2018-ci ildə Azərbaycan daha da güclənəcək, hərtərəfli inkişaf geniş miqyas alacaq

 

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.

 

Prezident İlham Əliyevin giriş nitqi

 

-Nazirlər Kabinetinin bugünkü iclasında biz 2017-ci ilin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq.

2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.

Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.

Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir.

2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisi elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır.

Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.

Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir.

Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir.

İdxal isə təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir.

Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq.

Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur. Keçən il mən 30-dan çox rayona səfər etmişəm. Bu səfərlər çərçivəsində həm yeni müəssisələrin açılışları qeyd olunmuşdur, yeni müəssisələrin təməli qoyulmuşdur, həm də bölgələrdə gedən vəziyyətlə bağlı mənə məruzələr edilmişdir. Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram.

2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir.

Keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılmışdır və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Elektrik təchizatı yaxşılaşdırılmışdır, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşmüşdür. Bizim sürətlə artan sənaye və kənd təsərrüfatı potensialımız tələb edir ki, elektrik təchizatının inkişafı daim diqqət mərkəzində olsun.

Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Keçən ilin yekunlarına görə ölkəmizin 93 faizi qazlaşdırılıb. Bu il dövlət büdcəmizdə qazlaşdırma üçün əlavə vəsait nəzərdə tutulur. Bu rəqəm daha da artacaq.

Görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahə suvarılmağa başlanmışdır. Bu, çox böyük rəqəmdir. Əlbəttə ki, kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına bunun çox böyük dəstəyi olacaq.

2017-ci ildə 1300 kilometr avtomobil yolu salınmışdır. Bu da çox böyük göstəricidir. Beş yüzdən çox kəndə yeni yol salınmışdır. Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır.

İçməli su layihələri uğurla icra edilir. Bir çox şəhərlərin içməli su problemi keçən il öz həllini tapıbdır. Biz bütövlükdə əsas infrastruktur layihələrinin icrası istiqamətində qarşımızda duran hədəfə demək olar ki, çatırıq.

Sosial infrastrukturla bağlı çox ciddi addımlar atılmışdır - 133 yeni məktəb tikilmişdir, 14 məktəb əsaslı təmir edilmişdir, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilmişdir. İki Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir.

Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir. Bu, 400 mindən çox insanı əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Bu da bizim sosial siyasətimizin təzahürüdür. Eyni zamanda, - mən bunu əvvəlki müşavirələrdə də bildirmişəm, - biz çalışmalıyıq ki, ağır vəziyyətdə yaşayan vətəndaşları işlə təmin edək, onlar üçün şərait yaradaq, o cümlədən onları özünüməşğulluq proqramı çərçivəsində işə cəlb edək ki, ünvanlı sosial yardıma ehtiyacı olanların sayı azalsın.

Sosial infrastruktur layihələri, əlbəttə ki, çox böyük əhəmiyyət daşıyır və bizim siyasətimizin istiqamətini əks etdirir. Hətta iqtisadi cəhətdən çətin olan illərdə biz sosial məsələlərin həlli üçün əlimizdən gələni edirik və böyük işlər görürük. Bu il bu sahədə görüləcək işlər demək olar ki, sosial infrastrukturla bağlı məsələlərin böyük əksəriyyətini həll edəcəkdir.

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq.

Eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu da əlamətdar hadisədir. Təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənmişdir, azad edilmişdir və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur.

Bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır.

Bilirsiniz ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir.

Bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir.

2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş vermişdir. Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir. Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq.

“Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR layihənin operatoru kimi bu işdə digər tərəfdaşlarla birlikdə iştirak edəcək və kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizə bonus kimi veriləcəkdir. Birinci tranş bizə bu il veriləcəkdir. Bax, belə qısa desəm, “Azəri-Çıraq-Günəşli”nin əsas əhəmiyyəti bundan ibarətdir.

Eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilmişdir. İlin əvvəlində üçüncü dəfə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilmişdir. Bütün lazımi məsələlər müzakirə olundu və il ərzində layihənin icrası təmin edilmişdir. Son məlumata görə, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir.

