2300 ailəyə
bir ev dolusu sevinc
Ötən il Prezident İlham Əliyevin iştirakı ilə
məcburi köçkünlər üçün 2 qəsəbə
istifadəyə verildi, Mehriban xanım Əliyeva isə 1 qəsəbənin
təməlini qoydu
Bu gün dünya
miqyasında humanitar sahədə yaşanan ən böyük
problemlərdən biri qaçqın və məcburi
köçkünlərlə bağlıdır. Bu qəbildən
olan insanların sayının davamlı şəkildə
artması problemin həllini daha da aktuallaşdırır.
Amma indilikdə görünən odur ki, saylarının
getdikcə artmasına baxmayaraq, qaçqın və məcburi
köçkünlərin üzləşdikləri çətinliklər
heç də effektiv şəkildə həllini tapmır.
Düzdür, ortaya fərqli nümunələr
qoyan ölkələr də var və onların
sırasında ilk yerdə Azərbaycanın adı çəkilə
bilər.
Azərbaycandan
uğur nümunəsi
Azərbaycan bu gün azsaylı ölkələrdəndir
ki, qaçqın və məcburi köçkünlərin
üzləşdikləri problemlərin həllində ortaya
kifayət qədər uğurlu bir nümunə qoyub. Ümumiyyətlə, qaçqın və məcburi
köçkünlər probleminin nə dərəcədə
həssas xarakter daşımasını Azərbaycan kifayət
qədər yaxşı bilir və onun həllinin vacibliyini də
hər zaman ön planda tutur. Çünki
ölkəmiz uzun illərdir ki, bu problemlə üzləşib
və bunun hansı çətinliklər
yaratdığını da çox gözəl bilir. Elə
qeyd olunan fonda Azərbaycan artıq
qaçqın və məcburi köçkünlərin
problemlərinin həllində ortaya uğurlu bir nümunə
qoyub. Ötən dövr ərzində iqtisadi
imkanları artan Azərbaycan dövləti öz doğma
torpaqlarını tərk etməyə məcbur edilmiş
insanların üzləşdikləri problemlərin həlli
üçün bütün zəruri tədbirləri
görüb və görməkdə davam edir.
2017-ci ildə doğma
yurdlarından qovulmuş soydaşlarımızın sosial həyat
tərzinin yaxşılaşdırılması, faydalı əməklə
məşğul olmaları üçün qəbul
olunmuş proqramlar əsasında genişmiqyaslı işlər
görülüb. Onların mənzil-məişət
problemlərinin yaxşılaşdırılması istiqamətində
möhtəşəm layihələr həyata keçirilib.
Ötən ilin əvvəlindən
başlayaraq Cəbrayıl rayonunun işğaldan azad
edilmiş Cocuq Mərcanlı kəndində həyat yenidən
canlandı. 24 illik məcburi köçkünlük həyatında
bəlkə də illərdir bir-birindən hal-əhval tuta
bilməyən cocuqmərcanlılıların həsrətinə
son qoyuldu. 50 ev, məktəb,
Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol
çəkilib, bütün infrastruktur yaradılıb. Növbəti 100 evin, tibb məntəqəsinin və
digər lazımi obyektlərin tikintisi üçün də
vəsait ayrılıb.
2017-ci ilin noyabrında Tərtər
rayonunda 1170 məcburi köçkün ailəsi
üçün salınan yeni yaşayış kompleksi isə
dövlətin bu sahəyə diqqət və
qayğısının növbəti təsdiqi oldu.
Xatırlatmaq yerinə düşərdi
ki, burada yaradılan şəraitlə tanış
olan Prezident İlham Əliyev də görülən işləri
yüksək qiymətləndirib və məcburi
köçkünlərin problemlərinin həlli istiqamətində
bundan sonra da lazımi addımlar atılacağını
bildirib: “Bu, Azərbaycan dövlətinin siyasətini göstərir.
