Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığın
ən yüksək mərhələsinə qədəm qoyur
Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir.
Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. Bəzən bu münasibətlərdə (əsasən üst qatlarda) müəyyən qalxmalar, enmələr, təbəddüllatlar olsa da, amma alt qatlarda - xalqlar, sadə insanlar arasında heç zaman ziddiyyətlər, gərginliklər, enmələr-qalxmalar yaşanmayıb.
1991-ci ilin avqustunda "məşhur QKÇP” hadisəsindən, yəni Sovetlər birliyinin süqutundan sonra müstəqillik əldə edən Azərbaycan və Rusiya arasında ilk illərdə bəzi obyektiv və subyektiv səbəblərdən müəyyən gərginliklər yaşandı. Ancaq 1993-cü ilin iyun hadisələrindən, müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bir çox sahələrdə olduğu kimi, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə də geriləmələr, gərginliklər tədricən aradan qalxmağa başladı.
Xüsusilə də Azərbaycan tərəfindən münasibətlərin yaxşılaşdırılması, rəvanlaşdırılması istiqamətindəki səmimi cəhdlər daha çox özünü büruzə verdi və nəticədə də münasibətlər əvvəlki tempinə, normallaşma sürəcinə qaytarıldı. Rusiyada Boris Yeltsinin hakimiyyətdən getməsi və Vladimir Putinin hakimiyyət olmipinə yüksəlməsi ilə qonşu dövlətin siyasətində, xüsusilə də qonşularla və ənənəvi müttəfiqlərlə münasibətlərində praqmatizm və konstruktivizm, sağlam, qarşılıqlı faydalılığa və səmərəliliyə dayanan əməkdaşlıq meyilləri özünü göstərdi. Böyük siyasət ustası və müdrik dövlət rəhbəri Heydər Əliyevin Rusiya ilə bağlı daimi xoşməramlı mövqeyi də öz qarşılığını görməyə başladı. Və beləliklə, Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri baş verdi, bir çox mühüm məsələlər və sahələr üzrə hər iki dövlətin və xalqın milli, dövlətçilik maraqlarına cavab verən sazişlər, müqavilələr imzalandı.
2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi və Heydər Əliyev siyasətini uğurlu şəkildə davam etdirməsi ilə Azərbaycan-Rusiya münasibətlərində inkişafın yeni mərhələsi başlandı. Dəfələrlə Azərbaycan Prezidenti Rusiyaya rəsmi və işgüzar səfərlərə yola düşdü, eyni zamanda Rusiya Prezidenti V.Putinin bir neçə dəfə Azərbaycana yüksəksəviyyəli səfərləri reallaşdı.
Hətta bu səfərlərin, qarşılıqlı etimada, etibara və səmimiyyətə dayanan münasibətlərin nəticəsi olaraq ölkəmiz ilk dəfə, 2016-cı ilin avqustunda Bakı şəhərində Azərbaycan, Rusiya və İran prezidentlərinin - "Üçlər” formatının Zirvə toplantısına evsahibliyi etdi və bunun davamı olaraq, növbəti görüş 2017-ci ilin noyabr ayında İranda, Tehran şəhərində gerçəkləşdirildi. Heç şübhəsiz ki, bunlarda da hər iki dövlətin rəhbərlərinin xidmətləri və fəaliyyətləri müstəsnadır, əvəzsizdir.
Bu günümüzə gəlincə, Azərbaycan və Rusiya, prezidentlər İlham Əliyev və Vladimir Putin arasında münasibətlər elə bir inkişaf səviyyəsində, mərhələsindədir ki, son üç ay ərzində iki dövlət başçısının Tacikistandakı sammiti də nəzərə alsaq, beş görüşü baş tutub. Azərbaycan Prezidentinin Rusiya Prezidenti ilə Soçi görüşməsindən isə bizi günlər ayırır. Tam qətiyyətlə söyləmək mümkündür ki, həmin görüş münasibətlərin, əlaqələrin zirvə görüşü idi. Bu görüşdə, bu səfərdə iki ölkənin milli maraqlarına cavab verən onlarla saziş imzalandı, hər iki dövlət başçısının imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarında çox əhəmiyyətli və gələcək əməkdaşlığın daha da gücləndirilməsinə yönəlik önəmli fikirlər bəyan edildi, mesajlar səsləndirildi.
Statistikaya, faktlara, rəqəmlərə müraciət etsək görərik ki, 2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Ötən illər ərzində Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Ötən illərdə həmçinin, sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənmək üzrədir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.
