Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılığı ilə nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı dost-qardaş ölkələrimiz arasında strateji əməkdaşlıq imkanlarının müasir dövrdə daha da genişləndiyi məmnunluqla vurğulanaraq bildirildi ki, son illər qlobal enerji və nəqliyyat layihələrini uğurla həyata keçirən Azərbaycan ilə Türkiyə arasında siyasi-iqtisadi-mədəni sahələrdə işbirliyi milli maraqlar çərçivəsində bundan sonra da davam etdiriləcək. Bu il bir çox önəmli hadisələrə dair silsilə tədbirlərin olacağını xatırladan tərəflər, həmçinin Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, vaxtilə Türkiyədən köməyə gələn ordunun Bakını erməni işğalından azad etməsi, dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının ilk olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınması kimi mühüm tarixi hadisələrin xüsusi qeyd olunmasının xalqlarımız arasında mövcud ənənələrin qorunması baxımından əhəmiyyətini vurğuladılar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbət gedərkən, problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ olmadığını bildirən tərəflər bundan sonra da bu istiqamətdə bütün beynəlxalq tədbirlərdə həmrəy mövqedən çıxış edəcəklərini bir daha bəyan etdilər.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsinə dair bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2018.-18 yanvar.- S.2.