Xalq Artisti Çingiz Sadıxov son mənzilə yola salınıb
ABŞ-da
vəfat etmiş məşhur pianoçu, Azərbaycanın Xalq Artisti Çingiz Sadıxovla yanvarın
16-da Təzəpir məscidində
vida mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, sənətkarın tabutu önünə Azərbaycan
Respublikasının Prezidenti
adından əklil qoyulub.
Vida mərasimində
dövlət və hökumət rəsmiləri,
respublikanın tanınmış
elm, mədəniyyət və
incəsənət xadimləri,
habelə ziyalılar,
ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti
Fərhad Bədəlbəyli
çıxış edərək
sənətkarın həyat
və yaradıcılığından
söz açıb.
O, sənətkarın vəfatını
Azərbaycan mədəniyyəti
və musiqisi üçün böyük
itki kimi dəyərləndirib. Vurğulayıb
ki, Azərbaycan musiqisində Çingiz Sadıxovun özünəməxsus
yeri və xidmətləri var. O, böyük
sənətkarlarımız Rəşid Behbudovu, Bülbülü, Mirzə
Babayevi, Şövkət
Ələkbərovanı və
digər sənətkarları
ən məşhur konsert salonlarında müşayiət edib.
Məşhur pianoçu
ilə gənc vaxtlarından tanış
olduğunu qeyd edən Xalq Artisti Rafiq Seyidzadə
deyib: “Çingiz Sadıxov olduqca böyük musiqiçi idi. Rəşid Behbudovun repertuarının
ən yüksək səviyyədə təqdim
olunmasında onun böyük xidmətləri
olub. Çingiz Sadıxov ABŞ-ın
40-dan çox şəhərində
Azərbaycan musiqisini təbliğ edib”.
Çıxış edənlər Çingiz Sadıxovun xatirəsinin Azərbaycan xalqının
qəlbində hər
zaman yaşayacağını
söyləyiblər.
Ölkə başçısının göstərişinə
əsasən nəşi
vətənə gətirilən
görkəmli musiqiçi
Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub.
Çingiz Sadıxov
1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk
musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində
(indiki Bülbül adına Orta
ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının
(indiki Bakı Musiqi Akademiyası)
fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında
oxuyub.
Görkəmli musiqiçi
Azərbaycan Dövlət
Filarmoniyasının solisti
və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman
Qasımovalar və başqa məşhur vokalçıları müşayiət
edib. Çingiz Sadıxov Bakıda 16 nömrəli musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq
birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində
çalışıb, eləcə
də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun
təşkilatçısı və müəllimi olub.
Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar
Artisti, 1987-ci ildə Xalq Artisti fəxri
adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli
Sərəncamı ilə
Azərbaycan musiqi sənətinin inkişafında
xidmətlərinə görə
“Şöhrət” ordeni
ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən
ABŞ-ın San-Fransisko,
son zamanlarda isə
San-Xose şəhərlərində
yaşayıb, 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.
Allah rəhmət
eləsin.
Azərbaycan.- 2018.- 17 yanvar.- S.5