Musiqi tariximizdə misilsiz xidmətləri
olan sənətkar
Tarixə qovuşan
yubileylər
Hələ uşaq ikən Bülbülü xanəndə, vokal ifaçısı kimi tanıyırdım. Onun Azərbaycan mədəniyyəti, musiqi tarixi üçün etdiyi fədakarlıqları yalnız muzeylə tanış olduqdan sonra öyrəndim.
Bülbülü onun çox sevdiyi həyat yoldaşı, irsinin təbliğatçısı, uzun illər Bülbülün Memorial Muzeyinə rəhbərlik edən Adilə xanım Məmmədovadan öyrənmişəm. Bütün uğurlarında dahi Bülbülün yanında olan, xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı evi göz bəbəyi kimi qoruyub saxlayan Adilə xanımdan Bülbülü dinləmək hər insana qismət olmayıb.
Ötən il Prezident İlham Əliyevin 11 may 2017-ci il tarixli sərəncamına əsasən dahi sənətkarın 120 illik yubileyi keçirildi.
Bülbül 1897-ci il iyun ayının 22-də Azərbaycanın musiqi beşiyi Şuşada göz açmışdır. Aydın bir gecədə anadan olduğundan anası ona Aydınlıq adı vermək istəsə də, atası bir neçə il sonra səsi ilə dünyaya əks-səda salacaq bu balaca oğlanı Murtuza adlandırır. Lakin məsələ bundadır ki, ona əsl adı xalq verir. Elə bu adla da xalq tərəfindən sevilir. Hələ 8 yaşında ikən onu Bülbül adlandırırlar. Məşhur Şuşa xanəndələri ilə ünsiyyətdə olan, Azərbaycan musiqisini dərindən öyrənən Bülbül tezliklə Cənubi Qafqaz və Orta Asiyanın məşhur xanəndəsinə çevrilir. Onun məşhurluq dövrü 1909-cu ildə Gəncəyə köçdükdən sonra, Şamaxı mehmanxanasındakı çıxışından başlayır.
1921-ci ildə
konservatoriyanın vokal
sinfinə daxil olur. Burada vokal üzrə təhsil alan ilk azərbaycanlı
tələbə idi. Təhsilini başa vurduqdan sonra onun uğurlarını
görən hökumət
Bülbülü İtaliyanın
Milan şəhərinə, təhsilini təkmilləşdirməyə
göndərir.
1927-1931-ci illər
Bülbül üçün
kəşflərlə dolu
olur. O, Milanda dövrünün
məşhur musiqiçilərindən
təhsil alır, saatlarla arxivlərdə çalışır, italyan
tədris metodikasını
dərindən mənimsəyir.
Dörd illik təhsildən sonra orada qalıb
işləmək təklifləri
gəlsə də, o,
bu təklifləri qəbul etmir, vətəninə qayıdır.
1931-ci ildə
İtaliyanın məşhur
musiqi jurnalı “Arte
Nostra” Bülbülün şəklini
və “Bulbul dell` Azerbedgian”
adlı məqalə çap edir. Məqalədə
deyilirdi: “Bülbül
müsəlman aləmindən
İtaliyaya gəlmiş
ilk azərbaycanlı vokalçıdır.
O, spesifik Şərq oxuma üslubundan Avropa oxuma məktəbinə
keçmişdir. Maestro Rafaelle Qrani Bülbülün italyan oxuma məktəbini, tədris üsuluna mükəmməl yiyələndiyini
etiraf etdikdən sonra o, Avropada topladığı bilikləri
xalqına çatdırmaq,
öz arzusunu - iki məktəbin sintezini həyata keçirmək üçün
vətənə tələsir.
Belə sintezin gözəl sübutu Bülbülün
yaradıcılığıdır”.
