“Formula-1” Qran-prisinin Azərbaycan nümunəsi
Azərbaycan dünyanın ən mükəmməl idman mərkəzlərindən birinə
çevrilib. Hər il ölkəmiz
dünyanın ən mötəbər yarışlarına
evsahibliyi edir. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları
silsilə xarakteri daşıyır. Müxtəlif
beynəlxalq turnirlərin
- bədii gimnastika, taekvondo, güləş, boks, karate və
olimpiya növlərinə
daxil olan digər idman yarışlarının təşkili
ölkəmizə böyük
imic qazandırıb.
Ümumiyyətlə, 2017-ci ildə ölkəmizdə
55 beynəlxalq yarış
keçirilib. Ötən ilin ən yaddaqalan idman turnirlərindən biri iyunun 23-25-də Bakıda dünyanın ən nüfuzlu avtomobil yarışlarından olan
“Formula-1” Azərbaycan Qran-prisinin
keçirilməsi idi.
Prezident İlham
Əliyevin yüksək
təşkilatçılığı və dəstəyi ilə ikinci dəfə baş tutan dünya çempionatının 8-ci mərhələsi
olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın
tərkibində 6 kilometr
məsafədən ibarət
51 dövrəlik mərhələnin
qalibi uğrunda yarışdı. Gərgin keçən
mübarizə sürət
həvəskarlarının böyük marağına
səbəb oldu.
500 milyondan artıq
tamaşaçı bu
yarışı izlədi.
57 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda
tribunalardan canlı olaraq yarışa baxdı.
Möhtəşəm açılış
mərasimi
Azərbaycan Qran-prisinin möhtəşəm
açılış mərasimi
maraqlı anlarla yaddaşlara həkk olundu. Mədəniyyətimizi “Formula-1” dəyərləri ilə birləşdirən
açılış mərasimi
bir çox milli rəmzlərin vəhdətini yaratmaqla yüzlərlə könüllü,
azərbaycanlı sənətçilər,
milli qruplar və beynəlxalq ifaçılardan ibarət
heyət tərəfindən
təqdim edildi. Azərbaycan mədəniyyətinin incə
koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdən bəri
qoruyub saxladığı
simvollar dünya tamaşaçılarına canlı
yayımda nümayiş
etdirildi.
Daniel Rikkiardo qalib oldu
Azərbaycan Respublikasının dövlət
himni səsləndirildikdən
sonra “Formula-1” Azərbaycan
Qran-prisinin final mərhələsi
başladı. Hər birində iki pilot olmaqla komandaların bir gün əvvəl
keçirilən sıralama
yürüşünün nəticəsinə əsasən
start xəttinə ən
yaxın məsafədə
“Mercedes”in pilotları
Luis Hamilton və Valtteri
Bottas dayandılar. Daha sonra isə
Kimi Raykkonen, Sebastian Vettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio
Peres, Esteban Okon (hər
ikisi “Force India”), Lans Strol, Felipe Massa (“Williams”), Daniel Rikkiardo (“Red Bull Racing”), Daniil
Kvayt (“Toro Rosso”), Kevin
Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlayn (“Sauber”), Karlos Sains (“Toro Rosso”), Romen Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”),
Stoffel Vandorn
(“McLaren”), Fernando Alonso (“McLaren”) və Colion Palmer (“Renault”) sırada
idilər.
Pilotlar ümumu məsafəsi 306
kilometr və 20 çətin döngəsi
olan trekdə 51 dövrə vurdular. Təhlükəsizliyin yüksək səviyyədə
təmin olunduğu, müasirliyi ilə tarixiliyini özündə
birləşdirən Bakı
Şəhər Halqası
ən sürətli yarışlar kateqoriyasına
daxildir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər
ətrafında, o cümlədən
7-ci və 8-ci döngələrdə
7,6 metr təşkil
edirdi. 30 mindən
çox tamaşaçının
yarışları yerində
izləməsi üçün
hər cür şərait yaradılmışdı.
