Dünyaya
nümunə olan xalq-iqtidar birliyi
Prezident
İlham Əliyevin yeni inkişaf konsepsiyasının
uğurlu nəticələri beynəlxalq reytinq agentliklərinin
hesabatlarında da yüksək qiymətləndirilir
Milli iqtisadiyyatın əsas
inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini
təmin edən Azərbaycan dövləti artıq dünya
iqtisadi düzənində özünəməxsus
mövqeyini müəyyənləşdirib.
Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən davamlı islahatlar nəticəsində
bu gün Azərbaycan dünya iqtisadiyyatında yeni
çağırışlara cavab verir. Dövlət
başçısının çevik və praqmatik iqtisadi
siyasəti ilə yeni inkişaf mərhələsinin
başlanğıcında olan Azərbaycan bəzi dövlətlərdən
fərqli olaraq özünün növbəti uğurlu
inkişaf modelini seçib.
Müstəqil,
milli köklərə əsaslanan siyasətin uğurları
Həyatın sürətlə
inkişaf etdiyi, beynəlxalq münasibətlərin dəyişdiyi,
qloballaşan dünyada yeni məsələlərin, yeni
çağırışların ortaya
çıxdığı bir zamanda Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasi və iqtisadi islahatlar Azərbaycana uğur gətirir. Məhz
bu siyasətin nəticəsidir ki, indi dünyada sabitlik
adası statusuna sahib çıxan Azərbaycan regionun lider
dövləti kimi meqalayihələr həyata keçirir. Bu
gün Azərbaycan sözün tam mənasında müstəqil,
özünü təmin edən, milli köklərə əsaslanan,
eyni zamanda dünya birliyinin etibarlı və layiqli üzvü
olan dövlətdir.
Azərbaycan 2003-cü ildən
başlayaraq dünyanın heç bir dövlətinə
müyəssər olmayan sürətli inkişaf yolu
keçib. Nəticəsi isə göz önündədir. Bu
gün Azərbaycan tarixinin ən qüdrətli
dövrünü yaşayır. Təkcə bir fakta nəzər
yetirək. Əgər 2003-cü ildə valyuta
ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 42 milyard
dollardır. Yəni son 15 ildə Azərbaycanın valyuta ehtiyatları
23 dəfə artıb.
Xalq-iqtidar
birliyinin şərtləndirdiyi inkişaf yolu
Əlbəttə ki, ölkəmizdəki
sabitliyi və bütün uğurları şərtləndirən
ən vacib amil xalq-iqtidar birliyidir. Dövlət
başçısının uğurlu siyasətinin təməlində
məhz xalq tərəfindən göstərilən dəstək
dayanır.
Nazirlər Kabinetinin 2017-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında Prezident İlham Əliyev vurğulayıb ki,
sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz.
Bu, aksiomadır: “Bunu biz yaxın tarixdə dəfələrlə
görmüşük. Sabitlik pozulan zaman inkişaf da
dayanır, ölkə iqtisadiyyatı tənəzzülə
uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə,
sabitlik hər bir ölkənin inkişafı
üçün başlıca şərtdir. Azərbaycanda isə
sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir
və eyni zamanda bizim apardığımız siyasətdir.
Çünki bizim siyasətimiz milli maraqlara söykənir,
milli maraqlarımız bizim üçün hər şeydən
üstündür. Ölkəmizin təhlükəsizliyi,
sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq
arenadakı artan rolu sabitliyin təminatçısıdır”.
Azərbaycanın bu sahədəki
uğuru Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı”nda da öz əksini tapıb. Hesabatın “Siyasətçilərə
ictimai etimad” adlanan kateqoriyasında Azərbaycan dünyada əhalinin
dövləti idarə edən siyasətçilərə ən
çox etimad göstərdiyi “Top-20” ölkənin arasında
qərarlaşıb.
Aparılan obyektiv sorğunun nəticəsinə
əsasən, Azərbaycan “Böyük İyirmilik” ölkələrinin
hər 4-dən 3-ünü geridə qoyub. Azərbaycanın
137 ölkə arasında ilk iyirmilikdə qərarlaşması
əlbəttə ki, Prezident İlham Əliyevin siyasətinə
beynəlxalq ictimaiyyətin verdiyi layiqli qiymətidir.
Onu da qeyd edək ki, Azərbaycan
“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha bir kateqoriya
- “Dövlət tənzimlənməsinin yükü” göstəricisinə
görə 15-ci yerdə qərarlaşıb. Bu isə bir daha
təsdiq edir ki, Azərbaycan dünyada dövlətə ən
çox etimad göstərilən və dövlətin əhaliyə
və biznesə ən az yük olduğu ölkələrin
sırasındadır.