Təhsil aldığı
müddətdə dövrünün
tanınmış musiqiçilərindən
- Cüzeppe Anselmi, Delli Ponti və
Rafaelle Qranidən dərs alan
korifey sənətkar Bülbül xatirələrində
yazır ki, bir gün maestro Anselmi ondan muğam
oxumasını xahiş
edir. Üçüncü
oktavada si və do notlarını götürən, Bülbül
C.Anselmini çox təəccübləndirir. C.Anselmi
Bülbülə deyir:
“Siz bu cür
oxuma tərzini, məktəbi atıb adi tenor olmaq istəyirsiniz? Bu sənətlə
siz bütün dünyanı gəzib uğurlar qazana və milyonçu ola bilərsiniz”.
Bülbül cavab verir: “Maestro, mən sənətimi atmaq istəmirəm. İstəyirəm
ki, mənim xalqım bu gün muğam oxuduğunda sabah
“Toska”, “Karmen” oxumağı bacarsınlar.
Mən iki məktəbin sintezini həyata keçirmək istəyirəm”.
1931-ci ildə
Bülbülün İtaliyadan
qayıtmasından sonra
Azərbaycan musiqi sənətinin inkişaf tarixində yeni mərhələ başlanır.
Sosialist Əməyi
Qəhrəmanı, SSRİ xalq artisti, bəstəkar
Fikrət Əmirovun dünyanı zəfər
yürüşü ilə
keçən “Şur”
və “Kürd ovşarı” simfonik muğamları Bülbülün
təşəbbüsü və bilavasitə iştirakı ilə məhz onun evində yaranmışdır.
“Kürd ovşarı”
partiturası üzərində
Fikrət Əmirov öz təşəkkürünü
bu cür ifadə edir: “İri simfonik əsərlərin yeni forması olan iri simfonik muğamların
yaranmasında mən Sizə borcluyam, əziz Bülbül”.
1932-ci ildə
Bülbül Cənubi
Qafqazda ilk Elmi-Tədqiqat
Musiqi Kabinetini yaradır. Bu kabineti
yaratmaqda məqsədi
Azərbaycanın ayrı-ayrı
bölgələrində yaddaşlarda
yaşadılan xalq mahnılarını toplamaq
və notlara köçürmək idi.
Bülbül Musiqi Kabineti ilə əməkdaşlığa bəstəkar
Ü.Hacıbəylini, S.Rüstəmovu,
Ə.Bədəlbəylini, Niyazini, Z.Stelniki, daha sonra tələbələrdən
T.Quliyevi, Z.Bağırovu,
Ərtoğrol Cavidi, M.İsmayılovu, Q.Qarayevi,
C.Hacıyevi, F.Əmirovu
dəvət edir. Bu da Azərbaycan
musiqi irsinin öyrənilməsində, yayılmasında,
bəstəkar və musiqişünasların yetişməsində
böyük rol oynayır.
Bülbül aşıq yaradıcılığına
da böyük sevgi ilə yanaşırdı. O, aşıq yaradıcılığı nümunələrini
toplamaq üçün
respublikanın müxtəlif
rayonlarına xüsusi
ekspedisiyalar təşkil
edirdi. Onun təşəbbüsü ilə
25 aşığın iştirakı
ilə müşavirə
keçirilib, şifahi
xalq yaradıcılığı
materiallarının toplanması
üçün briqada
yaradılıb, 250 çap
vərəqindən artıq
dastan, nağıl, qoşma və aşıq musiqisi nümunələri yazılıb.
1933-cü ildə
Bülbül pianoçuların,
skripkaçıların, violonçel
çalanların və
vokalçıların Birinci
Ümumittifaq Moskva Müsabiqəsində iştirak
edir. O, Vokalçıların Birinci Ümumittifaq Moskva müsabiqəsində
ilk azərbaycanlı laureat
olub.