Onu göstərir ki, məcburi
köçkünlərin problemlərinin həlli bizim
üçün əsas məsələdir. Təsadüfi deyil ki, Dövlət Neft Fondunun ilk vəsaiti
ulu öndər Heydər Əliyevin göstərişi ilə
məhz köçkünlərin problemlərinin həllinə
istiqamətləndirilmişdir. Bu siyasət bu gün də
davam etdirilir, hər il kifayət qədər
böyük vəsait nəzərdə tutulur və bu il də
belədir, gələn il də belə olacaq. Hələ
də çətin vəziyyətdə yaşayan
köçkünlər var, onların problemləri də
öz həllini tapacaq. Gələn il
ən azı 4 min ailə yeni evlərlə təmin ediləcək
və beləliklə, tədricən biz bu problemi həll edəcəyik.
Bu şəhərcikdə yaşayacaq
köçkünlər bu günə qədər çox
ağır vəziyyətdə yaşayırdılar. Kimsə kirayədə, kimsə yararsız binalarda,
uşaq bağçalarında yaşayırdı. İndi onların həyatında yeni dövr
başlayır və bu, doğrudan da, çox əlamətdar
hadisədir. Onu da qeyd etməliyəm ki, bu
şəhərcik qısa müddət ərzində tikilib
istifadəyə verilib. Tikintinin başlanmasından
heç bir il keçməyib. Bu, onu göstərir ki, bu məsələləri
qısa müddət ərzində həll etmək
üçün bizim kifayət qədər böyük
imkanlarımız var”.
Sosial problemlərin
həlli Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir
Bütün bunlar bir daha
göstərir ki, əhalinin həssas təbəqəsi kimi
qaçqın və məcburi köçkünlərə
göstərilən qayğı daim yüksələn xətt
üzrə inkişaf etməkdə, bu kateqoriyadan olan
insanların mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılması istiqamətində yeni
mühüm tədbirlər həyata keçirilməkdədir. Sözügedən proses
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin
olunmasından sonra daha geniş vüsət almağa
başlayıb.
Ümumiyyətlə, Mehriban
xanım Əliyevanın fəaliyyətində insanlara diqqət,
şəfqət, onların, o cümlədən
qaçqın və məcburi köçkünlərin
problemlərinin effektiv həlli hər zaman əsas istiqamətlərdən
birini təşkil edib. Bunun real təsdiqi Mehriban xanım
Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə
başlamasından sonra əsas diqqəti məhz
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllinə yönəltməsidir.
Xatırladaq ki, Birinci
vitse-prezident kimi Mehriban Əliyeva ilk müşavirəni
Bakı və Sumqayıt şəhərlərində qəzalı
binalarda ağır şəraitdə yaşayan 4 min məcburi
köçkün ailəsinin mənzil şəraitinin
yaxşılaşdırılmasına həsr etdi. Belə ki, ötən il martın 9-da Mehriban Əliyevanın sədrliyi
ilə Bakı və Sumqayıt şəhərlərinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
köçürülməsinə həsr edilən
müşavirə keçirilib. Müşavirədə
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması
üçün görülən işlərlə
yanaşı, hələ də ağır vəziyyətdə,
qəzalı və yararsız binalarda kifayət qədər
çox məcburi köçkün ailəsinin
yaşadığı və bu istiqamətdə işlərin
sürətləndirilməsi üçün təxirəsalınmaz
addımların atılmalı olduğu bildirildi.
Bunun üçün
Bakı və Sumqayıt şəhərlərində
yararsız, qəzalı binalarda yaşayan bütün məcburi
köçkün ailələrinin tezliklə yeni mənzillərə
köçürülməsi barədə tapşırıq
verildi.
2017-ci ilin may ayında Qaradağ
rayonunun Lökbatan qəsəbəsinin
yaxınlığında 1026 ailəlik yeni yaşayış
qəsəbəsinin təməli qoyuldu. Bu qəsəbədə
bütün lazımi infrastruktur, yəni tibb məntəqəsi,
600 şagird yerlik məktəb, uşaq bağçası
inşa olunacaq. Burada artıq inşaat
işləri başlayıb. Cari ildə bu fonda çox ağır vəziyyətdə
yaşayan daha 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə
təmin olunacaq.
Qəzalı vəziyyətdə
olan binalarda məskunlaşmış məcburi
köçkün ailələrinin yeni mənzillərlə təmin
olunması layihəsinin icrası çərçivəsində
isə iyunun 27-də yenə Birinci vitse-prezidentin
iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində
yeni mənzillərin verilməsi mərasimi baş tutdu.
