Azərbaycan artıq regionun mühüm nəqliyyat və logistika
mərkəzidir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının
açılışında iştirak edib, kompleksdə görülən
işlərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.
Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla başlanıb. Yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.
Dövlətimizin başçısının müvafiq Sərəncamının icrası ilə bağlı verilmiş tapşırığa əsasən, bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın hazırda inşası aparılan birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.
Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci ildə imzaladığı Sərəncama əsasən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün icra olunacaq işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib. Dövlətimizin başçısının bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlanma tarixləri göstərilməklə Tədbirlər Planı işlənib hazırlanıb və uğurla icra edilir. Sifarişçi tərəfindən xarici və yerli mütəxəssislərin iştirakı ilə limanın Baş Planı təkmilləşdirilərək müvafiq qaydada razılaşdırılıb və təsdiq edilib, layihə qrafiki buna müvafiq olaraq yenilənib. Tədbirlər Planı ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejimi tətbiq edilib. Nəticədə işlərin dinamikası əvvəlki dövrlərlə müqayisədə beş dəfə artıb. Hazırda tikinti işləri yüksək sürətlə davam etdirilir və bu işlər kompleksin bütün seqmentlərini əhatə edir. Tikinti işlərinə 1500-ə yaxın işçi qüvvəsi və 300-ə qədər müxtəlif təyinatlı inşaat texnikası cəlb olunub. İnşaat işlərinin müvafiq müqavilələrə əsasən liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılması nəzərdə tutulur. Görülən işlər Xəzər dənizində üzən gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7-8 min tonadək gəmilər daxil olur. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin 7 metrdən 9 metrə qədər artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə çəkisi 12 min tona qədər olan gəmilərin də sərbəst yanalmasını təmin edəcək.
Prezident İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verildi. İldə 60 minə
yaxın TIR və ya 1,8 milyon
ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun
tikilib. Terminaldakı birinci körpünün
illik yükaşırma
qabiliyyəti 800 min ton, ikinci
körpününkü isə
1 milyon tondur. Ro-Ro terminalı iki
yanalma körpüsündən
ibarətdir. Birinci körpünün
uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır.
Terminal daşımaların
avtomobil-su və su-avtomobil seqmentlərində
təkərli texnikanın
daşınması üçün
nəzərdə tutulur.
Dövlətimizin başçısı terminalın
açılışını etdi.
Buradakı sistem suyun səviyyəsinin
enib-qalxmasından asılı
olmayaraq gəmilərin
təhlükəsiz şəkildə
körpüyə yanalmasını
təmin edir. Layihə
qrafikinə əsasən,
bu il
yanvarın sonunadək
digər yeddi ümumi yük körpüsünün tikintisi
tamamlanacaq. 2018-ci ilin birinci rübünün
sonunadək isə anbarların, yardımçı
binaların, digər əlaqəli infrastruktur obyektlərinin inşasının,
onların mühəndis-kommunikasiya
xətlərinin çəkilməsinin,
həmçinin yardımçı
sistemlərin quraşdırılmasının
yekunlaşdırılması nəzərdə tutulur.
Limanın əməliyyat binasının
inşası isə bu ilin mayında
bitəcək.
Layihə çərçivəsində müasir tələblərə
cavab verən informasiya texnologiyaları və təhlükəsizlik
infrastrukturunun yaradılmasına
xüsusi diqqət göstərilir. Bu məqsədlə
liman ərazisində əməliyyatların səmərəli
idarə olunmasını
təmin edəcək
Liman İdarəetmə
və İnformasiya Sisteminin və digər informasiya texnologiyaları komponentlərinin
tətbiqi, eləcə
də Gəmilərin
və Liman Vasitələrinin Mühafizəsi
üzrə Beynəlxalq
Kodeksin tələblərinə
uyğun mühafizə
sisteminin yaradılması
nəzərdə tutulur.
İnformasiya texnologiyaları komponentinin
tətbiqi ilə bilavasitə liman əməliyyatlarının səmərəliliyinin
yüksəldilməsi təmin
ediləcək. Ro-Ro terminalında tətbiq edilən və tam avtomatlaşmış informasiya
texnologiyaları modullarından
biri olan Liman Əməliyyat İdarəetmə Sistemi bütün prosesləri rahat və şəffaf
şəkildə həyata
keçirməyə imkan
verir. Belə ki, Azərbaycanın
dövlət sərhədini
keçən və bu limana istiqamətlənən
yükün elektron bəyannaməsi Dövlət
Gömrük Komitəsinin
xətti ilə buradakı Əməliyyat
İdarəetmə Sisteminə
daxil olur. Nəticədə yükün limana
gəlmə tarixi bəlli olur, onun gözləmə ərazisində yeri ayrılır, ödəmə
xərci onlayn formada daşıma şirkətinə göndərilir.
Limana daxil olan nəqliyyat
vasitəsinin qeydiyyat nişanına əsasən
yükə dair məlumat əməliyyat sistemində əks olunur və yük sahibi bu məlumatı müşahidə edə bilir. Sənədləşdirmə bitdikdən sonra
TIR gəmiyə yüklənir,
təyinat limanı isə yük, onun çatdırılma vaxtı və gəmi barədə məlumat əldə edir. Hazırda bu sistem vasitəsilə müvafiq
dövlət və özəl qurumların, eləcə də Gürcüstan, Qazaxıstan
və Türkmənistan
limanlarının şəbəkəyə
qoşulması işləri
aparılır.
Sonra dövlətimizin başçısına
hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin inşaat ərazisində görülən
işlər barədə
məlumat verildi.
Prezident İlham
Əliyev inşaat ərazisini gəzdi, işlərin gedişi ilə yaxından tanış oldu.
Yeni Bakı limanının tikintisində ən müasir standartlara cavab verən son mühəndislik yeniliklərindən
istifadə olunur.
Layihə çərçivəsində, həmçinin gəmilərdən toplanmış neft tərkibli və məişət sularının təmizlənməsi üçün Xəzər dənizi hövzəsində ilk dəfə ən son texnologiyaya əsaslanan suyun bioloji təmizlənməsi qurğuları tikilib. İndiyədək 11 dəmir yolu xəttindən ibarət vaqonların qəbulu, göndərilməsi və çeşidlənməsi parkı yaradılıb.
Yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniyanın “Ardelt” şirkətindən müxtəlif yük təyinatlı yeni portal texnika alınıb və hazırda quraşdırılması həyata keçirilir.
Yeni liman ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün bilavasitə yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql olunmasını təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limana daha geniş tranzit və daşıma imkanları təmin edəcək.
Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr ölkə
iqtisadiyyatının, xüsusilə qeyri-neft
sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə,
tranzit imkanlarının genişləndirilməsinə
mühüm töhfə verir,
Azərbaycanın tranzit potensialını
gücləndirir.
Azərbaycan.- 2018.- 10 yanvar.- S.1-2.