Azərbaycan Prokurorluğu 100 illiyini yeni uğur və nailiyyətlərlə qeyd edir

 

Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

1 oktyabr 2018-ci ildə Azərbaycanda milli prokurorluq orqanlarının yaranmasının 100 ili tamam olur. Tarixi bir həqiqətdir ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu olaraq yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bəşəriyyətin inkişaf salnaməsində yeni parlaq bir səhifə açmaqla xalqımızın dünya dövlətçilik irsinə, parlamentli dövlət quruculuğu prosesinə mühüm töhfəsi olmuşdur. Prokurorluq hər bir hüquqi dövlətin zəruri atributlarından biri olduğundan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun ilk aylarında həyata keçirilmiş dövlət orqanlarının strukturunun yaradılması prosesi çərçivəsində qəbul edilmiş ən mühüm qərarlardan biri də məhz prokurorluq orqanlarının təsis edilməsi ilə bağlı olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluğun təsis edilməsi yalnız o zaman üçün deyil, həmçinin sonrakı dövrlər üçün, bütövlükdə milli prokurorluq orqanlarımızın hazırkı yüksək inkişaf səviyyəsində formalaşdırılmasının əsasının qoyulması baxımından tarixi əhəmiyyətə malik bir hadisədir.

Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə Palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.

Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hakimiyyəti illərində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulmuş, 1936-cı ilin iyul ayında isə Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.

Sovet hakimiyyəti dövrünün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937-1938-ci illərdə Azərbaycanda "düşmən və cinayətkar ünsür kimi” 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmiş, onların arasında respublikanın baş prokurorları, baş prokurorun müavini, rayon prokurorları olmuşlar. Lakin ağır repressiya illərində də Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət göstərmişlər.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuş, orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdur. Onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişdir.

Sovetlər dönəminin sonrakı illərində səlahiyyətləri hədsiz geniş olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda böyük əzm və fədakarlıqla çalışaraq insan hüquq və azadlıqlarının müdafiəsinin ən ali forması kimi qanunlara eyni cür, dürüst əməl edilməsinə nail olmuşdur. O dövrdə ulu öndərin təşəbbüsü ilə respublikada ali məktəblərin hüquq fakültəsinə qəbulda aparılan islahat nəticəsində sadə ailələrdən çıxan bilikli və istedadlı gənclər hüquqşünas ixtisası alaraq hüquq mühafizə sistemində, o cümlədən prokurorluq orqanlarında işləməyə başlamış, yüksək vəzifələrə irəli çəkilmişlər. Ulu öndər həmin hüquqşünaslar nəslinin bir çox nümayəndəsinin bu gün müstəqil dövlətçiliyimizə ləyaqətlə xidmət etməsi faktına sonralar münasibətini belə bildirmişdir: "Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan Prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra milli prokurorluq orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təsisat kimi formalaşması yalnız ümummilli lider Heydər Əliyevin müəyyən edərək həyata keçirdiyi, hazırda onun layiqli davamçısı, müdrik və uzaqgörən dövlət başçısı İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla reallaşdırılan hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində mümkün olmuşdur.

 

Prokurorluq müstəqil dövlətimizlə birgə inkişaf edir

 

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq dövlət başçısı cənab

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, hərtərəfli düşünülmüş və əsaslandırılmış dövlət quruculuğu və strateji inkişaf konsepsiyası nəticəsində respublikamızın iqtisadi və siyasi müstəqilliyi, hərbi qüdrəti ildən-ilə daha da möhkəmlənərək, ölkənin iqtisadiyyatı son 15 ildə 3,2 dəfə artmışdır ki, bu da dünya rekordu hesab olunur.

Əldə edilmiş nailiyyətlərə və görülmüş işlərə xalqımız tərəfindən verilən qiymətin göstəricisi cari ilin aprel ayında keçirilmiş, ən yüksək demokratik tələblərə cavab verən, azad, ədalətli və şəffaf, ən əsası isə Azərbaycan xalqının tam sərbəst şəkildə ifadə olunmuş iradəsini əks etdirən prezident seçkiləri olmuşdur. Seçkilərdə xalqımız son illər ərzində görülən işlərə yüksək dəyər verərək, ölkədə həyata keçirilən siyasi kursun, strateji inkişaf xəttinin, dövlət siyasətinin davamlılığına, tərəqqiyə, təhlükəsizliyə, stabilliyə səs vermişdir. Seçkilərdə iştirak edən seçicilərin 86 faizdən çoxunun yenidən cənab İlham Əliyevə etimad göstərməsi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu, strateji inkişaf konsepsiyasını uğurla həyata keçirən dövlət başçımıza xalqın şəksiz və birmənalı inam və etibarının nəticəsi olmuşdur.

