Danimarkadakı “Vətən”
Cəmiyyəti 20 Yanvar
faciəsinin ildönümü
ilə əlaqədar
bəyanat yayıb
Danimarkada fəaliyyət
göstərən “Vətən”
Cəmiyyəti 20 Yanvar
faciəsinin növbəti
ildönümü ilə
əlaqədar bəyanat
yayıb və BMT-nin baş katibinə,
Təhlükəsizlik Şurasına
və insan hüquqları üzrə
ali komissarına,
habelə Avropa Komissiyasına, Avropa Şurasına, Danimarka parlamentinə, bu ölkənin Baş nazirinə təqdim edib.
AZƏRTAC xəbər
verir ki, bəyanatda 20 Yanvar faciəsi barədə məlumat verilir. Bildirilir ki,
həmin gecə keçmiş sovet ordusunun Azərbaycanda törətdiyi hadisələr
xalqımızın qan
yaddaşından heç
vaxt silinməyəcək.
İmperiya ordusunun xalqımıza qarşı
həyata keçirdiyi
terror aktı insanlığa
qarşı ən ağır cinayətdir və artıq 28 il keçməsinə
baxmayaraq, bu qətliam və onun qurbanları hər il ürəkağrısı
ilə yad olunur.
Bəyanatda qeyd edilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə
sovet ordusunun xüsusi təyinatlı hərbi qüvvələri
və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən
Bakı və Sumqayıt şəhərlərinə,
habelə ölkəmizin
bir çox digər şəhər və rayonlarına yeridilib. Həmin qüvvələr dinc əhaliyə qarşı hərbi əməliyyat keçirərək,
beynəlxalq hüquq normalarını, keçmiş
SSRİ və Azərbaycan
SSR-nin konstitusiyalarının
müvafiq müddəalarını
kobudcasına pozaraq, öz hüquqlarının
və torpaqlarının
müdafiəsinə qalxmış
xalqımıza qarşı
kütləvi qırğın
törədib. Belə
ki, ölkəmizə
daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından
və cinsindən asılı olmayaraq 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları,
qadınları və
uşaqları amansızcasına
öldürüb. Həmçinin 744 dinc insan yaralanıb,
841 nəfər isə
qanunsuz həbs edilib. Yaralıları daşıyan təcili
tibbi yardım maşınlarına və
həkimlərə də
atəş açılıb,
tibb işçiləri
belə qətlə yetirilib. Hücum zamanı sıravi
insanlara qarşı qadağan olunan bir çox silah və sursatdan
istifadə edildiyi vurğulanan bəyanatda 20
Yanvar hadisələrinin
beynəlxalq hüquqa
əsasən, insanlıq
əleyhinə cinayət
kimi qəbul edilməsi üçün
kifayət qədər
hüquqi sənədlərin
mövcud olduğu diqqətə çatdırılır.
“Ümid edirik ki, dünya ictimaiyyəti Azərbaycanın
haqli tələblərini
dəstəkləyəcək, bu faciə insanlıq
əleyhinə cinayət
kimi tezliklə hüquqi qiymətini alacaq və cinayətkarlar cəzalandırılacaqlar”,
- deyə bəyanatda vurğulanır.
Azərbaycan.- 2018.- 19 yanvar.- S.5.