İlham Əliyev müsəlman dünyasını Bakıda birləşdirdi

 

IV İslam Həmrəyliyi Oyunları Azərbaycan idmançılarının zəfəri ilə yadda qaldı

 

Çoxsaylı siyasi, mədəni və digər səpkili beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edən Azərbaycan 2017-ci ildə də ənənəsinə sadiq qaldı.

Mayın 12-22-də paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. İslam dünyasının idman həyatı üçün əlamətdar olan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çox böyük uğurla yekunlaşdı. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq birinci yeri tutdular. İslam dünyasının ən nüfuzlu idman yarışında iştirak edən atletlər, qonaqlar Azərbaycanla tanış oldular, ölkəmizin uğurlu inkişaf modelini növbəti dəfə gördülər.

 

Beynəlxalq etimad ünvanı

 

Belə nüfuzlu bir yarışın Azərbaycanda keçirilməsi haqqında qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndəsinin səsverməsi yolu ilə təsdiq olunub. 2015-ci ilin aprel ayında isə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın evsahibliyi etməsi barədə İHİF ilə müqavilə imzalanıb. Yarışa “Həmrəylik bizim gücümüzdür” şüarı seçilib.

Həmin ildə Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.

Təşkilat Komitəsinin 2 il ərzində məqsədyönlü fəaliyyəti digər təşkilatlara örnək olub. Müsəlman ölkələrinin federasiya nümayəndələri, ən yaxşı idmançıları, şəhərimizin qonaqları burada aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən modern idman arenalarından, xüsusən də təntənəli açılış və bağlanış mərasimlərindən heyrətə gəliblər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Bakı-2017”nin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addım olduğunu diqqətə çatdırıb, idmançılarımızın növbəti dəfə etimadı doğruldaraq xalqımızı sevindirdiklərini bildirib: “Ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi - idman uğurumuz. Bu oyunlar ən yüksək səviyyədə keçirilmişdir. Azərbaycan bütün müsəlman aləmini qəbul etmişdir, öz qonaqpərvərliyini göstərmişdir və idmançılarımız da bizi sevindirmiş, Azərbaycan komanda hesabında birinci yerə layiq görülmüşdür. Eyni zamanda bu oyunlar İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və ölkəmizin niyyətini, siyasətini göstərir”.

 

Güləşçilərimizin hegemonluğu

 

Yüksək təşkilatçılıqla yanaşı, idmançılarımız da onlara göstərilən etimadı doğruldublar. Qazanılan 162 medal Azərbaycan idmanının növbəti təntənəsi oldu. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və ailə üzvlərinin final qarşılaşmalarını arenadan birbaşa izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstək idi.

IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız elə bir möhtəşəm uğura imza atdılar ki, bu, hələ uzun müddət yaddaşlardan silinməyəcək. Bunlar içərisində güləşçilərimizin nailiyyətlərini xüsusi vurğulamaq lazımdır. Belə ki, pəhləvanlarımız 23 medalla (12 qızıl, 6 gümüş, 5 bürünc) “Bakı-2017”nin ən güclüləri oldular.

Yunan-Roma güləşində Orxan Nuriyev (98 kq), Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medala sahib olublar.

Sərbəst güləş yarışlarında isə ölkəmizin hesabına qızıl medalları Mahir Əmiraslanov (57 kq), Nurmaqomed Hacıyev (97 kq), Hacı Əliyev (61 kq) və Cəmaləddin Maqomedov (125 kq) yazdırıblar. Murtazali Müslimov, (70 kq) və Maqomed Müslimov (65 kq) gümüş, Şərif Şərifov (86 kq) isə bürünc medal qazanıblar.

Qadın güləşçilərimiz də uğurlu çıxışları ilə yadda qalıblar. Qızıl medalları komandamızın aktivinə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) yazdırıb. Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq) və Səbirə Əliyeva (75 kq) yarışları gümüş medalla başa vurublar. Elmira Qəmbərova (63 kq) isə bürünc medala sahib olub.