Energetika sahəsində bu iki önəmli layihə ölkəmizin bundan sonra da uğurlu inkişafını təmin edəcək və bizə imkan verəcək ki, qeyri-neft sektorunun inkişafı ilə daha çox məşğul olaq. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bilirsiniz ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq.

Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır.

Ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi – idman uğurumuz. Bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. Azərbaycan bütün müsəlman aləmini qəbul etmişdir, öz qonaqpərvərliyini göstərmişdir və idmançılarımız da bizi sevindirmiş, Azərbaycan komanda hesabında birinci yerə layiq görülmüşdür. Eyni zamanda, bu Oyunlar İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və ölkəmizin niyyətini, siyasətini göstərir.

Bildiyiniz kimi, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu qərar bir daha onu göstərir ki, biz öz tarixi, dini köklərimizə bağlıyıq. Nəinki ölkə ərazisində İslam həmrəyliyi təmin edilir, bütövlükdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin. İl ərzində həm Azərbaycanda, həm də xaricdə keçirilmiş bir çox tədbirlər göstərir ki, bu qərar – 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Son önəmli tədbir - dekabrın axırında Bakıda beynəlxalq konfransın keçirilməsi və bu konfransda dünya liderlərinin təbrik məktubları, yüksək səviyyəli qonaqların iştirakı bir daha göstərir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir.

Əlbəttə ki, il ərzində bir çox hadisələr baş vermişdir. Mən onlar haqqında burada danışsam bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq mən əsas, önəmli məsələləri qeyd etdim. Bir daha demək istəyirəm ki, 2017-ci il ölkəmiz üçün uğurlu olmuşdur, ölkəmiz daha da güclənmişdir və ölkəmiz gələcəyə nikbinliklə baxır. Əminəm ki, bu il də uğurlu il olacaqdır.

 

***

 

Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Yola saldığımız 2017-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması, mənfi fəsadlarının aradan qaldırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub. Belə ki, operativ statistik məlumatlara əsasən, 2017-ci ilin ilk 11 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12 faiz artaraq 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard ABŞ dollarını üstələyib. Məmnunedici hal kimi qeyri-neft əmtəə ixracının 24 faiz artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət hesabında 6 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb və nəticədə dövlətin məcmu valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,5 milyard ABŞ dolları və ya 13,3 faiz artıb.

Qeyd etmək lazımdır ki, xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə Azərbaycanda deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib. Lakin digər ölkələrdən fərqli olaraq, ölkəmizdə özəl kommersiya banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul edilmiş Qanuna əsasən dövlət 100 faiz zəmanət verir. Bunun nəticəsində bank əmanətçilərinin mütləq əksəriyyəti zərərlərdən tam qorunub. Bu əsasda bank sektorunda sağlamlaşdırma tədbirləri nəticəsində fəaliyyəti dayandırılmış bir sıra banklarda qorunan əmanətlərin qaytarılması məqsədilə dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna 545 milyon manat məbləğində vəsait köçürülüb.

Möhtərəm cənab Prezident, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98 faiz səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat və 17 milyard 588 milyon manat təşkil edib.

Büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 milyon manat az vəsait daxilolmasına baxmayaraq, gömrük daxilolmalarının 16 faiz və ya 359 milyon manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdikləri məxaric sifarişləri dövlət büdcəsinin təsdiq olunmuş xərcləri çərçivəsində tam icra olunub.

Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş yuxarı həddən 34 milyon manat az olub. İcmal büdcənin icrasında əldə edilmiş müsbət dinamika xüsusilə qeyd olunmalıdır. Belə ki, təsdiq olunmuş icmal büdcənin kəsiri 7,6 milyard manat və ya ÜDM-in 11,1 faizi səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən həmin kəsir ÜDM-in 1,5 faizinədək daralaraq 1 milyard manat təşkil edib.

2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib. Bu vəsait çərçivəsində maliyyələşdirilmiş bir sıra sosial xərcləri xüsusilə qeyd etmək istərdim. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması təmin edilir. Bu istiqamətdə 2014-cü ildən başlanılmış işlər uğurla davam etdirilib və dövlət büdcəsindən 164 milyon manat vəsaitin yönəldilməsi ilə dəstəklənib. 2018-ci il yanvarın 1-i vəziyyətinə 140 min müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdırılıb ki, bunun da 41 min nəfərdən çoxu 2017-ci ilin payına düşür.

Səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində 1800-dən çox müayinə, müalicə, diaqnostika, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətləri özündə birləşdirən icbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2017-ci il dövlət büdcəsindən bu məqsədə 36,0 milyon manat vəsait yönəldilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 326,0 milyon manat, o cümlədən dövlət büdcəsindən 221,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 105,0 milyon manat vəsait ayrılıb.

Bu səpkidə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakı və Abşeron yarımadasında qəzalı binalarda məskunlaşmış 4 mindən çox məcburi köçkün ailələrinin yeni təhlükəsiz mənzillərə köçürülməsi ilə bağlı nəcib təşəbbüsü xüsusilə təqdirəlayiqdir. Həmin təşəbbüsə cavab olaraq ölkəmizin bir sıra özəl şirkətləri öz vəsaitləri hesabına bir neçə yaşayış kompleksi inşa edib məcburi köçkünlərin sərəncamına verilməsi barədə qərar qəbul ediblər.

2017-ci ildə sosial təminat və əmək bazarı sahələrində də bir sıra islahatlara başlanılıb. Belə ki, 2017-ci ilin ortalarından etibarən əmək pensiyaları haqqında qanunvericiliyə dəyişikliklərin qüvvəyə minməsi ilə yeni pensiya sisteminə keçilib, İşsizlikdən Sığorta Fondunun, qeyri-rəsmi əmək bazarı üzrə komissiyanın yaradılması, yeni peşə təlimi mərkəzlərinin açılması və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi istiqamətində atılan addımlar əhalinin sosial təminatının və əmək bazarının daha da yaxşılaşdırılmasına xidmət edir.

Möhtərəm Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi potensialımızın artırılması dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Sizin tapşırığınıza əsasən müdafiə xərclərinə ayrılan vəsaitlərin həcmi ilbəil artırılmaqla dövlət büdcəsinin xərclərinin tərkibində böyük xüsusi çəkiyə malik olur.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli və sürətlə həyata keçirilməsi üçün müstəsna rola malik olan “ASAN xidmət”in maliyyə təminatı üçün 2017-ci ildə 45,0 milyon manat vəsait yönəldilib.

2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 651,0 milyon manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 237 milyon manat vəsait ayrılıb.

Hesabat dövrü ərzində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 67,0 milyon manat vəsait sərf edilib. Bu, 2016-cı illə müqayisədə 35,0 milyon manat və ya 2,1 dəfə çoxdur.

Kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən üst-üstə 581,0 milyon manat vəsait ayrılıb. Pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 295,0 milyon manat vəsait ayrılıb, pambıq istehsalına görə 30,0 milyon manatadək subsidiya verilib. Kənd təsərrüfatı dövriyyəsinə əlavə suvarılan torpaq sahələrinin daxil edilməsi, meliorativ sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi və mütərəqqi suvarma üsullarının tətbiqi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən ayrılan vəsait və xaricdən cəlb edilmiş kreditlər hesabına cəmi 461,0 milyon manat vəsait yönəldilib.

2018-ci ilin dövlət büdcəsi Qanunu ilə birlikdə 2018-ci ilin yanvar ayının 1-dən ölkə üzrə ehtiyac meyarının həddi orta hesabla 12 faiz artırılaraq 130 manat səviyyəsində müəyyən edilməsi, bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum əməkhaqqının yuxarı həddinin də eyni səviyyəyə qaldırılması, habelə həmin Sərəncamla dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması üzrə təkliflərin üç ay müddətində Nazirlər Kabineti tərəfindən hazırlanaraq təqdim edilməsi barədə tapşırığınız Azərbaycan xalqının sosial və maddi rifahının Sizin, cənab Prezident, daim gündəliyinizdə yüksək prioritetə malik olmasının bariz sübutudur.

