Azərbaycanla Rusiya arasında
münasibətlər müsbət dinamika
ilə inkişaf edir
Sentyabrın 28-də Milli Məclisdə Rusiya Federasiyasının hakim partiyasının gənclər təşkilatı olan "Vahid Rusiya Gənclər Qvardiya”sı Ümumrusiya İctimai Təşkilatının nümayəndələri ilə görüş keçirildi.
Görüşdə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, Azərbaycandakı Rus İcmasının rəhbəri, deputatlar Mixail Zabelin, Sevinc Hüseynova, Azər Badamov və digərləri iştirak ediblər.
Əli Hüseynli Azərbaycan-Rusiya əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək parlamentlər arasında sıx və səmimi əlaqələrin mövcud olduğunu, qanunvericilik sahəsində səmərəli təcrübə və fikir mübadiləsi aparıldığını söylədi. Komitə sədri bildirdi ki, hər iki ölkənin parlamentlərində gənclər də təmsil olunur və dövlət başçılarının keçirdikləri görüşlər, forumlar gənclərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhfə verir.
Mixail Zabelin isə IX Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsini, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini xatırladaraq son dövrdə iki ölkə arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı. O, Azərbaycanın multikultural, tolerant ölkə olduğunu vurğulayaraq ölkəmizdə rus dilinin, mədəniyyətinin bu gün də qorunub saxlanıldığını bildirdi: "Burada uzun zamandır böyük rus icması yaşayır. Gürcüstan, Ermənistandan fərqli olaraq Azərbaycanda rus dilinə və mədəniyyətinə daha böyük diqqət göstərilir. Rus mədəniyyətini, rus dilini saxlamaqla Azərbaycan suverenliyini, müstəqilliyini itirməyib. Əksinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dediyi kimi, gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər intellektual və mədəni olacaqlar. Azərbaycanda sovet dövründə mövcud olan rusdilli məktəblər bu gün də fəaliyyət göstərir. Hər kəs rus dilində təhsil almaq imkanına sahibdir. 17 mindən çox tələbə təhsilini rus dilində alır”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycanla Rusiya arasında mehriban qonşuluq əlaqələrinin mövcudluğundan danışaraq vurğuladı ki, hər iki dövlət başçıları təkcə həmkar deyil, həm də səmimi dostdurlar.
Rusiya nümayəndə heyətinin üzvü Dinar Railoviç Barıyev də öz növbəsində bu səfərin mədəniyyətlərarası dialoqun təşkilinə töhfə verəcəyinə ümidvarlığını ifadə etdi: "Azərbaycanda bizi yüksək qonaqpəvərliklə qarşılayıblar. Bu cür səfərlər bizim ölkələrimiz arasında dostluğumuzun necə inkişaf etdiyini göstərir. Azərbaycan ilə Rusiya gəncləri arasında dostluq münasibətləri davam edir və gələcəkdə də azərbaycanlı gəncləri Rusiyaya dəvət etmək niyyətindəyik”.
Deputat Sevinc Hüseynova da xalqlar arasında mənəvi yaxınlıq və dostluq bağlarının əməkdaşlığın genişləndirilməsinə kömək etdiyini vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam etdirilib.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.-
2018.- 29 sentyabr.- S.2.