyni zamanda iqtisadi cəhətdən səmərəlidir. Texnoloji baxımdan bu peyklər ölkəmizdə İKT- nin inkişafına, informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bütün bunlar isə dövlətin güclənməsinə ve texnoloji cəhətdən daha da müasirləşməsinə böyük dəstəkdir.

"Azerspace 2” peyki ABŞ-ın "Space Systems/Loral” şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300” peyk platforması əsasında istehsal olunub. "Azerspace 2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək. Peyk hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsatşirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır. Ümumilikdə, dəyəri 190 milyon dollar olan "Azerspace 2” peykinin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

Yeni peykimiz - Avropa, Mərkəzi Cənub-Qərbi Asiya, Yaxın Şərq Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası keyfiyyətli xidmət təklif edəcək.

 

Dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilən ölkə

 

Azərbaycan artıq orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır.

İlham Əliyevin 3-cü peykimizin orbitə göndərilməsi münasibəti ilə xalqa ünvanladığı təbrikdə söylədiyi kimi bu uğurla ölkəmiz telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı aradan götürüb. Kosmik sənayedə əldə etdiyi uğurlar əlbəttə ki, ölkəmizin qeyri-neft sənayesinin davamlı inkişafına da böyük töhfə verəcək. Qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilən Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir, respublikamız dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 1; 7.