Üç dost

 

Prezident İlham Əliyevin 24 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan ədəbiyyatının inkişafı naminə müstəsna xidmətlər göstərmiş böyük söz ustadı Hüseyn Cavidin 135 illik yubileyi respublikamızın hər yerində təntənə ilə qeyd edilir. Şairin uğurlu və mübarizələrlə dolu yaradıcılığı, keşməkeşli ömür yolu, ədəbi aləmdəki nüfuzu, əqidə və əməl yoldaşları haqqında danışılır.

Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmış Hüseyn Cavidin yaxşı əsərləri olduğu kimi, dəyərli dostları da olub. Onlardan biri də tələbə dostu Abdulla Sur və yetirməsi - istiqlal şairi, repressiya qurbanı Əhməd Cavaddır.

XX əsrin əvvəllərində Gəncə Ruhani Seminariyasında Qafqaz şeyxülislamı Məhəmməd Pişnamazzadə, Mirzə Abbaszadə, Nəsib bəy Yusifbəyli, İdris Axundzadə, Abdulla Sur və digər görkəmli pedaqoqlar çalışırdılar.

O zaman heç yerdə iş tapa bilməyən Hüseyn Cavid İstanbul Universitetində təhsil almış gəncəli dostu Abdulla Sur tərəfindən (1909) bu mədrəsəyə müəllim dəvət olunmuşdu. O, dostu Abdulla Surun vasitəsilə Əhməd Cavadla ilk dəfə həmin seminariyada görüşmüş, burada tanış olmuşdu. Tələbəsinin qabiliyyətinə və istedadına yaxından bələd olan Cavid ona əlindən gələn köməyi əsirgəməmişdir.

1912-ci ildə İstanbul ətrafında döyüşlər gedirdi. Bu zaman Əhməd Cavad seminariyanın sonuncu kursunda oxuyurdu. Son imtahanlarını verib, seminariyanı qurtarmaq haqqında şəhadətnamə alacaqdı. Lakin bu ölüm-dirim müharibəsi bir an da olsun onu rahat buraxmırdı. Cəbhədə vuruşmaq üçün Gəncədə “Qafqaz Könüllüləri” adlı dəstə düzəldilirdi. Bunu bilən Cavad dərsdən sonra sevimli müəlliminin yanına gedir ki, onunla məsləhətləşsin...

Cavid əfəndi onu diqqətlə dinləyir və məsləhət görür ki, imtahanlarını verəndən sonra istəyirsə, gedə bilər və əlavə olaraq deyir:

- Məni Gəncəyə bağlayan tələbə dostum və arkadaşım Abdulla Sur və sənsən. Mən burada sizsiz çox darıxacam...

Cavad dərin düşüncələrə dalsa da, sözündə israrlı olduğunu açıq-aydın büruzə verirdi.

Cavid əfəndi kövrəlmişdi, 20 yaşlı gənc şair indi onun nəzərində yenilməz bir qəhrəman kimi görünürdü. Ancaq o, Cavadı şair görmək istəyirdi. Dostu Abdulla Surun vaxtsız ölümü münasibətilə qəbiristanlıqda vida mərasimində Cavadın söylədiyi “Yaxşı yol” şeirini xeyir-duası ilə qəzetdə çap etdirdiyini xatırladı, tələbəsinə aid yazdığı bəlağətli sözləri yadına saldı: “...Gənc və nəcib şairimiz Cavad əfəndi həzin və ahəngdar bir tövr ilə yazmış olduğu gözəl və yanıqlı şeiri söyləməyə başladı” (“İqbal” qəzeti, 1912-ci il 17 may). O, bir cümləsində Cavadın və onun şeirinin altı cəhətini oxuculara nişan vermişdi. Özü də bu şeir Cavadın ilk mətbu əsərlərindən idi, cəmi 25 misra ilə gənc şair öz müəllimlərinə isti münasibətini dolğunluğu ilə bəyan edə bilmişdi.

Ustad tələbəsinin erkən yaradıcılığında müşahidə etdiyi həzinliyi əvvəlcədən duymuşdu. Tələbə şairin şeirlərindəki ahəngdarlığı, bədiiliyi, yüksək şeiriyyəti oxuculara anlatmağa səy göstərərək “onun şeirləri yanıqlıdır” deməsi də həqiqət idi. Bu həqiqət sonralar da Əhməd Cavad yaradıcılığının ana xəttini təşkil etmişdi. Hətta repressiya dövründə şeirlərində “qəmli, yaslı notların” olmasını Cavada irad tutanlara o, bunun yaradıcılıq təbiətindən doğduğunu dəfələrlə öz əleyhdarlarına sübut etməyə çalışmışdı.