Maraqlı və gərgin keçən yarışın yekununda
“Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo 2
saat 3 dəqiqə 55 saniyəlik nəticə ilə Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yerdə “Mercedes” komandasının üzvü
Valtteri Bottas, üçüncü yerdə
isə “Williams” komandasının
pilotu kanadalı Lans Strol qərarlaşdı.
Konstruktorlar kubokunun sahibi
isə “Red Bull Racing” komandası
oldu.
İlklərin yaşandığı
Azərbaycan mərhələsi
Ən maraqlı məqamlardan biri də 10 komandadan 9-nun Bakıdan xalla ayrılması idi. Son illərdə belə hadisə heç bir dünya çempionatında
yaşanmamışdı. Bakıdan xalsız ayrılan yeganə komanda “Renault” oldu. Problemlər Colion Palmerdən
əl çəkmək
bilmirdi. Niko Hülkenberq
isə yeddinci döngədə divarla toqquşaraq asılqanı
qırdı və yarışı yarımçıq
dayandırdı. “Sauber” komandasından Paskal Verlyayn mövsümdə ikinci dəfə xal qazana bildi.
“F-1 şəhərciyi” qonaqları
heyrətə saldı
“Formula-1” Azərbaycan
Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs ölkəmizin inkişafını, xalqımızın
qonaqpərvərliyini, zəngin
mədəniyyətini öz
gözləri ilə gördü. Onlar Azərbaycanda keçirilən
sürət yarışına
hazırlıq işlərinin
çox yüksək
səviyyədə aparıldığının
növbəti dəfə
şahidinə çevrildilər.
Yarış müddətində bütün əyləncə
zonalarında, Dənizkənarı
Milli Parkda “F-1 şəhərciyi”ndə bilet
sahibləri onlar üçün qurulmuş
möhtəşəm əyləncə
məkanlarından istifadə
etdilər.
“F-1 şəhərciyi”ndə
ölkəmizin mədəniyyətini
və mətbəxini
təmsil edən xüsusi bölmələr
xalqımızın qədim
ənənələrini qonaqlara
təqdim etdi. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi
ilə seçilən
Azərbaycan xalçaları
bu məkanda qonaqların diqqətini daha çox cəlb etdi. Milli şirniyyat növləri olan paxlava, şəkərbura
və qoğalın ləziz dadı turistlərin zövqünü
oxşadı, rəngarəng
naxışlı əl
işləri və ipək kəlağayılar
da ziyarətçilərin
böyük marağına
səbəb oldu.
Dünya ulduzlarının
konsertləri böyük
coşqu yaratdı
“Formula-1” Azərbaycan
Qran-prisinin həyəcanlı
və maraqlı yarışlarından sonra
azarkeşlər axşam
saatlarında yenidən
“Formula-1 şəhərciyi”nə toplaşırdılar. Dünya ulduzlarının
enerjili və coşqulu ifaları konserti dinləməyə
gələnlərə unudulmaz
gecələr yaşadırdı.
“Formula-1” Azərbaycan Qran-prisinin ilk musiqili qonağı olan türkiyəli məşhur müğənni Tarkan azarkeşlərə unudulmaz anlar bəxş etdi. O, iyunun 23-ü axşam saatlarında Dənizkənarı Milli Park ərazisində yerləşən böyük səhnədə “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirdi.
İyunun 24-də isə Nikol Şerzinger və “The Black Eyed Peas” musiqi qrupu avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxdılar.
Yarışın son günü
isə superstar Meraya
Keri Bakıda konsert verdi. Musiqi dünyasının
əfsanəvi ulduzu iyunun 25-də “Formula-1” yarışı
başa çatdıqdan
sonra axşam saatlarında səhnəyə
çıxdı. Dənizkənarı Milli Parkda yerləşən
böyük səhnədə
ən çox sevilən ifalarını səsləndirdi.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.-10 yanvar.- S.3.