“Cənub qaz dəhlizi” getdikcə dünyanın daha
çox marağına səbəb olur
2017-ci ilin fevral ayında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının keçirilməsi xüsusi əhəmiyyət kəsb etdi. Bu toplantının nəticələri qarşıda duran işlərin və planların uğurla gerçəkləşməsinə təkan verdi.
Məşvərət şurasının toplantısı artıq üçüncü dəfə idi ki, Bakıda keçirilirdi. Bu da təsadüfi deyil. Çünki “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Azərbaycan özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi məhz “Şahdəniz” layihəsi sayəsində təqdim edə bilib. Bu gün Azərbaycanın - “Şahdəniz”in və digər yataqların təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. “Cənub qaz dəhlizi”nin birinci seqmenti olan “Şahdəniz-2” nəhəng layihədir. “Cənub qaz dəhlizi”nin təməli isə əslində, yatağın işlənməsinin birinci mərhələsində qoyulub.
Məşvərət şurasının toplantılarına Bakının evsahibliyi etməsinin bir səbəbi də ondan qaynaqlanır ki, “Cənub qaz dəhlizi” Azərbaycanın təşəbbüsü, liderliyi ilə həyata keçirilən layihədir. Azərbaycan bu layihəni tərəfdaşlıq etdiyi ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə, beynəlxalq təşkilatlarla birlikdə icra edir. Başqa sözlə, Azərbaycan artıq dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb.
İndi Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizdə bütün sərmayələrin ciddi şəkildə qorunmasıdır. Belə ki, hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft-qaz şirkətləri ilə imzaladığı bütün müqavilələr parlament tərəfindən ratifikasiya olunur və qanun formasında dövlət başçısı tərəfindən imzalanır. Bu, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanətdir. Bu, sərmayəçilərdə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.
Sözügedən tədbirdə Prezident İlham Əliyev regional və daha sonra beynəlxalq əməkdaşlığın iki mühüm mərhələsi olduğunu qeyd etmişdir. Regional əməkdaşlıq dedikdə, Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illərdir mövcud olan uğurlu əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlığın sayəsində Xəzərdən Qara dənizədək uzanan Bakı-Supsa kəməri inşa edildi. Sonra sözügedən üç ölkəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkildi. Daha sonra “Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verildi. Beləliklə, daha böyük layihələrə, daha geniş dəhlizlərə yol açıldı. “Cənub qaz dəhlizi” isə daha çox ölkə və şirkətlərlə birgə həyata keçirilir.
Layihənin icrası üçün maliyyə vəsaitlərinin cəlb edilməsi mühüm məsələdir və burada da beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın özünəməxsus rolu var.
Qazanılan uğurlarda əməkdaşlığın və tərəfdaşlığın əhəmiyyətini Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Sevçoviç də təsdiqlədi: “Düşünürəm ki, irəliləyişə təkcə kəmərin keçdiyi ölkələrdə göstərilən böyük səylər, görülən işlər sayəsində deyil, həm də bu masa ətrafında yaradılmış yaxşı yaradıcı mühit, mütəmadi məlumat mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə bağlı davamlı olaraq çıxan problem və çağırışları həll etmək üçün göstərilən səylər sayəsində nail olunub”.
M.Sevçoviç mühüm region - Xəzər hövzəsi ilə yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa malik olmaq imkanını çox yüksək dəyərləndirdiyini dedi.
İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalendo Prezident İlham Əliyevlə görüşü zamanı ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə minnətdarlığını bildirdi. O vurğuladı ki, Məşvərət Şurasının iclasında İtaliyanın bir sıra şirkətlərinin nümayəndələri də iştirak etmişdir.
“Cənub qaz dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısı zamanı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə İtaliyanın “Leonardo” şirkətinin icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq SOCAR-la həmin şirkət arasında əməkdaşlığa dair memorandumun imzalanması Azərbaycanın beynəlxalq əməkdaşlığının daha bir nümunəsinə çevrildi.