Həmçinin, Azərbaycanda
Rusiyanın bir çox enerji şirkətləri uğurla
işləyir. Bunlara "Qazprom”u, "Transneft”i və "LUKOYL”u misal
götərmək olar. Eyni zamanda, Rusiyanın "R-Farm” şirkəti
2019-cu ildə Azərbaycanda açılacaq dərman
preparatlarının istehsalı müəssisəsinin
tikintisinə 74 milyon dollar sərmayə yatırıb. "Qazprombank” Sumqayıt Kimya-Sənaye
Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon
dollar təşkil edir.
Qərbi Avropa
bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək
beynəlxalq "Şimal-Cənub nəqliyyat dəhlizi”nin
yaradılması da ən perspektivli layihələrdən biri
hesab oluna bilər. Bu dəhliz Cənubi Asiya və Yaxın
Şərqdən İran vasitəsilə Avropaya yük
daşımalarını xeyli sürətləndirməyə
imkan verəcək ki, bu arteriyanın da ümumi uzunluğu 7
min kilometrdən artıqdır. Buraya dəmir
yolu, bərə və avtomobil nəqliyyatı yolları
daxildir. Həm də "Şimal-Cənub
dəhlizi”nin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən
keçəcək və bu marşrutun ayrı-ayrı hissələri
üzrə işlər davam etdirilməkdədir. Bununla yanaşı, üzümüzə gələn
2019-cu ildə ölkələrimiz Samur sərhəd
çayı üzərindən körpünün tikintisini
başa çatdırmaq niyyətindədir və bu istiqamətdə
də işlər tamamlanmaq üzrədir.
Rusiya Federasiyasının
70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqə
saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və
elmi-texniki əməkdaşlıq barədə çərçivə
sazişləri bağlayıb. Bu ilin
oktyabrında növbəti regionlararası forum keçirilməsi
nəzərdə tutulur. Rusiyada 11 mindən
çox azərbaycanlı tələbə təhsil alır.
Onlardan minə yaxını Rusiya Federasiyasının
Federal büdcəsi hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən
çox təqaüd verilir. Rusiya və Azərbaycan
prezidentlərinin təşəbbüsü ilə
yaradılan Bakı Beynəlxalq Humanitar Forumunun iclasları
müntəzəm keçirilir. Forumun ilin
sonunda Bakıda keçiriləcək növbəti 6-cı
iclasına 500-dən çox iştirakçının gələcəyi
gözlənilir.
Rusiya idxala görə də
Azərbaycan üçün bir nömrəli tərəfdaşdır
və qeyri-neft sahəsinin azərbaycanlı
ixracatçıları üçün birinci yerdədir. Bu gün Azərbaycan
tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı
məhsulların dəyəri 5 milyard dolları keçir və
bu göstərici artmağa meyillidir. Ona
görə ki, Azərbaycan Silahlı Qüvvələrinin
modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada
hərbi məhsulların ən mühüm
istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla
təchizatçısıdır. Azərbaycanda
rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu
xalqlarımızı birləşdirmiş və bu gün də
birləşdirən nə varsa, hamısına çox
qayğı ilə yanaşılır. Azərbaycanda
təhsilin rus dilində olduğu 340-dan çox məktəb
fəaliyyət göstərir, Rusiyanın aparıcı
universitetlərinin iki filialı mövcuddur.
Rusiya eyni zamanda, 30 ildən artıq
davam edən və hələ də ədalətli həllini
tapa bilməyən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh və
danışıqlar yolu ilə tənzimlənməsi prosesində
vasitəçilik missiyasını üzərinə
götürən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən
biridir. Azərbaycan cəmiyyətində Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həllində
gözləntilər digər həmsədr dövlətlərdən
bəlkə də ən çox qonşu və dost Rusiyadandır.
Azərbaycan vətəndaşları bu
münaqişənin sülh yolu ilə ədalətli həllinə
Rusiyanın töhfələr verəcəyinə daha
çox ümidlidirlər. Heç təsadüfi
deyil ki, Azərbaycan Prezidenti son Soçi
görüşündə səsləndirdiyi bəyanatında
da bu məqama xüsusi yer ayırmışdı.
