Qazaxıstan Milli Qvardiyasının
Baş Komandanı Azərbaycanda səfərdədir
Sentyabrın 28-də Qazaxıstan daxili işlər orqanlarının vahid sisteminə daxil olan Qazaxıstan Respublikası Milli Qvardiyasının Baş Komandanı, general-leytenant Ruslan Jaksılıkovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə R.Jaksılıkov və nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə tər çiçəklər qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini ziyarət edib.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov general-leytenant Ruslan Jaksılıkov ilə görüşüb.
Daha sonra Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini-Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun general-leytenant Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Qonaqları salamlayan general-leytenant Ş.Məmmədov Qazaxıstan Milli Qvardiyası Baş Komandanlığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasındakı əlaqələrdən və hərbi əməkdaşlıq münasibətlərinin inkişafından söz açıb, keçirilən belə görüşlərin əməkdaşlığımızın daha da genişlənəcəyinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Görüşdə hər iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyi yüksək qiymətləndirilib, belə əməkdaşlığın, təcrübə mübadiləsinin ölkələrimizin ümumi mənafelərinə xidmət etdiyi vurğulanıb. Qonaqlara qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, döyüş yolu və inkişafı barədə ətraflı məlumat verilib.
Ətraflı məlumata görə minnətdarlığını bildirən general-leytenant R.Jaksılıkov respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edərək iki ölkənin müvafiq qurumları arasında əlaqələri yüksək qiymətləndirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
Qeyd edək ki,
oktyabrın 1-dək davam edəcək səfər
zamanı nümayəndə heyəti Daxili
Qoşunların Ali Hərbi Məktəbində
təlim-tədrisin təşkili, kursantlar
üçün yaradılmış
şərait, o cümlədən Bakı
şəhərində yerləşən “N” saylı hərbi
hissə ilə tanış olacaq, sonra Qoşunların Təlim Mərkəzində
xüsusi-taktiki təlimi izləyəcək,
həmçinin Heydər Əliyev Mərkəzini və
paytaxtımızdakı digər tarixi, mədəniyyət
abidələrini ziyarət edəcəklər.
Azərbaycan.-
2018.- 29 sentyabr.- S.2.