Şərəfli missiyanın növbəti təntənəsi
Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan
dinlərarası və mədəniyyətlərarası
dialoqa töhfə verir
"Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə dini və ya milli zəmində heç zaman heç bir qarşıdurma olmayıb və bu gün də yoxdur. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Təsadüfi deyil ki, bu gün də Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır”. Bu fikirləri sentyabrın 25-də Romadakı Custiniani sarayında keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransdakı çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva diqqətə çatdırdı.
Şərəf duyulan tariximiz
Qeyd edək ki, bu beynəlxalq əhəmiyyətli tədbirdə ölkəmiz haqqında olduqca qürurverici fikirlər söylənildi. Əvvəlcə konfransı açan İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Rossana Boldi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən bu tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Rossana Boldi Azərbaycan-İtaliya münasibətlərinin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etdi. O, Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrin bu ölkənin mədəni irsinin qorunması baxımından önəmli olduğunu vurğuladı.
İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin bu ölkədə qeyd olunmasından şərəf duyduqlarını söylədi. Senatın sədri bir əsr əvvəl Azərbaycan parlamentində ilk dəfə seçkilərin keçirilməsinin, qadınlara tam seçki hüququnun verilməsinin regionun tarixində mühüm addım olduğunu nəzərə çarpdırdı. Onu da bildirdi ki, Azərbaycan parlamentində bir çox millətlərin nümayəndələrinin təmsil olunması mürəkkəb bir dövrdə ölkənin tarixində əhəmiyyətli iz buraxıb. Azərbaycan-İtaliya əlaqələrinə toxunan Maria Elisabetta Alberti Kasellati ölkələrimiz arasındakı münasibətlərin qədim tarixi olduğunu vurğuladı.
Heydər Əliyev Fondunun İtaliya üçün xüsusi əhəmiyyətə malik tarixi-mədəni abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edən senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı roluna görə təşəkkür etdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çıxışında 100 il bundan əvvəl yaradılan müsəlman aləminin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin qürurverici tarixindən söz açdı. Hələ XX əsrin əvvəllərində xalqımızın mütərəqqi və azadlıq ideyalarına əsaslanaraq öz müstəqilliyini əldə etdiyini fəxrlə diqqətə çatdırdı: "Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda ölkəmiz üçün çox vacib olan addımlar atdı. Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, çoxmillətli parlament fəaliyyətə başladı, ölkə üçün 200-dən çox vacib qanunlar qəbul edildi, o cümlədən Azərbaycan qadınlarına səsvermə hüququ verildi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açıldı, Azərbaycanın dövlət bayrağı təsis olundu, milli ordumuz yarandı. Əfsuslar olsun ki, gənc respublika cəmi 23 ay yaşadı. Ölkəmiz ciddi geosiyasi problemlərlə üzləşərək müstəqilliyini itirdi”.
Lakin Azərbaycan xalqının düşüncəsindəki azadlıq duyğuları heç zaman unudulmadı. 1991-ci ildə ölkəmiz yenidən müstəqilliyinə nail oldu. Azərbaycanın Birinci vitse-prezidenti vurğuladı ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra İtaliya-Azərbaycan əlaqələri də çox uğurla inkişaf edir, prlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiya fəaliyyət göstərir: "2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilmişdir. Siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə İtaliyada rəsmi səfərdə olmuşdur. Bu ilin iyul ayında İtaliya Respublikasının Prezidenti cənab Mattarella Azərbaycanda səfərdə olmuşdur. Bu, tarixi bir hadisədir. Çünki İtaliya-Azərbaycan əlaqələrinin tarixində ilk dəfə idi ki, İtaliya Respublikasının dövlət başçısı ölkəmizdə səfərdə olmuşdur. Səfər çox uğurla keçdi və əminəm ki, ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə öz töhfəsini verməkdədir.