Respublikamızın gələcək inkişaf yolunu müəyyən etməklə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri də Azərbaycan Respublikasının Konstitusiyasına 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə edilmiş dəyişikliklərdir. Qəbul edilmiş yeni dəyişikliklər dövlət idarəetmə mexanizmini müasir dünya tələbləri səviyyəsində təkmilləşdirərək onun çevikliyinin və effektivliyinin artırılması, idarəçiliyin həyata keçirilməsində gənclərin rolunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, müstəqilliyimizin əbədiliyinin, ölkənin hər hansı neqativ təsirlərdən asılı olmayaraq dayanıqlı və ardıcıl inkişafının təmin olunması məqsədi daşımaqla, respublikamızda dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, hüquqi dövlət quruculuğu prosesinin daha yüksək səviyyədə təmin olunmasına xidmət etmişdir.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, referendum aktı ilə təsis edilmiş Birinci vitse-prezident vəzifəsinə tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təyinatı son illərin ən önəmli, ölkənin bugünü, gələcəyi, xalqımızın sosial rifahının daha dinamik və təminatlı şəkildə yüksəlməsi üçün xüsusi əhəmiyyətə malik mühüm hadisəsi olmuşdur. Bu yüksək dövlət vəzifəsinə xalqımızın haqq səsini, Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdıran, 4 amnistiya aktının təşəbbüskarı olmaqla 40 mindən artıq insanın bağışlanmasına, onların ailələrinə sevinc bəxş edilməsinə nail olan, Azərbaycanda keçirilən ən mötəbər tədbirlərdə Təşkilat Komitəsinə rəhbərliyi həyata keçirməklə çox yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasətinin həyata keçirilməsində, o cümlədən çoxsaylı məktəblərin, uşaq bağçalarının, xəstəxanaların tikilib istifadəyə verilməsində mühüm rolu olan şəxsin bu vəzifəyə təyin olunması xalqın hədsiz sevincinə səbəb olmaqla ölkənin işıqlı gələcəyinə inamını daha da artırmışdır. Bu mühüm təyinatdan sonrakı dövr ərzində ölkədə görülən işlər, həyata keçirilən strateji əhəmiyyətə malik işlərin müsbət dinamikasının və intensivliyinin artması qeyd olunanların bariz təsdiqidir.

Müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin son dövrlərdəki tarixi nitqlərinin birində qeyd etdiyi, "Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır” sözləri danılmaz həqiqəti əks etdirir.

Ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq Azərbaycan Prokurorluğu da bu gün əvvəllki istənilən bir dövrdə olduğundan daha çox inkişaf etməklə müasirləşmiş və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirmişdir. İnkişaf etmiş dünya dövlətlərinin bu qəbildən olan qurumlarına məxsus olan müsbət keyfiyyətləri özündə birləşdirən, prokurorluğun müasir dövrdə fəaliyyət istiqamətlərinə və roluna dair Avropa Şurasının, Beynəlxalq Prokurorlar Assosiasiyasının və digər nüfuzlu beynəlxalq təşkilatların müəyyən etdiyi standartlara cavab verən Azərbaycan Prokurorluğu, dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına və insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, sıralarında öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, etik davranış qaydalarına riayət etməklə cəmiyyətin etimadını qazanmış şəxsləri birləşdirən dövlət orqanı kimi fəaliyyət göstərir.

