Rənglərin işığında “Qara Yanvarmövzusu

 

Bu şərəfli tariximiz yalnız ədəbi dildə deyil, daşda, ağacda, kətanda da dolğun təsvir edilir

 

Qanla yazılmış şərəfli tariximizdən - xalqımızın qürur mənbəyinə çevrilən 20 Yanvardan 28 il ötür. 20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımızın iradəsini və yenilməzliyini bütün dünyaya nümayiş etdirən tariximizin bu səhifəsi ədəbiyyat, mədəniyyət və incəsənətdə də dərin izlər qoyub. Bunu 20 Yanvara həsr edilən sənət əsərlərindən görmək mümkündür.

Hər bir tarixi hadisə onun ictimai mahiyyətindən asılı olaraq xalqın yaddaşına o zaman yazılır ki, o, sənət əsərlərinin mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi yaradıcı övladları həmin hadisəni bədii ifadə vasitələri ilə əks etdiriblər.

20 Yanvara zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən susdurulmadığını görürük. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir. Qanları ilə torpağa “Azadlıq” yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı, terrorçu, bir sözlə, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın mübarizliyini, əzmkarlığını nümayiş etdirdilər

Bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təsdiq edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr və ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı növlərində 20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıqla heykəltəraşlıq sahəsində də bu şərəfli tariximiz canlı, qanlı və obrazlı təsvir edildi.

Təsviri sənətin görkəmli nümayəndəsi, rənglərin dilinisirrini bilən, öz yaradıcılığı ilə klassikmüasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olan fırça ustası, xalq rəssamı Mikayıl Abdullayev hələ 1992-ci ildə yaratdığı “Nakamların dəfni” əsəri ilə bir daha 20 Yanvar faciəsinin unudulmayacağını göstərdi. Hər il bir qayda olaraq, istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında bu mövzuya həsr edilmiş əsərlərin sərgisi keçirilir. İstiqlal muzeyində 20 Yanvara həsr edilmiş sərgilərin birində Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, yaxşı günləri yaşayanda gərək faciələri də unutmayasan. Onların gələcək nəsillərə çatdırılması üçün sənət əsərlərindən istifadə edilməlidir: “Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də belə sənət əsərləridir. Onlar nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq bir o qədər mümkünləşər və asanlaşar”.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev isə deyir ki, zəngin ənənələrə malik Azərbaycan təsviri və tətbiqi sənətində xalqımızın çoxəsrlik tarixi ilə bağlı hadisələrə “bədii güzgütutulmaqla, zaman-zaman yaşananların gələcək nəsillərə ötürülməsi istiqamətində çox önəmli işlər görülüb: “Bu ənənə öz əksini ilk dəfə Azərbaycan rəssamlığında XX əsrin əvvəllərində - görkəmli fırça ustası Bəhruz Kəngərlinin yaradıcılığında tapıb. Rəssamın çəkdiyi “Qaçqınlar” qrafik silsiləsi erməni təcavüzünün izlərini özündə yaşadan ifşaedici bədii-tarixi sənət nümunələrinə çevrilib. Dünya şöhrətli rəssamın öz müasirlərini - qaçqın soydaşlarını əks etdirən silsilə portretlərinin bu gün də təkzibolunmaz ittiham qaynağına çevrildiyi danılmazdır”.

Azərbaycan təsviri sənət ustalarının müasir nəsli də 1990-cı ilin 20 yanvarında yaşanan faciəyə biganə qalmadılar və ötən illər ərzində bu mövzuda yaddaqalan əsərlər yaratmağa nail oldular. Həmsöhbətimizin fikrincə, Bakıda və respublikanın bölgələrində ucaldılan abidələri, muzey və qalereyaların ekspozisiyalarını bəzəyən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini 20 Yanvar faciəsinin dəhşətlərini özündə yaşadan, gələcək nəsillərin öz tarixinə bələdçiliyinə kömək edəcək çox qiymətli qaynaq hesab etmək olar.

Xalq rəssamı Kamil Nəcəfzadənin “20 Yanvar” rəngkarlıq tablosunu bu mövzuda çəkilmiş ən tutumlu əsər saymaq olar. Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun “Bakıda 20 Yanvar faciəsi” tablosu isə xalqımızın tuş gəldiyi bəlaların təsviri sənətdə əksi baxımından böyük əhəmiyyət kəsb edir. Bu çoxfiqurlu kompozisiya Azərbaycan təsviri sənətində həmin mövzuda yaradılmış ən yaxşı əsərlərdəndir. Rəssam şəhərin gecə mənzərəsi fonunda baş vermiş faciənin dəhşətlərini rənglərin təzadı ilə cəlbedici və təsirli tutumda ifadə etməyi bacarıb.

