Məqsəd aydın, görüləcək işlər
bəllidir
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”
Dövlət Proqramı bu il
də gənclərimizin inkişafında mühüm
rol oynayacaq
Sürətlə dəyişən, inkişaf edən müasir dövrün tələblərinə cavab verən, həmçinin soy-kökünə bağlı, ona əmanət kimi ötürülən milli-mənəvi dəyərləri qoruyan, yaşadan, düzgün tərbiyə almış, sağlam, savadlı gənclər millətin, dövlətin ən böyük sərvətidir. Ona görə də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri də gənclərin inkişafı, onların dünyagörüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyasıdır.
Bu mənada, Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq etməsi ölkədə gənclər siyasətinin aparılması istiqamətində atılan növbəti mühüm addım oldu. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan Dövlət Proqramında gənclər sahəsində əsas istiqamətlər müəyyənləşdirilib. Sənəddə gənclərin inkişafı ilə bağlı bütün sahələr əhatə edilib. Yeni dövlət proqramının məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, eləcə də gənc nəslin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməkdir. Dövlət proqramında azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, insan hüquqlarının qorunması, gender bərabərliyi, yeni texnologiyalar vasitəsilə Azərbaycan mədəniyyətinin, tarixinin gənclərə çatdırılması, ölkəmizlə bağlı həqiqətlərin dünya miqyasında təbliği kimi mühüm məsələlər də yer alıb.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı ötən il oktyabrın 6-da Bakıda keçirilən müşavirədə gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, bu sənədin qəbul edilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur. İndiyədək iki dövlət proqramı qəbul edilərək icra olunub. Əsas məqsəd ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq və bütün sahələrdə onların fəal iştirakına şərait yaratmaqdır.
Gənclik durmadan inkişaf edir. Bu inkişaf gənclərin simasında mənsub olduqları millətə, dövlətə, hətta bütövlükdə bəşəriyyətə təsir göstərir. Onları zərərli vərdişlərdən qorumaq labüddür. Dövlət proqramında gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiq edilməsi nəzərdə tutulub.
Ötən ilin oktyabrında Azərbaycan Milli Olimpiya Komitəsində Gənclər və İdman Nazirliyinin gənclər və idman idarələrinin rəhbərlərinin iştirakı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına dair ictimai müzakirə keçirildi. Tədbirdə yeni dövlət proqramında nəzərdə tutulan istiqamətlər üzrə gənclərin əsas problemləri, onların həlli yolları, beynəlxalq təcrübə, gənclərlə bağlı həyata keçirilmiş əvvəlki dövlət proqramlarının nəticələri və başqa məsələlərə dair fikir mübadiləsi aparıldı.
Keçən il bu mühüm sənədin icrasına başlanıldı, respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər təşkil olundu. Belə ki, oktyabrın 31-də Yardımlı rayonunda da fəal gənclərin iştirakı ilə dövlət proqramının icrası ilə əlaqədar tədbir təşkil olundu. Tədbirdə gənclər arasında simulyasiya oyunlarının, görkəmli şəxsiyyətləri təbliğ edən sərgi və müsabiqələrin təşkili, inkişafda olan könüllülük hərəkatının beynəlxalq arenaya inteqrasiyası və digər layihələrin reallaşdırılmasının vacibliyi vurğulandı.
Həmin gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Şəki şəhərində “Gənclərin ictimai fəallığı: Azərbaycan təcrübəsi” adlı “dəyirmi masa” keçirdi.
Oktyabrın 31-də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dövlət proqramından irəli gələn məsələlərin müzakirəsinə həsr edilmiş rayon gənclərinin toplantısı keçirildi. Toplantıda xüsusi vurğulandı ki, bu proqram gənclərin yeni dövrün çağırışlarına adekvat inkişafını hədəfləməklə yanaşı, onların qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar ötən il noyabrın 27-də Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və rayon icra hakimiyyətini dəstəyi ilə Gənclər evində “Gənclərin İqtisadiyyatda rolu” mövzusunda tədbir düzənləndi. Tədbirdə son illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi, sosial-iqtisadi inkişafın yüksəlməsi, ölkədə investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı istiqamətlərində çox mühüm addımların atıldığı diqqətə çatdırıldı. Gənclərlə mövzu ilə bağlı disskusiya aparıldı, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırıldı.
Yasamal Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə noyabrın 30-da “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə həsr edilmiş tədbir keçirildi.
Yola saldığımız ilin 13 dekabrında Şabran rayonunda gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?” turniri təşkil olundu.
Tədbirin açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov ölkəmizdə gənclər siyasəti sahəsində aparılan işlərdən danışdı, dövlət proqramında gənclərin müxtəlif istiqamətlər üzrə inkişafını nəzərdə tutan müddəalar barədə məlumat verdi. Xüsusi vurğulandı ki, bu kimi layihə və tədbirlər gənc nəslin təhsilə olan marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra edilən bu layihənin əsas məqsədi şimal zonasına daxil olan rayonlarda - Xızı, Siyəzən, Qusar, Xaçmaz və Qubada yaşayan, təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçən il dekabrın 15-də Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirildi. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirdi. O, qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə etdi.
“Azərbaycan İntellektual Birincisi” layihəsi ikinci dəfə ötən il Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirildi. Layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsinə və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramına uyğun olaraq gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı”) üzrə baş tutan “Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1500-ə yaxın gənc iştirakçı olub. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edib. Regional turnirlər: Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər evi və Gənclər Mərkəzində, Naxçıvan Muxtar Respublikasında keçirilib.
Silsilə tədbirlərin hər birində dövlət proqramı ətrafında müzakirələr aparılıb, gənclər tərəfindən təkliflər verilib və tədbirlər planı hazırlanıb. 2018-ci ildə məqsəd aydın, nəzərdə tutulan işlər, hər kəsin və eləcə də hər bir təşkilatın üzərinə düşən vəzifələr bəllidir. Bu ildə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ölkə gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün istiqamətverici sənəd olacaq və gənclərimizin inkişafında mühüm rol oynayacaq.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2018.- 7 yanvar.- S.1; 3.