Böyük Qayıdışın böyük başlanğıcı

 

Ali Baş Komandan İlham Əliyevin bərpa etdirdiyi Cocuq Mərcanlı kəndi məcburi köçkünlərin öz yurdlarına qayıtdıqları ilk yaşayış məskəni kimi tarixə düşdü

 

 2017-ci il müasir Azərbaycan dövlətinin tarixində bir sıra möhtəşəm hadisələrlə iz qoydu. Prezident İlham Əliyevin apardığı müstəqil siyasətin nə qədər doğru olduğu ötən il bir daha təsdiqləndi. Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza ataraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədi.

İstər siyasi, istərsə də sosial-iqtisadi uğurlarla zəngin olan 2017-ci il həm də illərdir yurd, torpaq həsrəti ilə yaşayan soydaşlarımızın qəlbindəki ümid çırağının yenidən alışdığı, Qarabağa, doğma yurda qayıdışın başlandığı il oldu. Azərbaycan dövləti ötən ilin iyun ayından Böyük Qayıdış planının icrasına başladı. Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndi məcburi köçkünlərin öz yurdlarına qayıtdıqları ilk yaşayış məskəni kimi tarixə düşdü.

 

24 illik həsrətin sonu

 

İllərdir xalqımızın gözü Qarabağa gedən yoldadır. Hər kəs doğma torpaqlara qayıdacağımız günü səbirsizliklə gözləyir. 2016-cı ilin aprel döyüşlərindən sonra böyük qələbənin bizə nə qədər yaxın olduğuna bir daha əmin olduq. Çünki Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarətli, qətiyyətli mövqeyi ortadadır. Həm aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət, həm də cənab Prezidentin prinsipial mövqeyi hər kəsdə əminlik yaradır ki, böyük qələbə yaxındadır.

Beləliklə, şanlı aprel zəfərindən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat, sonra isə kəndə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq 4,3 milyon manat vəsait ayırdı.

Sevincinin həddi-hüdudu olmayan 250-dən çox Cocuq Mərcanlı sakini doğma kəndlərinə qayıtmaq üçün ərizə ilə müraciət etdi. Bütün bunlar isə bir milyondan çox məcburi köçkündə öz ata-baba yurdlarına dönəcəklərinə ümidinam hissini gücləndirdi.

 

Dünya Cocuq Mərcanlının timsalında erməni vəhşiliyinə şahidlik etdi

 

Cəmi bir neçə ay işğal altında qalan və ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilən Cocuq Mərcanlı kəndində tikinti-quruculuq işlərinin aparılması üçün tapşırıq verildi.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Bundan sonra kənddə quruculuq işlərinə başlandı.

Prezident İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq fevralın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditasiya olunmuş xarici KİV nümayəndələri və fevralın 15-də xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfərləri təşkil olundu.

Bu səfər zamanı həm əcnəbi jurnalistlər, həm də səfirlər Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılmasının və viran edilməsinin şahidi oldular. Erməni vəhşiliyi ilə bağlı dolğun məlumatlar qısa müddətdə bütün dünyaya yayıldı. Bütün dünya cəmi dörd ay ərzində işğal altında qalmış bir kənddə ermənilərin törətdikləri vandalizmin şahidi oldu. Bununla da ermənilərin son 200 ildə uydurduqları yalanböhtanlar ifşa edildi.

 

Cəmi 2 aya bərpa olunan kənd

 

Ötən il martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırıldı. Cəmi iki ayda plana uyğun olaraq ərazidə ilkin mərhələdə 50 (ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20 ikiotaqlı, 25 üçotaqlı, 5 dördotaqlı) fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr, eni 12 metr olan avtomobil yolu çəkildi. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikildi, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edildi. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırıldı, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkildi.

Subartezian quyusu qazıldı, 100 kubmetrlik su anbarı inşa edildi. Yeni komplekt transformator məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırıldı. Azərişıq” ASC tərəfindən 35/10 kilovatlıq böyük yarımstansiya inşa olundu. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Cəbrayıl rayonunun ləğv olunmuş avtomobil yolları idarəsini bu kənddə bərpa etdi. Daxili İşlər Nazirliyi polis idarəsi üçün, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün rabitə-kommunikasiya xidməti üçün bina tikdi. Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə kənddə “Azərsu” ASC-nin “Birləşmiş SukanalMMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi yaradıldı.

