İradəli insan, sədaqətli
dövlət xadimi idi
Unutsaq
unudularıq
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Azərbaycan qadını çətin, lakin şərəfli inkişaf yolu keçmişdir. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər.
Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.
Bəli, qadın böyük qüvvədir. Müstəqilliyimizin bərpasından sonrakı illərdə də biz bunun dəfələrlə şahidi olmuşuq. İstər milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində, istərsə də dövlət quruculuğunda aktiv iştirak edən nümunəvi qadınlarımız olub, indi də var. Kimdir müasir Azərbaycan qadını? O, bu gün ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, müəllim, həkim, aqronom, diplomat, hakim, alim, dövlət məmurudur. Cəmiyyətimizin tərəqqisində və inkişafında qadınların rolu misilsizdir. Zaman-zaman davranışı, əxlaqı, mədəniyyəti, ictimai həyatda mövqeyi, fəaliyyəti, qətiyyəti, məğrurluğu və bir də zərifliyi ilə seçilən, tanınan ziyalı qadınlarımız saysız- hesabsızdır.
Onlardan biri Dilruba Camalova
idi. Dilruba Camalovanı keçmiş
sovetlər birliyində
də tanıyanlar çox idi, şəxsiyyətinə böyük
rəğbətlə yanaşılırdı.
Lənkəran şəhər 2 saylı orta məktəbində fizika-riyaziyyat
müəllimi kimi əmək fəaliyyətinə
başlayan D.Camalova sonralar müxtəlif vəzifələrdə də
çalışmışdı. Lənkəran Şəhər
Maarif Şöbəsinin
metodisti, müdiri, Lənkəran Şəhər
Partiya Komitəsinin ikinci, sonra birinci
katibi, Azərbaycan Pedaqoji Kadrlarının İxtisasartırma İnstitutu
Lənkəran filialının
direktoru, Lənkəran
Dövlət Universitetinin
prorektoru, cənub regionunda Yeni Azərbaycan Partiyasının
təşkilatçısı, Lənkəran Şəhər
İcra Hakimiyyətinin
başçısı, Respublika
Qadın Problemləri
Üzrə Dövlət
Komitəsi sədrinin
birinci müavini işləmiş, respublika
Ağsaqqalları Şurasının
və Veteranlar Şurasının sədr
müavini olmuşdu, Prezident təqaüdçüsü
idi.
Dilruba xanım ciddi, eyni zamanda son dərəcə mehriban və xeyirxah insan idi. Uzun illər
təhsil sahəsində
çalışdıqdan sonra,
tamamilə yeni bir sferada öz
fəaliyyətini davam
etdirdi. Dövlətə, dövlətçiliyimizə sadiq idi. Ümummilli lider Heydər Əliyev məktəbini keçmiş tanınmış
dövlət məmurlarından
sayılırdı. 1987-ci il çox
da uzaq tarix
deyil. Ulu öndər Moskvada
tutduğu vəzifədən
uzaqlaşdırıldığı zaman Azərbaycan KP MK-nın plenumunda Dilruba xanıma təklif olundu ki, Heydər Əliyevin əleyhinə çıxış etsin.
“Mənə sizin
vəzifəniz lazım
deyil. Siz Heydər Əliyevin
ayağının tozu
da olmazsınız” - deyə, cavab vermişdi. Onu Heydər Əliyevin
əleyhinə Mərkəzi
Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış
etmədiyinə görə
Azərbaycan KP MK-nın
rəhbərliyi tərəfindən
Lənkəran Şəhər
Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad etmişdilər. Doğru bildiyi
heç bir fikirdən onu çəkindirmək mümkün
deyildi. O zaman çox çətin bir dövr idi.
Bir tərəfdən müstəqilliyimizi
yenicə bərpa etmişdik, digər tərəfdən ermənilərin
torpaqlarımızın işğalı
nəticəsində yaranmış
ağır vəziyyət
və bizi, dövlətimizi sevməyən
qüvvələrin müdaxiləsi.
Belə bir zamanda Dilruba xanım, böyük cəsarətlə xarici və daxili düşmənlərin fitvası
ilə qondarma “Talış-Muğan Respublikası”nı
“quran” Əlikram Hümbətova və onu dəstəkləyənlərə
qarşı qətiyyətlə
mübarizə aparmışdı.
Təkcə Lənkəranın deyil, ona qonşu
olan bütün rayonların əhalisini öz ətrafına yığaraq bölgədə
vətəndaş qanının
axıdılmasının qarşısını
ala bildi. Ümummilli
lider o vaxt yüksək tribunadan Dilruba xanıma “min kişidən qeyrətli” adını verdi.
Onun fəaliyyəti gənclərə,
əsasən də dövlət qulluqçusu
olmaq istəyən gənclərə yaxşı
nümunədir.
Hansı sahədə çalışmasına
baxmayaraq, Dilruba xanım həmişə insan hüquqlarının,
o cümlədən qadınların
hüquqlarının fəal
müdafiəçisi olub. Yeniliyi sevirdi, novator, kreativ ideyalarla dolu idi, hər
bir xırda detala fikir verirdi.
İnsan
hüquqlarının müdafiəsində
aktiv iştirakı nəzərə alınaraq,
o, yeni yaranmış Azərbaycan Respublikası
Qadın Problemləri
üzrə Dövlət
Komitəsi sədrinin
birinci müavini vəzifəsinə təyin
edilmişdi. Dilruba
xanım ölkədə
gender siyasətini fəal
təbliğ edirdi, insanlarla hər görüşdə bu məsələnin mahiyyətini
açıqlayırdı. Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini kimi bütün fəaliyyətini
qadınların maariflənməsinə,
onların özlərinə
inanmalarına, həm
ailədə, həm də cəmiyyətdə
özlərini təsdiq
edə bilmələrinə
həsr etmişdi.
İradəli insan, sədaqətli dövlət xadimi, yüksək təşkilatçı
olmaqla yanaşı, Dilruba xanım qayğıkeş ana idi. O, cəmiyyətimiz üçün
layiqli övladlar da yetişdirib. Dövlət
və ictimai fəaliyyətində ədaləti,
düzgünlüyü, səmimiliyi
ilə seçilən
D.Camalovanın xatirəsi
onu tanıyan hər kəsin qəlbində yaşayacaqdır.
Hicran HÜSEYNOVA,
Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq
Problemləri
üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər
doktoru, professor
Azərbaycan.-
2018.- 7 yanvar.- S.3.