Neft sektoru inkişaf
edir və iqtisadiyyatın şaxələndirilməsinə
təkan verir
2017-ci ildə ölkə
iqtisadiyyatının neft sektorunda
bir sıra önəmli hadisələr baş verdi.
Maraqlıdır ki, həmin hadisələr
zamanı Azərbaycan neftinin zəngin tarixi vərəqləndi, bugünkü
nailiyyətləri nümayiş etdirildi, gələcək perspektivləri
müəyyənləşdirildi.
Aprel ayında “Bibiheybət” mədəninin
ərazisində dünyada sənaye üsulu ilə
qazılmış ilk quyunun bərpası başa
çatdırıldı. May ayının son günündə
başlanan növbəti beynəlxalq neft-qaz sərgisi iyunun ilk günlərində işini
davam etdirdi. Sentyabrda “Yeni əsrin
müqaviləsi” imzalandı. Noyabrda 2
milyardıncı ton Azərbaycan neftinin çıxarılması təntənəli
surətdə qeyd edildi.
Sənaye üsulu ilə ilk neft Azərbaycanda çıxarılıb. Bu həqiqətə inamsız yanaşanlar, kölgə salmaq istəyənlər də olub. Bu, bəlkə gözügötürməzlikdən, bəlkə də qəsdən, hansısa ölkənin adını Azərbaycandan qabağa salmaq məqsədindən irəli gəlir. Lakin hər sözün arxasında fakt dayanmalıdır. Fakt isə həmişə faktlığında qalır.
Əslində, Azərbaycanın qədim neft diyarı olduğu arxiv sənədi olmadan da hamıya bəllidir. Dünyada sənaye üsulu ilə neft quyusu məhz Azərbaycanda - Bakının Bibiheybət mədənində qazılıb. Tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Arxivindən tapılmış sənədlər bunu bir daha sübut etdi.
SOCAR-ın “Bibiheybət” mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpası tamamlandı. Prezident İlham Əliyev quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış oldu.
Dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı Qafqaz canişini knyaz Mixail Vorontsovun 1847-ci ilin iyul ayında imzaladığı hesabatlarda da öz təsdiqini tapır. Belə ki, 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun polkovnik-leytenantı Nikolay Voskoboynikovun rəhbərliyi ilə “Bibiheybət” yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.
2017-ci ildə artıq 24-cü dəfədir Azərbaycanın evsahibliyi etdiyi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində çıxış edərkən Prezident İlham Əliyev həmin hadisəni bir daha xatırlatdı: “Azərbaycan neftin vətənidir. Sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarılmışdır. Bu il yeni tarixi sənədlər aşkarlandı. Mən bir müddət bundan əvvəl göstəriş vermişdim ki, dünyanın müxtəlif kitabxanalarında, muzeylərdə mövcud olan sənədlər bir daha nəzərdən keçirilsin və daha dəqiq məlumat əldə edilsin. Bu məlumat əsasında yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Azərbaycanda, Bakının Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyudan neft çıxarılmışdır.
Bu il biz o əlamətdar hadisəni qeyd etmək üçün həmin ərazidə o köhnə neft quyusunun abidəsini ucaltdıq və əminəm ki, Bakıya gələn turistlər üçün bu sahə çox böyük maraq doğuracaqdır”.
Yeri gəlmişkən qeyd edək ki, elə sözügedən sərginin iştirakçılarının bir çoxu da Bibiheybətə gedib həmin buruq-muzeyə baxdılar. Bu, növbəti sərginin gedişində maraqlı bir hadisəyə çevrildi. Ümumiyyətlə, 2017-ci ilin neft-qaz sərgisi də müvəffəqiyyətlə keçdi. Məlum olduğu kimi, hər il bu sərgi ilə yanaşı, eyni adlı konfrans da fəaliyyət göstərir. Bundan əlavə, artıq 7-ci dəfədir həmin tədbirlərlə yanaşı, Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi də baş tutur.
