Tramp Paşinyanla
görüşmədi, Putin isə Yerevana səfərini təxirə saldı
ABŞ rəsmilərindən
heç kəsin qəbuluna düşə
bilməyən Ermənistanın baş naziri növbəti zərbəni Rusiya Prezidentindən aldı
Ermənistanda baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra bu ölkənin onsuz da bərbad gündə olan xarici siyasətində indi daha ciddi problemlər müşahidə edilməkdədir. Artıq demək olar ki, Ermənistanın heç bir ölkə ilə normal münasibətləri yoxdur və əvvəlki hamiləri gah nala, gah da mıxa vuran Yerevandan tədricən imtina etməyə başlayırlar. Bütün bunların nəticəsidir ki, Paşinyan demək olar ki, bütün xarici səfərlərində daim pərt vəziyyətə düşür. Bu onun son Rusiya və ABŞ səfərlərində də aydın müşahidə edildi.
Görünən odur ki, Ermənistanın bir dövlət kimi varlığını borclu olduğu Rusiyaya xəyanəti Moskvada heç də xoş qarşılanmır. Elə Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin təxirə salınmasının arxasında duran əsas səbəblərdən birinin məhz bu olduğu vurğulanır.
"İlham Əliyev Putinlə 3 ayda
4 dəfə görüşür, Ermənistanı
isə saymır”
Bir müddət əvvəl Ermənistan mediası bu il sentyabrın sonunda Putinin Ermənistana səfər edəcəyi barədə məlumat yaymışdı. Amma indi yayılan məlumatlar proseslərin başqa istiqamətdə getdiyini göstərir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin Ermənistana ən yaxşı halda gələn il səfər edəcək.
Ermənistanda Milli Razılaşma Partiyasının sədri Aram Arutyunyan bildirir ki, Azərbaycandan fərqli olaraq Putinin Yerevana gəlişini təxirə salması Nikol Paşinyan hökumətinin Rusiya əleyhinə yönəlmiş fəaliyyətinin nəticəsidir: "Ermənistanda baş verənlərə Qərb gözünü yumur, çünki inqilabı maliyyələşdirən Qərbdir. İnqilabla bağlı hər şey Ermənistandan Rusiyanın 102-ci bazasının çıxarılması üçün təşkil edilib. Hökumət gizli oyun aparır və tamam fərqli hədəflərə doğru irəliləyir. Rusiya bunu bağışlamayacaq. Necə olur ki, Azərbaycan Prezidenti İlham Əliyev Putinlə 3 ayda 4 dəfə görüşür, Ermənistanı və onun rəhbərliyini isə saymır”.
Qeyd edək ki, Paşinyan Rusiya ilə münasibətlərinin yüksək səviyyədə olduğunu göstərmək üçün Putinin səfərinə çox ümid bəsləyirdi. Amma reallıq onu göstərir ki, Paşinyan Rusiya rəhbərliyi üçün arxa planda yer alır və bu səbəbdən Putin Ermənistana getməyə lüzum görmür.
"Paşinyanı
adam yerinə qoymurlar”
Hələ Rusiyaya səfərə yollanmazdan əvvəl Paşinyan iddia edirdi ki, Moskva-Yerevan əlaqələri yüksək səviyyədədir və bu əlaqələr daha da dərinləşəcək. Amma maraqlıdır ki, Paşinyanın Rusiya səfərində hansısa ciddi sənəd imzalanmadı.
Erməni şərhçi Tevos Arşakyan bu xüsusda qeyd edir ki, Rusiya ilə əlaqələri korlayan Yerevan Qərblə də münasibətlərində problem yaşayır. Onun sözlərinə görə, belə vəziyyət Ermənistan üçün ciddi çətinliklərə yol açır və bu hal həyati vacib məsələlərdə Ermənistan üçün sarsıdıcı zərbələr deməkdir.
Ekspert diqqəti buna yönəldir ki, Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü istənilən nəticəni verməyib. O, Paşinyanın xarici siyasət təcrübəsinin yoxluğuna diqqət çəkib: "Heç kimə sirr deyil ki, Paşinyanın xarici siyasət təcrübəsi yoxdur və bu, Ermənistana baha başa gəlir”.
