Logistika: aqrar sektorun
düşünən beyni, döyünən
ürəyi
Ölkənin aqrar sektorunun müasir simasını nəinki sovet dönəmi, hətta müstəqilliyin ilk illəri ilə müqayisə edəndə ciddi fərqlərlə rastlaşırıq. 1990-cı illərdə gilas dərərdilər, yeşiklərə doldurub maşına vurardılar. Məhsul Bakı bazarına çatanda yeşiklərdəki giləmeyvələr yarıya yenərdi. Yollar o qədər pis idi ki, maşın bağdan Bakıya çatana kimi yeşiklər silkələndikcə məhsul da əzilib zay olardı.
İndi istənilən bağın, bostanın yanından keçən müasir yollar fermerlərə məhsulu bazara sürətlə və itkisiz çıxarmaq imkanı yaradır. Xaçmazdan, ya da elə Bakıdan həmin məsafədə yerləşən istənilən rayondan çıxan gilas maşını iki saat yarımdan sonra “Meyvəli” topdansatış bazarına çatır, məhsul yolda silkələnib əzilmir, görkəmini itirmir, rahat satılır. Belə sadə misal Azərbaycanda mürəkkəb logistika sisteminin qurulmasından xəbər verir.
Aqrar sektorda logistikanı asan qavramaq üçün gözünüzün önünə insan orqanizmini gətirin. Sonra əzələlərdən tutmuş sümüklərədək hər şeyi xəyalən silin. Amma qan damarlarına və ürəyə əl vurmayın. Bu, aqrar sektorda logistikanın sadə sxemidir. Ürək döyündükcə qan damarlarda necə hərəkət edirsə, aqrar sektorda logistika da istehsal olunan bütün kənd təsərrüfatı məhsullarını tarladan, bağdan, bostandan alıcılara sarı “qovur”, geriyə isə bu logistik “damarlar”la pul qayıdır və beləcə, kənd təsərrüfatının ritmik fəaliyyəti davam edir.
İnsanın yaşamını təmin edən böyük və kiçik qan dövranları kimi, logistik sistem də iki - makro və mikro qanada ayrılır. Makrologistika maddi axınları idarə edən ən böyük idarəetmə sistemidir. Burada ölkədə və ya dünyada sənaye idarələri və təşkilatları, vasitəçilər, ticarət və nəqliyyat qurumları birləşir, harmonik qaydalara uyğun olaraq fəaliyyətlərini tənzimləyirlər. Mikrologistika makrologistikanın alt sistemi kimi fəaliyyət göstərir. Bura müxtəlif istehsal müəssisələri, ərazi istehsal kompleksləri aiddir.
Qan dövranında uzunluğu kilometrlə ölçülən kapilyarlar bütün bədənin hüceyrələrini necə oksigenlə təmin edirsə, logistik zəncirdə kiçik fermer təsərrüfatları, iri aqrar kompleksləri də ölkənin və beynəlxalq bazarların ərzaq məhsulları ilə təchiz edilməsində elə rol oynayır. Bu modeli aqrar sektora tətbiq etsəniz, logistikanın nə olduğunu asan başa düşəcəksiniz. Belə ki, kiçik və böyük fermer təsərrüfatları, aqroparklar, emal müəssisələri kapilyarlar kimi öz fəaliyyətlərini özləri qurur və hazırladığı məhsulu bazara - ürəyə sarı qovur. Kəndarası, ölkədaxili yollar, hava və dəmir yolları, məhsulun daşınması üçün nəqliyyat vasitələri, qablaşdırılması üçün konteynerlər də logistik sistemin ritmik fəaliyyətini təmin edən amillərdəndir. Eyni zamanda emal sənayesi, soyuducu və malın saxlanılması üçün anbarlar hamısı logistikanı əhatə edən sahələrdir. Kiçik kapilyardan, fermerlərdən, aqroparklardan gələn məhsullar bu yolda sürətlə anbarlara, soyuduculara yığılır, emal edilir, alıcıya çatdırılır, şəbəkə sistemi ilə paylaşdırılır. İtkilər, nəqliyyat və emal xərcləri nə qədər az olursa, həm fermerlərin, həm də logistik sistemdə fəaliyyət göstərən bütün təşkilatların işi asan, gəliri çox olur. Logistik sistemi qurulmayan istənilən ölkə kənd təsərrüfatı məhsullarının istehsalında böyük itkilərlə üzləşəcək və ciddi qazanc əldə edə bilməyəcək.