 

Azərbaycan gimnastikasının təntənəsi

 

Həm dünya, həm İslam aləmi üçün önəmli olan bu oyunların proqramına ilk dəfə olaraq gimnastika idman növüdaxil edilmişdi. Bədii gimnastlarımız fərdi yarışlarda İslamiadanı 7 medalla başa vurdular. İlk yarış günündə komanda hesabında qızıl medala yiyələnən təmsilçilərimiz növbəti gündə fərdi yarışlarda medalları sıralamaqda davam etdilər.

Halqa ilə hərəkətlər üzrə fərdi yarışlarda 17.600 xal toplayan M.Durunda çempion olub. Digər idmançımız Jalə Piriyeva isə 16.050 xalla üçüncü yeri tutub.

Jalə Piriyeva topla hərəkətlər üzrə fərdi yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub. O, 17.550 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər gimnastımız Marina Durunda isə 15.800 xalla bürünc medalla kifayətlənib.

Gimnastımız Marina Durunda gürzlərlə yarışda 16.550 xalla gümüş medal əldə edib. Lentlə yarışda isə Marina Durunda 15.450 xalla qızıl medala layiq görülüb. Jalə Piriyeva eyni xalla gümüş medala sahib olub.

Beləliklə, Marina Durunda İslamiadanı 4 medalla (2 qızıl, 1 gümüş, 1 bürünc), Jalə Piriyeva isə 3 medalla - bir qızıl, bir gümüşbir bürünc medalla başa vurub.

Qadın idman gimnastlarımız da onlara bəslənən ümidləri doğruldaraq komanda hesabında (99.300 xal) IV İslam Həmrəyliyi Oyunlarının çempionu olublar. Qızıl medalı Azərbaycana Yuliya İnşina, Yekaterina TişkovaMarina Nekrasova qazandırıblar.

Kişilərin yarışında isə gimnastlarımız Murad Ağarzayev, Timur BayramovTalas Bence qüvvələrini sınayıblar. Yığmamız komanda hesabında 161.700 xal toplayıb. Yalnız Türkiyədən (163.450) geri qalan millimiz 2-ci yeri tutub.

Beləliklə, İslamiadada bir daha Azərbaycan bayrağını yüksəklərə qaldıran qadın və kişi idman gimnastlarımız komanda yarışlarında ölkəmizə növbəti qızıl və gümüş medalları qazandıraraq uğur estafetini davam etdiriblər.

 

Cüdoçular ümidləri doğrultdular

 

Ölkəmizin hesabına ən çox medal yazdıranlardan biricüdoçular olublar. Bu yarışda Azərbaycan idmançıları ümumilikdə 13 medal - 6 qızıl, 7 gümüş medal qazanıblar.

Azərbaycanın həm kişilər, həm də qadınlardan ibarət milliləri komanda yarışlarında da uğurla çıxış ediblər. Kişi cüdoçularımız bütün rəqiblərinə qalib gələrək İslam Oyunlarının qızıl medallarını qazanıblar. Qadın cüdoçularımız isə yalnız finalda Türkiyə millisinə uduzaraq gümüş medala sahib olublar.

Cüdo yığmamızın heyətində Orxan Səfərov (60 kq), Nicat Şıxalizadə (66 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Erdenebat Bazarraqçaa (48 kq) qızıl, Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) gümüş medala layiq görülüblər.

 

Boksda 7 medal qazanıldı

 

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında da idmançılarımız yüksək nəticələr qazanmaqla yadda qaldılar. Yeddi gün ərzində 10 çəki dərəcəsində davam edən mübarizədə Azərbaycan boksçuları bir daha öz ustalıqlarını nümayiş etdirərək 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazandılar.

Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) gümüş, Tayfur Əliyev (56 kq) isə bürünc medala layiq görülüblər.

 

Taekvondoda tarixi qələbə

 

İslamiadada ümumilikdə 9 medal (6 qızıl, 2 gümüş və 1 bürünc) qazanan taekvondoçularımız da ölkəmizin idman şərəfini layiqincə qoruyub, bayrağını ucaldıblar. İdmançılarımız yüksək vətənpərvərlik və mübarizə əzmi nümayiş etdirərək üçrəngli bayrağımızı zirvələrə qaldırıb, İslamiadada taekvondo yarışlarında ən güclü olublar.