Tanınmış fırça ustası Sara Manafovanın çəkdiyi “Qara güllər” əsərində isə faciəyə rəmzi-düşündürücü münasibətin ifadəsini görmək mümkündür: “Əməkdar incəsənət xadimi Eyyub Məmmədov isə şahidi olduğu qanlı olaylara bədii münasibətini “Qanlı şənbə günü”, “Komendant saatı” və “Hədəf” tablolarından ibarət “Yanvar hadisələri” adlı triptixində ifadə edib. Bu üç əsərdə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş hadisələrin mənəvi-psixoloji tutumunu ifadə edən ittiham hissi qabarıq duyulmaqdadır. Rəngkar Eyzam Şıxəliyevin “Faciə” əsərində də qanlı Yanvar gecəsinin ağrıları yaddaqalan bədii həllini tapır: dinc əhaliyə yönəldilmiş yağı süngüləri altında qalaqlanan çoxsaylı şəhid cəsədləri o zülmət gecənin dəhşətlərini bütün reallığı ilə əks etdirir”.

Sadalamaqla qurtarmayan belə sənət əsəri yaradanlardan biri də istedadlı rəngkar İlham Ənvəroğludur ki, “Xeyir və Şər” əsərində o qanlı gecəyə bədii-fəlsəfi tutum verilib. Tünzalə Məmmədzadənin ipək üzərində çəkdiyi “Fəryad” əsərində bir neçə butanın ifadəli forması ilə faciənin yaşantıları şərti-rəmzi həllini tapıb. Kompozisiyanın ağ-qara koloritimövzunun açımını əyaniləşdirməkdə əsas vasitədir. Yaxud gənc rəssam İsmayıl Əvəzovun yığcam detallı “Bakı faciəsi” adlı qrafik lövhəsinə baxsaq görərik ki, qaranlıq gecədə insanları haraylayan qanlı əllərin tamaşaçıda yaratdığı bədii-psixoloji təsir çox güclüdür. Əməkdar rəssam Arif Qazıyevin “Fəryad” və “Şəhid anası”, Məmməd Rəşidovun “Daşın göz yaşları” və s. heykəltəraşlıq nümunələrində də faciə yaddaqalan şəkildə ifadə edilib.

Plakat ustası Kirman Abdinin yaradıcılığında 20 Yanvar mövzusu xüsusi yer tutur. Bir neçə il bundan əvvəl o, əsərlərini metronun “20 Yanvar” stansiyasının içərisində sərgi şəklində ictimaiyyətə təqdim edib. Həmin ekspozisiyanın yaddaqalan təsiri bu gün də xatırlanmaqdadır.

Tətbiqi sənət ustalarından biri olan Fəxrəddin Əliyevin iri ölçülü “20 Yanvar” xalçası, Adil Şıxəliyevin “Qara Yanvarqobeleni, Rauf Əbdülhüseynoğlunun “Faciə gecəsi” mənalılığı ilə diqqət çəkir.

Heykəltəraşlıq sahəsində ilk nümunə faciənin baş verdiyi il Gəncədə yaradıldı. Tanınmış tişə ustası Səid Rüstəmin müəllifliyi ilə hazırlanan üçhissəli heykəltəraşlıq-memarlıq kompleksində süjetli relyef və yazıların sintezi ilə baş vermiş qanlı hadisənin ittihamedici obrazı öz həllini tapıb.

Faciədə həlak olanların xatirəsinə ucaldılan ümumiləşdirilmiş abidə isə paytaxtın “20 Yanvar” meydanındadır. Bu əsərdə şənbə gecəsi törədilən qanlı cinayətə qarşı dinc əhalinin etirazı yaddaqalan plastik tutumda ifadə olunub. Çoxfiqurlu tunc kompozisiyanın müəllifləri Azad Əliyev və Cavanşir Dadaşovdur.

20 Yanvar faciəsi təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı təcavüzdür. 19 yanvar - şənbə gecəsi qanla başlasa da, azadlığın şəfəq kimi saçıldığı günə çevrildi. İmperiya cəlladlarının vəhşi simaları xalqımızın məğrurluğu altında yoxa çıxdı. Oğul və qızlarımız tankların, ağır hərbi texnikanın, cəlladların təpikləri altında xıncım-xıncım olsalar da, qəhrəmanlıq obrazı yaratdılar. Bu hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.

Tariximizin bu qanlı və şanlı səhifəsi incəsənət əsərlərində öz əksini tapdıqca o, yaddaşlarda daha dərin izlər buraxdı: tarixləşdi, heykəlləşdi. Qürur, fəxr yerimiz olan Şəhidlər xiyabanı vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi. Bu, belə də davam edəcək.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 19 yanvar.- S.5.