“Cənub qaz dəhlizi” həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir. Toplantıda iştirak edən müxtəlif maliyyə qurumlarının rəhbərləri layihəni dəstəklədiklərini və vəsait ayırmağa hazır olduqlarını bildirdilər.
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan qeyd etdi ki, ölkəsi Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır. O bildirdi ki, ABŞ nümayəndə heyətinin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirakı yeni hökumətin də “Cənub qaz dəhlizi” layihəsinə dəstəyini nümayiş etdirir: “ABŞ “Cənub qaz dəhlizi” layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcək. Əminəm ki, bu layihə Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək”.
Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç məlumat verdi ki, hazırda Avropada digər bir layihənin - İon-Adriatik qaz boru kəməri çəkilişinin həyata keçirilməsi üçün işlər görülür: “Biz bu qaz boru kəməri layihəsi ilə Monteneqroya Azərbaycanın təbii qazının çatdırılmasında maraqlıyıq. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq”.
Avropa İnvestisiya Bankının Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri F.Palanza Azərbaycanın prioritet layihəsinin həm də Avropanın hədəfi olduğunu vurğulayaraq TANAP-ın və TAP-ın maliyyələşdirilməsinin nəzərdə tutulduğunu bildirdi. O, istənilən layihə ilə bağlı maliyyə qərarlarının qəbulunda yetərli məlumatlara malik olmağın xüsusi rol oynadığını diqqətə çatdırdı. Azərbaycanın qaz ehtiyatları, ixrac imkanları, daxili tələbatı ilə maraqlandı və mütəmadi məlumat mübadiləsinin bankın layihələrə cəlb edilməsinə təsir göstərəcəyini qeyd etdi.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti Birgə Bəyannamə imzaladılar. Bəyannamədə toplantı iştirakçıları Azərbaycandan Gürcüstana, Türkiyəyə və daha sonra Avropaya qazın etibarlı və dayanıqlı təchizatını təmin etmək üçün “Cənub qaz dəhlizi” istiqaməti üzrə yerləşən ölkələrlə enerji resurslarının daşıyıcıları, təchizatçıları və istehlakçıları arasında uzunmüddətli strateji əlaqələri davam etdirmək və dərinləşdirmək əzmində olduqlarını bildirdilər.
“Cənub qaz dəhlizi”nin reallaşması günün vacib məsələlərindən biri olaraq qalır. Hazırda bütün seqmentlər üzrə işlərin qrafikə uyğun irəliləməsi layihənin uğurla başa çatacağına təminat yaradır. Belə ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 98, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsində 99 faizi yerinə yetirilib. TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) çəkilişinin 93 faizi həyata keçirilib.
TANAP-ı “Cənub qaz dəhlizi”nin “onurğa sütunu”, birləşdirici halqası da adlandırırlar. TANAP “Cənub qaz dəhlizi”ni yaradan üç mühüm kəmərdən ikincisi və ən böyüyüdür. Bu kəmərin üç ilə yaxındır davam edən tikintisi uğurla sona yaxınlaşmaqdadır.
TANAP-ın marşrutu
Türkiyənin Gürcüstanla sərhədindəki Posov
mahalından başlanır. Beləliklə, Türkiyənin
şərq sərhədində “Cənub qaz dəhlizi”nin
birinci seqmentinin - Cənubi Qafqaz Boru Kəmərinin
çıxışına bağlanan TANAP ölkənin qərb
sərhədinə doğru irəliləyir. Burada o, dəhlizin sonuncu hissəsi
olan TAP-la (Transadriatik Qaz Boru Kəməri) birləşir.
TANAP Azərbaycan
qazını Türkiyənin ərazisində 1850 kilometrlik məsafə
boyu nəql edəcək. Kəmərin ilkin
ötürücülük gücü ildə 16 milyard kubmetr
həcmində planlaşdırılır. Bu qazın 6 milyard kubmetri Türkiyəyə, 10
milyard kubmetri Avropaya çatdırılacaq. Sonradan kəmərin ötürücülük
qabiliyyətinin 31 milyard kilometrə qədər
artırılması imkanları da nəzərə
alınıb.