Çıxışımın sonunda icazə verin Sizi əmin edim ki, yola saldığımız 2017-ci ildə əldə olunmuş iqtisadi nailiyyətlərin, müşahidə olunan müsbət meyillərin əsasında 2018-ci ildə də Sizin rəhbərliyinizlə yuxarıda qeyd olunan inkişaf hədəflərinin təmin olunmasında dövlət maliyyə orqanlarının əməkdaşları, bugünkü iclasda verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, səylərini əsirgəməyəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.

 

***

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim MÜSLÜMOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

2017-ci il müasir Azərbaycan dövlətinin tarixində bir sıra möhtəşəm hadisələrlə xüsusi iz qoydu. Azərbaycan Prezidentinin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasətin nə qədər doğru olduğu ötən il bir daha təsdiqləndi. Çünki Azərbaycan post-neft dövrünə sürətlə keçməyin, çevik iqtisadi islahatların şok effektlərsiz aparılmasının mümkünlüyünü göstərdi, neft gəlirlərinin ötən illər ərzində düzgün məbləğlərdə xərcləndiyini və ehtiyatda lazım olduğu qədər saxlanıldığını sübut etdi. Həmçinin iqtisadi şaxələndirməni qısa müddətdə gerçəkləşdirməyin və dayanıqlı inkişafa nail olmağın yollarını ortaya qoydu və bu əsasda stabil əmək bazarının təmin olunmasının və əhalinin sosial müdafiəsinin vaxtında aparılan islahatlarla gücləndirilməsinin səmərəli praktikasını nümayiş etdirdi. Cənab Prezident, Sizin bu gün bəyan etdiyiniz sosial-iqtisadi göstəricilər bütün bunların əyani sübutudur.

2017-ci ildə zəruri resurslar səfərbər olunmaqla makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun sürətli inkişafı əmək bazarının stabilləşməsinə, əhalinin sosial təminatının dəyişkən valyuta bazarlarının mənfi təsirlərindən səmərəli qorunmasına, yüksək rifahın həlledici amillərindən olan məşğulluq imkanlarının genişləndirilməsinə şərait yaratdı.

Bununla yanaşı, Azərbaycan hökuməti ölkədə əmək qabiliyyətli əhalinin sürətlə artdığı bir şəraitdə məşğulluğun çevik idarə edilməsi üzrə qabaqlayıcı tədbirlərin görülməsini xüsusi diqqətdə saxlayaraq, əmək bazarında stabilləşdirmə məqsədilə həm qısamüddətli effekt verən sosial məsuliyyət, ictimai işlərin təşkili kimi dövlət məşğulluğu tədbirlərindən, həm işaxtaranlara kömək və peşə təlimi kimi dəstəkləyici tədbirlərdən, həm də uzunmüddətli səmərəyə hesablanmış biznesə dövlət köməyi və güzəştlərin verilməsi tədbirlərindən tənzimləyici elementlər kimi istifadə etdi.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, ötən il ərzində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə 15 min işçi ilə əmək müqaviləsinin müddəti uzadıldı, 7 min işaxtaranla yeni əmək müqaviləsi bağlandı, ictimai işlərin təşkili proqramı üzrə 19 min nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə cəlb edildi. Ümumilikdə, ötən il dövlət məşğulluğu tədbirləri hesabına 41 min 400 nəfər işaxtaran iş yeri ilə təmin olunub. Bundan əlavə, regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib. İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək ödənildi.

Möhtərəm cənab Prezident, Sizin müvafiq tapşırığınıza əsasən aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatları yaradılıb. Eyni zamanda, bu təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib ki, bu da, fikrimizcə, onların məhsullarının satışında ciddi rol oynayacaq. Hazırda həmin ailə təsərrüfatlarının mütəmadi monitorinqi aparılmaqdadır.

Müvafiq normativ hüquqi baza yaradılmaqla yeni fəaliyyətə başlayan işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramlarında vətəndaşların iştirakı imkanlarını cari ildə 6 dəfəyə yaxın artıracaq. Bu tədbirlər üçün İşsizlikdən Sığorta Fondunun büdcəsində 35,8 milyon manat vəsait nəzərdə tutulub.

