Azərbaycan-Rusiya
Regionlararası Forumu işini
plenar iclasla başa çatdırıb
Doqquzuncu
Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi
açılışı mərasimi plenar iclasla davam edib.
AZƏRTAC
xəbər verir ki, plenar sessiya Azərbaycanın iqtisadiyyat
naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf
naziri Maksim Oreşkinin sədrliyi ilə keçirilib.
Nazir
Şahin Mustafayev bildirib ki, Azərbaycan və Rusiyanın
dövlət başçıları arasındakı yüksək
səviyyəli münasibətlər iki ölkənin əməkdaşlığının
strateji xarakter almasına təkan verib. Rusiyanın Azərbaycanın
idxal üzrə əsas tərəfdaşı olduğunu deyən
nazir, həmçinin qeyri-neft məhsullarının ixracı
sahəsində də Rusiyanın Azərbaycan
üçün öncül yerdə
dayandığını söyləyib. Azərbaycan indiyədək
Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya isə Azərbaycan
iqtisadiyyatına 4 milyard dollar sərmayə yatırıb. Azərbaycanda
Rusiya kapitallı 760 şirkət fəaliyyət göstərir.
Nəqliyyat
və daşımalar sahəsindəki əlaqələrə
də toxunan Şahin Mustafayev Şimal-Cənub nəqliyyat
marşrutunun hər iki ölkə üçün dividendlər
gətirdiyini diqqətə çatdırıb. O, Cənubi
Asiyadan Rusiyaya yük daşımaların dinamik şəkildə
artdığını qeyd edib.
Humanitar
sahədə də əməkdaşlığın genişləndiyini
söyləyən nazir bu sahədə əlaqələrin
gücləndirilməsində Heydər Əliyev Fondunun
böyük töhfələrinin olduğunu vurğulayıb.
Bildirib ki, Azərbaycanda rus dilinin tədris olunduğu 340-dan
çox ümumtəhsil məktəbi, M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin, M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin Bakı filialları,
Bakı Slavyan Universiteti fəaliyyət göstərir.
Azərbaycanla
Rusiyanı tarixi əlaqələr birləşdirdiyini deyən
rusiyalı nazir Maksim Oreşkin qeyd edib ki, mövcud imkanlar
iqtisadi əməkdaşlığı daha da genişləndirməyə
şərait yaradır. Ona görə də dövlət
başçıları qarşımızda bu əməkdaşlığı
yeni səviyyəyə qaldırmaq vəzifəsi qoyublar.
Forumda prezidentlərin iştirakı onun əhəmiyyətini
daha da artırır. "Biz gömrük sahəsində əlaqələrə
diqqət ayırırıq, tariflər aşağı
salınıb. Hətta yaşıl dəhlizin
yaradılması istiqamətində irəli gedirik.
Qarşımızda çox böyük imkanlar və
görülməli işlər var. Böyük və
kiçik biznesin əlaqələrinin inkişafına diqqəti
artırmaq bizim məqsədlərimizdən biridir”, – deyə
nazir bildirib.
Rusiya
ilə parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun sədri Əli Hüseynli bu gün ikitərəfli
münasibətlərin regionda bütün əlaqələrə
təsir göstərdiyini, yeni əməkdaşlıq
formatları yaratdığını deyib. Ölkələrimizin
parlamentləri arasında əlaqələrin yüksək səviyyədə
olduğunu vurğulayan Əli Hüseynli Azərbaycan
parlamentinin Rusiyanın regional qanunverici orqanları ilə də
sıx əlaqələr qurduğunu deyib. O qeyd edib ki, Azərbaycan
Rusiyanın regionda yeganə strateji tərəfdaşıdır.
Azərbaycan-Rusiya
İşgüzar Şurasının məqsədinin iki
ölkənin biznes nümayəndələri arasında əlaqələrin
qurulması və genişlənməsi olduğunu deyən
qurumun sədri Səməd Qurbanov bu məqsədlə
görüşlərin, konfransların və forumların təşkil
edildiyini qeyd edib. O, Şuranın fəaliyyəti haqqında
geniş məlumat verib, burada müxtəlif sahələrə
aid işgüzar dairələrin təmsil olunduğunu
söyləyib. Səməd Qurbanov Azərbaycan şirkətlərinin
Rusiya regionlarında fəaliyyətinin daha da genişləndirilməsi
istiqamətində fəaliyyət göstərdiklərini
bildirərək rusiyalı biznesmenləri hərtərəfli
əməkdaşlığa dəvət edib.
Rusiya-Azərbaycan
İşgüzar Şurasının sədri Aleksey Repkin
müştərək layihələrin sayının
artırılması üçün bir neçə amilin əsas
rol oynadığını qeyd edib. Onun sözlərinə
görə, bunun üçün ikitərəfli görüşlərin
sayını artırmaq, atılacaq addımların
koordinasiyasına diqqət yönəltmək lazımdır.
Aleksey Repkin deyib ki, hər iki ölkə sənayenin şaxələndirilməsinə
təkan verməlidir: "Yüksək texnologiyalar sahəsində
biz yaxşı əməkdaşlıq edə bilərik. Eyni
zamanda, Rusiya regionları ilə Azərbaycanın əlaqələrinin
daha da artırılmasına çalışmalıyıq.