TANAP Azərbaycanın və
Türkiyənin birgə reallaşdırdığı
böyük beynəlxalq layihədir. TANAP üzrə
hökumətlərarası saziş 2012-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan tərəfindən imzalanıb. Kəmərin
təməli 2015-ci il martın 17-də
Qars vilayətinin Səlim rayonunda Azərbaycanın,
Gürcüstanın və Türkiyənin dövlət
başçılarının iştirakı ilə qoyulub. Həmin vaxtadək araşdırma, mühəndis-layihə,
təchizat-tədarük və digər köməkçi
işlər görülüb.
Qeyd edək ki,
bütövlükdə kəmər Türkiyənin 20-dən
çox bölgəsinin ərazisindən keçir. Bu bölgələrin
coğrafi şəraiti, iqlimi və torpağının
geoloji quruluşu bir-birinə bənzəmədiyi
üçün tikintinin aparılması da çətin və
məsuliyyətlidir. Üstəlik,
qazı nəql edən boruların diametri heç də
bütün marşrut boyu eyni deyil. Qaz
Əskişəhərə 56 düymlük borularla nəql
ediləcək. Trakyada yerləşən
ikinci çatdırılma məntəqəsinə də qaz
bu qaydada ötürüləcək. Əskişəhərdə,
eləcə də Yunanıstanın sərhədinə, yəni
TAP-ın giriş məntəqəsinədək 48
düymlük borular uzanacaq.
Ümumiyyətlə, belə
böyük boru xətlərinin çəkilişi asan
başa gələn iş deyil. Lakin TANAP-ı
inşa edən şirkətlər işin öhdəsindən
layiqincə gəlirlər. Kəmərin
çəkilişinin problemsiz başa çatacağı
şəksizdir.
Bu fikir cari il
sentyabrın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində
“Azəri-Çıraq-Günəşli” yataqları üzrə
yeni müqavilənin imzalanması mərasimində də
vurğulandı. “Cənub qaz dəhlizi”nin
müxtəlif ölkələrdən olan tərəfdaşları
bu nəhəng layihənin maneəsiz reallaşacağına,
o cümlədən TANAP-ın da müvəffəqiyyətlə
istismara veriləcəyinə inamlarını ifadə etdilər.
Türkiyənin enerji və təbii sərvətlər naziri
Berat Albayrak dedi: “Şahdəniz-2” yatağı üzrə
Türkiyə və Azərbaycan bir tərəfdən Azərbaycanın
qaz ticarətinə töhfə verir, digər tərəfdən
həm Türkiyə, həm də Avropa təbii qaz
bazarları üçün önəmli bir mənbə
şaxələndirilməsini təmin edəcək TANAP layihəsini
həyata keçirir. Bu layihənin həyata
keçirilməsi, xüsusilə “Cənub qaz dəhlizi”nin
işə salınması ilə Türkiyə-Azərbaycan əməkdaşlığının
daha da güclənməsi sayəsində Avropa ölkələri
və dünya bazarları çox önəmli qaynaq əldə
edəcəklər”.
TANAP-ın tikintisinin nəzərdə
tutulduğu vaxtda başa çatacağı, gələn ilin
ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir. Bütün
işlərin məhz qrafikə uyğun tamamlanacağına
Azərbaycanın regionda indiyədək
reallaşdırdığı Bakı-Supsa,
Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum və bir sıra digər nəhəng
layihələrin qazandığı uğur və təcrübə
böyük inam yaradır.
TAP-ın çəkilişində də
il boyu işlər rəvan gedib. Bu, Azərbaycan qazının Avropadakı
istehlakçılara vaxtında
çatdırılacağına təminat yaradır.
TAP-ın 2020-ci ildə istismara verilməsi gözlənilir.
Xatırladaq ki, “Cənub qaz dəhlizi”nin 3500 kilometrinin 878 kilometri TAP-ın payına
düşür. Dəhlizin həmin hissəsinin 550 kilometri
Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin
altından keçəcək, sonuncu 8 kilometri İtaliya ərazisində
quruda yerləşəcək.