Prokurorluq orqanlarımız hazırkı vəziyyətdə olduğu səviyyədə formalaşanadək tarixin müxtəlif dövrlərindən heç də həmişə hamar olmayan, bəzən isə çətinliklərlə və mürəkkəbliklərlə müşahidə olunan inkişaf yolu keçmişdir. Lakin Azərbaycan Prokurorluğunun kollektivi əsas etibarı ilə xalqımızın öz müstəqilliyi uğrunda apardığı tarixi mübarizənin önündə olaraq şərəfli bir fəaliyyət yolu keçməklə inkişaf etməkdə davam etmiş, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, son nəticədə xalqına və dövlətinə sədaqətlə qulluq etməyi bacarmış, dövlətçiliyimizin və sabitliyin qorunması, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini verə bilmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası prokurorluğun fəaliyyətinə xüsusi maddə həsr edərək, onun yerini məhkəmə hakimiyyəti sistemində müəyyən etməklə statusunu, təşkili əsaslarını və fəaliyyət prinsiplərini, səlahiyyətlərini və vəzifələrini təsbit etmişdir. "Prokurorluq haqqında” Azərbaycan Respublikasının 1999-cu il tarixli qanunu qəbul olunmaqla prokurorluq sovetlər dönəminin məqsəd, vəzifə və funksiyalarından azad edilmiş, onun fəaliyyətinin demokratik prinsip, forma və metodları müəyyən edilmiş, sistemi və təşkili, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənmişdir.

Ulu öndər Heydər Əliyevin 26 aprel 2000-ci ildə prokurorluğun rəhbər işçiləri ilə keçirdiyi müşavirədəki tarixi nitqində qeyd olunmuş, prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı aparılmış hərtərəfli islahatlar nəticəsində Azərbaycan Prokurorluğu həmin vaxtadək fəaliyyətində mövcud olmuş neqativ cəhətlərdən təmizlənməklə struktur və mahiyyət baxımından tam yenidən qurularaq müasir məzmunlu prinsip və metodlardan istifadə etməklə mütərəqqi normativ hüquqi baza əsasında fəaliyyət göstərən, xalqımızın və dövlətçiliyimizin maraqlarının qorunmasına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən dövlət təsisatına çevrilmişdir.

Həyata keçirilən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətini tənzim edən, beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanan çoxsaylı normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi prokurorluğun normativ bazasını gücləndirmiş və hərtərəfli təmin etmişdir.

Sonrakı illərdə prokurorluğa etimad və inamın yüksəlməsinin nəticəsi olaraq prokurorluq orqanları qarşısında daha önəmli və mühüm vəzifələr qoyulmuş, Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsinə uyğun olaraq dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiyaya qarşı mübarizə ilə bağlı cinayətlər üzrə ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi işi bu dövlət təsisatına həvalə edilmiş, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi mütəmadi qaydada həyata keçirilmişdir.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadın, yüksək qayğının növbəti ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malik olmuş bu dövlət proqramının həyata keçirilməsi prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılmasına, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Prokurorluğun ölkənin hüquq sistemində rolunun artmasının, dövlətimizin daha yüksək inkişaf mərhələsində prokurorluq orqanlarına daha böyük inam və etimad göstərilməsinin nəticəsi olaraq bu dövlət təsisatı qarşısında yeni vəzifələrin müəyyən olunması prosesi həyata keçirilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının 2016-cı ilin martın 1-dən qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsində qanunçuluğun təmin olunmasında prokuror nəzarətinə xüsusi önəm verilərək prokuror nəzarəti qanunçuluq prinsipinin təminatı kimi nəzərdə tutulmuşdur.

Yeni İnzibati Xətalar Məcəlləsində prokurorun inzibati sahədə fəaliyyət dairəsi xeyli genişləndirilmiş, prokuror nəzarətinə xüsusi yer verilməklə prokurorluq orqanlarının üzərinə bir sıra yeni vəzifələr qoyulmuş, prokurorun inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görməsi və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirməsi müəyyən edilmişdir. İnzibati xətalar haqqında qanunvericiliyin tətbiqi və icrası ilə bağlı prokurorluğun fəaliyyətinə nə dərəcədə əhəmiyyət verildiyini göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, yeni məcəllənin xüsusi hissəsinin 60-a yaxın maddəsində nəzərdə tutulmuş, idarəçilik qaydaları, iqtisadi fəaliyyət qaydaları əleyhinə, əhalinin siyasi, sosial, əmək və digər hüquqlarının pozulması ilə bağlı, digər daha çox ictimai zərər vuran inzibati xətalar üzrə inzibati icraatın başlanılması prokurorun müstəsna səlahiyyətinə aid edilmişdir.

