Elmar Məmmədyarov: “Bakı prosesi”
müsəlman dünyası ilə Avropa
arasında əməkdaşlığın gücləndirilməsinə
böyük töhfə verib
Azərbaycan əmindir ki, davamlı sülhə yalnız dialoq, dinc şəraitdə birgə yaşayış və qarşılıqlı anlaşma yolu ilə nail olmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin xarici işlər nazirlərinin sentyabrın 28-də Nyu Yorkda keçirilmiş illik əlaqələndirmə toplantısındakı çıxışında deyib.
Nazir qeyd edib ki, İƏT dünyada sülhün, təhlükəsizliyin və münaqişədən sonra bərpa işlərinin təşviq edilməsi, humanitar, insan hüquqları, sosial, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi və sülh mədəniyyətinin gücləndirilməsində BMT-nin mühüm tərəfdaşıdır.
"Azərbaycan İƏT Xarici İşlər Nazirləri Şurasının cari ilin əvvəllərində qəbul edilmiş Dəkkə Bəyanatına uyğun olaraq, İƏT-in BMT-nin Baş Assambleyasında genişləndirilmiş müşahidəçi statusu alması təklifini tam dəstəkləyir. Bu xüsusda, biz bu məsələ üzrə müzakirələrin tezliklə yekunlaşacağını və ardınca BMT Baş Assambleyasının müvafiq qətnaməsinin qəbul olunacağını gözləyirik”,- deyə Elmar Məmmədyarov vurğulayıb.
O bildirib ki, dünyanın bir çox yerlərində, xüsusən də müsəlman aləmində artan gərginlik və qeyri-sabitlik daxil olmaqla, sülh və təhlükəsizlik problemləri həll olunmamış qalan münaqişələr və dözümsüzlük təzahürləri ilə daha da ağırlaşır. Azərbaycan əmindir ki, davamlı sülhə yalnız dialoq, dinc şəraitdə birgə yaşayış və qarşılıqlı anlaşma yolu ilə nail olmaq mümkündür.
Son illərdə dünya miqyasında münaqişələr və zülmkarlığın nəticəsi olaraq zor gücünə didərgin salınma hallarının rekord həddə çatması ciddi narahatlığımızı doğurur. Həm şiddətdən qaçmış milyonlarla insanın hüquqlarını bərpa etmək, həm də gələcəkdə didərgin düşmüşlərin sayının daha da çoxalmasının qarşısını almaq məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müvafiq hərtərəfli tədbirlər görülməlidir. Ən çox sayda qaçqınlara sığınacaq verən ölkələrin məhz İƏT-ə üzv olan dövlətlər olduğu üçün kütləvi şəkildə zor gücünə didərgin salınma halları İƏT üçün dərin narahatlıq doğurmalıdır.
Son hesabatlara görə, sayı 700 mini aşan yüz minlərlə mülki Rohingya sakininin qonşu Banqladeşdə davam edən məcburi məskunlaşmasından ciddi narahatıq. Ermənistan tərəfindən törədilən təcavüz nəticəsində yüz minlərlə didərgin düşmüş insanların yerləşdirilməsi ilə bağlı təcrübəyə malik Azərbaycan qaçqın və məcburi köçkünləri qəbul edən ölkələrin qarşılaşdığı təhdidləri aydın dərk edir. Ümidvarıq ki, Rohingya müsəlmanlarının öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqları tezliklə yerinə yetiriləcək.
Azərbaycanın hər zaman mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi və inkişafına töhfə verməyə çalışdığını qeyd edən nazir deyib: "Bütün etnik və dini qruplar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Müxtəlif dinlərin, millətlərin və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaq məqsədilə, bir çox tədbirlərə ev-sahibliyi etdik. Mədəniyyət və din fərqlərinə əsaslanan ayrı-seçkilikdən azad bir cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun parlaq nümunəsidir.
2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülən və onun rəhbərliyinin himayəsi altında həyata keçirilən "Bakı prosesi” müsəlman dünyası ilə Avropa arasında dialoqun, tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verib. Bu il həmin təşəbbüsün 10 illiyi qeyd edilir və bu münasibətlə bir sıra tədbirlər, o cümlədən oktyabrın 25-26-da Bakıda yüksək səviyyəli VI Humanitar Forum keçiriləcək”.
Nazir qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülhə, təhlükəsizliyə, bölgəmizin inkişaf perspektivlərinə başlıca təhlükə törətməkdədir. Biz 2018-ci il sentyabrın 24-də burada, BMT-nin qərargahında Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Əlaqə qrupunun keçirdiyi iclasın nəticələrinə dair qəbul olunmuş məruzəni alqışlayırıq.
"İqtisadi inkişaf,
müvəffəqiyyətli sosial siyasət,
zəngin insan kapitalı sahəsində
nailiyyətlərdən və multikulturalizmin
ənənəvi dəyərlərindən ilhamlanaraq
Azərbaycan "Ekspo 2025” sərgisini
keçirmək üçün Bakı
şəhərinin namizədliyini irəli sürüb.
Bakı "Ekspo 2025” sərgisinə evsahibliyi etmək üçün
İƏT-ə üzv ölkələr
arasında yeganə namizəddir. Bu
fürsətdən istifadə edərək İƏT-ə üzv ölkələrin Bakının namizədliyini
dəstəkləyəcəyinə ümidvarıq”,- deyə
nazir vurğulayıb.
Azərbaycan.-
2018.- 29 sentyabr.- S.7.