Xəzəryanı regionun energetika sektorunda xüsusi yeri olan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirildi. Sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edirdi. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələrin nümayəndələri vardı. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak etdi. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələrin şirkətləri özünə yer aldı.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, karbohidrogenlərin saxlanması sistemlərinin, habelə platformaların və üzən qazma qurğularının tikintisinin, boruların çəkilməsinin texnologiyalarını təqdim etdilər. Eləcə də texniki xidmət avadanlıqları və innovativ texnologiyaların geniş çeşidi nümayiş olundu. Bir sıra ekspozisiyalar isə yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı texnologiyalarına həsr edilmişdi. Sərgidə kimya sənayesi üçün xammal təklif edən şirkətlər də xeyli yer tutmuşdu.
XXIV Beynəlxalq Xəzər Neft və Qaz konfransı da energetika sahəsinin aktual mövzularının müzakirə olunduğu platformaya çevrildi. Neft-qaz forumu aparıcı şirkətlərin rəhbərlərini və menecerlərini, habelə sahə nazirliklərinin nüfuzlu mütəxəssis və ekspertlərini vahid müzakirə məkanında bir araya gətirərək onların aktual məsələlər haqqında fikir mübadiləsi aparmasına imkan yaratdı.
Hər il olduğu kimi, Prezident İlham Əliyevin ənənəvi neft-qaz sərgisinin açılışında iştirak etməsi bu tədbirin böyük əhəmiyyət daşıdığını bir daha təsdiqlədi.
2017-ci ildə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin yaşıdı olan “Əsrin müqaviləsi”nin də “ömrü” uzadıldı. 23 il əvvəl imzalanmış Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) əsrlərə hesablanmış müqavilə olduğunu zaman özü sübut etdi. 2017-ci ildə AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması üçün zərurət yarandı. Çünki AÇG potensialı böyük olan yataqlar blokudur. Hesablamalara görə, burada bir milyard ton neft ehtiyatı var. 1994-cü ildə AÇG-nin tammiqyaslı işlənməsi üçün saziş isə 30 il müddətinə imzalanmışdı.
Xəzərin ölkəmizə məxsus sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən AÇG yataqları dünyanın ən zəngin neft mənbələrindədir. “Çıraq”dan artıq 20 ildir neft hasil olunur. 2005-ci ildən “Azəri” yatağı da neft verməyə başlayıb (“Azəri”nin özü üç hissədən - “Mərkəzi Azəri”, “Qərbi Azəri” və “Şərqi Azəri” yataqlarından ibarətdir ki, bu da təbiətin Azərbaycana bir töhfəsidir). “Günəşli”nin dayaz hissəsi sovet dönəmindən Azərbaycan neftçiləri tərəfindən istismar olunur. Dərinsulu hissəsinin işlənməsi isə “Əsrin müqaviləsi”nin tərkibinə daxildir.
İndiyədək AÇG-dən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft çıxarılıb. Müqavilə imzalanandan bəri layihəyə 33 milyard dollar sərmayə qoyulub. Azərbaycan 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.
AÇG-dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə daha bir təkan verəcək. İmzalanan saziş - onu haqlı olaraq “Yeni əsrin müqaviləsi” adlandırırlar - 1994-cü ildə imzalanmış sazişdən daha böyük miqyaslıdır. Başqa sözlə, növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq.
Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son 23 ildə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Yəni, ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.
Tərəfdaşlıqdan söz düşmüşkən, yeni sazişdə AÇG-nin tərəfdaşları dəyişməyib. BP (30,37 faiz, Böyük Britaniya) layihənin operatoru olaraq qalır. SOCAR (Azərbaycan) layihədə AzAÇG şirkəti ilə təmsil olunur. Digərləri “Şevron” (9,57 faiz, ABŞ), “İnpeks” (9,31 faiz, Yaponiya), “Statoyl” (7,27 faiz, Norveç), “EksonMobil” (6,79 faiz, ABŞ), TP (5,73 faiz, Türkiyə), “İtoçu” (3,65 faiz, Yaponiya) və OVL (2,31 faiz, Hindistan) şirkətləridir. Sazişin bir hissəsi olaraq SOCAR-ın layihədəki iştirak payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırılıb.