Son dövrlərdə Azərbaycan Respublikası Prokurorluğunun digər hüquq mühafizə orqanları, ilk növbədə isə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə birgə fəaliyyətinin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və xarakterində ciddi keyfiyyət dəyişiklikləri baş verərək qeydə alınmış cinayətlərin, o cümlədən zorakı, ağır və xüsusilə ağır, cinayətkar qruplar tərəfindən törədilən cinayətlərin sayı ilbəil kəskin surətdə azalmış, mütəşəkkil dəstələr və cinayətkar birliklər tərəfindən törədilən cinayətlər bu xarakterli hadisələrin çox az faizini təşkil etmişdir. Görülmüş sistem xarakterli ardıcıl tədbirlərin nəticəsində kirminogen durum ciddi nəzarət altında saxlanılmaqla özbaşınalığın və qanunsuzluğun tüğyan etdiyi ötən əsrin 90-cı illərinin əvvəlləri ilə müqayisədə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı dəfələrlə azalmış, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilməsi təmin olunmuşdur.

 

Prokurorluq işçilərinin peşə bayramı yüksək səviyyədə qeyd olunur

 

Milli prokurorluq orqanları 1918-ci ildə yaranmasına və bu dövlət təsisatının tarixinin həmin vaxtdan hesablanmasına baxmayaraq, idarəetmənin digər sahələrində mövcud olsa da, prokurorluq işçilərinin peşə bayramı çox illər ərzində təsis edilməyərək qeyd olunmamışdır. Məhz ümummilli lider Heydər Əliyevin tarixi həqiqəti əbədiləşdirərək prokurorluğa və prokurorluq işçilərinə xüsusi diqqət göstəricisi olan 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanmışdır. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi olmaqla yanaşı, fəaliyyətimizə verilən böyük dəyərin təzahürüdür.

Ümummilli lider tərəfindən prokurorluq işçilərinin peşə bayramı təsis edildikdən sonra bu əlamətdar günün yüksək təntənə ilə keçirilməsinə başlanılmış və 1998-ci ildə respublikamızda ilk dəfə olaraq ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarının yaradılmasına həsr olunmuş geniş bayram tədbiri təntənəli şəkildə keçirilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda ümummilli lider tarixi çıxış edərək prokurorluq işçiləri üçün önəmli olan məsələlərə toxunmuş, onlara çox dəyərli tövsiyələr verərək prokurorluq orqanlarının həmin dövr üçün ümdə vəzifələrini qeyd etmişdir. Ulu öndərin öz nitqində qeyd etdiyi dərin mənalı "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” kəlamı prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaratmaqla yanaşı, onları öz fəaliyyətlərinə daha yüksək tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər edərək gündəlik fəaliyyət şüarına çevrilmişdir.

Həmin ildən başlayaraq hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü təntənəli şəkildə qeyd olunur. 2008-ci ildə prokurorluq orqanlarının yaradılmasının 90 illik yubileyi yüksək təntənə ilə qeyd edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prokurorluğun fəaliyyətinə böyük qayğı göstərərək prokurorluq əməkdaşları və veteranlarını yubiley münasibətilə təbrik etməklə bu dövlət qurumunda həyata keçirilən işləri yüksək qiymətləndirərək prokurorluqda son illər sağlam iş mühitinin yaradılması üçün ciddi işlərin görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğun nüfuzunun yüksəldiyini, cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prokurorların prinsipiallıq və peşəkarlıq nümayiş etdirdiklərini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir.

Azərbaycan Prezidenti təbrik müraciətində, eyni zamanda, ölkəmizdə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq prokurorluq orqanlarının statusunda, səlahiyyətində və fəaliyyətində köklü dəyişikliklərin baş verdiyini, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər görüldüyünü göstərməklə yanaşı, prokurorluq orqanları qarşısında duran mühüm vəzifələri vurğulayaraq, əsas məqsədin prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması olduğunu xüsusi göstərmişdir.

Milli prokurorluq orqanlarımızın ölkəmiz və dövlətçiliyimiz üçün çox böyük və əlamətdar hadisə olan 100 illik yubileyi xüsusi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının 31 may 2018-ci il tarixli qanunu ilə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı” təsis edilməklə onun əsasnaməsinin təsdiq edilməsi bu tarixi hadisəyə dövlət başçısı səviyyəsində göstərilən qayğının təsdiqidir.