Əmək bazarına 111 min nəfər gənc işçi qüvvəsinin daxil olduğu 2017-ci ildə də bu bazarın stabilliyi qorunub saxlanılıb. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqavilələrinin sayı ötən il 44 min 700 ədəd artıb. Bu artımın təmin olunmasında, möhtərəm cənab Prezident, Sizin müvafiq Sərəncamınızla yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də böyük rol oynayıb. Əmək bazarında stabilləşmənin mühüm göstəricilərindən biri də iş üçün məşğulluq mərkəzlərinə edilən müraciətlərin sayının azalmasıdır. Belə ki, 2016-cı ildə bu məqsədlə məşğulluq orqanlarına 204 min müraciət olunmuşdusa, 2017-ci ildə bu göstərici 1,7 dəfə azalaraq 118 minə enib.

Əmək bazarındakı müsbət meyillər məcburi dövlət sosial sığorta haqlarının artmasına imkan yaradıb. Qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının məbləği 2016-cı illə müqayisədə 10,8 faiz və ya 130 milyon manat artaraq 1 milyard 338 milyon manat olub və büdcə proqnozu 103 faiz icra edilib.

Daxilolmaların səviyyəsi 3,4 milyard manatlıq pensiya və müavinət xərclərini vaxtında maliyyələşdirməyə imkan verib.

Ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib. Altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir.

Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə də regionlarda əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi ünvanlı sosial yardım proqramına müraciətlərin sayını azaldıb. 2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb. İl ərzində bu məqsədlərə 215 milyon manat xərclənib.

2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə sərf edilmiş 371 milyon manat 2016-cı ilin göstəricisindən 9,3 faiz çoxdur.

İl ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Eyni zamanda, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib.

Ötən il sosial xidmət sferasında da bir sıra uğurlar əldə edilib. Ehtiyacı olan insanlar üçün müasir tələblərə uyğun sosial sığınacaqlar fəaliyyətə başlayıb, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün sosial reabilitasiya mərkəzi yaradılıb, 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə isə evlərində sosial xidmət göstərilib, 7 min 700 nəfər əlilliyi olan şəxs sanatoriya-kurort müalicəsinə və istirahət mərkəzlərinə göndərilib, 29 qeyri-hökumət təşkilatı ilə birlikdə icra edilən 61 layihə üzrə 4100 nəfər çətin həyat şəraitində olan uşaq sosial müdafiə tədbirlərinə cəlb olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” sosial müəssisəsinə bu kateqoriyadan olan 209 nəfər yerləşdirilib və onlar üçün həmin müəssisədə xalça və tikiş sexləri yaradılaraq iş yerləri açılıb.

Möhtərəm cənab Prezident, ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar, tətbiq edilən avtomatlaşdırılmış sistemlər mötəbər beynəlxalq qurumlar və digər ölkələrin adekvat strukturları tərəfindən yüksək dəyərləndirilir və böyük maraqla izlənilir.

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda əmək bazarının səmərəliliyi göstəricisi üzrə ölkəmiz 9 pillə irəliləyərək 17-ci yeri tutub və MDB-nin bütün dövlətlərindən öndə qərarlaşıb. 2017-ci ildə Azərbaycan 25 il əvvəl qoşulduğu Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına ilk dəfə üzv seçilib. Bu, Azərbaycanda əmək və sosial müdafiə sahəsində reallaşdırılan islahatların yüksək qiymətləndirilməsinin, ölkəmizə olan böyük inam və etimadın daha bir göstəricisidir.

Bundan əlavə, Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti-2017 Mükafatları” müsabiqəsində nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “Çempion layihə” statusu alıb ki, bu da 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən İttifaq tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana verilən ilk mükafatdır.

Beynəlxalq Valyuta Fondunun işçi heyətinin ötən ilin sonunda Azərbaycana səfərinin yekunlarına dair Fondun veb-saytında yayılmış bəyanatında missiyanın hökumətin struktur islahatlarının icrasında əldə etdiyi nailiyyətləri təqdir etdiyi, sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlərin əldə olunduğu, bunlara İşsizlikdən Sığorta Fondunun yaradılmasının, pensiya islahatının və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçidin aid olduğu vurğulanıb. Bütün bunlar ölkəmizdə əmək bazarının idarə olunması və sosial müdafiə sahəsində Azərbaycan Prezidentinin apardığı siyasətin alternativsiz olduğunu bir daha təsdiqləyir.