Bütün bunlar Azərbaycan
Prezidentinin 2003-cü ildən bugünədək həyata
keçirdiyi müstəqil siyasətə verilən qiymətdir.
Bu siyasətin uğurları, nailiyyətləri isə göz
önündədir. Azərbaycanın sosial-iqtisadi inkişaf
sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən
təqdir olunduqca ölkəmizin dünya arenasındakı
siyasi nüfuzu daha sürətlə artır.
Avropa və Mərkəzi
Asiya regionunda ən islahatçı 3 ölkədən biri
Ötən il dünyanın
aparıcı beynəlxalq təşkilatları, qurumları və
tanınmış siyasətçilər, iqtisadçılar
Azərbaycanın reallaşdırdığı hərtərəfli
islahatları inkişaf etməkdə olan ölkələr
üçün nümunə kimi göstərdilər. Beynəlxalq
reytinq mərkəzləri və nüfuzlu kütləvi
informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki
uğurlarını yüksək qiymətləndirdilər.
Məsələn, 2016-cı ildə
Dünya Bankı tərəfindən hazırlanan “Doing
Business-2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşmışdı.
Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha
çox islahat aparan 29 ölkədən biri idi. Ötən il
isə “Doing Business-2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək
190 ölkə arasında 65-ci pillədən 57-ci yerə
yüksəldi. Prezident İlham Əliyevin rəhbərliyi ilə
aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi
olaraq Azərbaycan 8 pillə irəliləməklə
yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə
ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşdi.
Bu hesabatda Azərbaycanın
mövqeyi 10 indikatordan aşağıdakı altı indikator
üzrə yaxşılaşdı: elektrik enerjisinin əldə
edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması
(1 pillə), kiçik investorların hüquqlarının
qorunması (22 pillə irəliləyərək 10-cu yer),
vergilərin ödənilməsi (5 pillə irəliləyərək
35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək
38-ci yer) və müflisləşmənin həlli (39 pillə
irəliləyərək 47-ci yer).
Hesabatdan da göründüyü
kimi, sözügedən beynəlxalq indeks tərəfindən
Azərbaycanda hüquqi qanunvericilik, habelə biznes mühitinin
əlverişliliyinin daha da
yaxşılaşdırılması istiqamətində
aparılan islahatlar məxsusi olaraq qeyd edilib. Bu, beynəlxalq
reytinq agentliklərinin Azərbaycanda aparılan islahatlara
xüsusi diqqət yetirdiklərini və izlədiklərini
göstərir.
Azərbaycanın mövqeyinin
dünyanın ən mötəbər reytinqlərində irəliləməsi
bilavasitə Prezident İlham Əliyev tərəfindən
aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq
ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.
MDB ölkələri
arasında daim lider olan dövlət
Ötən il Dünya İqtisadi
Forumu tərəfindən nəşr olunan “2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı”nda da Azərbaycan növbəti dəfə irəlilədi.
Ölkəmiz 137 dövlət arasında iki pillə irəliləyərək
35-ci yerdə qərarlaşdı. Həmçinin həmin
hesabatda Azərbaycan əmək bazarının səmərəliliyi
üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutdu.
Ölkəmiz artıq 8 ildir ki, sözügedən hesabatda MDB
ölkələri arasında birinci yerdə qərarlaşır.
Bir faktı xüsusi qeyd etmək
lazımdır ki, hətta G20-yə daxil olan İtaliya, Rusiya,
İndoneziya, Türkiyə, Hindistan, Cənubi Afrika
Respublikası kimi ölkələr bu rəqabət indeksinə
görə Azərbaycandan geridə qaldılar. Region ölkələrinə
gəldikdə isə qonşu Gürcüstan həmin reytinqə
görə 67-ci yerdə, işğalçı Ermənistan
isə 73-cü yerdə qərarlaşıb. Bu, çox
mühüm nəticədir. Çünki hesabatda Azərbaycanın
12 indikatordan 9-da öz mövqelərini xeyli
yaxşılaşdırması böyük uğurdur.
Əlbəttə ki, bütün
bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes
mühiti üzrə aparılan uğurlu iqtisadi islahatların
nəticəsidir. Faktiki olaraq dünyanın iki ən
nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın
inamla irəliləməsi ölkəmizdə aparılan
davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin
verdiyi yüksək qiymətdir. Reytinqin
yaxşılaşması Azərbaycana investisiya axını,
iqtisadiyyatın rəqabət qabiliyyətinin artması,
qeyri-neft ixracının genişlənməsi və yeni iş
yerlərinin açılması deməkdir.