Mərasimdə
çıxışı zamanı Mehriban xanım Əliyeva
bir daha məcburi köçkünlərin sosial problemlərinin
həllinin xüsusi diqqət mərkəzində yer almaqda
davam edəcəyini bildirdi: “Mən öz fəaliyyətimdə
sosial problemlərin, xüsusilə də qaçqın və
məcburi köçkün ailələrinin problemlərinin,
çətinliklərinin həllinə xüsusi diqqətlə
yanaşıram. Birinci vitse-prezident vəzifəmdə
ilk müşavirəm məhz bu problemlərin həllinə
yönəlmişdir. Bizim
qarşımızda duran məqsəd ilkin mərhələdə
Bakı və Sumqayıt şəhərlərində
yararsız, qəzalı, yarımçıq tikilmiş
binalarda məskunlaşmış dörd min məcburi
köçkün ailəsini yeni mənzillərlə təmin
etməkdir. Bunun üçün bütün lazımi
göstərişlər verilib, artıq tədbirlər
görülür və əminəm ki, biz bu məqsədimizə
nail olacağıq... Azərbaycan dövləti
tərəfindən bu tədbirlərin icrası
üçün ümumilikdə 6 milyard manatdan çox vəsait
ayrılmışdır. Bu gün Azərbaycanda
qaçqın və məcburi köçkünlərə
dövlət tərəfindən ayrılmış vəsait
nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri
arasındadır. Azərbaycan dövlətinin
bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz
artıq dünyada bir model kimi qəbul olunur”.
Qeyd edilənlər onun təsdiqidir
ki, ölkə rəhbərliyinin Azərbaycan xalqının
inkişafına hesablanmış siyasətindən
qaçqın və məcburi köçkünlər də
uğurla faydalanırlar. Ölkə əhalisinin ən həssas təbəqəsi
sayılan qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli ilə
bağlı görülən işlər bu insanların həm
sosial, mənzil-məişət çətinliklərinin
aradan qalxmasında, həm də maddi rifah hallarının
yüksəlməsində mühüm rol oynayır.
Nəticələr
təqdirəlayiqdir
Ötən dövr ərzində
Azərbaycan məcburi köçkünlərin üzləşdikləri
sosial problemlərin həllində böyük nailiyyətlərə
imza atıb.
Məsələn, barəsində yuxarıda qeyd olunan Tərtər
rayonunda 1170 məcburi köçkün ailəsi
üçün yeni yaşayış kompleksində yer alan 1170 mənzilin ümumi sahəsi 88 min
kvadratmetrdir. Mənzillərdən 120-si bir,
504-ü iki, 472-si üç, 80-i isə
dördotaqlıdır. Mənzillərə Tərtər
rayonu ərazisində müvəqqəti məskunlaşmış
Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və
Şuşa rayonlarından olan məcburi
köçkünlər köçürüləcək. 50 hektarlıq torpaq sahəsində inşa edilən
yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri
- məktəb, uşaq bağçası, musiqi məktəbi,
inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi,
ATS binası inşa olunub. Musiqi məktəbində
siniflərin hamısı musiqi alətləri ilə təchiz
olunub. 280 yerlik uşaq
bağçasında da balacaların təlim-tərbiyəsi
üçün bütün imkanlar var. Müxtəlif
qrupların fəaliyyət göstərəcəyi
bağçada balacaların ilkin biliklərə yiyələnmələri
üçün bütün tələblər nəzərə
alınıb. Yaşayış kompleksindəki məktəblə
tanış olan dövlət
başçısına məlumat verildi ki, bu təhsil
ocağı 1200 şagird yerlikdir. Burada
şagirdlərin elmin sirlərinə yiyələnmələri
üçün bütün imkanlar var. Bu yaşayış
kompleksi ölkə üzrə məcburi köçkünlər
üçün salınan sayca 97-ci şəhərcikdir.
Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı
və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin
qurulmasına xüsusi diqqət göstərilib, yol,
küçə və kanalizasiya şəbəkəsi
yaradılıb. Ümumiyyətlə, indiyə qədər
salınan yeni yaşayış komplekslərində 152 məktəb,
58 mədəniyyət, 59 səhiyyə müəssisəsi,
60 uşaq bağçası, 2 olimpiya idman kompleksi tikilib,
kilometrlərlə yol, su, hava elektrik və qaz xətləri
çəkilib.
2017-ci ildə həm də
Masazır qəsəbəsində “Yeni Bakı”
yaşayış kompleksində 164 məcburi
köçkün ailəsi yeni mənzillərlə təmin
olunub. Bundan başqa, Mehdiabad qəsəbəsindəki Binəqədi
Gənclər şəhərciyində 50 məcburi
köçkün ailəsi yeni mənzillərlə təmin
edilib. Mənzillər təmirlidir və mətbəx
mebelləri ilə təchiz olunub.
Ümumilikdə
sözügedən 214 mənzil Xəzər rayonunun
Şüvəlan qəsəbəsindəki “Energetika”
pansionatında yararsız binada və Xətai rayonunun Gəncə
prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşan
məcburi köçkünlərə də verilib. Bununla
onların mənzil-məişət problemi tam həllini
tapıb.
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin dünənki iclasında ötən il
məcburi köçkünlərə göstərilən
dövlət qayğısından bəhs edərkən qeyd
edib: "Məcburi köçkünlərin problemləri
daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə
yeni evlərə, mənzillərə
köçürülüb. Beləliklə, 12
mindən çox köçkün yeni evlərlə, mənzillərlə
təmin edilibdir".
6,6
milyard manat vəsait sərf olunub
Onu da qeyd edək ki, məcburi
köçkünlərin mənzil probleminin həlli ilə
bağlı həyata keçirilən tədbirlər nəticəsində
bu qəbildən olan insanlar üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi
olan müasir qəsəbələr və çoxmərtəbəli
binalardan ibarət yaşayış kompleksləri
salınıb. İndiyədək 50 mindən
çox ailənin və ya 250 mindən çox
qaçqın və məcburi köçkünün mənzil
şəraiti yaxşılaşdırılıb.
Qaçqın və məcburi köçkünlərin mənzil
şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu
kateqoriyadan olan insanların sosial problemlərinin həlli
üçün indiyədək 6,6 milyard
manat vəsait xərclənib.
Sahibkarlığın inkişafı
məqsədilə Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu tərəfindən 24 min məcburi
köçkünə 14,8 milyon manat məbləğində
mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat
güzəştli kredit verilib. Bu mikrokreditlərin
əksəriyyəti kənd təsərrüfatı layihələrinə
yönəldilib.
Ötən dövrdə 200
min məcburi köçkün büdcə təşkilatlarında
və digər sahələrdə daimi işlə təmin
edilib. Bununla da məcburi köçkünlər
arasında yoxsulluq həddi son 14 ildə 75 faizdən 12 faizədək
azalıb.
Qarşıdakı dövr ərzində
görülən işlər nəticəsində məcburi
köçkünlərlə bağlı digər məsələlərin
də sürətlə öz həllini tapacağı
şübhə doğurmur. Çünki Prezident
İlham Əliyevin yürütdüyü siyasətin təməl
prinsiplərindən biri məhz qaçqın və məcburi
köçkünlərin həyat səviyyəsinin
yaxşılaşdırılması, onların müxtəlif
problemlərinin həllinə hərtərəfli dövlət
qayğısının təmin olunmasıdır.
Problemlərin həllində
uğurlu nümunə
Ümumiyyətlə, real vəziyyətin
təhlili göstərir ki, məcburi köçkünlərin
sosial problemlərinin həlli qarşıdakı dövr ərzində
daha çevik xarakter alacaq. Təkcə bir faktı qeyd edək
ki, son 23 ildə bu qəbildən olan insanların problemlərinin
həllinə 6,6 milyard manatdan çox vəsait
yönəldilib. Bu vəsaitin 3,1 milyard manatı dövlət
büdcəsindən Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə, 2,1 milyard manat Dövlət Neft
Fondundan məcburi köçkün qəsəbələrinin
tikintisinə ayrılıb, 1,4 milyard manat isə beynəlxalq
humanitar təşkilatların qoyduğu vəsaitdir.