"Bizim müzakirə
etdiyimiz məsələlər arasında regional təhlükəsizlik
məsələləri, ilk növbədə, uzun müddət
davam edən və Azərbaycan xalqının böyük
iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi
mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq
miqyasda tanınmış əraziləri erməni
işğalı altındadır. Bu
münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Münaqişənin tezliklə həlli
bizim vətəndaşlarımızın öz tarixi
torpaqlarına qayıtmalarına imkan verər, həmçinin
bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər”
deyən dövlət başçımız Rusiyanın
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə
məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi
tənzimləmə işində mühüm rol
oynadığını vurğulamış və belə bir əminliyini
də ifadə etmişdi ki, "Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız
və dostumuzdur. Biz ümid edirik ki,
münaqişənin nizamlanmasında Rusiyanın səyləri
davam edəcək”.
Rusiya Prezidenti isə öz növbəsində
"Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə
bağlı fikir mübadiləsi apardıq. Xüsusən,
təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq”
- deyərək, Minsk qrupunun həmsədri kimi Rusiyanın bu
münaqişənin sülh yolu ilə nizamlanmasına
bütün mümkün köməyi göstərməkdə
davam edəcəyinə diqqət çəkmişdi.
Sentyabrın 27-də iki
dövlət başçısı arasında son üç
aydakı 4-cü görüş baş tutdu. Prezidentlər
ilk öncə təkbətək görüşdülər.
"Sizin bugünkü səfəriniz xüsusi
xarakter daşıyır. Biz bu gün ilk dəfə
olaraq rekord miqdarda - minə yaxın iştirakçı
toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində
iştirak edirik. Bu da tədbirə göstərilən
böyük marağa dəlalət edir. Biz Sizinlə bu
ayın əvvəlində Soçidə
görüşmüşdük, bu gün isə Bakıda
görüşürük - deyən dövlətimizin
başçısı bunun münasibətlərin səviyyəsinin
parlaq göstəricisi olduğunu vurğuladı və qeyd
etdi ki, həm siyasi, həm iqtisadi, həm
də nəqliyyat, energetika, humanitar sahələrdə fəal
əməkdaşlıq edilir.
"Biz bütün istiqamətlərdə
böyük tərəqqi görürük. Rusiya bizim üçün
münasibətlərimizin ən yüksək səviyyədə
olduğu çox mühüm və dəyərli tərəfdaş,
dost və qonşudur. Düşünürəm
ki, gələcək illərdə biz əməkdaşlığımızı
yalnız inkişaf etdirmək, ölkələrimizin biznes
qurumları üçün daha yaxşı şərait
yaratmaq və bütün istiqamətlərdə
qarşılıqlı fəaliyyəti möhkəmləndirmək
yolu ilə gedəcəyik” - deyə, Azərbaycan Prezidenti bəyan
etdi.
Bakıya dəvətə və
cüdo üzrə dünya çempionatına baxmaq
imkanına görə Azərbaycan Prezidentinə minnətdarlığını
bildirən Rusiyanın dövlət başçısı isə
münasibətlərin yüksək səviyyəsini və həcmini
nəzərə alaraq, həmişə danışmağa
sözlərinin olduğunu bəyan etdi.
Rusiya Prezidenti "Necə deyərlər,
MDB-nin sammit meydanlarında da ünsiyyətimiz gözlənilir.
Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən
istifadə edərək ikitərəfli münasibətlər
haqqında danışmaq imkanı var. Biz hələ
Soçidə qeyd etmişdik ki, münasibətlərimiz həm
iqtisadiyyat, həm də digər sahələrdə müsbət
inkişaf edir. İndi gərək elə edək
ki, Sizin Rusiyaya səfərinizin gedişində bizim
qarşılıqlı fəaliyyətimizə verilən
impuls itməsin və Sizinlə imzaladığımız
çox əhəmiyyətli sənədlər işləsin”
- deyə, sözlərinə əlavə etdi.
Təkbətək görüşdən
sonra hər iki dövlət rəhbəri Bakıda
keçirilən cüdo üzrə növbəti dünya
çempionatını izlədilər, daha sonra Azərbaycanın,
doğma Bakımızın yüksək səviyyədə
evsahibliyi etdiyi IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi
açılış mərasiminə qatılaraq, həm
iştirak, həm də çıxış etdilər.