Xatırladaq ki, indiyədək Azərbaycanda 2 milyard tondan çox neft çıxarılıb. Bu neftin yarısı son 46 ildə hasil edilib. Bu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub. Çünki ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövrü neft-qaz sənayesinin dinamik inkişaf mərhələsi kimi səciyyələndirilir. Əgər keçən əsrin 70-80-ci illərində respublikada geniş neft infrastrukturu yaradılmış, yeni yataqlar aşkar olunmuşdursa, 1994-cü ildə nəhəng kontrakt imzalanmışdır. 2 milyard ton Azərbaycan neftinin sanballı bir hissəsini də məhz bu müqavilə çərçivəsində AÇG-dən hasil olunan neft təşkil edir.
AÇG yataqlarından hasilat 2017-ci ildə də sabit və təhlükəsiz şəkildə davam etmişdir. Hazırda AÇG-dən gündəlik orta hasilat 585 min bareldir. Yanvar-sentyabr aylarında bu yataqlardan 160 milyon barelə yaxın, yəni, 22 milyon ton neft çıxarılmışdır. Hasilatın ahəngdar davam etməsi AÇG-nin ehtiyatlarının hələ bol olduğunu göstərir. Bu müddətdə “Çıraq”dan gündəlik orta hasilat 52 min, “Mərkəzi Azəri”dən 133 min, “Qərbi Azəri”dən 120 min, “Şərqi Azəri” 80 min, “Dərinsulu Günəşli”dən 119 min və “Qərbi Çıraq”dan 81 min barel olub.
Hazırda AÇG-də ümumilikdə 114 neft hasilatı quyusu, 45 qaz və su injektor quyusu istismar edilir. Yataqlarda qazma və tamamlama işləri də həyata keçirilir. Belə ki, ilin əvvəlindən burada 15 neft hasilatı quyusu və 4 suvurma quyusu qazılıb.
2017-cı ilin ilk üç rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8,6 milyon kubmetr, ümumilikdə isə 2,4 milyard kubmetr səmt qazı da ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
AÇG-dən indiyədək ümumilikdə 30 milyard kubmetrdən artıq səmt qazı hasil edilib və təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilib.
2017-ci il ərzində istər qurudakı, istərsə də dənizdəki köhnə yataqlardan da neft hasilatı ahəngdar davam edib. Azərbaycanın çoxminli neftçilər ordusu gərgin zəhmətlə, elm və texnikanın nailiyyətlərindən istifadə etməklə hasilatı sabit saxlamağa, hətta artırmağa nail olublar.
Neftdən əldə olunan gəlirlər hesabına yeni sosial infrastrukturun yaradılması davam edir. Neft sektoru qeyri-neft sahəsinin getdikcə şaxələndirilməsinə də təkan verir. 2017-ci ildə kənd təsərrüfatında, eləcə də digər sahələrdə nəzərə çarpan irəliləyişlər əldə olundu. Bunların hamısının əsasında neft gəlirləri dayanır. Bir sözlə, Azərbaycan neft kapitalını insan kapitalına çevirə bilmişdir. Prezident İlham Əliyev bu barədə belə demişdir: “Biz neftdən gələn gəlirləri ölkəmizin inkişafına yönəltdik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax, müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanıb. Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir, biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk”.
Azərbaycan dövlətinin məqsədi bu inkişafın bəhrələrinin məhz hər bir vətəndaşının həyatında, yaşayışında özünü göstərməsidir.
Flora SADIQLI
Azərbaycan.-
2018.- 7 yanvar.- S.1; 3.