Erməni şərhçi qeyd edir ki, Paşinyan qaçaraq Putinin görüşünə getdi: "Daha sonra iki ölkə arasında münasibətlərin inkişafı haqqında bəlağətli bəyanatlar verdi. Halbuki, Paşinyanla görüşdən əvvəl Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşmüşdü və həmin görüşdə 16 sənəd imzalanmışdı. Paşinyanla isə heç bir sənəd imzalanmadı. Bu, Paşinyana əhəmiyyət verilməməsinin göstəricisi idi. Bir sözlə, Paşinyanı adam yerinə qoymurlar”.
"Paşinyan Ağ evin 15-ci adamları ilə də
görüşə bilmədi”
Bütün bunları isə Paşinyan ABŞ səfəri ilə kompensasiya edəcəyini düşünürdü. Amma burada da o, biabırçı duruma düşdü. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan səfərdən əvvəl bildirdi ik, Yerevan Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp arasında görüşün təşkil olunması üzərində işləyir. Amma Paşinyanın bu görüşə hazırlaşması nəticə vermədi, Tramp və digər ABŞ rəsmiləri Paşinyanla görüşdən imtina etdilər.
"168 jam” qəzeti yazır: "Ermənistan tərəfinin xahiş etdiyi görüşdən Donald Tramp imtina edib. Bundan sonra onlar ABŞ-ın vitse-prezidenti Maykl Penslə Nikol Paşinyanın görüşünü təşkil etməyə cəhd göstəriblər. O da Ermənistanın hökumət başçısı ilə görüşdən imtina edib. Bir sözlə, Paşinyan Ağ Evin 15-ci adamları ilə də görüşə bilmədi”.
Qeyd olunur ki, qərbpərəst Paşinyanın Rusiyaya mütəmadi səfərləri və bəzi addımları Qərbdə də anlaşılmazlıq yaradıb. Belə ki, ABŞ ona əvvəlcədən xəbər edilmədən Rusiyanın təklifi ilə Ermənistanın Suriyaya "humanitar qoşun” göndərmək qərarının məğzini anlaya bilmir. Həmçinin, Paşinyanın şəxsi göstərişi ilə rus mütəxəssislərin Ermənistandakı ABŞ laboratoriyalarına girişinə icazə verilməsi Vaşinqtonun xoşuna gəlməyib və Paşinyanın bu dərəcədə "sərbəstliyi” Qərbdə qıcıq doğurub.
Xatırladaq ki, rəsmi Yerevan Ermənistanda fəaliyyət göstərən ABŞ laboratoriyalarına rus mütəxəssislərin girişi üçün icazə verib. Nikol Paşinyan Rusiyanın "Kommersant” qəzetinə müsahibəsində bu xüsusda bildirib: "Təqribən 10-15 gün əvvəl mənim şəxsi göstərişimlə rusiyalı mütəxəssislər həmin laboratoriyalara buraxılıb. Biz əməkdaşlığa hazırıq və artıq rusiyalı mütəxəssislər əmin oldular ki, laboratoriyalarda qorxulu heç bir şey yoxdur. Həmin laboratoriyalar heç bir şəkildə Rusiyaya qarşı istifadə edilə bilməz”. Onun sözlərinə görə, rus mütəxəssislərin ABŞ laboratoriyalarına girişi ilə bağlı heç vaxt problem olmayıb.
Vaşinqtondan Yerevana ciddi narazılıq
Amma rus mütəxəssislərin ABŞ laboratoriyalarına girişi Vaşinqtonda ciddi narazılıq yaradıb. Onu da bildirək ki, Ermənistanın hazırkı müdafiə naziri, əvvəllər NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyan ölkəsində Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatorudur. Yaranmış durumda Amerika tərəfi Paşinyana paritet tələbi irəli sürüb. Bildirilir ik, ruslara icazə verilirsə, Ermənistandakı Rusiya laboratoriyaları da ABŞ mütəxəssislərinə açıq olmalıdır.
Etibarlı mənbələrdən əldə olunan məlumatlara əsasən, bütün bu ziddiyyətləri nəzərə alan Vaşinqton Trampın Paşinyanla görüşünə lüzum görməyib. ABŞ-da Amerikadakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşündə isə Paşinyan həm də Rusiyaya qarşı xəyanətkar mövqeyini yenidən açıq nümayiş etdirib. Rusiyanı hətta ölkəsinin daxili işlərinə qarşımaqda da günahlandırıb.