Burada Rusiyanın bir çox regionlarından nümayəndələr
var və düşünürəm ki, onlar Azərbaycanda
öz tərəfdaşlarını tapa biləcəklər”.
Bakı
Şəhər İcra Hakimiyyəti
başçısının müavini Eldar Əzizov dövlət
başçıları arasındakı yüksək səviyyəli
əlaqələrin iki ölkə arasında regionlararası əməkdaşlığın
inkişafına güclü təkan verdiyini bildirib. O,
Bakının son illər Prezident İlham Əliyevin diqqəti
sayəsində sürətlə inkişaf etdiyini, burada yeni
müəssisələrin yarandığını,
paytaxtın məşhur turizm şəhərlərindən
birinə çevrildiyini söyləyib. Eldar Əzizov
Bakının Həştərxan, Volqoqrad və digər Rusiya
şəhərləri ilə sıx əməkdaşlığı
haqqında məlumat verib.
Plenar
iclasda Azərbaycanın Gəncə şəhərinin, Şəki,
İmişli rayonlarının icra hakimiyyətlərinin
başçıları Niyazi Bayramov, Elxan Usubov və Vilyam
Hacıyev, Rusiya Federasiyasının Dağıstan
Respublikasının başçısı Vladimir Vasilyev,
Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Novqorod vilayətinin
qubernatoru Andrey Nikitin, Arxangelsk vilayətinin qubernatoru
İqır Arlov çıxış edərək təmsil
etdikləri regionların iqtisadi, turizm imkanları, mədəniyyəti
haqqında məlumat veriblər. Çıxışlarda bu
regionlar arasında əməkdaşlığın dərinləşdirilməsi
üçün geniş imkanların olduğu diqqətə
çatdırılıb.
Sonra
Azərbaycanın və Rusiyanın şirkətləri və
biznes təşkilatları arasında sənədlərin
imzalanması mərasimi olub. "Azərbaycan İnvestisiya
Şirkəti” ASC və "R-Farm” SC arasında Azərbaycanda
əczaçılıq məhsullarının istehsalı və
paylanması sahəsində əməkdaşlıq barədə,
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi ilə "İşgüzar Rusiya”
Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq
haqqında, Azərbaycan Respublikası Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi ilə Rusiya-Azərbaycan
İşgüzar Şurası arasında əməkdaşlıq
barədə, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiya-Azərbaycan
İşgüzar Şurası arasında əməkdaşlıq
haqqında, Azərbaycan Respublikası Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi ilə İslam Biznesi Beynəlxalq
Assosiasiyası arasında əməkdaşlıq haqqında,
Azərbaycanın "Khan-El” MMC və Rusiyanın "Qud-Fud
Postavka” MMC şirkətləri arasında Rusiyaya fındıq
ixracına dair, Azərbaycanda Qadın Sahibkarlığın
İnkişafı Assosiasiyası və "Biznes
qadınları” Ümumrusiya İctimai Təşkilatı
arasında əməkdaşlıq barədə, Azərbaycan
Respublikasının "Dövlət Aqrar Ticarət Şirkəti”
MMC və Rusiyanın Kənd Təsərrüfatı
Nazirliyinin Analitik Mərkəzi Federal Dövlət Büdcə
Təşkilatı arasında əməkdaşlıq
haqqında, Azərbaycanın "Azhazelnut” MMC və
Rusiyanın "Frutimpex” MMC arasında Rusiyaya fındıq
ixracına dair, "Azər Sharab NM” MMC və "Del Monte” MMC
arasında spirtli içkilərin Rusiyaya ixracı barədə,
"Vefa Collection” MMC və "Delikatesoff” MMC arasında əməkdaşlıq
haqqında, Azərbaycan Turizm Assosiasiyası və
"Mahaçqala Beynəlxalq Hava Limanı” Səhmdar Cəmiyyəti
arasında əməkdaşlıq barədə, Bakı şəhərinin
Nərimanov rayon İcra Hakimiyyəti və Rusiyanın Həştərxan
vilayəti hökuməti arasında əməkdaşlıq
haqqında memorandumlar, "Grovv Group Azerbaijan” MMC və
"Essen Logistic” MMC arasında pomidor satışına dair,
Azərbaycanın "Mətanət-A” MMC və Rusiyanın
"Matanat” MMC şirkətləri arasında Rusiyada quru
inşaat qarışıqlarının istehsalı zavodunun
tikintisinə dair, "Karvan-L” MMC və "TexSportServis” MMC
arasında xidmət göstərilməsinə dair, Azərbaycanın
"CTC Holdinq” ASC və Rusiyanın "Komman Group” MMC
arasında ölkəmizə avadanlıqların tədarükünə
dair müqavilələr imzalanıb.
Plenar iclasda
"dəyirmi masa”ların
moderatorlarının hesabatı
dinlənilib.
Bununla doqquzuncu
Azərbaycan-Rusiya Regionlararası
Forumu başa çatıb.
Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 5.