Prokurorluq orqanlarının bir əsrlik yubiley tarixinin qeyd olunması üçün Baş Prokurorluqda və onun struktur qurumlarında müzakirələr aparılmaqla sistemli və silsilə tədbirlər müəyyən edilərək onların təşkili və reallaşdırılması istiqamətində intensiv fəaliyyət həyata keçirilməkdə davam edir. Bu məqsədlə Baş Prokurorluq üzrə 9 avqust 2017-ci il tarixli sərəncamla Baş prokurorun müavininin rəhbərliyi ilə geniş komissiya yaradılaraq fəaliyyət göstərir.

Cari ilin sentyabr ayı ərzində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində və Respublika Hərbi Prokurorluğunda çoxsaylı dövlət qrurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə prokurorluğun 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfranslar keçirilmişdir. Sentyabr ayının 22-də isə Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.

Bununla yanaşı, Azərbaycan Prokurorluğunun 100 illiyi ilə əlaqədar Baş Prokurorluqda və tabe prokurorluqlarda prokurorluğun veteranları ilə görüşlərin keçirilməsi, şəhid olmuş prokurorluq işçilərinin ailə üzvlərinin ehtiyacları öyrənilərək zəruri məsələlərin həlli məqsədilə tədbirlər görülməsi, Baş Prokurorluqda, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarında yubiley tarixinə həsr edilmiş elmi-praktiki konfransların, seminarların keçirilməsi, yubileylə bağlı döş nişanları və xatirə medallarının hazırlanması və sair tədbirlər vardır.

 

Ötən ilin peşə bayramından sonrakı dövr də çox uğurlu olmuşdur

 

Ənənəvi olaraq hər il oktyabr ayının əvvəlində prokurorluq işçilərinin peşə bayramı qeyd olunarkən ötən ildəki eyni bayramdan sonra keçmiş bir il müddət ərzində prokurorluq orqanlarında görülmüş işlər, həyata keçirilmiş vacib tədbirlər, əldə edilmiş müsbət nəticələr barədə məlumat verərkən ilk növbədə qeyd etmək istəyirəm ki, dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli, ölkənin hüquq və qanunvericilik sisteminin daha yüksək müstəvidə inkişafının yeni mərhələsinin başlanğıcı olmaqla bu sahədə strateji hədəfləri müəyyən edərək həmin istiqamətdə görülən işlər üçün "yol xəritəsi” əhəmiyyətinə malik proqram xarakterli sərəncamının həyata keçirilməsi ilə əlaqədar prokurorluğun üzərinə düşən vəzifələrin vaxtında və tam icra edilməsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Prokurorluğun da yaxından iştirakı ilə hazırlanmış layihələr əsasında ötən ilin son aylarında cinayət qanunvericiliyinə 300-ə yaxın dəyişikliklərin, həmçinin cinayət-prosessual və cəzaların icrası qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsinə dair demokratik məzmunlu və sosial mahiyyətli mütərəqqi qanunlar qəbul edilmişdir.

Qeyd olunan, cinayət qanunvericiliyinə dəyişikliklər edilməsinə dair 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmiş qanunun tətbiqi ilə bağlı prokurorluğun üzərinə düşən vəzifələrin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq üzrə təsdiq olunmuş 13 noyabr 2017-ci il tarixli geniş Tədbirlər planı vaxtında yerinə yetirilməklə yeni qanunun cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması baxımından əhəmiyyətinin izahı ilə əlaqədar televiziyada çıxışlar edilmiş, mətbuatda məqalələr dərc olunmuş, şəhər və rayon prokurorluqlarında bölgələr üzrə regional müşavirələr keçirilmiş, digər vacib tədbirlər görülməklə qanunun müddəalarının ibtidai araşdırma, cinayət işlərinə məhkəmədə mahiyyəti üzrə baxılması və məhkumlar barəsində hökm və ya digər yekun qərarın icrası qaydasında tətbiqi həyata keçirilmişdir.

