Zaqatalada birinci Beynəlxalq
festival keçirilib
Tədbirdə rayonun qərzəkli meyvələri və onlardan hazırlanan əl işləri nümayiş olunub
Günəşli payız səhərində Zaqatala şəhərindəki "Dədə Qorqud” adına parkda böyük bir qələbəlik var idi. Rayon sakinləri, belə demək mümkünsə, özlərinin çörək ağacları olan qərzəkli meyvələrini və onlardan hazırlanan məhsulları nümayiş etdirirdilər. Rayonda ikinci dəfə "Fındıq, qoz, şabalıd” festivalı keçirilirdi. Lakin bu dəfə birincidən fərqli olaraq festival beynəlxalq statusda təqdim olunurdu.
Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan festivalda ölkəmizdə fəaliyyət göstərən 10-dan artıq xarici ölkə səfirliyinin rəhbərləri və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, fındıq istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edirdilər. Festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
Festivalla bağlı nəzərdə
tutulan tədbirlər
planı zəngin idi. Əvvəlcə festivala
dəvət olunmuş
qonaqlar bal şərbətinə və
fındıqlı çörəyə
qonaq edildilər. Sonra fındıq geyimli qız fındıq səbəti ilə qonaqları qarşıladı.
Tədbirin aparıcısı Murad Dadaşov festivalla bağlı məlumat verdikdən sonra təntənəli açılış
oldu. Rayon icra hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə
öz ənənələri
ilə seçilən
Zaqatalada təşkil
edilən "Fındıq-Şabalıd-Qoz
Festivalı”nın iştirakçılarına
təşəkkürünü bildirdi.
Natiq öz çıxışını Azərbaycandakı inkişaf
və tərəqqi üzərində quraraq bildirdi ki, hazırda
ölkəmizdə bütün
sahələrdə müşahidə
olunan tərəqqi sevindiricidir. Zaqatala rayonu da hazırda respublikamızın
ən sürətlə
inkişaf edən bölgələrindən biridir.
M.Əhmədzadə tarixə ekskursiya edərək ötən illər ərzində müvafiq sahə üzrə başlanan və hazırkı uğurlara gətirib çıxaran inkişaf yollarından bəhs etdi. Bildirdi ki, hələ
XX əsrin 70-80-ci illərində
Zaqatalada emal sənayesində, yüngül
sənayedə, kənd
təsərrüfatı və
digər sahələrdə
yüksək nəticələr
əldə edilmişdir.
Burada respublikada yeganə Gül Emalı Zavodu tikilmiş, gül plantasiyaları salınmış, çayçılıq
inkişaf etdirilmişdir.
Bütün sahələrdə olduğu kimi, fındıqçılığın da ən uğurlu
və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Zaqatala rayonunun
kənd təsərrüfatında
fındıq istehsalı
ənənəvi sahələrdən
birinə çevrilib
və 1932-ci ildə burada ilk fındıqçılıq
sovxozu yaradılıb.
1929-cu ildən rayonda
keçmiş SSRİ məkanında
yeganə olan fındıq emalı zavodu fəaliyyət göstərib. Zavodda istehsal olunan
fındıq, eləcə
də konserv məhsulları keçmiş
SSRİ-nin bütün
respublikaları ilə
yanaşı, bir sıra Avropa ölkələrinə də
ixrac edilib.
Bu sahə üzrə
Zaqatalada son illər çox işlər görülüb. Nəticədə xarici bazarlarda
fındığa tələbatın
olması, həmçinin
nəqliyyata və uzun müddət saxlanılmağa davamlılığı
rayonda əhali tərəfindən yeni fındıq bağlarının
əkilməsinə və
kifayət qədər
fındıq emal edən müasir müəssisələrin yaranmasına
səbəb olub.
Görülən işlərdən bəhs
edən rayon rəhbəri
bildirdi ki, 2016-cı ildə "Azərbaycan Fındıq İstehsalçıları
və İxracatçıları
Assosiasiyası” İctimai
Birliyi təsis edilib. Eyni zamanda məhsulun
böyük hissəsi
Zaqatalanın sahibkarları
tərəfindən ixrac
olunduğundan, Dövlət
Gömrük Komitəsi
tərəfindən Zaqatala
şəhərində Mərkəzi
Gömrük Ekspertizası
İdarəsinin Zaqatala
Gömrük Laboratoriyası
açılıb.
Təsadüfi deyil ki, 2017-ci ilin nəticələrinə
görə, fındıq
ixracından Zaqatalaya
124 milyon manat vəsait daxil olub. Bu il həmin həcmin daha da artacağı
proqnozlaşdırılır.
Hazırda rayonda fındıq bitkisinin 100-dən artıq
sortu mövcuddur. Meyvəçilik
və Çayçılıq
Elmi-Tədqiqat İnstitutunun
Zaqatala Bağçılıq
Dayaq məntəqəsində
sınaq məqsədi
ilə əkilmiş
5 hektar yeni fındıq bağlarına
aqrotexniki xidmət göstərilməklə yanaşı,
gələcəkdə əkilməsi
üçün "Ata-baba”
fındıq sortuna
aid 8 min ədəd ting yetişdirilir.