Müasir texnologiyaların geniş tətbiqi ilə sosial sferada modernləşməni, vətəndaşların əmək və sosial müdafiə sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışını təmin etmək məqsədilə nazirliyin böyük sosial tələbə malik 30-dək elektron xidmətinə il ərzində “Elektron hökumət” portalı vasitəsilə 9 milyon 341 min dəfə müraciət olunub ki, bu da ölkə üzrə həmin portal vasitəsilə bütün elektron xidmətlərdən istifadənin 40 faizini təşkil edir. Elektron xidmətlər vətəndaş-məmur təmaslarını minimuma endirib şəffaflığı təmin etməklə yanaşı, həm də resurslara qənaətə imkan yaradır. Belə ki, əlilliyin qiymətləndirilməsinin elektron əsaslara keçirilməsi nəticəsində 2017-ci ildə cəmi 28 min nəfərə elektron qaydada ilkin əlillik təyin olunub ki, bu da 2016-cı ilin göstəricisindən 12 min 860 nəfər və ya 31,5 faiz azdır.

Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planına uyğun olaraq ötən il sistem xarakterli islahat tədbirləri barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb, il ərzində nazirliyə daxil olmuş vətəndaş müraciətləri və “Çağrı mərkəzi” vasitəsilə qəbul edilmiş 151 min müraciət cavablandırılaraq əhali ilə sıx təmas təmin olunub.

Bütün qeyd olunanlarla yanaşı, cari ildə qarşıda duran vəzifələrin spektri də çox genişdir. Aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və işsizliyin minimum səviyyədə saxlanılması, qeyri-formal məşğulluqdan leqal məşğulluğa keçidi dəstəkləməklə işləyənlərin müvafiq sığorta sistemləri ilə daha çox əhatə olunması, ailə gəlirlərinin formalaşmasında əməkhaqqının payının artırılması, əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili üçün peşə-tədris mərkəzləri şəbəkəsinin genişləndirilməsi, məşğulluq xidmətləri göstərilməsinin və işsizlikdən sığorta ödənişlərinin təyin olunması və ödənilməsinin avtomatlaşdırılması, sosial xidmət sferasının səmərəliliyinin daha da yüksəldilməsi, əlilliyi olan şəxslərin hüquqlarının reallaşdırılması üçün onlara müvafiq imkanların yaradılması məqsədilə hüquqi bazanın formalaşdırılması və praktiki tədbirlərin görülməsi həmin vəzifələr sırasındadır.

Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi bütün bacarıq və imkanlarını səfərbər edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin edilməsi sahəsində verdiyiniz tapşırıqların icrasını vaxtında və tam təmin edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

 

***

 

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad NƏBİYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Zati-aliləri, Sizin rəhbərliyiniz ilə həyata keçirilən və müasir Azərbaycan tarixinin önəmli layihələrindən biri olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə, qeyd etdiyiniz kimi, ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”a üzv oldu. Bu məqamda xatırlatmaq istərdim ki, Azərbaycanda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma konstruktor bürosu” yaradıldı və kosmik tədqiqatların aparılmasına başlanıldı.

Əfsuslar olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslərin destruktiv təsirləri kosmik sənayedən də yan keçmədi, bu sahədə ixtisaslaşmış kadrların ölkədən axınına, əldə olunmuş bilik və təcrübənin itirilməsinə səbəb oldu.

Zati-aliləri, 2009-cu ildə təsdiq etdiyiniz “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verildi. Bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırdı və “Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrildi.

“Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib.

Cənab Prezident, bütün bunlarla yanaşı, peyk proqramlarının biznes layihəsi kimi özünü doğrultması istiqamətində verdiyiniz tapşırıqların icrası da davamlı şəkildə həyata keçirilir. Dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş olaraq bizi seçir.