Beynəlxalq
birlik İlham Əliyevin iqtisadi islahatlarını yüksək
qiymətləndirir
Nazirlər Kabinetinin 2017-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında Prezident İlham Əliyev bu məsələyə
toxunaraq qeyd edib ki, dünya miqyasında 35-ci yeri tutmaq yüksək
nəticə, böyük qələbədir: “Həm Dünya
Bankı, həm Avropa Yenidənqurma və İnkişaf
Bankı Azərbaycanda gedən proseslərə yüksək
qiymət verirlər, eyni zamanda Davos Ümumdünya İqtisadi
Forumunun hesablamalarına əsasən, Azərbaycan
iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə
2017-ci ildə iki pillə irəliləyərək dünya
miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox
böyük göstəricidir, ilk növbədə onu
göstərir ki, hətta iqtisadi cəhətdən o qədər
də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən,
biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi
qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq
iqtisadi birlik tərəfindən bizim iqtisadi
islahatlarımıza verilən ən böyük qiymət məhz
Davos Forumunun reytinqidir və bunun da əsası var.
Çünki son illər ərzində ölkəmizdə
aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə
gətirib çıxarıbdır”.
Dövlət
başçısı vurğulayıb ki, Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən,
makroiqtisadi mühitə görə Azərbaycan dünya
miqyasında 39-cu, MDB məkanında isə birinci yerdədir.
Bu, yüksək qiymətləndirmədir. Əlbəttə,
çox əlamətdar haldır ki, beynəlxalq təşkilatlar
Azərbaycan Prezidentinin yeni inkişaf konsepsiyası əsasında
ölkədə yaradılan makroiqtisadi vəziyyətlə
bağlı görülmüş işlərə çox
müsbət reaksiya verir və yüksək qiymətləndirirlər.
Bu il Azərbaycan
iqtisadiyyatına yatırılan investisiyaların həcmi 3,5
faiz artacaq
Ötən il Azərbaycanın
adı nüfuzlu “Standard&Poor's” (S&P) beynəlxalq reytinq
agentliyinin də hesabatında ön sıralarda qərarlaşdı.
Belə ki, qurumun yaydığı
məlumatda qeyd edilirdi ki, 2018-ci il Azərbaycan
iqtisadiyyatında artım olacaq. Sənəddə 2019-2020-ci
illərdə Azərbaycanda illik ümumi daxili məhsul
(ÜDM) istehsalının artımının 3,5 faiz səviyyəsində
olacağı proqnozlaşdırılır. ÜDM bu il 2 faiz
(nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard
dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq. Bundan
başqa, Azərbaycan iqtisadiyyatına yatırılan
investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci ildə
3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz
artacaq.
Agentliyin hesabatında göstərilirdi
ki, 2017-2020-ci illərdə Azərbaycanın xarici ticarət
dövriyyəsində müsbət saldo qorunacaq, belə ki,
2017-ci ildə ÜDM-in 12,3 faiz, 2018-ci ildə 12,7 faiz, 2019-cu
ildə 14,3 faiz, 2020-ci ildə 14,8 faizə bərabər
olacaq.
Azərbaycan
Ordusu dünyanın ən güclü orduları
sırasındadır
Ötən il beynəlxalq təşkilatların
açıqladıqları hesabatlarda təkcə Azərbaycanda
sosial-iqtisadi göstəricilər deyil, ordu quruculuğu sahəsində
də görülən işlər qiymətləndirilib. Belə
ki, 2017-ci ildə “Global Fire Power” mərkəzi ümumilikdə
50 göstərici əsasında dünyanın ən
güclü ordularının reytinqini
açıqlamışdı. Ümumilikdə 133 ölkənin
yer aldığı siyahıda Azərbaycan Ordusu hərbi
qüdrətinə görə 58-ci sırada qərarlaşmışdı.
Azərbaycan bu göstərici üzrə region ölkələrini
qabaqladı. Çünki reytinq siyahısında
Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdə idi.
Reytinq siyahısı hazırlanarkən
ölkələrin ordularının şəxsi heyətinin,
ehtiyatda olan hərbçilərin, orduya yararlı insanların
sayı əsas götürülmüşdür. Bununla
yanaşı, orduların arsenalındakı silahların
müxtəlifliyi, nüvə potensialı, coğrafi
mövqe, təbii ehtiyatlar və ölkənin infrastrukturu nəzərə
alınmışdır.
Nazirlər Kabinetinin son iclasında
dövlət başçısı vurğulayıb ki, bu
gün beynəlxalq reytinqlərə görə, Azərbaycan
Ordusu dünya miqyasında güclü ordular
sırasındadır. Çünki dövlət modern ordu
quruculuğu istiqamətində bütün lazımi
addımları atır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir.