Aztelekom” tərəfindən kəndə 10 kilometr məsafədən optik kabel çəkildi, 64 nömrə tutumlu elektron Avtomat Telefon Stansiyası (ATS), kənd daxilində telefon kabellərin yeraltı çəkilişi üçün kabel-kanalizasiya qurğuları quraşdırıldı, 1200 metrədək məsafədə daxili şəbəkə quruldu. Cocuq Mərcanlıda inşa edilən 50 yeni evin hamısı, həmçinin məktəb telefonlaşdırıldı, internetlə təmin edildi.

Prezident İlham Əliyevin tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri olan məscid tikildi. Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı yaşayış məskəni oldu.

Bütün bunlar xalqın öz Prezidentinə sonsuz inamını, böyük qayıdışa əminliyini daha da gücləndirdi. Çünki bu sərəncam həm də böyük tarixi-siyasi əhəmiyyət kəsb etməklə yanaşı, dövlətin artıq bu istiqamətdə əməli fəaliyyətə, real işə keçdiyini dünyaya, beynəlxalq ictimaiyyətə bəyan edən ciddi bir mesaj oldu.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunan iclasında dövlət başçısı Cocuq Mərcanlının bərpasını belə qiymətləndirdi: “Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Ona görə həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və göstərir ki, biz haqq yolundayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

 

14 iyun 2017-ci il - Ali Baş Komandanın Cəbrayıla ilk səfəri

 

İyunun 14-də, Qurtuluş günü ərəfəsində Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinə səfəri ilə Böyük Qayıdış Konsepsiyasına start verildiyi gün kimi tariximizə yazıldı. Elə dövlət başçısı da bu tarixi günü belə qiymətləndirdi: “Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır”.

Öncə yenidən qurulan, qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşən Cocuq Mərcanlı kənd yolunun açılışını edib, yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış oldu. Ali Baş Komandan məktəbdə hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdü.

Dövlət başçısı özünün xüsusi tapşırığına əsasən, Cocuq Mərcanlıda inşa edilən Şuşa məscidinin bənzəri olan məscidə baş çəkdikdən sonra kənd sakini Oqtay Həziyevin evində oldu və Azərbaycan Respublikasının birinci dərəcəli ilk “Əmək” ordenini, eləcə də evin orderini ona təqdim etdi.

Qurtuluş günü ərəfəsində Cəbrayıl torpağına qalib sərkərdə kimi ayaq basan Ali Baş Komandan

İlham Əliyev bərpa edilən kəndi gəzərək bir daha dünaya sülh mesajı verdi. Dövlət başçısı eyni zamanda bəyan etdi ki, Azərbaycan işğal faktoru ilə heç zaman barışmayacaq və bir qarış torpağını düşmən tapdağı altında qoymayacaq.

İlin sonunda Prezident Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində kəndin bərpasını və inkişafını qürur mənbəyimiz və əyilməz ruhumuzun rəmzi adlandırdı.

Dövlət başçısının bu səfərindən sonra Cocuq Mərcanlıya böyük köç başlandı. Bakıda və Biləsuvar rayonunda məskunlaşmış cocuq mərcanlılılar 24 ildən sonra doğma yurda qayıtdılar və kənddə yenidən həyat qaynamağa başladı.

 

10,5 milyon manat vəsait və ikinci mərhələnin başlanğıcı

 

Dövlət başçısı Cocuq Mərcanlıya səfəri zamanı işlərin bununla bitmədiyini vurğulayaraq növbəti mərhələdə kənddə təqribən 100 əlavə ev, tibb məntəqəsinin tikiləcəyini və yerlərinin yaradılacağı ilə bağlı əlavə tədbirlərin görüləcəyini söylədi.

Səfərin səhəri günü, iyunun 15-də Prezident İlham Əliyev daha bir sərəncam imzalayaraq Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosialinfrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat vəsait ayırdı. Beləliklə, kənddə tikinti-quruculuq işlərinin ikinci mərhələsi başlanıldı.

Sentyabrın 13-də isə dövlət başçısı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” sərəncam imzaladı. Sərəncama əsasən Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrıldı.

 

126 gün davam edən təmizləmə əməliyyatları

 

ANAMA 2017-ci il yanvarın 25-dən iyulun 3-dək Cocuq Mərcanlıda ərazi, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələrini mina və partlamamış hərbi sursatlardan təmizləyib. Təmizləmə əməliyyatları 126 gün davam edib.

Bu müddətdə ümumilikdə 4 milyon 590 min 878 kvadratmetr ərazi müxtəlif üsullarla yoxlanılıb. Nəticədə 74 partlamamış hərbi sursat, piyada əleyhinə 26 minatank əleyhinə 140 mina aşkar olunaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən kəndə çəkilməsi nəzərdə tutulan suvarma kanalının keçəcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına ötən il noyabrın 17-də başlanılıb. Otuz iki gündə 11 partlamamış hərbi sursatpiyada əleyhinə iki mina aşkarlanıb, 511,3 min kvadratmetr ərazi tam təmizlənib. Həmçinin 236 min 766 kvadratmetr ərazi 20 santimetr dərinliyində, 180 min 700 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitə ilə təmizləmə üçün hazırlanıb. 231 min 479 kvadratmetr ərazi “Ferex” və “Ebinger” dərinlikölçən cihazı ilə yoxlanılıb.