Rayonda ötən
ildə 5 hektar sahədə fındıq
tingliyi təsərrüfatı
yaradılıb ki, burada da 300 min ədəd fındıq tingi yetişdirilir. Gələcəkdə həmin tinglər 600 hektar əraziyə əkiləcəkdir. Bundan başqa
rayonun ayrı-ayrı
sahibkarları da öz bağlarının
genişləndirilməsi üçün
keyfiyyətli fındıq
tingləri yetişdirirlər.
Son 3 ildə Zaqatalada eyni zamanda 47,5
hektar sahədə qoz bağları salınıb. Mövcud
481,5 hektar qoz bağlarında aqrotexniki tədbirlər davam etdirilib. Ötən il
isə 10 hektar sahədə şabalıd
bağları salınaraq
70 hektara çatdırılıb.
Keçirilən məqsədyönlü tədbirlər
nəticəsində rayonun
iqtisadiyyatı daha da inkişaf edib. Əhalinin yaşayış səviyyəsi yüksəlib
və Azərbaycanın
bütün regionları
kimi, Zaqatalada da indi əsl
yüksəliş dövrü
yaşanır. Bu inkişafın təməlində
Prezident İlham Əliyevin apardığı
siyasət dayanır.
Rəsmi
açılış mərasimi
yekunlaşdıqdan sonra
burada müxtəlif müsabiqələrin - ən
gözəl fındıq,
qoz, şabalıd xonçası, qərzəkli
meyvələrdən hazırlanmış
əl işi, ən yaxşı məlumat lövhəsi, ən gözəl fındıq geyimi, fındıq ləpəsinin
qısa müddətdə
ipə düzülməsi,
ləpənin təmizlənməsi
və digər yarışlar keçirildi.
Meydanda, həmçinin qərzəkli
meyvələrin satış-yarmarkası
da təşkil edilmişdi.
Festival iştirakçıları fındıq qabığı
ilə sobanın yandırılması, fındığın
və şabalıdın
qovrulması proseslərini
əyani şəkildə
izlədilər. Həmçinin
fındıq emalı
və ixracı ilə məşğul olan müəssisələrin
istehsal etdiyi məhsullarla tanış
oldular. Eləcə də fındıq
yığımında və
emalında istifadə
olunan müasir texniki avadanlıq da nümayiş etdirildi.
Daha sonra XIX
əsrə aid tarixi-memarlıq
abidəsi olan "Zaqatala qalası”nın ərazisindəki geniş
meydanda bədii proqram nümayiş edildi.
Tədbir çərçivəsinə iştirakçıların festivalla
bağlı təəssüratlarını
öyrənməyə çalışdıq. Amerika vətəndaşı
olan Ceynlə söhbətləşdik. Dediyinə görə, bir neçə ildir ki, Bakıda yaşamasına baxmayaraq, Zaqatalada ilk dəfə olur. Festivaldan xüsusi mənəvi
qida aldığını
deyən qonağın
sözlərinə görə,
o, dünyanın ayrı-ayrı
ölkələrində bu
qəbildən olan oxşar tədbirlərdə
iştirak edib. Lakin burada gördüklərindən
daha çox məmnundur.
Şəki Regional Mədəniyyət İdarəsinin
rəisi Mirvari Zeynalova da Zaqatalada
ilk dəfə beynəlxalq
festivalın keçirilməsindən
və təşkilatçılığın
yüksək səviyyədə
olmasından məmnun
qaldığını bildirdi. O, eyni zamanda belə möhtəşəm tədbirlərin
gələcəkdə də
davam etdirilməsinin regionun turizm potensialının artmasına
və ümumilikdə
iqtisadiyyatının yüksəlişinə
təsir göstərə
biləcəyini dedi.
Qax Rayon İcra
Hakimiyyəti başçısının
müavini Vəfa Heydərova da festivalın yüksək səviyyədə təşkil
edildiyini xüsusi vurğuladı. Bildirdi ki, həm qızılgüllər, həm
də bolluq, bərəkət diyarı
olan Zaqatalada belə bir tədbirin
keçirilməsi yalnız
alqışa layiqdir.
Zaqatala rayonundakı
"AHEK” MMC-nin satış
müdiri Güneydə
Alxazova bildirdi ki, müəssisə ən iri 5 fındıq
ixracatçısından biridir. Onlar İtaliyanın
məşhur "Ferrero”
şirkətinə məhsularını
satırlar. İtalyanlar şirniyyatlarda
və şokoladlarda bu fındıqlardan istifadə edirlər.
O, belə tədbirlərin
Zaqatalanın məhsullarının
daha da yaxından
tanıdılmasında və
ixracında mühüm
rol oynadığını
dedi.
Əli SƏLİMOV,
Azərbaycan.- 2018.- 30 sentyabr.- S.4.