Böyük xalqşünas
alim
Elm xadimləri
Azərbaycanda etnoqrafiya elminin yaradıcılarından biri, tarix və arxeologiya elmlərinin inkişafına sanballı töhfələr vermiş əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, böyük alim və ictimai xadim, görkəmli ziyalı, şair, nasir-publisist, müdrik insan Teymur Əmiraslan oğlu Bünyadov 90 illik mənalı həyatının 65 ildən çoxunu elmimizin inkişafına həsr edib.
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində anadan olub, orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilini başa vurub. Bundan sonra o, SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasında oxuyub, dünya şöhrətli qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında “Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” mövzusunda dissertasiya müdafiə edib, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Azərbaycanda əkinçilik ənənəsinin hələ Tunc dövründə sabit, oturaq mədəniyyət halında inkişafını gərgin axtarışları nəticəsində əldə etdiyi təkzibolunmaz faktlar və sübutlarla ortaya qoyan gənc alimin məntiqə söykənən mülahizə və təhlilləri həmin müdafiədə iştirak edən tanınmış mütəxəssislərdə yüksək təəssürat oyadıb.
1955-ci ilin may ayında doğma Vətənə qayıdan Teymur Bünyadov sonrakı fəaliyyətini Azərbaycan EA Tarix İnstitutunda davam etdirir. O vaxtdan onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlıdır.
Alim 1968-ci ildə “Azərbaycanın Qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi alıb, 1970-ci ildə professor elmi adına layiq görülüb. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.
1960-cı ildə Teymur Bünyadovun “Azərbaycan arxeologiyası oçerkləri” adlı kitabı nəşr edilir. Bu əsərdə Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu, onun məskunlaşdığı ərazinin isə zəngin və təbii muzey kimi formalaşdığı sübuta yetirilir.
Alim 1975-ci ildə “Əsrlərdən gələn səslər” əsərində xalqımızın musiqi mədəniyyəti irsini ilk dəfə tarixi-etnoqrafik baxımdan qələmə almışdır.
Akademik T.Bünyadovun fəaliyyəti daha çox Azərbaycan arxeologiya və etnoqrafiya elmi ilə bağlıdır. Görkəmli tədqiqatçı həm öz əsərlərində, həm də yetişdirdiyi yüksək ixtisaslı kadrların araşdırmalarında tarix, arxeologiya və etnoqrafiya elmlərini daim vəhdətdə görmüş, bu səbəbdən bir sıra elmi məsələlərin uğurlu həllinə nail olmuşdur.
Teymur Bünyadov 35 monoqrafiyanın və 821 məqalənin, o cümlədən xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifidir.
T.Bünyadov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yüksək tirajla nəşr edilmiş “Azərbaycan etnoqrafiyası” üçcildliyinin baş redaktoru, həmin cildlərin əsas müəlliflərindən biridir. Bu əsər Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək hadisə kimi qiymətləndirilmişdir. Onun rəhbərliyi və müəllifliyi ilə hazırlanmış “Qəbələ tarixi”, “Qəbələ folkloru” və “Qəbələ etnoqrafiyası” adlı üçcildlik kitablar rus və ingilis dillərinə tərcümə edilərək yüksək tirajla çap olunmuşdur.
Teymur Bünyadov Moskvada çapa məsləhət görülən “Azərbaycanlılar” adlı irihəcmli əsərin müəlliflərindən biridir.
Akademik Teymur Bünyadovun bir sıra beynəlxalq elmi konfranslarda, o cümlədən 1960-cı ildə Moskvada şərqşünasların XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə VII Beynəlxalq konqresdə, 1971-ci ildə Tiflisdə arxeoloq və etnoqrafların Ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda birinci Millətlərarası Azərbaycan-türk dərnəkləri qurultayında, 2004-cü ildə Moskvada məşhur Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə “Azərbaycanın xalça sənəti” adlı beynəlxalq konfransda elmi məruzələri böyük maraqla qarşılanmış, Azərbaycanın beynəlxalq arenada yüksək səviyyədə tanıtdırılmasına xidmət etmişdir.
Yüksək ixtisaslı elmi kadrların yetişməsində Teymur Bünyadovun xidməti danılmazdır. O, öz istedadlı, ümidverici tələbələrini seçib elmə gətirib, onlara qayğı göstərib. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 35-dən çox fəlsəfə doktoru alimlik zirvəsinə yüksəlmişdir və hazırda da həmin elmi qvardiya müəllimlərinin yolunu layiqincə davam etdirir.
Alimlik əvəzsiz fəaliyyət sahəsidir. Alim həm də müəllimdirsə, gözünün nurundan, qəlbinin atəşindən, təfəkkürünün məhsulundan başqalarına pay verirsə, onun zəhməti qiymətsizdir. Teymur Bünyadov elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də 65 ildən artıq fəaliyyət göstərmişdir. O, uzun illər Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən dərs demişdir.
