Möhtəşəm nailiyyətlər ili
2017-ci ildə Azərbaycan Avrasiyanın coğrafi, siyasi
və iqtisadi nöqteyi-nəzərdən birləşdirən
regional güc mərkəzi olduğunu bir daha təsdiqlədi
Yola saldığımız 2017-ci il Azərbaycanın ictimai-siyasi həyatında, daxili və xarici siyasətində mühüm uğurlarla yadda qaldı. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, ölkədə həyata keçirilən heç bir sosial layihə dayandırılmadı və Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb oldu.
Prezident İlham Əliyevin elmə əsaslanan yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etdi, qarşıda duran vəzifələrin həllinə real imkanlar açdı və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırdı.
Tarixinin ən qüdrətli Azərbaycanı
Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. Prezident İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi regiondakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə ilk növbədə Azərbaycanın gücünü, qüdrətini göstərir.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz sahibinə çevrilib. Azərbaycanın rolu artaraq təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.
Bu uğurları dövlət başçısı belə qiymətləndirib: “Son 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır... Görülən işlər göz qabağındadır. Onu deyə bilərəm ki, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb... 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb”.
2017-ci il - qızıl hərflərlə yazılan
tarix
Bu bir həqiqətdir ki, investisiya cəlb edən ölkədən investisiya yatıran, xüsusilə strateji əhəmiyyətli layihələrdə nümunə göstərən Azərbaycan son illər təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində də mühüm rol oynayıb, Avropanın əsas neft-qaz ixracatçısına çevrilib. Ötən il baş verən hadisələr bütün bunları bir daha təsdiqlədi. “Yeni əsrin müqaviləsi”, Baki-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı və 2 milyard ton neft hasilatı bunun bariz nümunəsidir.
Bu möhtəşəm hadisələr tarixilik və geosiyasi kontekstdə nə qədər əhəmiyyətlidirsə, digər yönümlərdə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı, Avrasiyanın ən effektiv nəqliyyat-logistika məkanına çevrilməsi imkanı baxımından daha əlamətdardır.
2017-ci ilin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləsək yanılmarıq. Çünki ötən il ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan neft-qaz sektoru və beynəlxalq tranzit potensialının artırılması, logistik mərkəzə çevrilməsi istiqamətində reallaşan layihələr Azərbaycana sözün əsl mənasında böyük dividendlər qazandırdı, beynəlxalq nüfuzunu daha da yüksəltdi.
Neft strategiyasının təntənəsi - “Yeni əsrin
müqaviləsi”
Bu bir həqiqətdir ki, ümummilli lider Heydər Əliyevin neft strategiyasını dövrün tələblərinə uyğun daha da təkmilləşdirən Prezident İlham Əliyev ilk növbədə neft gəlirlərini insan kapitalına çevirdi. İlham Əliyevin məqsədyönlü və ardıcıl həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldi. Azərbaycan Prezidentinin dərindən düşünülmüş neft strategiyası sayəsində ölkəmiz regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayan dövlətə, dünyanın əsas neft-qaz ixracatçısına çevrildi.
Ötən il sentyabrın 14-də “Əsrin müqaviləsi”nin 23-cü ildönümünə təsadüf edən tarixi gündə Azərbaycan hökuməti və Dövlət Neft Şirkəti (SOCAR), BP, “Chevron”, “İnpex”, “Statoyl”, “ExxonMobil”, TP, “İtochu” və “ONGC Videsh” şirkətləri ilə birlikdə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənilməsi barədə sazişin imzalanması Prezident İlham Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balanslı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı iqtisadi strategiyasının əsaslı olduğunu göstərdi.
Bu sazişlə Azərbaycan 3,6 milyard dollar bonus əldə etdi. Dövlət Neft Şirkətinin payı 11 faizdən
25 faizə qaldırıldı. Mənfəət
neftinin 75 faizi isə 2050-ci ilə qədər, yəni
müqavilənin bütün müddəti ərzində Azərbaycana
qalacaq.
Yenilənmiş saziş
yalnız Azərbaycan iqtisadiyyatına növbəti
böyük sərmayə axınının təmini deyil, həm
də ölkənin neft sənayesinin tarixində texnoloji
inkişaf və insan nailiyyətləri ilə zəngin olan
yeni bir səhifə açmış oldu.
Avrasiya məkanı
üçün uzunömürlü rifah layihəsi -
Bakı-Tbilisi-Qars
Azərbaycan dövlətinin
nəqliyyat sistemi Avropa və Asiya nəqliyyat sisteminə
sürətlə inteqrasiya edərək Avratlantik məkanının
mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə
çevrilib.
