Ən etibarlı
sosial müdafiə vasitəsi iş yeridir
Təkcə bu ilin 6 ayında ölkədə
58 min daimi iş yeri
açılıb
Vətəndaşın dövlətə güvənməsinin başlıca şərti onun sosial müdafiəsinin təmin edilməsidir. Hər bir ölkə sakini əmin olmalıdır ki, lazım olanda sosial tələbləri dövlət tərəfindən qarşılanacaq. Sosial müdafiənin təminatının müxtəlif formaları var - pensiya, sosial müavinət, müxtəlif güzəştlər, təqaüdlər və s. Ancaq ən etibarlı sosial təminat iş qabiliyyəti olan vətəndaşın məşğulluğunun təmin edilməsidir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əhalinin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinin əhəmiyyətini qeyd edərək demişdir: "Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik.
Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Özünəməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər”.
Göründüyü kimi, dövlət başçısı əhalinin sosial müdafiəsində məşğulluğun təmin edilməsini əsas götürür. Çünki məşğul əhali özünün sosial problemlərini dövlətdən hər hansı bir güzəşt almadan təmin edir. Yeri gəlmişkən, Prezident iclasda onu da qeyd etmişdir ki, Azərbaycanda iş yerlərinin açılması prosesi daimi olmalıdır. Diqqəti cari ilin birinci yarısında 58 min daimi iş yerinin açılması ilə bərabər, 20 mindən çox iş yerinin bağlanmasına yönəldən dövlət başçısı vurğulamışdır ki, iş yerlərinin bağlanmasının səbəbini araşdırmaq və belə halları aradan qaldırmaq lazımdır.
Ölkədə iqtisadi fəallığın artması üçün ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi nəticəsiz qalmır. Bu yollarla sahibkarların dövlət tərəfindən dəstəklənməsi həmin yeni iş yerlərinin açılmasına səbəb olur. Təkcə bu ildə 251 sahibkarlıq subyektinə 283 investisiya sənədinin verilməsi nəticəsində 19 minədək yeni iş yeri açılıb.
Aqrar sektorda da yeni iş yerlərinin açılması üçün müvafiq tədbirlər görülür. Məsələn, cari ildə şəkər tozu istehsalının yerli xammal təminatının artırılması məqsədilə 7 min hektar sahədə şəkər çuğunduru əkini üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib, 1500 fermerlə müqavilə bağlanıb. Həmin müqavilələr üzrə 3600 nəfər işlə təmin olunub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin avqust ayının 1-i vəziyyətinə ölkədə muzdla işləyənlərin sayı 1 milyon 543,1 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,8 min, qeyri-dövlət neft sektorunda 661,1 min nəfər olub. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin çoxu - 23,7 faizi istehsal sahəsində çalışır. Xidmət sahəsində isə işçilərin çox hissəsini təhsil sektorunda çalışanlar təşkil edir.
Dövlət işsiz vətəndaşların sosial müdafiəsini daim diqqətdə saxlayır. Cari il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 35,4 min nəfər olub. Onların 37,1 faizi qadınlardır. Həmin dövrdə işsizlikdən sığorta ödənişinin orta məbləği 249,9 manat olub.
Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 542,3 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 3142,7, qeyri-neft sektorunda 483 manata çatıb. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6, özəl müəssisələrdə 696,7 manat olub. Hesabat dövründə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir.
Əməkhaqqının yüksəlməsi əhalinin gəlirlərinin artmasına imkan yaradıb. Belə ki, cari ilin yanvar-avqust aylarında ölkə əhalisinin ümumilikdə nominal gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 34 milyard 786,3 milyon manat olub. Əhalinin hər nəfərinə orta hesabla 3548,1 manat düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 1930 milyon manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz çox vəsait qalıb.
Xərclərə gəldikdə, cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 22 milyard 966,4 milyon manatlıq məhsul satılıb, xidmət obyektləri tərəfindən 5436 milyon manatlıq ödənişli xidmətlər göstərilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,7, əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 2,8 faiz artıb.
Rüstəm
KAMAL
Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 7.