İlham Əliyev Azərbaycanın yeni inkişaf hədəflərini elan
etdi
Prezident
İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbriki
- Əziz həmvətənlər.
2017-ci il arxada qalır. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi xalq-iqtidar birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır.
Bizim beynəlxalq əlaqələrimiz bu il daha da genişləndi. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərir. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək pilləyə qalxmışdır. Bu əlaqələr hər bir ölkə üçün çox önəmlidir, bizim üçün də. Bütün qonşularımızla qarşılıqlı hörmət əsasında dostluq əlaqələrimiz regional sabitliyə müsbət təsir göstərir.
Azərbaycan bu il İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edib və İslam həmrəyliyinin inkişafına, güclənməsinə öz dəyərli töhfəsini vermişdir. Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur və bu il ərzində həm ölkə daxilində, həm xaricdə bir çox önəmli tədbirlər keçirilmişdir. Eyni zamanda, bu il Avropa İttifaqı ilə əlaqələrimiz yeni pilləyə qalxıb, yeni saziş üzərində danışıqlar başlamışdır. Bildiyiniz kimi, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdur. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında öz dəyərli rolunu oynayır və hesab edirəm ki, dünya miqyasında bu sahədə mərkəzlərdən birinə çevrilmişdir.
Mən bu il 20-dən çox xarici səfər etmişəm. Bu səfərlər çərçivəsində Azərbaycanın milli maraqlarını müdafiə etmişəm. Deyə bilərəm ki, xarici tərəfdaşlarla əlaqələrimiz bir daha göstərir ki, Azərbaycanın dünya miqyasında çox müsbət imici və reputasiyası vardır.
Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Bu istiqamətdə nəticələr olmasa da, hesab edirəm ki, 2017-ci ildə bizim mövqelərimiz daha da möhkəmləndi. Birinci onu qeyd etməliyəm ki, separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Sadəcə olaraq, mənfur qonşular tərəfindən bizim tarixi, dini abidələrimiz məhv edilibdir və uzun illərdir ki, bu torpaqlar işğal altındadır.
Hesab edirəm, ikinci önəmli məsələ ondan ibarətdir ki, Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaqdır. Bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir.
Bu il Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra həyat qayıtdı. Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşamışlar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıtmışlar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib.
Qeyd etməliyəm ki, bu il məcburi köçkünlərin problemlərinin həlli işində digər çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş vermişdir. Vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərcik açılmışdır. Bu önəmli hadisə bir tərəfdən onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən, onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları salınır və minlərlə köçkün bu torpaqlara qayıdır.
Bizim hərbi potensialımız bu il də diqqət mərkəzində olmuşdur. Ordumuz üçün nə lazımdırsa onu da biz həll etdik. Bu gün bütün beynəlxalq reytinqlər göstərir ki, Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bunu bilir və bilməlidir. Bundan sonra da ordu quruculuğu üçün bütün lazımi tədbirlər görüləcək, yeni texnika, silahlar, ən müasir döyüş vasitələri alınır və alınacaqdır.
Əlbəttə ki, qarşımızda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Biz bu istiqamətdə də bu il çox fəal işləmişik. 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmişdir. Bunu beynəlxalq mötəbər təşkilatlar da qeyd edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir.
Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır. Hesab edirəm ki, indiki şərait üçün bu, çox yaxşı nəticədir. Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, biz valyuta ehtiyatlarımızı artıra bilmişik, özü də böyük dərəcədə. Valyuta ehtiyatlarımız 4,5 milyard dollardan çox artmışdır. Bu da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir.
Azərbaycanın
regionları bu il
sürətlə inkişaf etmişdir. Mən bu il regionlara
30-dan çox səfər
etmişəm. Hər yerdə
quruculuq-abadlıq işləri
göz oxşayır.
Bu il
neft-qaz sektorunda tarixi hadisələr baş vermişdir. “Azəri-Çıraq-Günəşli”
neft yatağının
istismar müddətinin
uzadılması məsələsi
həll olundu. Bu kontrakt 2050-ci ilə
qədər qüvvədə
olacaq və ölkəmizə milyardlarla
dollar gəlir gətirəcək.
Sadəcə olaraq, Azərbaycana
verilən bonus 3 milyard
dollardan çoxdur.
Cənub
Qaz Dəhlizinin icrası demək olar ki, son mərhələyə
qədəm qoyub.
Gələn il
TANAP layihəsinin açılışı
gözlənilir. Bu da tarixi hadisədir.
Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin təmin
edilməsində çox
önəmli tərəfdaşa
çevrilir.
Bu il
digər tarixi layihə öz həllini tapmışdır,
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi
Bakıda keçirilmişdir.
Bu dəmir yolu
layihəsi qitələri
birləşdirir. Bakı-Tbilisi-Qars Asiya ilə
Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan
sonra onilliklər ərzində Azərbaycana
həm iqtisadi, həm siyasi dividentlər gətirəcək.
Azərbaycan önəmli tranzit
ölkəsinə çevrilir.
Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini də qeyd etsək
görərik ki, Azərbaycan dünya miqyasında, - baxmayaraq ki, bizim açıq
dənizlərə çıxışımız
yoxdur, - strateji nəqliyyat mərkəzinə
çevrilir.
Bu il
idmançılarımız bizi qələbələrlə
sevindirmişlər. Bakıda ən
yüksək səviyyədə
keçirilmiş IV İslam
Həmrəyliyi Oyunlarında
Azərbaycan idmançıları
birinci yerə layiq görüldülər.
Bütün müsəlman aləmində
birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər
biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada
da Azərbaycan komandası ikinci yerdə idi. Yəni, bu, bir daha
onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir.
Bu il
Azərbaycanda “İslam
Həmrəyliyi İli”
elan olunmuşdur. Hər zaman olduğu kimi, Azərbaycan bütün məsələlərdə
İslam həmrəyliyinin
güclənməsinə öz
töhfəsini verir.
Bu il də
istisna olmamışdır.
Bir sözlə,
2017-ci il ölkəmiz üçün
uğurlu olub, əminəm ki, gələn il də uğurlu olacaqdır. Bu gün
Dünya Azərbaycanlılarının
Həmrəylik Günüdür.
Fürsətdən istifadə edərək
bütün dünyada
yaşayan azərbaycanlıları
bu bayram münasibətilə təbrik
edirəm.
Hörmətli həmvətənlər,
mən sizi Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il bayramı
münasibətilə bir
daha ürəkdən
təbrik edirəm, sizə cansağlığı,
xoşbəxtlik arzulayıram.
Bayramınız mübarək
olsun!
Azərbaycan.-
2018.- 5 yanvar.- S.1.