Ölkəmizdə də logistik şəbəkənin qurulması və inkişafı istiqamətində atılan mühüm addımlar aqrar sektorun simasını büsbütün dəyişdirə bildi. Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilmişdir. Eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair strateji yol xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulmuşdur. Onların çoxu, demək olar ki, reallaşdırılmışdır.
Ümumiyyətlə, əsrin əvvəlindən bugünədək həyata keçirilən nəhəng layihələr ölkədə aqrar sektorun simasını büsbütün dəyişmiş, müasir tələblərə cavab verən logistik sistemin yaranmasına imkan yaratmışdır. Su anbarlarının tikintisi, yeni kanalların inşası, müasir suvarma sistemlərinin tətbiqi, onlarla kənd təsərrüfatı emal müəssisəsinin, aqroparkın yaradılması Azərbaycanın aqrar imicini qabaqcıl ölkələrin səviyyəsinə qaldırmışdır.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz artmışdır. Əkinlərin ümumi sahəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz genişlənmişdir. Qida Təhlükəsizliyi Agentliyi yaradılmış, “Aqrolizinq” ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. Bunlardan əlavə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətinin səmərəli təşkili üçün yeni regional bölmələr, anbarlar, dayaq məntəqələri qismində logistika infrastrukturu yaradılmış, Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı (www.aqrarbazar.az) hazırlanmışdır.
Sırf logistika sahəsində avtomobil yollarının və bu yollardakı körpülərin, qurğuların və suötürücü boruların ağır yüklərə qarşı etibarlığının və prioritet marşrutlarda yük hədlərinin artırılması məqsədilə müəyyən tədbirlər həyata keçirilmiş, müvafiq norma və standartlar hazırlanmışdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinə dəyişiklik edilərək yükaşırma potensialı 10 milyon ton və 50 min TEU-dan 15 milyon ton və 100 min TEU-ya çatdırılmışdır. Dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi üzrə təhlillərin aparılması, yükgöndərən və nəqliyyat operatorları ilə dəmir yolu arasında operativ və çevik əlaqələrin yaradılması üçün “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılmışdır. “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” çərçivəsində 8,3 kilometr uzunluğunda Astara Azərbaycan-Astara İran yeni dəmir yolu xəttinin və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatdırılmışdır. Logistika sahəsində kadr potensialının gücləndirilməsi üçün isə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Azərbaycan Texniki Universiteti arasında kadr hazırlığı üzrə memorandum imzalanmışdır.
Əgər biz logistikanı qısaca ərzaq və digər məhsulların istehsalçıdan istehlakçıya qədər axın proseslərinin sistemli surətdə idarə olunması kimi nəzərdən keçirsək, logistik zəncirin qurulması üçün görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini aydın görəcəyik. Logistika iqtisadi fəaliyyətin tam bir dövrü kimi nəzərdən keçirilir. Ayrı-ayrılıqda ehtiyatların, nəqliyyatın, alış-satışın, paylaşmanın, istehsal münasibətlərinin, anbarların və məlumatların logistikaları mövcuddur. Logistika gərəkli məhsulun lazım olan miqdarda, lazım olan vaxtda, lazım olan yerə minimal xərclərlə çatdırılmasını təmin etmək deməkdir. Bu sahədə ölkəmizdə görülən işləri sadalayıb qurtarmaq mümkün deyil.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəflər də ciddiliyi ilə seçilir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda həyata keçiriləcək prioritetlərin 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə 1235 milyon manat artacağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Logistikanın qurulması istiqamətində əldə olunan nailiyyətlər bu gün ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarını sürətlə həm daxili, həm də xarici bazarlarda alıcılara çatdırmağa imkan yaradır. Üstəlik yeni bazarları fəth etmək üçün yeni şanslara rəvac verir.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-
2018.- 13 yanvar.- S. 4.