Rəqib peyk operatorlarından fərqli olaraq, “Azerspace-1” üzərindən yayımlanan kanalların məzmun seçiminə xüsusi həssaslıqla, etik və milli mənəvi dəyərlər prizmasından yanaşırıq. Bu, bizim tam kommersiya istiqamətində çalışmağımıza məhdudiyyətlər yaradır. Lakin biz bu itkiləri ölkəmizdə digər sahələrin inkişafı hesabına kompensasiya etməyə çalışırıq. Belə ki, Sizin idman sahəsində yürütdüyünüz uğurlu siyasətin nəticəsi olaraq, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin müsbət təsirlərindən faydalanan sahələrdən biri də peyk yayımı sahəsidir.

2015-ci ildə vətənimizdə keçirilən ilk Avropa Oyunları, həmçinin ötən ilin ən önəmli idman hadisələrindən biri olan IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları “Azerspace-1” peyki üzərindən yayımlandı. Bu da “Azərkosmos”un “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə peykimizin orbital mövqeyinin tanınmasına səbəb oldu.

“Azərkosmos” qlobal peyk xidmətləri bazarının fonunda kiçik, regional peyk operatorudur. Lakin peyk xidmətləri bazarında fəaliyyət göstərdiyimiz dörd il ərzində biz bu əlverişsiz mövqeyi üstünlüyə çevirməyə çalışmışıq. Fəaliyyətimizi Strateji İnkişaf Planı əsasında qurur, korporativ idarəetmənin ən son yeniliklərini tətbiq edirik. Bütün bunların nəticəsi olaraq, “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən qısa müddət ərzində peyklərin istismarından 90 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilir.

Cənab Prezident, Azərbaycanın peyk şəbəkəsi ölkəmizin suverenliyinə xidmət etmək və biznes layihəsi olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa dəstək verir. Göstəriş verdiyiniz istiqamətlərdə, yəni kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsi, eləcə də torpaqlardan istifadənin və əkin sahələrinin uçotu ilə bağlı konkret layihələr həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi ilə ötən il pilot layihəsi olaraq, respublikanın dörd rayonunda 5 növ kənd təsərrüfatı məhsulunun məhsuldarlığı proqnozlaşdırılıb, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsi hazırlanıb. Bu il isə layihənin bütün ölkə miqyasında həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, ötən il ərzində respublika üzrə bütün istixanaların peyk təsvirləri vasitəsilə monitorinqi də aparılıb, istixana altında olan torpaq sahələrinin dəqiq sahəsi müəyyən edilib və elektron xəritəsi hazırlanıb. Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə Şəki rayonunda pilot layihə olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinin kosmik monitorinqi aparılıb və bu il analoji layihənin daha bir neçə rayonda icrası nəzərdə tutulur. Həmçinin ötən “Bakutel” sərgisində verdiyiniz tapşırıqların da icrasına – yəni, pivot suvarma sisteminin tətbiq edildiyi əkin sahələrinin və respublika üzrə meşələrin monitorinqinə başlanılıb.

Cənab Prezident, icazənizlə bütün bu nailiyyətləri şərtləndirən və son dövrlərdə bizim layihələrimizi kosmik peyk bazarına daxil olan ölkələrin proqramlarından daha uğurlu edən amilləri diqqətinizə çatdırmaq istərdim. Sizin “Azərbaycan heç vaxt bu qədər güclü olmayıb” fikrinizi müxtəlif sahələrdə çalışan Azərbaycan şirkətləri öz gündəlik fəaliyyətlərində hiss edirlər. Bu güc və beynəlxalq nüfuz bizə imkan verir ki, ən qabaqcıl kosmik texnologiyaların, bilik və bacarıqların ölkəmizə transferini həyata keçirək. Belə ki, ilk milli peykimiz Amerika şirkəti tərəfindən istehsal olunub, fransız şirkəti tərəfindən orbitə çıxarılıb. “Azersky” isə fransız şirkəti tərəfindən istehsal olunaraq Hindistan şirkəti tərəfindən orbitə çıxarılıb. Peyk layihələrinin maliyyələşdirilməsi həmin ölkələrin maliyyə qurumları ilə yanaşı, o cümlədən Yaponiya bankları tərəfindən həyata keçirilib.

