Azərbaycan dünyada sərmayə
qoyuluşu üçün
cəlbedici ölkəyə çevrilib
Prezident İlham Əliyevin
yaratdığı siyasi-iqtisadi sabitlik, əlverişli biznes
və investisiya mühiti
istənilən layihənin gerçəkləşməsinə
təminat verir
Son illər dünya ölkələrinin üzləşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda mövcud olan təhlükəsizlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir.
Yola saldığımız 2017-ci il Prezident İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub.
Xarici investorları
Azərbaycana cəlb edən amillər
Qloballaşan dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, əksər ölkələrdə sərmayə
qoyuluşunu azaldıb. Ancaq Azərbaycandakı
mövcud investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi
ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlət
başçısının tapşırıqlarına əsasən,
investisiya mühitinin daha da yaxşılaşdırılması
istiqamətində həyata
keçirilən işlərin
nəticəsidir ki, Azərbaycana sərmayə
qoyan şirkətlərin
sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir.
Məlumdur ki, investorlar
ancaq sabit olan ölkəyə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun
nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına
2004-2017-ci illərdə 225 milyard dollar həcmində
investisiya qoyulub.
Bu müddətdə ölkə
iqtisadiyyatına yatırılan
xarici investisiyanın həcmi isə 107,2 milyard dollar təşkil edib.
Davamlı sosial-iqtisadi inkişafın
təmin edilməsi məqsədilə dövlət
əsaslı vəsait
qoyuluşu xərcləri
dinamik olaraq artıb, investisiya xərcləri dövlət
büdcəsində əhəmiyyətli
çəkiyə malik
olub.
Ötən il Azərbaycan iqtisadiyyatına
14,6 milyard dollar sərmayə qoyulub
Öncə ötən ilin statistik göstəricilərinə
nəzər yetirək. Keçən
il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Xarici ticarət dövriyyəsi
2017-ci ilin ilk 11 ayında
21,8 milyard ABŞ dolları
təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard dolları üstələyib.
2017-ci ilin
dövlət büdcəsinin
vəsaiti hesabına investisiya xərclərinə
2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə
tutulan bütün layihələrin maliyyələşdirilməsi
təmin olunub. Valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Adambaşına düşən valyuta
ehtiyatlarının həcminə
görə Azərbaycan
dünya miqyasında ön yerlərdən birini tutur.
Nazirlər Kabinetinin
2017-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, ölkə iqtisadiyyatına
14,6 milyard dollarlıq sərmayə qoyuluşu çox gözəl göstəricidir.
Bu, onu göstərir ki, həm yerli,
həm də xarici investorlar ölkəmizə vəsait
qoymaqda maraqlıdırlar:
“Bu, eyni zamanda qeyd etdiyim sabitliyin
təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə
xarici ölkələrə
vəsait qoymaq bir çox investorlar tərəfindən
o qədər də məqbul sayılmır.
Ancaq sabit olan ölkələrə
və gözəl gələcəyi olan ölkələrə xaricdən
investisiyalar qoyulur.
Ona görə il ərzində təxminən
15 milyard dollar investisiyaları
cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir”.
Mühüm geosiyasi
aktor, potensial iri sərmayəçi
Azərbaycan hazırda regional lider, bir sıra qlobal
məsələlərdə mühüm geosiyasi aktor, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkədir. Azərbaycan
“Şərq-Qərb”, “Şimal-Cənub”
nəqliyyat dəhlizləri,
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropa İttifaqı üçün
prioritet enerji layihələrindən biri
olan dörd layihədən ibarət
(“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi, TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir.
Azərbaycanın təşəbbüskarı
olduğu və davam edən regional bağlılıq layihələri,
o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı
Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən
Xəzər dənizi
sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb
və Şimal-Cənub
istiqamətləri üzrə
çoxtərəfli imkanlara
malik transregional infrastrukturun inkişafında
keyfiyyətcə yeni nailiyyətləri nümayiş
etdirir.
Prezident İlham
Əliyevin söylədiyi
kimi, bütün bu layihələr bir daha sübut
edir ki, Azərbaycan son 15 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan
regionda xarici ölkələrin iqtisadiyyatına
yatırılan investisiyaların
həcminə görə,
bu gün MDB-də aparıcı dövlətlərdən birinə
çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin
hesabatlarında respublikamız
bölgədə investisiyaların
coğrafi mərkəzinə
çevrilən ölkə
kimi səciyyələndirilir.
Nazirlər Kabinetinin
sonuncu iclasında dövlətimizin başçısı
bu məsələyə
toxunaraq vurğulayıb:
“İqtisadi potensialımız
siyasi gücümüzü
artırır, bölgədəki
vəziyyətimizi möhkəmləndirir,
imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını
düzgün müəyyənləşdirək
və onu icra edək. “Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” layihələrinin
və digər önəmli layihələrin
maliyyələşməsində əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol oynamışdır”.
Bu il
ölkə iqtisadiyyatına
15 milyard dollar sərmayə
qoyuluşu gözlənilir
Bütün bu uğurlar əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə qazandığı yüksək etimad sayəsində reallaşıb. Ona görə də əminliklə söyləyə bilərik ki, bu il də ölkə iqtisadiyyatına sərmayə qoyuluşu əvvəlki ilin səviyyəsində olacaq. Aparılan hesablamalara görə, bu il ölkə iqtisadiyyatına təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Dövlət başçısı qeyd edib ki, bu rəqəm arta da bilər. Çünki Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilib. İqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində ölkəmizə kömək göstərəcək: “Əminəm ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Mən şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşmişdir, inflyasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir”.
Dünya ölkələrinin üzləşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda olan təhlükəsizlik, makroiqtisadi sabitlik əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilmiş ölkə kimi səciyyələndirilir. Hər bir xarici sərmayə isə Azərbaycanın gələcəyi, sabahın etibarlı maliyyə təminatı deməkdir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2018.- 17 yanvar.- S.1; 3.