Belə ki, ABŞ-dakı erməni diasporunun təmsilçiləri Paşinyandan Ermənistanın xarici siyasətilə bağlı hansı fikirdə olduğunu soruşublar. Onların dəstəyini itirmək istəməyən baş nazir hələ də qərbpərəst olduğunu sübut etmək üçün Rusiyanın əleyhinə fikirlər səsləndirib. Hətta fürsətdən istifadə edərək, Ermənistanın əvvəlki rəhbərlərinin hakimiyyətdə qalmaq naminə Kremlə boyun əymələrinə də toxunub və bunu təkrarlamayacağını bildirib: "Biz bütün beynəlxalq tərəfdaşlarımızla münasibətlərimizi inkişaf etdirməyə hazırıq. Lakin bunu bir tərəfdaşımızın hesabına, yaxud digərinin ziyanına etməyə hazırlaşmırıq. Ermənistan Avropa İttifaqı və ABŞ-la qarşılıqlı əlaqələrinin səviyyəsini qaldırmağa çalışacaq. Bu münasibətlərdə biz daha özünəəmin olmalı və suveren dövlətə məxsus yanaşmalar sərgiləməliyik”.
"Həm
ABŞ, həm də Rusiya ilə
münasibətlər korlanır”
Bütün bunlar, aydındır ki, Kreml tərəfindən heç də xoş qarşılana bilməz və bu səbəbdən "Jamanak” qəzeti Moskvanın Ermənistana təzyiqlərinin artmaqda olacağını yazır. Qeyd olunur ki, Paşinyanın ABŞ-da verdiyi açıqlamalar, həmçinin Rusiyanın tələblərini yerinə yetirməkdən imtina etməsi Kremlin səbir kasasını daşırır. Belə vəziyyət onu göstərir ki, Paşinyan həm ABŞ, həm də Rusiya ilə münasibətləri korlayır. Elə digər ölkələrlə də onun əlaqəsi yaxşı deyil.
Bunu Nikol Paşinyanın Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşündə bəzi məsələlərə görə aldığı rədd cavabından da aydın sezmək olar. Belə ki, görüş zamanı ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı və Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasının yaradılması məsələləri müzakirə olunub. Bu mənada, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılmasının vacibliyinə diqqət çəkən Paşinyan İranla Ermənistan arasında illərdir kağız üzərində qalan və icrası üçün maliyyə tapılmayan, reallıqda Tehranın reallaşmasında maraq göstərmədiyi layihələrin həyata keçirilməsi üçün səmərəli mühitin yaradılacağına ümid etdiyini bildirib. Ermənistan baş nazirinin sözlərinə görə, iki ölkə arasındakı hazırkı potensial indikindən daha çox nəticələrə nail olmağa imkan verir və bunun üçün qarşılıqlı addımlar atılmalıdır.
Perspektivsiz və paslanmış iqtisadi, nəqliyyat-loqistika layihələrində əməli iş prosesinə start verilməsi üçün Paşinyan İran prezidentindən maliyyə ayırmasını xahiş edib. Lakin Ruhani söhbətdən yayınaraq Paşinyanı başından edib və bildirib ki, BMT kluarları iqtisadi əməkdaşlığın genişləndirilməsini detallı müzakirə etmək üçün heç də münasib yer deyil.
Beləliklə, Paşinyan İrandan da əlini üzməli olub və bütün bunlar onun xarici siyasətinin real iflası kimi dəyərləndirilə bilər. Bu gedişlə Ermənistanı daha böyük problemlərin gözlədiyi də açıq vurğulanır.
Dağlıq Qarabağ münaqişəsi barədə BMT tribunasından sərsəm açıqlamalar verməsi isə onun Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərir. Bu isə Ermənistanı təcrid siyasətinin dərinləşməsi və ölkənin çöküşü deməkdir. Məhz belə vəziyyət Paşinyanın Ermənistanı daha sürətlə iflasa apardığını da aydın nümayiş etdirir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 1;
7.