 

Cocuq Mərcanlıda daha 100 ev sakinini gözləyir

 

Təmizləmə əməliyyatından sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başalandı.

17 hektar ərazidə 100 fərdi yaşayış (14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı) evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparıldı. Hər bir ailə üçün 10 hektar torpaq sahəsi ayrıldı. Qəsəbədaxili yollara asfalt örtük salındı, elektrik, suqaz xətləri çəkildi. İlin sonunda bütün tikinti işləri başa çatdı.

İkinci mərhələdə fərdi yaşayış evlərindən savayı klub-icma mərkəzi, 50 yerlik uşaq bağçası inşa olunub. Klub-icma mərkəzinin binası 150 yerlik geniş zaldan, kitabxana və digər otaqlardan ibarətdir. Bina lazımi inventar və avadanlıqlarla təmin edilib. Müasir istilik sistemi və zəruri avadanlıqla təchiz olunan bağçada isə iki qrup fəaliyyət göstərəcək.

 

Sahibkarlar üçün yaradılan əlverişli imkan

 

Ötən il kənddə bir çox dövlət obyektləri ilə yanaşı özəl müəssisələr də inşa edildi. Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Cocuq Mərcanlıda yem emalı müəssisəsinin təməli qoyuldu.

Yem emalı müəssisəsinin fəaliyyəti nəticəsində gələcəkdə Cocuq Mərcanlıda təsərrüfatlar yemlə təmin olunacaq. Layihə çərçivəsində yem emalı avadanlıqları üçün otaqların və anbarın inşa olunması nəzərdə tutulur. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxumtəmizləyən, yemüyüdən, otdoğrayan avadanlıqlar quraşdırılacaq.

Böyük Qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı qəsəbəsində icma əsaslı biznesyönümlü layihələrin reallaşdırılması, o cümlədən yem emalı müəssisəsinin inşası kənddə məşğulluğun təmin olunmasına, regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Yeni yem emalı müəssisəsinin istifadəyə verilməsi kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin inkişafına şərait yaradacaq.

Onu da qeyd edək ki, kənd sakinləri artıq gündəlik tələbat mallarını, ərzaq məhsullarını almaq üçün Horadizə, Füzuli rayonuna üz tutmurlar. Dekabrın 16-da kənddə “OBA” marketlər şəbəkəsinin böyük ofisinin açılış mərasimi keçirilib.

 

İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı”

 

Ötən il həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərbaycan” qəzetinin birgə layihəsi olanİlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabı çapdan çıxdı.

Sentyabrın 21-də kitabın təqdimat mərasimi keçirildi. Düzdür, indiyədək Qarabağ, müharibə mövzusunda bir çox dəyərli kitablar yazılıb. Ancaq yeni nəşr ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki keyfiyyət dəyişikliyindən bəhs edir.

Kitabda tarixi baxımdan zəruri olan sənədlərə, aprel zəfərinin səbəb və nəticələrinə, Prezident

İlham Əliyevin aprel döyüşləri barədə fikirlərinə geniş yer ayrılıb. İşğal nəticəsində həm Cocuq Mərcanlı kəndinə, həm Cəbrayıl rayonuna vurulan ziyan fakt və sənədlərlə göstərilib. Nəşrə həm Azərbaycan Ordusunun aprel zəfəri, həm də Böyük Qayıdışın başlanğıcı ilə bağlı Milli Məclisin deputatlarının, siyasətçilərin, politoloqların, müxtəlif sahələrdə çalışan insanların fikirləri də daxil edilib.

Nəşrin rusingilis dillərinə tərcümə olunmuş variantları da işıq üzü görüb.

 

İşğaldan azad ediləcək şəhərlər, kəndlər yenidən qurulacaq

 

Azərbaycan Ordusunun aprel qələbəsindən sonra bu gün Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda, Lələtəpədə Azərbaycan bayrağı dalğalanır. Cocuq Mərcanlı məscidinin minarəsindən verilən azan səsi həm şəhidlərimizin ölməz ruhunu şad edir, həm də düşmənin canına vəlvələ salır.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bunu belə qiymətləndirib: “Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıqbu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq”.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-18 yanvar.- S.1; 3.