20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Komitənin sədr müavini Niyazi Rəhimov çıxış edərək 1990-cı ilin 20 Yanvar gününün Azərbaycanın müasir tarixinə faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, bu tarixin dünyanın hər yerində Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd edildiyini bildirib. Onun sözlərinə görə, M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst mövqeyinə, torpaqlarımıza iddia edən Ermənistanı dəstəkləməsinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxarmış, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnmişdir: “Ölkənin odövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gəldi, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisəsinə siyasi-hüquqi qiymət verildi, cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi”.
Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdaiəsi gücləndirilib və dövlət qayğısının artırılması məqsədilə əməli tədbirlər görülüb.
Sonra komitədə çalışan şəhid ailəsi üzvlərindən bir neçəsi çıxış edərək vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq yolundan danışıblar. Onlar ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə daim qayğı göstərildiyini, sosial problemlərinin həll olunduğunu söyləyib, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırıblar.
Tədbir
iştirakçıları Azərbaycanın
azadlığı və suverenliyi uğrunda həlak olmuş
şəhidlərin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəklərini bildiriblər.
Azərbaycan.-
2018.- 16 yanvar.- S.7.
“Azərbaycan”