Digər tərəfdən, fəaliyyətə başladığımız 2011-ci il “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olduğu ilə təsadüf etdi. Proqram çərçivəsində texniki ixtisaslara üstünlüyün verilməsi “Azərkosmos”un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması zamanı seçim imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirdi. Bu gün peyklərimiz tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur. Müşahidələrimizə əsasən, ötən əsrin 80-90-cı illərində doğulan, bu gün ölkəmizin əmək bazarının əhəmiyyətli hissəsini – 40 faizini təşkil edən və “minilliyin gəncliyi” adlandırılan bu yaş qrupunun öz spesifik xüsusiyyətləri var. Bu gəncliyi qeyri-maddi motivatorlar maddi rifahdan daha çox düşündürür. Onlar gördükləri işin ali məqsədə xidmət etməsini istəyir və üzərilərinə məsuliyyət götürərək sərbəst çalışmağa üstünlük verirlər. “Azerspace” və “Azersky” kimi layihələrin həyata keçirilməsi bu gənclərə müsbət mənada özlərini tapmaq, potensiallarını reallaşdırmaq imkanı verir, vətənimizdən “beyin axınının” qarşısını alır və ən əsası, ölkə olaraq bizi dördüncü sənaye inqilabına hazırlayır. Bu sənaye inqilabının əsas aparıcı qüvvəsini insan potensialı, xüsusilə də onun intellekti təşkil edir. İnanırıq ki, bu gün “Azərkosmos” da daxil olmaqla, Sizin fərman və sərəncamlarınızla yaradılmış texnoloji şirkətlərdə çalışan potensiallı gənclərimizin bir qrupu yaxın gələcəkdə öz startap layihələri ilə yeni iş yerləri yaradan innovativ sahibkarlara çevriləcək.

Məruzə edim ki, inkişafımızın növbəti mərhələsi olaraq “Azərkosmos”da Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb. Hazırda bu Mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, süni intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır.

Zati-aliləri, Korporativ Sosial Məsuliyyət çərçivəsində “Azərkosmos” Milli Aviasiya Akademiyası ilə nano peyklərin hazırlanması sahəsində tərəfdaşlıq edir. 2016-cı və 2017-ci illərdə Akademiyanın tələbələrinin hər il NASA tərəfindən keçirilən beynəlxalq “CanSat” tələbə peyki müsabiqəsində iştirakına tərəfimizdən dəstək verilib, tələbələrimizin hazırladığı model peyklər uğurla səmaya buraxılıb. Bu ildən isə Təhsil Nazirliyi ilə birlikdə universitetlərarası analoji müsabiqənin keçirilməsinə start verilib.

Cənab Prezident, icazənizlə bir qədər də gələcək inkişaf planlarımız barədə məruzə etmək istərdim. Biznesin davamlılığını təmin edəcək “Azerspace-2”nin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Peykin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur. “Azerspace-2” hazırkı əhatə zonamızı genişləndirməklə yanaşı, “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu da bizə müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, “Azerspace-2” peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq “İntelsat” şirkətinə satılıb.

“Azersky” peyki üzrə isə əldə etdiyimiz gəlirlərin 98 faizi xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Dövlət qurumlarında bu xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi həmin proqramın hazırlanmasını zəruri edib. Hesab edirik ki, Dövlət Proqramının qəbul olunması növbəti beş ildə məsafədən müşahidə xidmətlərinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsilə dövlət idarəetməsinin effektivliyini artırar və bu sahə üzrə elmi-tədqiqat və ixrac potensialını yüksəltmiş olar.

Möhtərəm cənab Prezident, kosmik sahəyə göstərdiyiniz xüsusi diqqətə görə “Azərkosmos” ASC-nin kollektivi adından Sizə dərin təşəkkürümü bildirir və əmin edirəm ki, tərəfinizdən qarşımıza qoyulmuş hədəfləri tam məsuliyyəti ilə dərk edir və bu hədəflər üzrə fəaliyyətimizi əzmlə davam etdiririk.

Diqqətinizə görə təşəkkür edirəm.

 

***

 

Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

 

Azərbaycan.- 2018.- 11 yanvar.- S. 1, 2, 3.