Ölkəmizdə səfərdə olan zaman cənab Prezident Mattarella məni Böyük Xaç Kavaleri ordeni ilə təltif etdi. Bu, mənim üçün böyük şərəfdir və fürsətdən istifadə edərək bir daha cənab Prezidentə öz dərin minnətdarlığımı çatdırmaq istəyirəm”.
Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biridir
Respublikamızın iqtisadi yüksəlişindən danışan Mehriban xanım Əliyeva qeyd etdi ki, Azərbaycan regionun aparıcı dövlətidir, bütün irimiqyaslı layihələr ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilir. O vurğuladı: "Ölkəmizdə mütəmadi şəkildə multikulturalizmə həsr olunmuş beynəlxalq forumlar, mədəniyyətlərarası dialoq forumu keçirilir. Azərbaycanın bu təşəbbüsü BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və dəstəklənir. 2008-ci ildə Bakıda Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilmişdir. Bu təşəbbüsə "Bakı Prosesi” adı verilmişdir. "Bakı Prosesi” bu il 10 illiyini qeyd edir. Bu proses davam edir, millətlər və xalqlar arasında səmərəli dialoqun qurulmasına xidmət edir.
Azərbaycan sülhsevər ölkədir. Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və hörmət əsasında qururuq. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq 25 ildən çoxdur, Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal altındadır, 1 milyon soydaşımız məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Təkcə Xocalı faciəsi nəticəsində bir gecə ərzində 600-dən çox günahsız insan, o cümlədən qadınlar, uşaqlar, yaşlılar vəhşicəsinə öldürülmüşdür. Mindən çox insan itkin düşmüşdür. On dörd ölkə Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan beynəlxalq hüququn normalarını kobudcasına pozaraq işğalçı siyasətini davam etdirir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər ölkədir, biz danışıqlar aparırıq. Biz hesab edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayon işğaldan azad olunmalıdır, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır. Ümidvaram ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişənin həllində böyük rol oynayacaq”.
Ölkəmizin təbliği, dünyada
layiqincə təmsil olunması baxımından həyata
keçirilən mühüm tədbirlər
İki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin çox yüksək səviyyədə inkişaf etdiyini deyən Mehriban xanım Əliyeva humanitar sahədə olan əlaqələri xüsusi qeyd etdi. Bildirdi ki, insanları və xalqları bir-birinə daha yaxın edən, dost mühit yaradan məhz humanitar sahədir, elmdir, mədəniyyətdir, təhsildir və bu sahələrdə biz böyük nailiyyətlər əldə etmişik. O, İtaliya-Azərbaycan münasibətlərinin müsbət dinamika ilə inkişaf etdiyini, xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da güclənəcəyinə əminliyini ifadə etdi.
Həmin gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati ilə görüşü keçirildi. Senatın sədri görüşdə də Heydər Əliyev Fondunun İtaliyada mədəni və humanitar sahələrdə, eləcə də mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirdiyini qeyd etdi və bu işlərə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Mehriban xanım Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.
Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışı isə sentyabrın 26-da oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti açılış mərasimində iştirak etdi.
Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərinə 2016-cı ildə başlanılmışdı. Görülən işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ifadə olundu. Bildirildi ki, bərpa işləri mükəmməl həyata keçirilib. Ümumilikdə, katakombalarda 8 minə yaxın sərdaba yerləşir. Katakombaların zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyır. Katakombalar təbii və ya süni yeraltı məntəqələrdir. Onlar çox dar dəhlizlərdən ibarət olur. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Bu katakombalar 1578-ci ildə aşkarlanıb. Buradakı bəzi abidələrin yaşı III əsrə gedib çıxır.
Xatırladaq ki, bundan əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları da bərpa olunub. Dünya mədəniyyəti, xüsusilə xristianlar üçün böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi, həm də ümumilikdə, ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Zöhrə FƏRƏCOVA
Azərbaycant.-
2018.- 30 sentyabr.- S.1-2.