TAP “Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Azərbaycan
qazını CQBK və TANAP-dan qəbul edərək Avropaya məhz
bu kəmər çatdıracaq. Odur ki,
onun vaxtında istifadəyə verilməsi böyük önəm
daşıyır. Kəmərin
marşrutu boyu işlərin rəvan getməsi TAP-ın
qazı nəzərdə tutulduğu vaxt qəbul edəcəyinə
və istehlakçılara çatdıracağına əsas
verir.
Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən
bəri davam edən dizayn və mühəndislik işləri
də daxil edilib.
TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki
şəhərində qoyulub. Həmin vaxtdan da kəmərin
tikintisi üzrə işlərə start verilib. Tikintidə istifadə olunacaq boruların
hamısı Yunanıstan, Albaniya və İtaliyaya
çatdırılıb. Artıq
marşrutun xeyli hissəsində borular xətt boyunca
düzülüb.
Kəmər boyu davam edən
işlər çoxşaxəlidir. Müxtəlif yerlərdə
ərazi təmizlənir, borular qaynaq edilir, torpaq altında
basdırılır.
TAP-ın yerüstü obyektlərində
də işlər ahəngdar gedir. Boru kəmərinin
fəaliyyətinin ilkin mərhələsi üçün nəzərdə
tutulan iki kompressor stansiyasının tikintisi davam edir. Onlardan biri Yunanıstanın şərqindəki
Kipoi, ikincisi Albaniyanın qərbindəki Fier məntəqələrində
yerləşir. Eləcə də
Albaniyanın şərqindəki Bilisht regionunun
yaxınlığında ölçmə stansiyasının
tikintisi həyata keçirilir. İlk
turbo-kompressorlarının Yunanıstana
çatdırılması da mühüm əhəmiyyət
daşıyır. Onlar Kipoidəki
kompressor stansiyasının quraşdırılmasında
istifadə olunacaq.
Boru kəmərinin tikintisinin mühüm bir hissəsi də dənizdə aparılacaq işlərdir. Bunlar 2018-2019-cu illərdə yerinə yetiriləcək.
TAP-ın da keçdiyi yol qısa olmadığından, ayrı-ayrı hissələri bir-birindən fərqli coğrafi şəraitdə yerləşdiyindən tikinti işləri çətin və mürəkkəbdir. Belə ki, marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə olacaq, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr yüksəklikdən keçəcək. Kəmərin quru ərazidən keçən hissəsində boruların diametri 48 düym olduğu halda, sualtı hissəsində onlar xeyli dar - 37 düym olacaq.
Buna baxmayaraq, inşaatçılar burada da öhdələrinə düşən işi bacarıqla yerinə yetirirlər. Hazırda TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 işçi çalışır. Ümumiyyətlə, “Cənub qaz dəhlizi”nin ayrı-ayrı hissələrində çoxsaylı iş yerləri yaradılmışdır ki, bu da həmin bölgələrin sakinlərinə məşğulluq problemlərinin həllində kömək edir.
Məlum olduğu kimi, TAP-ın son ünvanı İtaliya torpağıdır və burada kəmər həmin ölkənin “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. İtaliyada bitməsinə baxmayarq, TAP gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar da yaradır. Bu isə onu göstərir ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu layihələr ölkəmizin gəlirlərini, iqtisadi qüdrətini və potensialını, siyasi çəkisini, regional müstəvidə rolunu artırmaqla yanaşı, həm də qlobal xarakter daşıyır.
Bu səbəbdən də “Cənub qaz dəhlizi” getdikcə dünyanın daha çox marağına səbəb olur. İndi artıq hamıya aydındır ki, bu, Avropa üçün prioritet təşkil edən layihələrdən biridir. Bunu “Cənub qaz dəhlizi”nin tərkib hissələrinin yenidən Avropa İttifaqının ümumi maraq layihələri - PCI siyahısına daxil edilməsi də təsdiqləyir.
Flora SADIQLI,
Azərbaycan.- 2018.-9 yanvar.- S.1; 4.