Ümumiyyətlə, ötən
müddətdə qaçqınların, məcburi
köçkünlərin, qaçqın statusu almaq niyyətində
olan şəxslərin sosial problemlərinin həlli ilə
bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza
yaradılıb. Qaçqın və məcburi
köçkünlərin üzləşdikləri
çoxsaylı problemlərin dünya ictimaiyyətinə
çatdırılması da daim diqqət mərkəzindədir.
Görülən işlər artıq real nəticələrini
verir və yurd həsrəti ilə yaşayan insanlar tezliklə
bunun da uğurlu həllini tapacağına tam əmindirlər.
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov qeyd olunan xüsusda bildirir: “Ulu öndər
Heydər Əliyev qaçqın və məcburi
köçkünlərin problemlərinin sistemli həlli
üçün mexanizm qurmağa başladı. Bu gün Prezident İlham Əliyev o mexanizmi təkmilləşdirərək
dünyaya göstərdi ki, bu sahədə Azərbaycan modeli
var. Bu gün dünya miqyasında qaçqın və məcburi
köçkünlərin idarəolunma sistemi, mexanizmi Azərbaycan
brendidir. Hökumətin son hesabatı
zamanı Azərbaycan Prezidenti çıxışında
bunu qeyd etdi. Bu, həqiqətdir.
Baxın, 1 milyon qaçqın və məcburi
köçkün gələn zaman Azərbaycanın 7 milyon əhalisi
vardı, hər 7 nəfərdən biri qaçqın idi.
İndi təbii artım hesabına qaçqın və məcburi
köçkünlərin sayı 1 milyon 200 min nəfərə
çatıb, ölkənin əhalisi isə 10 milyon nəfərdir.
25 illik qaçqın və məcburi
köçkünlük tarixi var, mən 20 ildir ki, bu sahədə
çalışıram, Prezidentin bu sahədə
tapşırıqlarını yerinə yetirirəm. Bu 25 ildə bir dəfə də olsun Azərbaycanda
qaçqınların kütləvi problemi ortaya
çıxmayıb, kütləvi narazılıq olmayıb.
Demirəm ki, heç bir problem olmayıb, olub,
amma o problem ulu öndər Heydər Əliyevin qurduğu
mexanizm və Prezident İlham Əliyevin bu mexanizmi Azərbaycan
brendinə çevirməsinin hesabına yoluna qoyulub. Problemlər həm danışıqla, həm də
görülən işlər hesabına yoluna qoyulub. Bu gün Azərbaycana gələnlər heyran
qalırlar, bunu da biz demirik. Bütün
görülən bu işlər elə-belə başa gəlməyib.
Çox böyük zəhmət, əziyyət, bilik və
bacarıq, çox genişmiqyaslı akademik
proqnozlaşdırma hesabına bu işlər həyata
keçirilib... Təbii ki, bu işə Birinci
vitse-prezident Mehriban Əliyeva da qoşuldu. Mehriban Əliyeva bu gün tək
qaçqınların və məcburi köçkünlərin
problemlərinin həlli ilə deyil, mədəniyyət, təhsil,
tibb, idman, incəsənət sahələri ilə də məşğuldur”.
Dünyaya örnək
Azərbaycan modeli
İndilikdə isə
görünən odur ki, Azərbaycan dövləti öz
yurdlarından didərgin düşən
soydaşlarımızın problemlərinin həllini hər
zaman bir nömrəli vəzifələrdən sayır və
buna müvafiq də zəruri addımlar atılır. Bütün
bunlar bir daha Azərbaycanın məcburi köçkünlərə
diqqət və qayğı baxımından uğurlu bir
nümunə ortaya qoyduğunu aydın surətdə
nümayiş etdirir.
Bu nümunəyə
dünyada ehtiyac artır. Məsələn, faktdır ki, bu
gün 550 milyon əhalisi olan Avropa 1 milyon miqrantın idarəçiliyində
çıxılmaz vəziyyətə düşüb.