Asiya ilə Avropa arasında birləşdirici
körpü rolunu oynayan Azərbaycan öz nəqliyyat
infrastrukturunu möhkəmləndirməkdə davam edir.
2017-ci ildə region
üçün əlamətdar hadisələrdən biri -
Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi
açılışını xüsusilə qeyd etmək
olar.
Oktyabrın 30-da Bakıda Azərbaycan, Gürcüstan və
Türkiyə Avrasiya məkanı üçün yeni
yüksəliş və uzunömürlü rifah layihəsi
olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə
verildi. Qədim İpək yolunun polad magistrallar
üzərində bərpası olan dünya əhəmiyyətli
bu layihənin gerçəkləşməsi ilə regionda nəhəng
kommunikasiya dəhlizlərindən biri geosiyasi tarixə vəsiqə
aldı.
Layihənin müəlliflərindən
biri olan Prezident İlham Əliyevin vurğuladığı
kimi, strateji əhəmiyyət daşıyan
Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin
önəmli hissəsinə çevrilməkdədir. BTQ geosiyasi,
geoiqtisadi və tarixi baxımdan dünyanın yenidən
cızılan coğrafiyasında özünə mühüm
yer tutmaqla trans-kommunikasiya qovşaqlarının ən
rentabelli və dayanıqlı halqasını təşkil edəcək.
Bakı-Tbilisi-Qars dəmir
yolu Avropanı Asiya ilə birləşdirən qısa və
etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə
5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan
sonra isə daha böyük həcmdə yüklərin
daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu
Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə
çevrilir. Bu yolun fəaliyyəti nəticəsində
yol boyunca yerləşən ölkələr arasındakı
ticarət dövriyyəsi və qarşılıqlı sərmayə
qoyuluşu artacaq. Bu yoldan istifadə edən
bütün ölkələr arasındakı əməkdaşlıq
dərinləşəcək. Bu yol sabitliyə
və təhlükəsizliyə xidmət göstərəcək.
Neft tariximizin
şanlı salnaməsi - 2 milyard tonluq hasilat
Ötən il
noyabrın 8-də Azərbaycanın qədim neft tarixinə
yeni və şanlı səhifə yazıldı. İki milyard ton neftin hasil edilməsi neft sənayesinin
inkişafında növbəti zirvə nöqtəsi,
yaddaşlarda uzun müddət yaşayacaq şərəfli
bir hadisə oldu.
Bu münasibətlə Heydər
Əliyev Mərkəzində keçirilən təntənəli
mərasimdə çıxış edən Prezident İlham
Əliyev vurğuladı ki, ulu öndər Heydər
Əliyevin həm 1970-1980-ci illərdə, həm də
1990-cı illərdə göstərdiyi xidmətlər bu
gün Azərbaycan reallıqlarını təmin edir: “Biz
“qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli
şəkildə istifadə etdik və bu gün dünya
miqyasında bu, xüsusilə qeyd edilir. Bir
çox ölkələrin zəngin neft yataqları var, ancaq
o ölkələr səfalət içindədir, yoxsulluq
şəraitində yaşayırlar. O ölkələrdə
sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir.
Azərbaycanda isə neft rifah, inkişaf,
sabitlik, güc gətirir. Bu gün bizim
müstəqil ölkə kimi yaşamağımızda,
iqtisadi potensialımızın formalaşmasında neft-qaz
amili çox böyük rol oynayır. Bunu
hər kəs bilməlidir”.
Ulu öndərin neft
strategiyasının yeni istiqamətlərlə zənginləşdirildiyini
vurğulayan dövlət başçısı bu
strategiyanın Azərbaycanın ümumi inkişafına
çox böyük dəstək verdiyini söylədi: “Bu
gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.
Əgər biz kimdənsə asılı olsaq,
heç vaxt müstəqil siyasət apara bilmərik, heç
vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə
bilmərik. İqtisadi müstəqillik
siyasi müstəqilliyə gətirib çıxardı ki, bu
gün Azərbaycan dünya miqyasında müstəqil siyasət
aparan nadir ölkələrdən biridir”.
Ümumiyyətlə, Azərbaycanın
təsdiq edilmiş, dəqiqləşdirilmiş neft
ehtiyatları 1,5 milyard ton, proqnoz isə 2
milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnoz isə təqribən 3-4
trilyon kubmetrə bərabərdir. Hesablamalar
göstərir ki, Azərbaycanda üçüncü milyard
ton neft təqribən 2060-cı ildə, 2 trilyon kubmetr qaz isə
daha tez - 2055-ci ildə hasil ediləcək. Bütün bunlar bir daha təsdiq edir ki,
böyük sərvətlərə malik olan, tarixinin ən
qüdrətli dövrünü yaşayan Azərbaycan gələcəyə
nikbinliklə baxır. Ən
başlıcası isə bu sərvətləri düzgün
idarə edən, Azərbaycanı xoşbəxt gələcəyə
inamla aparan qətiyyətli, uzaqgörən lideri var.