...Cavid əfəndi müəyyən tərəddüdlər keçirsə də, tələbəsinin bu təşəbbüsünə razılıq verdi. Beş ildən artıq İstanbulda birgə oxuduğu yoldaşlarının ünvanlarını ona verdi, uğurlar arzuladı.

Cavad imtahanlarını sonraya buraxıb, elə sabahısı İsa Əlizadə, Əli (soyadı unudulub), Abdulla Şaiqin qardaşı Yusif Ziya Talıbzadə, müəllimi İdris Axundzadə və digərləri ilə birlikdə İstanbula yola düşdü. Orada əslən Şəmkirdən olan həkim Qarabəy Qarabəyov, rayonun Şiştəpə kəndindən könüllülər Aslan oğlu Məsim, Yusif kişi (soyadı unudulub), Paşa Rüstəmov, o cümlədən cəbhədə dini ayinlərin icraçısı, baş molla vəzifəsini yerinə yetirən şair Məhəmməd Hadi və başqaları ilə yaxından tanış olur. Bu, Cavadın böyük müharibədə ilk iştirakı idi. Şuşalı mühacir-publisist Hüseyn Baykaranın yazdığı kimi, “Hələ əli silaha, beyni böyük savaşa öyrənməmiş Əhməd Cavad İstanbulda qurulan “Qafqaz Könüllüləri” sıralarında Türkiyə “Məhməd”ləri ilə səngərlərdə çiyin-çiyinə döyüşə girərək düşmənlə cəsarətlə mübarizə aparırdı”.

Balkan müharibəsi qurtardıqdan sonra türkiyəli Yusif Akçura Əhməd Cavada və Yusif Ziya Talıbzadəyə Azərbaycanda onlara daha çox ehtiyac olduğunu və doğma yurdlarına dönərək xalqına xidmət etmələrini tövsiyə edir. Bundan sonra hər iki vətənpərvər Azərbaycana dönür. Bu zaman müəllimi Hüseyn Cavid cəbhədən yenicə qayıdan Əhməd Cavadın “Müdhiş düşüncələrim” adlı şeirini “Şəlalə” məcmuəsində çap etdirir. Həmin məcmuənin 1913-cü il 8 iyul tarixli sayında məcmuənin redaktoru Səbribəyzadənin ona qarşı “Altun qələm” adlı tənqidi məqaləsi çıxır. Buna cavab olaraq “İqbal” qəzetinin 15-20 sentyabr 1913-cü il tarixli sayında Əhməd Cavad yazır: “Bunu biləlim, ötəsi qolaydır. Tənqid edən kimsə ürəkli, bitərəf və məsələyə haqq ilə vaqif olmalıdır. Sizdə bunlardan ancaq birincisi vardır ki, sizdə bitərəflik yoxdur. Əgər olsaydı, “Şəlalə”nin hər sayında yuxarı başa çıxardığınız şeirlərinizi bir kərəcik olsun gözdən keçirərdiniz. Bunu siz yapmadınız, sizdə başqasını sevmək xassəsi yoxdur ki, öz yerinizə onu keçirəsiniz. Bunu yazmaqda məqsədim “mənimkini başda yaz!” iddiasında bulunmaq deyildir. Vətənimizdəki adlı-sanlı şairlərimizi heçə saydığınızı sizə anlatmaqdır. Misal istəsəniz, başda bir üfürüklə yıxmağa qalxışdığınız həssas şairimiz, müəllimim Rəsizadə Hüseyn Cavid əfəndini göstərə bilərəm...

Siz ona da ilişdiniz”.

Göründüyü kimi, Ə.Cavad təkcə özünü deyil, müəllimi Hüseyn Cavidi və ümumiyyətlə, Azərbaycan ədəbiyyatını müdafiə edirdi. Həm də onun Hüseyn Cavidə söykəndiyi, onu özünə öndər saydığı məqalədə öz əksini tapmışdır.