Çox vaxt ölüm və işgəncələrdən
can qurtaran qaçqın və miqrantları qəbul edən
ölkələrdə rəhmlilik, dözümlülük
göstərilməkdənsə ayrı-seçkilik və
ksenofobiya müşahidə olunur. Bu, əlbəttə,
onların onsuz da çətin vəziyyətini daha da
ağırlaşdırır. Halbuki on milyon əhaliyə
malik gənc dövlət olan Azərbaycan 20 ildən
çoxdur ki, 1 milyon 200 min nəfərdən çox
qaçqının, məcburi köçkünün problemlərini
həll edir, beynəlxalq hüquq normalarına hörmətlə
yanaşır, götürdüyü öhdəlikləri
layiqincə yerinə yetirir.
Bu gün Avropa bir milyon
qaçqın və miqrantın əlində girova
çevrilib.
Avropada hər gün minlərlə miqranta
qarşı qeyri-insani davranışa, onların
hüquqlarının kobud şəkildə pozulmasına dair
xeyli sayda məlumat yayılır. Özü də
bütün bunlar o fonda baş verir ki,
Avropanın iqtisadi imkanları, əhalisinin sayı Azərbaycandan
dəfələrlə böyükdür. Amma
miqrantların idarəçiliyində onlar, demək olar ki,
çıxılmaz bir duruma düşüblər. Azərbaycanda isə əksinə, məcburi
köçkünlərin, qaçqınların problemlərinin
həllində əməli addımlar atılır. Elə bu səbəbdəndir ki, BMT-nin Baş katibi
Antonio Quterreş ölkəmizə səfərləri fonunda
Azərbaycanın məcburi köçkünlərlə
bağlı gördüyü işləri mühüm təcrübə
kimi dünyanın bir çox ölkələri
üçün nümunə adlandırıb. 10 milyonadək
əhaliyə malik gənc, kiçik bir dövlət olan Azərbaycanın
20 ildən çox müddət ərzində təbii
artım hesabına sayı bir milyon 200 mini keçən
qaçqın və məcburi köçkünün əsas
problemlərini öz üzərinə götürərək
həll etməsi, beynəlxalq hüquq normalarına hörmətlə
yanaşması, götürdüyü öhdəlikləri
layiqincə yerinə yetirməsi həqiqətən də
nümunədir. Azərbaycan bu nümunəni məcburi
köçkünlərin öz torpaqlarına
qayıtmasından sonra da davam etdirəcək və bu insanlar
öz doğma yurd-yuvalarında da hərtərəfli
qayğı ilə əhatə olunacaqlar. O gün isə,
yuxarıda qeyd olunduğu kimi, uzaqda deyil.
O da mühüm faktdır ki, ölkəmizdə
olan qaçqın və məcburi köçkün
probleminin miqyasına baxmayaraq, Azərbaycan hökuməti həmçinin
dünyada humanitar fəlakətlərdən ziyan çəkmiş
insanlara birbaşa və yaxud beynəlxalq təşkilatlar
vasitəsilə vaxtında yardım göstərməkdə
maraqlıdır. Azərbaycanın milli donor institutu olan Beynəlxalq
İnkişafa Yardım Agentliyi (AIDA) dünyanın müxtəlif
yerlərində humanitar yardım üzrə layihələr həyata
keçirir, həssas qrupa məxsus olan insanlara humanitar
yardım göstərir, habelə səhiyyə, təhsil,
enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində
potensialların yaradılması proqramlarını təşkil
edir. Məqsəd zərər çəkmiş
bu cür ölkələrdə BMT-nin “2030 - Davamlı
İnkişaf Gündəliyi”ndə əksini tapmış hədəflərə
nail olmaqdır. Çünki həll
olunmamış münaqişələr yeni qaçqın
axını yaratmaqda və evlərinə qayıtmaq istəyən
milyonlarla qadınları, kişiləri və uşaqları
qeyri-müəyyənlik vəziyyətində saxlamaqda davam
edir.
Azərbaycan isə bu problemlərlə
üzləşən dövlət kimi onun həm ölkə
daxilində, həm də dünya miqyasında həllində
maraqlıdır və bu istiqamətdə də əməli
addımlar atır. Dünyanın bu məsələdə Azərbaycana
hərtərəfli dəstək göstərməsinə isə
böyük zərurət var.
Elçin CƏFƏROV
Azərbaycan.-
2018.-11 yanvar.- S.1; 5.