Azərbaycan kosmosu bir daha fəth
etdi
"Azerspace 2” peykinin orbitə çıxarılması
dövlətimizin gücündən
və bu sahədə atılan addımların uğurlu nəticəsindən xəbər
verir
Müasir tələblər baxımından
informasiya və kommunikasiya texnologiyalarının
inkişaf səviyyəsi
hər bir dövlətin hərbi-siyasi
və sosial-iqtisadi potensialının göstəricilərindəndir.
Təqdirəlayiq haldır ki, ölkəmizdə İKT infrastrukturunun
yaradılmasına və
gücləndirilməsinə, informasiya-kommunikasiya xidmətlərinin
tətbiqinin genişləndirilməsinə
böyük diqqət
yetirilir. Müasir dövrün çağırışlarına
adekvat olaraq Azərbaycanda İKT-dən
istifadə sahəsində
mühüm addımlar
atılıb, bir sıra sahələrdə
bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb.
Azərbaycanda İKT-nin sürətlə inkişaf etdiyini təsdiq edən məqamlardan biri də kosmik sənayenin yüksəlişidir. Qeyd edək ki, kosmik
sənayenin yaradılması
və telekommunikasiya peyklərinin, o cümlədən
digər çoxməqsədli
peyklərin orbitə çıxarılması, ilk növbədə,
informasiya mübadiləsinin
xarici ölkələrdən
asılılığının aradan qaldırılması
və informasiya təhlükəsizliyinin təmin
edilməsi, eyni zamanda, ölkədə yeni iqtisadi sahələr
üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi
və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması istiqamətində aparılan
işlər öz xüsusi və strateji əhəmiyyəti
ilə seçilir.
2013-cü ildən
etibarən Azərbaycan
orbitə 3 peyk çıxarıb. Bunlardan birincisi "Azerspace
1” telekommunikasiya, ikincisi
"Azersky” müşahidə
peykidir. Sentyabrın 26-da isə Azərbaycanın üçüncü peyki
olan "Azerspace 2” telekommunikasiya peyki Fransız Qvianasında yerləşən kosmodromdan
- Qviana Kosmik Mərkəzindən uğurla
orbitə buraxıldı.
Peyk Fransanın
"Arianespace” şirkətinə məxsus "Ariane 5” daşıyıcı raketi
ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən
uğurla ayrılıb.
Bu münasibətlə
xalqımızı təbrik
edən Prezident İlham Əliyev "Azerspace 2” telekommunikasiya peykinin orbitə çıxarılmasını növbəti tarixi qələbə adlandırıb:
"Bu gün ölkəmizin
həyatında növbəti
əlamətdar bir gündür. Azərbaycan qısa müddət
ərzində dünyanın
kosmik klubunun dəyərli üzvünə
çevrilibdir. Azərbaycan qarşıya
qoyduğu bütün
vəzifələri uğurla
icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan
dünyada müasir texnologiyaların inkişafında
öz dəyərli sözünü deyir.
"Azerspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması
bizim növbəti tarixi qələbəmizdir.
Bundan sonra da Azərbaycan
yalnız uğurlar, qələbələr yolu
ilə gedəcək”.
Bəli, dövlət başçısının
qeyd etdiyi kimi, "Azerspace 2” peykinin orbitə çıxarılması Azərbaycanın
qələbəsi və
uğurudur. Bu hadisə
həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
böyük töhfədir.
Ümumiyyətlə isə bu, Azərbaycanın hərtərəfli
inkişafının göstəricisidir.
Ölkəmizin müasirləşməsinin, modernləşməsinin, ən
müasir texnologiyalara
sahib olmaq niyyətlərinin
bariz nümunəsidir.
Ən əsası, bu növbəti kosmik uğur Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının uğurla
reallaşmasının göstəricisidir.
Xatırladaq ki, dünyanın 1/3-ni əhatə edən "Azerspace 1” peyki bu gün Azərbaycan
üzərində ən
güclü siqnala malik peyklərdəndir. Bu peyk telekommunikasiya sahəsində digər ölkələrdən asılılığın
aradan qaldırılması,
yerüstü infrastrukturdan
asılı olmadan informasiya təhlükəsizliyinin
təmin edilməsi kimi üstünlükləri
təmin edir.
Belə ki, Azərbaycan televiziya kanallarının
fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə
və dünya ictimaiyyətinə maneəsiz
çatdırılmasını təmin etməklə ötən əsrin sonlarında ölkəmizin
üzləşdiyi informasiya
blokadasının yenidən
ortaya çıxma riskini aradan qaldırmış olur. Bu günədək peykin tutumlarının istismarından
80 milyon ABŞ dolları
həcmində gəlir
əldə edilib.
Peykin qalan ömrü ərzində ölkə iqtisadiyyatına daha 220 milyon ABŞ dolları gəlir gətirəcəyi
proqnozlaşdırılır.
Başlıca tətbiq
sahəsi Azərbaycanın
müdafiə və təhlükəsizliyinə xidmət
etmək olan "Azersky” peykinin də kommersiya potensialı var. Bu peyk sayəsində ölkəmizin
nəinki daha əvvəl çıxışı
olmadığı ərazilərin,
həmçinin dünyanın
istənilən nöqtəsinin
yüksək ayırd
etməli peyk təsvirlərinə birbaşa,
qeyd-şərtsiz, gündəlik
çıxış imkanı
var. "Azersky” peykinin
xidmətlərindən ölkəmizdə
kənd təsərrüfatı,
xəritəçəkmə, infrastrukturun planlaşdırılması
və monitorinqi, kadastr məlumatlarının
yenilənməsi, ekologiya,
dənizdə və quruda neft çirklənmələrinin
tədqiqi, müdafiə,
təhlükəsizlik və
digər sahələrdə
istifadə edilir. Peykin xidmətlərindən
Azərbaycanla yanaşı,
Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və s. ölkələrdə aktiv
istifadə olunur. Dəyəri 157 milyon avro olan "Azersky” peykindən bu günədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.
Ölkəmizin üçüncü peyki
"Azerspace 2” isə
regionda dövlət və özəl qurumlara şəbəkə
xidmətləri sahəsində
artmaqda olan tələbləri qarşılamaq
üçün yüksək
texniki imkanlar, əlverişli əhatə
zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peykin
istismarı üçün
Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq
prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla
başa çatdırıldıqdan
sonra peykin idarəçiliyi istehsalçı
şirkət tərəfindən
"Azərkosmos” ASC-yə
təhvil veriləcək
ki, bundan sonra peyk kommersiya
fəaliyyətinə başlamaq
üçün tam hazır
vəziyyətdə olacaq.
Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək.
Ümumilikdə, dəyəri
190 milyon ABŞ dolları
olan "Azerspace 2” peykinin ölkə iqtisadiyyatına 400 milyon
ABŞ dolları gəlir
gətirəcəyi proqnozlaşdırılır.
Ötən illər ərzində peyk xidmətləri sahəsində Azərbaycanda
qazanılan təcrübə
və bu sahədə formalaşmış
insan kapitalı imkan verir ki,
ölkəmiz kosmik sənaye quruculuğu yolunda daha böyük
nailiyyətlərə imza
atsın. Bu mənada
qısa müddətdə
növbəti peykin orbitə çıxarılması
dövlətimizin gücündən
və bu sahədə atılan addımların uğurlu nəticəsindən xəbər
verir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.- 30 sentyabr.- S.1-2.