Opera studiyasının,
səsyazma kabinetinin,
not nəşriyyatının yaradılmasının, parlaq
istedadların aşkara
çıxarılması üçün
Azərbaycanda I Musiqi Olimpiadasının çağırılmasının,
musiqişünaslığa vahid rəhbərliyi təmin etmək məqsədilə SSRİ-nin
ən məşhur musiqişünaslarının geniş
müşavirəsinin keçirilməsinin
təşəbbüsçüsü və təşkilatçısı
olan Bülbül yalnız xalq deyil, həmçinin öz həmkarları, bəstəkar dostları tərəfindən də
sevilir və rəğbətlə qarşılanırdı.
Muzeyin fondunda qorunub saxlanılan materiallara nəzər salarkən orada bir-birindən dəyərli sənədlərlə
qarşılaşırsan. Sosialist
Əməyi Qəhrəmanı,
SSRİ xalq artisti, bəstəkar Qara Qarayev yazırdı: “Elmi-Tədqiqat Musiqi Kabinetinin rəhbəri Bülbül məni xalq musiqisi üzərində
işləməyə cəlb
etdi. Mən aşıq yaradıcılığının,
xalq mahnı və rəqslərinin yazılışını aparır,
xalq mahnılarını
işləyirdim. Beləliklə, mən xalq musiqisinə
yaxınlaşdım və
xalq yaradıcılığının
zənginliyinə valeh
oldum. Mən elmi ekspedisiya
ilə Nuxa rayonunda oldum. Bu səfərin nəticələri
gözəl idi, eşitdiyim bir xalq melodiyası isə ilk simfonik əsərim olan “Ürək mahnısı”nın
əsasını təşkil
etdi”.
SSRİ xalq
artisti, maestro Niyazi Şalyapini rus, Bülbülü isə Azərbaycan operasının
novatoru adlandırırdı. Onlar bir
çox opera tamaşaları
üzərində bərabər
işləyir, konsertlərdə
çıxış edirdilər.
Maestro Niyazi xatirələrində
qeyd edir: “Biz Bülbüllə tez-tez qastrollara çıxırdıq.
Hər yerdə gözəl qarşılanma, dolu salonlar, alqışlar bizi gözləyirdi.
Bülbülün melodiyanı, hər
musiqi ifadəsini cilalamaq bacarığı
məni heyrətə
gətirirdi. Yeni əsərin
hər notunu cana hopduraraq, Bülbül sanki o musiqinin bəstələnmə
prosesini canlandırırdı”.
Ecazkar səs sahibi olan Bülbül bu gün aramızda
olmasa da, onun zəngin irsi yaşayır. Onun yüksəlişlərlə
dolu həyatına hər zaman qiymət verilib - xatirəsi əbədiləşdirilib.
Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə
1976-cı ilin iyun ayında Bakı şəhərində Bülbülün
Memorial Muzeyi yaradılıb. 1982-ci il iyun ayının
10-da muzeyin təntənəli
açılışı olub. Uzun illər Bülbülün
xanımı, onun zəngin irsinin əvəzsiz tədqiqatçısı
Adilə xanım Məmmədova muzeyə rəhbərlik edib. Təkcə onu deyək ki, sədaqətli ömür-gün dostu Adilə xanımın fədakar səyləri nəticəsində bu gün muzeydə 9000-ə
yaxın eksponat qorunub saxlanılır.
Adilə xanımın
sevgi və qayğıyla qoruyub saxladığı, həyatının
ən gözəl günlərini yaşadığı
ev bu
gün də muzeyə gələn qonaqları heyrətə gətirir. Qorunub saxlanılan hər
bir əşyada Adilə xanımın Bülbülə olan sevgisi duyulur. Muzeyin arxiv materialları zəngin xəzinədir.
Arxivdə işlədikcə Bülbülün Azərbaycan
mədəniyyəti üçün
fədakar təşəbbüslərinin
bir daha şahidi oluruq.
Fərqanə CABBAROVA,
Bülbülün Memorial Muzeyinin direktoru
Azərbaycan.- 2018.- 12 yanvar.-
S.8.