Vatikanda Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib
Heydər Əliyev Fondunun və ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşkilatçılığı ilə Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini, iqtisadiyyatımızın şah damarı- neft sənayesinin inkişafını əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. İştirakçılara italyan dilində ölkəmizin tarixinə dair nəşrlər təqdim edilib.
Müqəddəs Taxt-Tacın "Cancelleria” Sarayında təşkil olunmuş ziyafətdə ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və onun qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan, quruculuq işlərindən söz açıb.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyini, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, ölkənin himninin, bayrağının və gerbinin təsis olunmasının Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu vurğulayıb. Bildirilib ki, birinci respublikanın nailiyyətlərini izləyən böyük dövlətlərin nümayəndələri onun rəhbərlərini alqışlayıblar. 1919-cu ildə Britaniyanın Qafqaz üzrə ali komissarı Oliver Uoldrop deyib ki, Azərbaycan Zaqafqaziyanın digər etnik qrupları üçün ən yaxşı nümunədir.
Səfir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayıb. O, müasir müstəqil Azərbaycanın iqtisadi inkişafı, sabitliyi və balanslaşdırılmış xarici siyasəti haqqında danışıb. Qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib, Bakı qitələri birləşdirən böyük layihələrə imza atıb.
2019-cu ilin yanvar ayında Müqəddəs Taxt-Tac ilə ölkəmiz arasındakı əlaqələrin 25 ilinin tamam olacağını bildirən R. Mustafayev bu müddət ərzində ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyəyə çatdığını və dinamik inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı hörmətə, fəal dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb.
Siyasi sahədə dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin, xüsusilə də 2002-ci ildə Roma Papası II İohan Pavelin və 2016-cı ildə Papa Fransiskin ölkəmizə səfərləri, eləcə də Vatikanın xarici işlər naziri, arxiyepiskop Pol Riçard Qallaxerin bu il ölkəmizə səfəri çərçivəsində ikitərəfli və beynəlxalq münasibətlər sahəsində aktual məsələlərin müzakirə olunduğunu bildirib. Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tac arasında sıx əməkdaşlıqdan və bu birgə fəaliyyətin bəhrələrindən danışıb. Əməkdaşlıq çərçivəsində Vatikanın tarixi və mədəniyyətinin nadir rəmzlərinin bərpası, Müqəddəs Marçellinio və Pietro katakombaları, eləcə də Vatikan muzeyində Zevsin heykəlinin, Sikstin kapellasında divar şkaflarının bərpa edildiyini diqqətə çatdırıb.
Heydər Əliyev Fondu tərəfindən bərpa edilən, 2 min ildən artıq yaşı olan Müqəddəs Sebastian katakombalarının açılışından danışıb.
Elmi sahədə Vatikan Mədəniyyət Şurasının və Apostol kitabxanasının dəstəyi ilə arxiv tədqiqatlarının aparıldığını, Orta əsrlər Azərbaycan mütəfəkkirləri Nizami, Füzuli və Nəsimi haqqında oxuculara məlum olmayan yeni məlumatların əldə edildiyini bildirib. Ölkəmizin Müqəddəs Taxt-Tacla çoxşaxəli əməkdaşlığını və dialoq yolunu davam etdirmək əzmində olduğunu vurğulayıb.
Müqəddəs Taxt-Tacın Mədəniyyət işləri üzrə şuranın sədri, kardinal Canfranko Ravazi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfərinə toxunaraq, iki dövlət arasında siyasi, mədəniyyətlərarası və dinlərarası dialoq sahələrində əlaqələrin yüksək səviyyəsindən söz açıb. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələr haqqında ətraflı məlumat verib. Əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, ölkəmizin xristian dini mədəni irs abidələrinin bərpasına dəstək verməsini dinlərarası dialoqun bariz nümunəsi olduğunu vurğulayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ziyafət Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist Emil Əfrasiyabın rəhbərliyi ilə Azərbaycan incəsənət ustalarının ifasında milli musiqi proqramı ilə davam edib.
Tədbir çərçivəsində ziyafət və sərgi salonlarında böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.
Heydər Əliyev Fondunun dəstəyi
ilə Müqəddəs Sebastian kilsəsində
bərpa edilmiş katakombalarla
bağlı nəşrlər tədbir
iştirakçılarına hədiyyə edilib.
Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 9.