1971-ci ildə 1 milyard ton neft
hasilatı tədbirini ulu öndər Heydər Əliyev, 46 il sonra isə 2 milyard ton neftin hasilat mərasimini
cənab İlham Əliyev təşkil etdi. Bu bir daha təsdiq
edir ki, dövlət başçısı 14 il
müddətində yürütdüyü praqmatik siyasətlə
ölkəmizi dahi şəxsiyyətin görmək istədiyi
bir dövlətə çevirib.
Bu gün Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətdə əldə
etdiyi bütün uğurlar onun şəxsi müdrikliyi və
diplomatiya bacarığı ilə bərabər, eyni zamanda
ümummilli liderin vaxtilə yaratdığı inkişaf
strategiyasına söykənir. Bu gün Azərbaycan
öz gücünə arxalanan, bütün tərəfdaşları
ilə münasibətləri qarşılıqlı hörmət
və ehtiram prinsipləri əsasında quran, dinamik inkişaf
edən gənc və eyni zamanda təcrübəli ölkədir.
Avropanın enerji
xəritəsini dəyişdirəcək meqalayihələr
Bu 3 mühüm tarixi hadisə ilə
bir daha dünyaya öz qüdrətini nümayiş etdirən
Azərbaycan, həmçinin “Şərq-Qərb”, “Şimal-Cənub”
nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün
prioritet enerji layihələrindən biri olan dörd layihədən
ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri,
TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya
yatırılan layihələrin əsas təşəbbüskarlarından
biridir.
Dəyəri 40 milyard
dollardan artıq genişmiqyaslı enerji layihəsi olan “Cənub
qaz dəhlizi” Avropa bazarlarına yeni mənbədən qaz nəql
edəcək.
Bu, enerji təhlükəsizliyi siyasəti ilə
bərabər, onun şaxələndirilməsi siyasətidir.
Çünki Azərbaycanın qaz
yataqlarından hasil ediləcək məhsul Avropanın yeganə
yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki,
Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə
dəyişdirəcək. Bu layihənin
tamamlanması 2020-ci ildə nəzərdə tutulur.
Bütün bunlara görə,
Azərbaycan dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin
hesabatlarında bölgədə investisiyaların coğrafi mərkəzinə
çevrilən dövlət kimi səciyyələndirilir.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il
münasibətilə xalqa ünvanladığı təbrikdə
bu mühüm hadisələri belə dəyərləndirmişdir:
“Bu il neft-qaz sektorunda tarixi hadisələr baş vermişdir.
“Azəri-Çıraq-Günəşli” neft
yatağının istismar müddətinin uzadılması məsələsi
həll olundu. Bu kontrakt 2050-ci ilə qədər
qüvvədə olacaq və ölkəmizə milyardlarla
dollar gəlir gətirəcək. Sadəcə
olaraq Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur.
“Cənub qaz dəhlizi”nin icrası, demək
olar ki, son mərhələyə qədəm qoyub. Gələn
il TANAP layihəsinin
açılışı gözlənilir. Bu
da tarixi hadisədir. Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
çox önəmli tərəfdaşa çevrilir. Bu
il digər tarixi layihə öz həllini
tapmışdır, Bakı-Tbilisi-Qars dəmir yolunun
açılış mərasimi Bakıda
keçirilmişdir. Bu dəmir yolu layihəsi
qitələri birləşdirir. Bakı-Tbilisi-Qars
Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol
olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm
iqtisadi, həm siyasi dividendlər gətirəcək. Azərbaycan önəmli tranzit ölkəsinə
çevrilir. Əgər biz “Şimal-Cənub”
nəqliyyat dəhlizini də qeyd etsək görərik ki, Azərbaycan
dünya miqyasında, - baxmayaraq ki, bizim açıq dənizlərə
çıxışımız yoxdur, - strateji nəqliyyat mərkəzinə
çevrilir”.
Bərabərhüquqlu
və etibarlı tərəfdaşa çevrilən Azərbaycan
Öz müstəqil siyasəti ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu və etibarlı tərəfdaşa çevrilən Azərbaycan Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanaraq diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirir. Təbii ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır.
Prezident İlham Əliyev praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.
Əminliklə söyləyə bilərik ki, 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişinin təmini üçün əlverişli zəmin formalaşdırıb. Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün sabit inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq, şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına milli gəlirin həcminin artımını təmin edib.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 10 yanvar.- S.1-2.