İstedadlı qələm sahibi Teymur Bünyadovun timsalında xalq həyatını dərindən bilən, tarixi yaddaşımızın alt qatlarını üzə çıxarmağı bacaran, tariximizin unudulmuş, qaranlıq səhifələrini işıqlandıran, adət-ənənələrimizə, soykökümüzə həssas, isti nəzərlərlə yanaşan və milli mövqedən çıxış edən alim-ziyalı obrazı canlanır.
Keçən əsrin 70-ci illərinin sonlarından başlayaraq Teymur Bünyadovun xalq ruhunda yazdığı bədii və publisistik:- “Göz yaşları”, “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala”, “Alarlar-gündoğandan başlayan yol” və başqa kitabları ruhən, mənən biri digərini tamamlayan və bütün davamlılığı boyunca görkəmli mütəfəkkir alimin zəkasının işığını, ürəyinin hərarətini hər cümləsində, hər sözündə əks etdirən əsərlər kimi elmimizin, ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında özünəməxsus yer tutur. Bu kitablarda Azərbaycanın bənzərsiz tarixi-etnoqrafik xəritəsinin geniş mənzərəsi əks olunur, xalq həyatının ürəyəyatan koloritli çalarları, el-elat nəfəsi ifadə olunur. Teymur Bünyadov Azərbaycanın ayrılmaz bir parçası olan qədim Naxçıvan diyarının tarixi-etnoqrafik çalarlarını elmi şəkildə geniş ictimaiyyətə təqdim etmişdir. Qarabağın zəngin muğam sənətindəki, Gəncənin, İçərişəhərin memarlıq abidələrindəki müdrik fəlsəfə, Dərbənd, Şirvan, Təbriz, Şəki, Qəbələ qalalarının məğrur duruşundan boy göstərən qartal əzəmətinin sirləri də onun əsərlərində dərindən şərh olunub ümumiləşdirilir.
Bayatı əhatə dairəsinin genişliyi, dərin məna, fəlsəfi-əxlaqi düşüncə, sosial-siyasi məzmun kəsb edən, rəngarəngliyi ilə seçilən poetik janrdır. Bayatı janrında yazılmış poetik örnəklərdə Vətən, torpaq, el sevgisi, məhəbbət, ayrılıq, həsrət, vüsal, dostluq, sədaqət, mərdlik, cəsarət, dünya və həyat haqqında düşüncələr - bir sözlə, cild-cild romanlara, elmi-fəlsəfi əsərlərə sığmayan fikirləri dörd misrada, bitkin formada ifadə etmək xüsusi istedad tələb edir. 1990-cı il 20 Yanvar faciəsindən sonra qələmini bayatı janrında sınayan Teymur Bünyadov Vətən dərdindən, yurd həsrətindən, xalqımızın böyük iradəsindən bəhs edən yaddaqalan bayatı nümunələri yaratmışdır. Onun “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar”, “Ana laylası beşik nəğməsidir...” adlı dördcildlik bayatılar kitabları oxucuların böyük rəğbətini qazanmışdır. Bu kitablarda yurdumuzun - Qarabağın tarixi taleyi, xalqımızın zorla cəlb olunduğu ədalətsiz müharibənin dəhşətləri, onun qırılmaz iradəsi, mübarizə əzmi, qəhrəmanlığı, vətənpərvərliyi, eləcə də zəngin adət-ənənələri tərənnüm olunur:
Dolan gəz,
Gözüm, könlüm dolan gəz.
Anam birdi, vətən tək,
Dur, başına dolan gəz.
Akademik Teymur Bünyadovun bədii yaradıcılığı
tanınmış elm xadiminin
mütəfəkkir düşüncəsinin
məhsulu olub, onun elmlə ədəbiyyatı qoşa
qanad kimi birlikdə zənginləşdirərək
inkişaf etdirdiyini göstərir.
Çağdaş həyatımızın, bizi
əhatə edən mühitin, yaşadığımız
cəmiyyətin, gündəlik
qayğılarımızın əksər problemləri də akademik Teymur Bünyadovun elmi və ədəbi
əsərlərində öz
əksini tapmışdır. Fərqli ideoloji
sistemlərin mövcud
olduğu cəmiyyətdə
yaşayıb-yaratmasına baxmayaraq, akademik Teymur Bünyadov həmişə azərbaycançılıq
idealına sadiq qalmış, bütün
həyatını və
elmi axtarışlarını
bu böyük yolun inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə həsr etmişdir.
O, mənsub olduğu xalqın mənəvi dünyasını, adət-ənənələrini,
mədəniyyətini, əsrlərin
daş yaddaşı olan tarixi abidələrini,
taleyüklü problemlərini
böyük ürəklə,
qeyrətlə araşdıran
yorulmaz elm adamıdır.
Xarakterindəki səmimiyyəti, təmizliyi, qayğıkeşliyi,
təəssübkeşliyi, millətsevərliyi başqalarına
örnəkdir. Zahirən hər
kəsə adi görünən, əslində
isə qeyri-adi dərəcədə sadə
və təvazökar
insandır. Fransız
yazıçısı Bualonun
təbirincə deyilsə:
“Bunu bilin və unutmayın ki, həqiqət həmişə sakit və təvazökardır”.