Əhməd Cavad ədəbiyyatda olduğu kimi, həyatda da Hüseyn Cavidi özünün yolgöstərəni, yaxın dostu, müəllimi hesab etmişdir. Sözə qüvvət, 1988-ci ildə Əhməd Cavad yaradıcılığının izi ilə Şəmkirdə, anadan olduğu Seyfəli kəndində bir qrup ziyalı ilə görüşdə Mehrili kənd orta məktəbinin müəllimi Paşa Əliyev dedi:

- Tələbə idim, Bakıda, APİ-nin hazırlıq şöbəsində oxuyurdum. 1929-cu il may ayının sonları idi. Kəndçim Qasım və Hidayətlə, onlar həm də tələbə yoldaşlarım idi, birlikdə dəniz kənarına çıxmışdıq. Oturacaqda əyləşib söhbətləşirdik. Bir də gördük ki, Əhməd Cavad fikirli-fikirli gəlir. Bizə çatanda üçümüz də ayağa qalxdıq, əl tutub ədəb-ərkanla görüşdük.

Cavad əfəndi dərslərimizlə, dolanışığımızla maraqlandı, xeyli söhbət etdi. Bu zaman ortaboylu, gözü eynəkli, əli əsalı, səliqəli geyimli bir nəfər yaxınlaşdı Əhməd Cavada. Salam verib mehribancasına görüşdülər.

Cavad əfəndi həmin adamla çox ədəblə, ehtiramla davranırdı. Sonra həmin şəxs bizim təhsilimizlə, şəraitimizlə maraqlanmağa başladı.

Bu ara Cavad əfəndidən soruşdum: - Kimdir bu şəxs?

O, ucaboylu olduğundan bir az mənə sarı əyilib qulağıma pıçıltı ilə:

- Müəllimimdir, - dedi.

Birgə söhbət, maraqlı əhvalatlar bizə çox xoş gəlirdi.

Girəvə düşən kimi bu dəfə Cavad əfəndidən him-cimlə öyrənmək istədim ki, o böyükdür, yoxsa siz?

Cavad əfəndi bayaqkı tərzdə:

- Müəllimimdir, - deyə cavab verdi.

Bu adamın danışığı, bizə verdiyi öyüd-nəsihətləri, həyat, tarix, ədəbiyyat haqqında fikirləri, ən çoxu da Cavad əfəndinin ona olan ehtiramı məni tamam çaş-baş salmışdı.

Eləməyib tənbəllik, məqam yaranan kimi yenə soruşdum:

- Cavad əfəndi, o böyükdür, yoxsa siz?

Bu dəfə şair hamının eşidəcəyi tərzdə dilləndi:

- Ayə, görürsən, boyda-buxunda mən böyüyəm, amma savadda, şeirdə, ədəbiyyatda o böyükdür: Müəllimimdir, şair Hüseyn Caviddir...

Bu xatirəni yada salmaqda bir daha bildirmək istəyirəm ki, Hüseyn Cavidin 1909-cu ildə Gəncə Ruhani Seminariyasında Əhməd Cavadla başlanan müəllim-tələbə dostluğu sonradan Bakıda tanınmış ustad-şair ənənəsində, hətta ailə münasibətlərində çox isti şəkildə davam etdirilib. Bu iki böyük şairin ədəbi əlaqələrdəki münasibətləri bir yana, həyatdakı dostluqlarının ən böyük dəyərini repressiya illərində - 1939-cu ilin iyul günlərində Hüseyn Cavid NKVD tərəfindən həbs edilib Keşlə türməsində saxlanılarkən görüşünə gələn həyat yoldaşı Müşkinaz xanımla söhbətində özü vermişdi:

“Dostunu soruşur. Qaşları çatılır.

- Onu görməsən yaxşıdır. Amma Cavad kişi adam imiş”.

Müşkinaz xanım sadəlövh inamla həyat yoldaşına ümidverici təskinliklə: “Sağlıq olsun, özün gələndən sonra yaxşını-pisi ayırd edərsən”, - deyir (R.Hüseynov. “Vaxtdan uca”, 1987).

Şair-dramaturq Hüseyn Cavid, onun yetirməsi, istiqlal şairi Əhməd Cavad eyni əqidənin məsləkdaşı olduqları üçün o zaman sovet quruluşunun ideoloqları tərəfindən yersiz tənqid olunmuş, haqsızlıqlara məruz qalmışlar. Bunu Xalq Cümhuriyyətinin yaşadığı 23 aylıq zaman kəsiyi istisna olmaqla, aprel işğalından sonrakı mərhələdə daha aydın görmək mümkündür.

 

Rəhman SALMANLI

 

Azərbaycan. - 2018.- 9 yanvar.- S.5.