Altmışın mübarək!
Həmkarımız
İnsan altmış yaşına çatanda deyirlər ki, artıq kamillik dövrünü yaşayır. Bu yaşı insan ömrünün zirvəsi də adlandırırlar. Həmkarımız, iş yoldaşımız Allahverdi Mehdiyevi bu zirvəyə çatdıran yol həm çətin, həm də mənalı olub. Ana dilindən əlavə, ərəb və rus dillərini mükəmməl bilmək, hər iki dildən ən çətin mətinləri yüksək səviyyədə tərcümə etmək hər kəsin işi deyil. Onun istər ərəb, istərsə də rus dillərindən etdiyi tərcümələrin heç birinin əlavə düzəlişə ehtiyacı qalmır. Azərbaycan dilində qələmə aldığı yazılar haqqında da eyni sözləri demək olar.
Kimin yaxşı adam olduğunu bildirmək istəyiriksə, adətən, belə deyirik: "Allah vermiş adamdır”. Allahverdi də təkcə mərhum valideynlərinin ona verdikləri bu adı daşıdığına görə yox, sözün həqiqi mənasında Allah adamıdır - halallığı, düzlüyü, prinsipiallığı, gözütoxluğu, savadı ilə. Onun bu keyfiyyətlərinin hər birindən uzun-uzadı yazmaq olardı. Amma bilirik ki, buna etiraz edəcək, çünki ifrat dərəcədə təvazökardır. Özünü gözə soxan deyil. Bəlkə də, elə buna görə 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra əmək kitabçasında cəmi iki iş yeri var - keçmiş Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, bir də "Azərbaycan” qəzetinin redaksiyası. Amma onun "ömür kitabçası”na yazılmış bir iş yeri də olub - vaxtilə dörd il Liviyada tərcüməçi işləyib. Yeri gəlmişkən, Allahverdi bu gün Azərbaycanda qəbul edilən ərəbşünaslardandır. Müəllimi, böyük şərqşünas, professor Aida xanım İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyasını, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edən "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabını ərəb dilinə çevirmişdir.
Lakin bu o demək deyil ki, jurnalistlik
Allahverdi üçün
ikinci peşədir. O, bu gün redaksiyanın təcrübəli jurnalistlərindəndir.
Rəhbərlik etdiyi Beynəlxalq
həyat, informasiya və idman şöbəsində
işinin öhdəsindən
bacarıqla gəlir, qələmə aldığı
yazılar oxucular tərəfindən maraqla
qarşılanır. Azərbaycan mətbuatının
inkişafındakı xidmətlərinə
görə 2005-ci ildə
Prezidentin sərəncamı
ilə "Tərəqqi”
medalı ilə təltif olunmuşdur.
Yubilyar həmkarımız son dərəcə
tələbkardır. Xüsusən
özünə və
özününkülərə münasibətdə bu daha çox hiss edilir. Sözün üstündə əsən qələm sahiblərindəndir. Redaktə etdiyi
yazıların müəlliflərindən
həmişə təşəkkür
sözləri eşidir.
Allahverdi həm də gözəl ailə başçısıdır. Hər iki övladı ali təhsillidir.
Qızı Natəvan məktəbdə
ingilis dilindən dərs deyir. Şagirdlərin sevimli müəllimlərindəndir.
Oğlu Orxan Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr mərhələsini və
Böyük Britaniyanın
Esseks Universitetinin magistraturasını fərqlənmə
ilə bitirmişdir.
Bakıda aparıcı
xarici audit şirkətlərinin
birində çalışır.
Bizə elə gəlir ki, valideyn üçün bundan yüksək övlad fərəhi ola bilməz.
Əziz həmkarımız, arzu edirik ki, bundan
sonra da neçə-neçə yubileyə
qovuşasan, bir də doğulduğun Qarabağın, Cəbrayılın
azadlığa qovuşacağı
günü görəsən. Ömrünün qalan hissəsi də mənalı keçsin. 60-ın mübarək!
Azərbaycan.- 2018.- 30 sentyabr.- S.6.