Kosmos ölkələri sırasında da
mövqeyimiz möhkəmlənir
Nazirlər Kabinetinin iclasında bu sahədə əldə olunan
nailiyyətlərdən ətraflı danışıldı
2009-cu ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq etdikdən sonra ölkəmizdə müasir kosmik layihələrin həyata keçirilməsinə başlandı. Bununla da Azərbaycanın xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıldı. 2013-cü ildə “Azerspace-1” peykinin orbitə çıxarılması isə ölkənin tarixində önəmli hadisəyə çevrildi. Bu peyk Azərbaycanın informasiya təhlükəsizliyinin vacib amillərindən biri oldu.
Bu gün “Azerspace-1”lə bərabər “Azersky” peyki də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir. 2015-ci ildən başlayaraq bu peykdən ölkənin müdafiəsi və təhlükəsizliyi istiqamətində geniş istifadə olunur. Başqa sözlə, Azərbaycanın son illərdə qazandığı iqtisadi güc və beynəlxalq nüfuz ən qabaqcıl kosmik texnologiyaların, bilik və bacarıqların da ölkəmizə transferinin həyata keçirilməsinə imkan verir. İlk milli peykimizin Amerika şirkəti tərəfindən istehsal olunmasını və fransız şirkəti tərəfindən orbitə çıxarılmasını qeyd etmək kifayətdir. “Azersky” isə fransız şirkəti tərəfindən istehsal olunub və orbitə Hindistan şirkəti tərəfindən çıxarılıb. Peyk layihələrinin maliyyələşdirilməsi həmin ölkələrin maliyyə qurumları ilə yanaşı, Yaponiya bankları tərəfindən həyata keçirilib.
“Azərkosmos” regional peyk operatorudur, qlobal peyk xidmətləri bazarının fonunda bəlkə də kiçik görünür. Lakin fəaliyyət göstərdiyi dörd il ərzində öz üstünlüklərini təsdiqləyib. “Azərkosmos” öz işini Strateji İnkişaf Planı əsasında qurur, korporativ idarəetmənin ən son yeniliklərini tətbiq edir. Təsadüfi deyil ki, ASC qısa müddət ərzində peyklərin istismarından 90 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Beləliklə, peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsi də mümkün olur.
“Azerspace-1” və “Azersky” peykləri müvəqqəti işğal altında olan bölgələrimizdə törədilən yanğınların davamlı surətdə monitorinqinin aparılmasına və dəymiş ziyanın qiymətləndirilməsinə imkan verir.
Təqdirəlayiq haldır ki, peyklər Azərbaycanın sosial-iqtisadi inkişafına da böyük dəstək verir. Kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsi, torpaqlardan istifadənin və əkin sahələrinin qeydiyyatı ilə bağlı konkret layihələrin həyata keçirilməsini misal gətirmək olar. “Azərkosmos” ötən il Kənd Təsərrüfatı Nazirliyi ilə pilot layihəsi kimi dörd rayonda bir sıra məhsulların məhsuldarlığını proqnozlaşdırıb, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsini hazırlayıb. Cari ildə bu istiqamətdə işlərin davam etdirilməsi, yəni layihənin ölkə miqyasında həyata keçirilməsi nəzərdə tutulub.
Keçən il eləcə də respublika üzrə bütün istixanaların peyk təsvirləri vasitəsilə monitorinqi də aparılıb, istixana altında olan torpaqların dəqiq sahəsi müəyyənləşdirilib və elektron xəritəsi hazırlanıb. Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə Şəki rayonunda pilot layihə - kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinin kosmik monitorinqi keçirilib və bu il analoji layihə daha bir neçə rayonda icra olunacaq.
Eləcə də pilot suvarma sisteminin tətbiq edildiyi əkin sahələrinin və ölkə ərazisindəki meşələrin monitorinqinə başlanıb.
Peyk proqramları özünü biznes layihələri kimi də doğruldur. Belə ki, dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. İndi Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş kimi “Azərkosmos”u seçir.
Peyk yayımı eləcə də Azərbaycanın idman sahəsindəki uğurlu siyasətinin nəticəsi olan mötəbər yarışların müsbət təsirlərindən faydalanan sahələrdən biridir.
2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunları, həmçinin ötən ilin önəmli hadisələrindən olan IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları “Azerspace-1” peyki üzərindən yayımlandı. Bu da “Azərkosmos”un “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə peykimizin orbital mövqeyinin tanınmasına səbəb oldu.
Sahənin inkişafı davam edir. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev demişdir: “İnkişafın növbəti mərhələsi olaraq “Azərkosmos”da Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb. Hazırda bu mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, süni intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır... Biznesin davamlılığını təmin edəcək “Azerspace-2”nin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Peykin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur. “Azerspace-2” hazırkı əhatə zonamızı genişləndirməklə yanaşı, “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu da bizə müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, “Azerspace-2” peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq “İntelsat” şirkətinə satılıb”.
“Azersky” peyki üzrə isə əldə edilən gəlirlərin 98 faizi xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkədə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Həmin proqramın hazırlanmasını dövlət qurumlarında bu xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi zəruri edib. Sözügedən iclasda o da vurğulanıb ki, dövlət proqramının qəbul olunması növbəti beş ildə məsafədən müşahidə xidmətlərinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsilə dövlət idarəetməsinin effektivliyini artırar və bu sahə üzrə elmi-tədqiqat və ixrac potensialını yüksəltmiş olar.
Flora SADIQLI
Azərbaycan.-
2018.- 16 yanvar.- S.1; 5.