Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın gələcək müstəqilliyi üçün zəmin hazırladı
Cümhuriyyəti qurmaqla azərbaycanlılar
böyük, istedadlı və azad xalq olduqlarını bütün dünyaya nümayiş etdirdilər
Bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək.
Dövlətçilik tarixinə ehtiramın nümunəsi
Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi. Daha sonra dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzaladı. Artıq iki gündür bu məsələ ölkə ictimaiyyətinin və mediasının əsas müzakirə mövzularından biridir. Böyükdən-kiçiyə hər kəs bu sərəncamı ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirir və təşəkkürünü ifadə edir. Prezident İlham Əliyevin ötən 14 illik fəaliyyətində diqqəti çəkən məqamlardan biri də dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. Bu sırada Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. Tarixçilərə bu istiqamətdə verilən tövsiyələrlə yanaşı, Bakıda “İstiqlal” abidəsinin ucaldılması, hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbulun keçirilməsi Prezident İlham Əliyevin tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramının göstəricisidir.
2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi siyasi əqidəsindən və statusundan asılı olmayaraq bütün insanların ürəyincə olan addım oldu. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bu barədə fikirləri xalqımıza, onun tarixinə və bu gününə verilən ən gözəl dəyərdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Müstəqilliyin əbədiyaşar ideyaları
100 il əvvəl cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi. Birinci Dünya müharibəsinin sona çatması, Rusiyada oktyabr inqilabı və çarizminin süqutundan yaranmış gərgin vəziyyət, Rusiyanın keçmiş ərazilərin hamısına lazımi qədər nəzarət edə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Xüsusilə qeyd olunmalıdır ki, belə bir şəraitdə müstəqil cümhuriyyəti qura biləcək qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rol oynamışdı.
Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşatmışdır. Xüsusən ümummilli lider Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bu dövrdə xalqımızın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksəliş, sürətli inkişaf milli dövlətçilik ideallarının bərpası və gələcək müstəqillik baxımından əhəmiyyəti misilsiz idi. Elə üçrəngli bayrağımızın da Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet hakimiyyətinin mövcud olduğu 1990-cı ilin noyabrında Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərarın qəbul edilməsi də ulu öndərin müstəqillik ideallarına nə qədər bağlı olduğunu göstərirdi.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycan yeni intibahının bünövrəsi demək idi. Xalqımız Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. O dövrü şərh edən ulu öndər Heydər Əliyev demişdir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir”.
Fəqət, müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, səriştəsizliyi az qala bu müstəqilliyin də əldən getməsinə gətirib çıxaracaqdı. Yalnız ulu öndərin sayəsində belə bir vəziyyətdə müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu.
Tariximizin öyrənilməsi və təbliği daim diqqət mərkəzindədir
Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi və dövlət müstəqilliyimizin təbliği kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri, İrəvan xanlığının tarixinin araşdırılması bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlət başçısı xalqı təbrik edir. Bakıda Cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.
Xalq Cümhuriyyətinin yaranmasının yubileyləri hər dəfə yüksək səviyyədə qeyd edilir. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi isə ölkəmizdə və xaricdə keçiriləcək yubiley tədbirlərini il boyu davamlı və daha təntənəli edəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2018.- 12 yanvar.- S.1; 5.