Tariximizə verilən böyük
dəyər
Azərbaycan Xalq Cümhuriyyəti – 100
100 il əvvəl müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli dirçəlişi prosesinin məntiqi nəticəsi və tarixi zərurət idi. Tarixə nəzər salanda 1918-ci ildə Azərbaycanı müstəqilliyə aparan yolların heç də asan və hamar olmadığı aydın görünür.
Amma ömrü boyu xalqının işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb yanan, yazdığı məqalələrdə, ictimai və siyasi fəaliyyətində bu hisslərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səyləri nəticəsində müstəqilliyə aparan yollardakı maneələr dəf edildi. Məhz o insanların müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi və 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri barədə danışarkən demişdir: “Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə - XIX əsrin sonu XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu, ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşadı. İlk demokratik respublikamız dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi sahələrdə atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı.
Sovet illərində Azərbaycan formal olaraq müstəqil olsa da, əslində bu, əsarətdən başqa bir şey deyildi. Xalqın bütün milli-mənəvi dəyərləri əlindən alınmış, tamamilə yad ideologiyanın təsiri altına düşmüşdü. Üstəlik, zəngin iqtisadi potensialı, nefti olan Azərbaycan sadəcə Sovet İttifaqının xammal bazası rolunu oynayırdı. Amma ötən əsrin 70-ci illərindən başlayaraq hər şey dəyişdi. 1969-cu ildə Heydər Əliyevin respublikaya rəhbərliyə başlamasından sonra xalqımız mənəvi dəyərlərinə sahib çıxdı, ölkə xammal bazasından istehsalçıya çevrildi. Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanı və onun mədəniyyətini bütün dünyada daha yaxından tanımağa başladılar. Hazırda müstəqil Azərbaycanın iqtisadi yüksəlişində baza rolunu oynayan sənaye və kadr potensialı ulu öndər Heydər Əliyevin o illərdəki məqsədyönlü, düşünülmüş, uzaqgörən fəaliyyəti sayəsində təşəkkül taparaq formalaşdı. Ulu öndər Azərbaycanın müstəqil dövlət olacağını hiss edirdi.
1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən istiqlalına qovuşdu. Lakin həmin dövrdə hakimiyyət dairələrinin səbatsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoydu. Ölkədə yaranmış anarxiyadan cana doymuş, ən başlıcası isə müstəqilliyimizin itirilməsindən ehtiyatlanan xalqın çağırışı və təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Bu gün cəsarətlə demək olar ki, əgər belə bir məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı məmləkət dünya xəritəsindən silinə bilərdi.
Heydər Əliyev xalqımıza əbədi müstəqillik bəxş etdi. Prezident İlham Əliyev isə öz uğurlu siyasəti ilə müstəqilliyimizi daha da möhkəmləndirir, sarsılmaz edir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki kimi qüdrətli olmamışdır. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya birliyində söz sahibi kimi qəbul olunması məhz müstəqil siyasətin bəhrəsidir.
Prezident İlham Əliyev Azərbaycanın dövlətçilik tarixinin, onun qəhrəmanlıq səhifələrinin öyrənilməsinə, araşdırılmasına və təbliğinə böyük önəm verir. Bakıda “İstiqlal” abidəsinin ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyasının dərci, İrəvan xanlığının tarixinin yenidən araşdırılması buna bariz nümunədir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam da Prezident İlham Əliyevin tariximizə olan böyük ehtiramının göstəricisidir.
Dövlət başçısının müvafiq sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildi. Prezidentin bu qərarı bütün ölkə ictimaiyyətinin dərin razılığına səbəb oldu. Çünki 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinin böyük tarixi əhəmiyyəti var. Bu, ilk növbədə Prezident İlham Əliyevin xalqımızın tarixi keçmişinin öyrənilməsini, milli-mənəvi dirçəliş məsələlərini daim diqqət mərkəzində saxlamasının göstəricisi, ölkənin müstəqilliyinə verdiyi dəyərdir. Eyni zamanda bu, dövlət başçısının xalqımızın bütövlüyünün, həmrəyliyinin daha da möhkəmlənməsinə verdiyi böyük töhfədir. Ən əsası isə Prezident İlham Əliyev bu sərəncamla bütün dünyaya mesaj verərək bildirdi ki, Azərbaycan ərazi bütövlüyünün itirilməsi ilə barışmayacaq, mütləq tarixi ədaləti bərpa edəcək.
Cavid OSMANOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2018.- 17 yanvar.- S.5