Hərbi bazalar, şəhərciklər, hərbi hissələr
yenidən qurulur, əsaslı təmir edilir. Hərbi şəhərciklərimizin,
bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq
standartlara cavab verir. O cümlədən yeni müasir
silahların alınması üçün lazım olan vəsait
ayrılır: “Yoxsul Ermənistandan fərqli olaraq, biz öz
hesabımıza yaşayırıq, o cümlədən hərbi
gücümüzü öz hesabımıza
artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən
dilənmirik, heç kimə yalvarmırıq, kredit
üçün müraciət etmirik. Ona görə Azərbaycan
ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan
Ordusu bundan sonra da güclənəcək və istənilən
tapşırığı yerinə yetirməyə
hazırdır. Yaxın tarix bunu göstərmişdir”.
Azərbaycan
vətəndaşlarının 81 faizi hökumətə
etibar edir
Onu da vurğulayaq ki, yola
saldığımız 2017-ci ildə bir sıra xarici və
yerli qeyri-hökumət təşkilatları ölkəmizdə
sosioloji sorğular aparmaqla Azərbaycan hökumətinin xalq
qarşısındakı xidmətlərini, görülən
işlər və ölkə vətəndaşlarının
öz rəhbərinə nə qədər güvəndiyini
müəyyənləşdiriblər.
Avropa İttifaqının “Şərq
Tərəfdaşlığı” proqramının sifarişi
ilə hazırlanan araşdırma nəticəsində bəlli
olub ki, Azərbaycan vətəndaşlarının 81 faizi
hökumətə etibar edir. Siyasi partiyalar rəyi
soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin
etibarını doğruldur. ING maliyyə holdinqinin (Niderland)
analitik məruzəsində yer alan bu araşdırmaya əsasən
vətəndaşların 80 faizə qədəri ölkənin
gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə
isə rəyi soruşulanların 83 faizə yaxını
nikbinliklə baxır. ACT LLC-nin sosioloqları vətəndaşların
həyatında ən böyük problemlər haqqında
suallar da verib. Araşdırma zamanı, həmçinin Azərbaycanda
iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il
üçün inflyasiyanın səviyyəsi 6,9 faiz
proqnozlaşdırılır. Bu il neftin bir barelinin qiymətinin
51 dollar olacağı proqnozlaşdırılır.
Analitiklər daxili tələbatın
daha da sabitləşəcəyini gözləyirlər.
Ekspertlər kənd təsərrüfatında və qeyri-neft
sektorunda artım olduğunu bildirirlər, amma inşaata
investisiyaların kifayət qədər
olmadığını hesab edirlər. Ötən il pərakəndə
satışların artımı 2 faiz ətrafında dəyişib,
əməkhaqqı və gəlirlərin artması istiqamətində
ilk dönüş əlamətləri qeydə alınıb.
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bu məsələyə də
toxunub: “Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu
müsbət meyillər daha da güclənəcək.
Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir
və xalq-iqtidar birliyi bu gün də göz
qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində
xalq tərəfindən göstərilən dəstək
dayanır. Bu müsbət meyillərin gücləndirilməsi,
əlbəttə ki, ölkəmizin uzunmüddətli,
dayanıqlı inkişafını təmin edəcəkdir”.
Güclü
iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə
tamamlanır
Əldə olunmuş bu nailiyyətlər
bir daha təsdiq edir ki, Azərbaycan yeni
çağırışları qarşılamağa
hazırdır və bunun üçün adekvat inkişaf
strategiyasına malikdir. Dövlət
başçısının söylədiyi kimi, heç bir
başqa ölkədə son 14 il ərzində iqtisadiyyat bu qədər
artmayıb.
Bütün göstəricilərə
əsasən deyə bilərik ki, 2018-ci il Azərbaycan
üçün uğurlu il olacaq. Heç də təsadüfi
deyil ki, artıq beynəlxalq reytinqlər də ölkəmizin
vəziyyətinin yaxşı olduğunu göstərir və
respublikamız daha yüksək yerlər tutmaqda davam edir. Bu,
onu göstərir ki, Azərbaycan iqtisadiyyatı harmonik
inkişaf edir və şaxələnmiş iqtisadiyyatdır.
Bu da ölkədə balanslaşdırılmış siyasətin
aparılmasının bariz nümunəsidir.
Ümumiyyətlə, çox
doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat
kimi səciyyələndirilir. Başqa sözlə desək,
Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə
uyğun olaraq ölkəmizdə güclü iqtisadi
inkişaf dərin məzmunlu sosial siyasətlə
tamamlanır. Bütün ölkə boyu infrastrukturun ən
yüksək standartlar səviyyəsində yenidən
qurulması, paytaxtda və bölgələrdə müasir
obyektlərin istifadəyə verilməsi, əhalinin
rifahının yaxşılaşdırılmasına yönəldilən
tədbirlərin miqyasının ilbəil genişləndirilməsi
Azərbaycanın sosial dövlət kimi mənzərəsini
göz önündə canlandırır.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 16 yanvar.- S.1; 5.