Komandamızın heyətində Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq), Milad Beiqi Harçeqani (80 kq), Radik İsayev (+87 kq) və Ramin Əzizov (87 kq) qızıl, Qaşım Maqomedov (54 kq), Fəridə Əzizova (67 kq) gümüş, Məhəmməd Məmmədov (63 kq) isə bürünc medallara sahib çıxıblar.

 

Voleybolda çempionluq

 

Ölkəmizdə bütün idman növlərinə olduğu kimi, voleybola da göstərilən qayğı parlaq nailiyyətlərlə nəticələnir. İslamiada çərçivəsində keçirilən qadın voleybolçuların həlledici qarşılaşmasında Azərbaycan millisi Türkiyə yığması ilə üz-üzə gəlmişdir. Qrup mərhələsində komandamız bütün görüşlərini qələbə ilə başa vurmuş, yarımfinalda Tacikistan komandasını məğlubiyyətə uğratmışdı. Final matçı da istisna təşkil etmədi. Voleybolçularımız həlledici görüşdə Türkiyə millisi üzərində qələbə qazanaraq (3:1) IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına layiq görülüblər.

Kişi voleybolçularımız da İslamiadanı medalla başa vurublar. Final görüşündə İran seçməsinə 0:3 hesabı ilə uduzan yığmamız IV Həmrəylik Oyunlarının gümüş medalına sahib olub.

 

Güclülərin ən güclüləri

 

İslamiadada elə idmançılarımız da var idi ki, hər gün ölkəmizin hesabına 3, 4 və hətta 5 medal əlavə edirdilər. Sevindirici haldır ki, çoxunun da əyarı qızıldır.

Ən çox qızıl medal qazanan atletlərimizdən biri də atıcılıq yarışlarında 5 qızıl medal qazanan Ruslan Lunyovdur. Atıcılıqda kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan güclü olub və Azərbaycanın hesabına ilk qızıl medalı yazdırıb. Daha sonra 25 metrdən tapança ilə sürətli atəşaçmada, 25 metr məsafədən standart tapança ilə atəşaçmada, 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçmada fərdi və komanda yarışında qalib olaraq 5 qızıl medala sahib olub.

Üzgüçülük yarışında Maksim Şemberev 4 qızıl medal qazanıb. Kişilərin 400 metr məsafəyə qarışıq, 1500 metr məsafəyə sərbəst, 200 metr məsafəyə batterflay, 800 metr məsafəyə isə sərbəst üsullarla üzmə yarışlarında qızıl medallara layiq görülüb.

Marina Durunda isə İslamiadanı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. O, bədii gimnastika üzrə komanda yarışlarında, halqa və lentlə hərəkətlərdə birinci olub. Gürzlərlə hərəkətlərdə gümüş, top ilə icra olunan çıxışlarda isə bürünc medala layiq görülüb.

 

Karateçilərdən 5 qızıl...

 

İslamiadada elə gün yox idi ki, idmançılarımız fəxri kürsüyə qalxmasınlar. Əyarından asılı olmayaraq qazanılan hər bir medal uğur göstəricisidir. İştirak etdikləri turnirlərdə ölkəmizin layiqli təmsilçiləri olan karateçilərimiz də IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edərək turniri 10 medalla (5 qızıl, 2 gümüş, 3 bürünc) başa vurublar.

Rafael Ağayev (75 kq), Fəridə Abıyeva (61 kq), Roman Heydərov (+84 kq), İrina Zaretska (68 kq) və Ayxan Mamayev (84 kq) qızıl, İlahə Qasımova (55 kq) və Fəridə Əliyeva (+68 kq) gümüş, Nuranə Əliyeva (50 kq), Firdovsi Fərzəliyev (60 kq) və Asiman Qurbanlı (+84 kq) bürünc medal əldə ediblər.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 14 yanvar.- S. 1; 3.