Ötən dövrdə prokurorluq orqanlarının sahələr üzrə fəaliyyətində nəzərə çarpan irəliləyiş əldə olunaraq uğurlar qazanılmış, qarşıda duran vəzifələrin qanunun tələbi və ölkə Prezidentinin tövsiyələri səviyyəsində, müasir dövrün beynəlxalq standartlarına uyğun olaraq yerinə yetirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilmiş, prokurorluğun fəaliyyət istiqamətləri üzrə səmərəliliyin daha da artırılması məqsədilə təkcə son bir il ərzində Baş Prokurorluq üzrə 15-ə yaxın normativ xarakterli əmr imzalanmış, gündəlik fəaliyyətdə istifadə edilməsi üçün nəzərdə tutulmuş bülleten və kitabçalar, prokurorluqda işin sahələr üzrə düzgün qurulmasına istiqamətverici əhəmiyyəti olan metodiki vəsaitlər, Baş Prokurorluğun qurumlarının fəaliyyətinə dair məlumat verən bukletlər və sair ədəbiyyat hazırlanıb nəşr edilərək istifadəyə verilmişdir.

Azərbaycan Prokurorluğunun inkişafı, onun qazandığı uğurlar, hüquq sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, o cümlədən 177 ölkəni bir araya gətirən Beynəlxalq Prokurorlar Assosiasiyasının işində fəal iştirakı yüksək dəyərləndirilir. Təsadüfi deyildir ki, cari ilin sentyabr ayının 9-dan 13-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın Fəxri Sertifikatı ilə təltif edilmişdir. Sertifikat ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirilmiş mütərəqqi islahatlar, Azərbaycan Respublikası Prokurorluğu ilə Assosiasiya arasında əməkdaşlıq, o cümlədən cari ilin 9-10 aprel tarixlərində Bakı şəhərində keçirilmiş Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclasının yüksək səviyyədə təşkil olunduğu nəzərə alınmaqla verilmişdir.

Eyni zamanda, həmin konfrans çərçivəsində prokurorluğun nümayəndəsinin Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə seçilməsi prokurorluq orqanlarının yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir.

 

Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən prioritet istiqamətidir

 

Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən prioritet istiqaməti olduğundan bu sahədə görülən işlərin səmərəliliyinin və effektivliyinin artırılması məsələlərinə xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı ardıcıl iş aparılaraq, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən vasitələrin davamlılığının təmin edilməsi, korrupsiyanın qarşısının alınmasında daha səmərəli nəticə verə bilən yeni mexanizmlərin tətbiqi, preventiv təsirə malik üsul və metodlardan daha geniş istifadə edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, əhalinin dövlət orqanlarına inam və etimadının artırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından bu günə qədər olan dövrdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8604 müraciəti daxil olmuşdur ki, onlardan da 4102-si ərizə və şikayət, 4502-si isə "161-Qaynar xətt” əlaqə mərkəzi üzrə qəbul edilmiş müraciətlər olmuşdur. "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən prokurorluğun səlahiyyətinə aid olan 306 müraciət üzrə Baş idarədə və prokurorluğun digər struktur qurumlarında araşdırma aparılmış, onlardan 15-i üzrə cinayət işi başlanılaraq istintaq edilmişdir.

Həmin dövr ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət xarakterli material kimi baxılmış 279 müraciət və digər məlumatlardan 193-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır. Baş idarənin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində onun işinin göstəriciləri daha da yaxşılaşmaqla qeyd olunan dövr ərzində qurumda ibtidai araşdırılması aparılan 566 cinayət işindən 348 şəxs barəsində 234 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilmişdir. Cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəblər və şərait aşkarlanaraq qabaqlayıcı və profilaktik tədbirlərin görülməsi təmin edilmişdir.

 

Yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi sistemli olaraq və davamlı şəkildə həyata keçirilir

 

Ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli, 509 nömrəli fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilməklə prokurorluq orqanlarına işə qəbulun şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə aparılması qaydaları müəyyən edilmişdir. Prokurorluq orqanlarına işə qəbulun müsabiqə əsasında həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmışdır. Bununla əlaqədar olaraq 2002-ci ildən başlayaraq prokurorluğa işə qəbul Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) ilə əlaqəli şəkildə tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin işitirakı ilə aparılmaqla, mütəmadi olaraq keçirilmiş 19 (Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 11 və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə 8) müsabiqə nəticəsində uğur qazanmış 873 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir ki, bu da hazırda prokurorluq işçilərinin ümumi sayının 67 faizini təşkil etmişdir. Diqqətəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş gənclərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilməklə hazırda onlardan 125 nəfəri Baş Prokurorluqda, 44 nəfəri isə rəhbər vəzifələrdə çalışır.

Yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarına yeni qulluğa qəbul edilmiş gənclərin andiçmə və onlara prokurorluq işçilərinin vəsiqələrinin təqdim edilməsi mərasimi prokurorluq işçilərinin peşə bayramı günü ərəfəsində həyata keçirilir. Əlamətdar haldır ki, belə bir tədbir Azərbaycan Prokurorluğunun 100 illiyi qeyd olunarkən də həyata keçirilmişdir. Baş Prokurorluq üzrə keçirilmiş sonuncu müsabiqənin hər üç mərhələsindən (test imtahanı, yazılı imtahan və şifahi müsahibə) uğur qazanmış 85 gənc hüquqşünas cari ilin avqust ayının 30-dan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilərək, təlimin sonunda imtahan verməklə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə aldıqdan sonra sentyabr ayının 28-də andiçmə mərasimi keçirilməklə onlar prokurorluq orqanlarına qulluğa qəbul edilərək stajor vəzifəsinə təyin edilmişlər.

Qeyd olunanlar ölkədə həyata keçirilən gənclər siyasətinin prioritet istiqamətlərindən irəli gələrək gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsinin, onların potensialından daha geniş istifadə edilməsinin təzahürü olmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyən etdiyi, dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesinin həyata keçirilməsi üzrə görülən tədbirlərdir. Təsadüfi deyildir ki, bu sahədə dövlət səviyyəsində müntəzəm və ardıcıl tədbirlər görülməklə ölkə Prezidentinin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə əsas məqsədi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdən ibarət olan "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilərək icraya yönəldilmişdir.

Bu dövrdə prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, kadrlarla iş sahəsində görülən tədbirlər nəticəsində tələbkarlıq daha da artmış, əmək və icra intizamına nəzarət gücləndirilmiş, fəaliyyətlərində qanunsuzluq hallarına, xidməti intizamın pozulmasına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılmışdır. Ötən ilin peşə bayramından sonrakı dövrdə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilmiş, intizam məsuliyyətinə cəlb edilmiş 38 işçidən 25 nəfərə töhmət və şiddətli töhmət elan edilmiş, 2 nəfər aşağı vəzifəyə keçirilmiş, 6 nəfər vəzifədən azad edilmiş, 5 nəfər prokurorluq orqanlarından xaric olunmuşdur.

 

 

Müraciətlərə baxılması və vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət və qayğı göstərilir

 

Azərbaycan Respublikasında ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət və qayğı göstərilməklə, daxil olan ərizə və şikayətlərə həssaslıqla yanaşılmış, bu sahədə fəaliyyət dövlət başçımızın göstəriş və tövsiyələrinə müvafiq olaraq qurularaq "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericiliyin tələblərinə tam və dəqiq əməl edilməklə həyata keçirilmişdir.

Ötən ilin peşə bayramından sonrakı dövr ərzində Baş Prokurorluqda 1506 vətəndaşın qəbulu həyata keçirilmiş, onlardan 206 nəfəri Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilmişdir. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində tərəfimdən əhalinin səyyar qəbulu keçirilməklə vətəndaşların qaldırdıqları məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər mütəmadi xarakter daşımaqla, ötən bir ilə yaxın müddət ərzində bölgələrdə 12 səyyar qəbul keçirilməklə ümumilikdə 291 vətəndaş qəbul edilərək daxil olmuş müraciətlərin hərtərəfli araşdırılması və qısa müddətdə qanuni həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Sonda əminliklə qeyd etmək istəyirəm ki, prokurorluq işçiləri bundan sonra da ölkə Prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək, respublikamızda həyata keçirilən hüquqi dövlət quruculuğu prosesində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak edərək, prokurorluğun fəaliyyətinin müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurulması istiqamətində səylərini daha da artıracaq, üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bütün təzahürlərinə, digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə tam gücləri ilə işləyərək respublikamızın daha da inkişafına xidmət edəcəklər.

 

Zakir QARALOV,

 

Azərbaycan Respublikasının Baş prokuroru,

I dərəcəli dövlət ədliyyə müşaviri

 

Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 6.