Azərbaycan etnoqrafiya elminin, mənəvi dəyərlərimizin
tədqiqində, təbliğində
və geniş yayılmasında Teymur Bünyadovun radio və televiziyada təşkil etdiyi verilişlər xüsusilə təqdirəlayiqdir. O, iki ildən artıq Azərbaycan Dövlət Televiziyasında böyük
maraqla izlənilən
“Əsrlərdən gələn
səslər” adlı
verilişin təşkilatçısı
və aparıcısı
olmuşdur. “Kölgələr
sürünür” bədii
filminin ekran həyatı qazanmasında
elmi məsləhətçi
kimi Teymur Bünyadovun xidməti böyükdür.
Dağlıq Qarabağda
baş verən hadisələr dövründə
görkəmli alim gənclərə vətənpərvərlik,
döyüş ruhu aşılamaq məqsədilə
xalqımızın qəhrəmanlıq
tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”,
“Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz”
və s. kimi elmi-populyar kitabçalar nəşr etdirmiş, məqalələr yazmış,
radio və televiziya verilişlərində çıxış
etmişdir.
Xalqşünas-etnoqrafın əsas vəzifəsi xalqla bir yerdə
olmaq, xalqı öyrənməkdən, milli-mənəvi
varlığımızı xalqa çatdırmaqdan ibarətdir. Akademik Teymur Bünyadovun
həmişə xalqın
arasında olması, ictimai və dövlət əhəmiyyətli
işlərdə insani
keyfiyyətləri, əsl
el ağsaqqalı və
ziyalı ləyaqəti
nümunəsi göstərməsi
sayəsində hər
kəs onu özünün doğması,
yaxını hesab edir, onunla qürur
duyur. O, Azərbaycanın
bir sıra bölgələrində əsgərlərlə,
qaçqın və məcburi köçkünlərlə
görüşür, əhali
arasında ideoloji təbliğatı elmi səviyyədə həyata
keçirir. Alim müxtəlif illərdə
döyüş bölgələrində
düşmənlə üzbəüz
mövqelərdə olmuşdur.
Teymur Əmiraslan oğlu Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak
edir. 1995-ci ildə I çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, həmin
müddətdə Milli
Məclisin Elm və təhsil məsələləri
daimi komissiyasinin sədri olmuş, eyni zamanda Azərbaycan-İrlandiya
parlamentlərarası komissiyasının
sədri kimi fəaliyyət göstərmişdir.
Sonralar ictimai fəaliyyətini davam etdirən akademik T.Bünyadov ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin prezident seçkilərində vəkili
olmuş, xalq arasında ağsaqqallıq
nümunəsi olan geniş təbliğat işi aparmışdır.
O, 1994-cü ildən Yeni
Azərbaycan Partiyasının
üzvüdür.
T.Bünyadov 2003-cü ildən
AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin
müavini, Azərbaycan
Respublikası Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının üzvü,
Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin
fəaliyyətini tənzimləmək
məqsədilə yaradılan
Dövlət Ali Ekspert
Komissiyasının üzvü,
Türkiyə-Azərbaycan Hökumətlərarası
Komissiyasının üzvü
kimi səmərəli
fəaliyyət göstərmişdir.
Akademik Teymur Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının
üzvü, Ağsaqqallar
Şurasının sədr
müavini, Qafqaz Müsəlmanları İdarəsi
nəzdində yaradılmış
Dini-Elmi Şuranın
üzvü, Azərbaycan
Yazıçılar Birliyi
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya”
və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi
şurasının sədri
və respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının
Tarix üzrə
Problem Şurasının, “AMEA-nın Xəbərləri
(tarix, fəlsəfə
və hüquq seriyası)”, “Tarix və onun problemləri”,
“İpək Yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq”, “Qarapapaqlar” jurnallarının
redaksiya heyətinin üzvü kimi də fəaliyyətini uğurla davam etdirir.
T.Bünyadovun səmərəli
elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilmiş, 2005-ci ildə “Şöhrət”
ordeni ilə təltif olunmuş, 2008-ci
ildə “Əməkdar
elm xadimi”, AMEA-nın tarix üzrə Bakıxanov adına mükafatın ilk laureatı
adına layiq görülmüşdür.
Teymur Bünyadov zəkası və istedadı ilə Azərbaycan elminin inkişafına xidmət edən, Azərbaycanın müstəqilliyini
və dövlətçiliyini
hər şeydən uca tutan elm fədaisidir. Ömrünün kamillik çağında
da gənclik eşqi ilə yazıb-yaradan bu böyük insanın - görkəmli xalqşünas
alimin baş ucaldan, üz ağardan bioqrafiya və biblioqrafiyası hər gün yeni bir uğurla,
daha bir səhifə ilə zənginləşməkdə davam
edir. Azərbaycan elminin hörmətli
ağsaqqalına möhkəm
cansağlığı, yeni-yeni
uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin
Elm və təhsil komitəsinin sədri,
akademik
Azərbaycan.-
2018.- 19 yanvar.- S.6.