Vladimir Putinin son 5 il ərzində 4-cü
dəfədir Azərbaycanda olduğunu deyən Azərbaycan
Prezidenti Forumda çıxışı zamanı
özünün də müntəzəm olaraq Rusiyaya səfər
etdiyini xatırlatdı: "Bu da bizim tərəfdaşlığımızın,
ölkələrimiz arasında dost, mehriban qonşuluq
münasibətlərinin parlaq sübutudur”. Dövlətimizin
başçısı həmçinin təkcə Azərbaycan
milli aviaşirkətinin Rusiyanın müxtəlif şəhərlərinə
həftədə 50-dən çox reys həyata
keçirdiyini, Rusiya vətəndaşları tərəfindən
Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə
artdığını, hələ ilin başa
çatmamış 9 ayı ərzində 700 minədək
rusiyalının Azərbaycanı ziyarət etdiyini və bu rəqəmin
gələcəkdə artacağını söylədi. Eyni
zamanda, vurğuladı ki, Azərbaycanda artıq "KamAZ”,
"Ural” avtomobilləri buraxılır, yüzlərlə belə
avtomobil konveyerlərdən düşürülüb, eləcə
də, ölkəmizdə "QAZ” avtomobillərinin
istehsalı haqqında razılıq əldə olunub. Rusiya regionları ilə də çox sıx
münasibətlərin mövcudluğuna diqqət çəkən
cənab İlham Əliyev bildirdi ki, Federasiyanın 20-yə
yaxın subyektinin Azərbaycanla müvafiq
razılaşmaları var. "Bizim Rusiya regionlarında, eləcə
də Rusiya regionlarının Azərbaycanda ticarət
nümayəndəlikləri açılır. Yəni,
əminəm ki, regionlararası əməkdaşlıq
ölkələrimizi birləşdirən bütün dost,
mehriban qonşuluq münasibətləri kompleksini üzvi
sürətdə tamamlayacaq” - deyən Azərbaycan lideri
çıxışının sonunda bir daha Vladimir Putinə
Azərbaycanda olduğuna görə təşəkkürünü
ifadə etdi və fikirlərini "Bu, bizim üçün
çox qiymətlidir. Biz buna dostluğun,
ölkəmizə hörmətin əlaməti kimi
baxırıq” - sözləri ilə yekunlaşdırdı.
Rusiya ilə Azərbaycan
arasındakı münasibətlərdən danışan
Rusiya Prezidenti bir daha qeyd etdi ki, dövlətlərimiz
arasında münasibətlər mehriban qonşuluq və
qarşılıqlı hörmət prinsipləri əsasında
qurulur. Onun sözlərinə görə, həmişə
maraqlar balansı axtarılır və tapılır. "İndi Azərbaycan bazarında artıq Rusiyanın
iştirakı ilə təxminən 700 birgə şirkət
fəaliyyət göstərir. Birbaşa
Rusiya sərmayələrinin ümumi həcmi isə bir milyard
yarım dollardan çox təşkil edir.
Qarşılıqlı, səmərəli biznes əlaqələrinin
qurulmasına Rusiya-Azərbaycan İşgüzar Şurası
böyük kömək göstərir” - deyən cənab
Putin təkcə ötən il bu şuranın ümumilikdə
yarım milyard dollara yaxın məbləğdə dəyəri
olan 42 birgə layihəni dəstəklədiyini, həmçinin
Azərbaycanda Rusiyanın energetika korporasiyalarının
uğurla işlədiyini, "Rosneft” şirkətinin Azərbaycanın
Dövlət Neft Şirkəti ilə birgə yaxın
vaxtlarda "Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına
və mənimsənilməsinə başlayacağını
da sözlərinə əlavə etdi. Rusiya
prezidenti "Əməkdaşlıq üçün imkanlar
həqiqətən çox genişdir. Həm
də regional səviyyədə bizim qarşılıqlı
fəaliyyətimizin konkret istiqamətlərini ilk növbədə
siz - bu salonda toplaşanlar və sizin yerlərdəki həmkarlarınız
müəyyənləşdirir...” - deyərək,
çıxışını bitirdi.
Bütün bunlar özü
əyani şəkildə Azərbaycan-Rusiya münasibətlərinin
qarşısıalınmaz və geridönməz xarakter
aldığını bir daha təsdiqləyir və sübut
edir ki, bu münasibətlər inkişafın ən yüksək,
ən sürətli xətti üzrə irəliləməkdədir. Və
heç bir güc də bunun qarşısında dayanmaq
gücündə və qüdrətində deyil.
Mehdi ABDULLAYEV,
hüquq elmləri doktoru,
Dövlət İdarəçilik Akademiyasının
prorektoru
Azərbaycan.-
2018.- 29 sentyabr.- S.1; 3.