Fədakarlıq mücəssəməsi
Azərbaycanın
ilk maarifçi qadınları
O, bu dünyada 82 illik bir ömür yaşadı. Həmidə xanımın 1873-cü il yanvarın 19-da Şuşa qəzasının (indiki Ağcabədi rayonunun) Kəhrizli kəndindən başlayan həyat yolu 1955-ci ilin 6 fevralında Bakıda sona çatdı.
Boş qalmış ana yeri
Qədim Azərbaycan torpağı Qarabağın əsilzadə qızı, Pənahəli xan nəslinin nümayəndəsi idi. Əhməd bəy Cavanşir kimi böyük maarifçi ziyalının ocağında dünyaya göz açmışdı. Firudin bəy Köçərlinin yazdıqlarından da “doğruluq sevən, cürətli, ziyadə fərasətli və istedadlı” bir şəxs kimi tanıdığımız Əhməd bəy təhsilini Sankt-Peterburqdakı Pavlov kadet korpusunda aldıqdan sonra ordu sıralarında xidmət etmişdi. Təqaüdə çıxan Əhməd bəy Kəhrizliyə qayıtdı, ömrünün qalan hissəsini ata-baba mülkündə keçirdi. Yaşadığı kəndə mədəniyyət, maarifçilik ideyaları ilə gəldiyinə görə onu “Urus Əhməd” adlandırırdılar. Şeir yazır, folklor toplusunun tərtibatı, Lermantovun, Puşkinin, Jukovskinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olurdu. “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsəri o dövrə dair dəyərli tarixi mənbələrdən biri hesab edilir.
Meliorasiyaya aid çoxlu elmi kitablar oxuyan Əhməd bəy Cavanşir öyrəndiyi mədəni üsulları öz təsərrüfatında həyata keçirməyə səy göstərirdi. Onun təsərrüfatında gözəl nəticələr əldə etməsi ətrafdakı bəylərdə həsəd hissi yaradırdı. Əhməd bəyə mane olmaq istəyənlər arasında həyat yoldaşının qohumları da var idi. Münasibətləri elə həddə çatdı ki, Əhməd bəy arvadını qohumunun yas mərasiminə buraxmaq istəmədi. Ona xəbərdarlıq etdi: “Getsən, birdəfəlik gedəcəksən”. Tündxasiyyətli, sərt, sözündə dönməz Əhməd bəy ondan icazəsiz gedən arvadını bağışlamadı. Qadın xiffətdən dünyasını dəyişdi. Həmidə xanım ağlı kəsəndən sonra anasının faciəsinə görə bir dəfə də olsun atasını ittiham etmədi. Ancaq ürəyində bir ana yeri boş qaldı...
Atasının tək ümidi
Həmidə xanım qarşıda onu gözləyən ağır itkilərdən xəbərsiz böyüyür, atasından dərs alır, rus dilini mükəmməl öyrənirdi. Yeganə qardaşı Məmməd Peterburqda təhsil alıb geri dönmüşdü. Ancaq atasının Kəhrizlidəki işlərini davam etdirmək arzusunu gözündə qoyaraq tezliklə inqilab ab-havalı Peterburqa qayıtmaq niyyətində idi. Hövsələdən çıxan Əhməd bəy oğlu ilə acıqlı davrandı. Atasının sözlərindən təsirlənən Məmməd bəy atına minərək dəmir yoluna tərəf sürdü. Çox keçmədi ki, onun atı ilə birlikdə özünü qatarın altına atması xəbəri gəldi...
Qardaşının faciəli ölümündən sonra atası bütün ümidini xasiyyətindəki ciddiliyə, sərtliyə görə ona bənzəyən tək qızına - Həmidə xanıma bağladı.
On beş yaşına çatanda qapılarını zadəgan nəslindən olan, yaraşıqlı, yaxşı təhsil almış İbrahim bəy Davatdarovun elçiləri döydü. Onunla ailə qurdu. 1890-cı ildə qızı Mina, on il sonra oğlu Müzəffər dünyaya gəldi. 1892-ci ildə Qars şəhərində yerləşən 155-ci Quba alayına təyinat alan polkovnik Davatdarov ailəsi ilə birlikdə həmin şəhərə köçdü. 1902-ci ildə orada dünyasını dəyişdi. Onun vəfatından sonra Qarsa gedən atası Həmidə xanımı və uşaqlarını götürüb Kəhrizliyə qayıtdı.
Həmidə xanım tibb təhsili almaq istəyirdi. Atası ona dedi: “Ölümümə az qalıb. Məni basdırdıqdan sonra gedərsən”. Bir il sonra Əhməd bəy vəfat etdi. Son nəfəsində qızına onun işlərini davam etdirməyi vəsiyyət etdi. Bundan sonra Həmidə xanım Kəhrizlidə qalmaq qərarını verdi.
Tiflisə də 1905-ci ildə atasının vəsiyyətini yerinə yetirmək üçün getdi. Əhməd bəy Cavanşirin son arzularından biri uşaqlara məxsus mənzum hekayə və tərcümələrindən ibarət toplusunu nəşr etdirmək idi. Həmidə xanım Cəlil Məmmədquluzadə ilə o zaman tanış oldu. Həmin dövrdə o, Kəhrizlidəki ata mülkünü bacarıqla idarə etməklə bərabər, Tiflisdə müsəlman qadınlarının xeyriyyə cəmiyyətinin təşkilində fəal iştirak edirdi. Həmidə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin (1906-1917) yaradıcılarından biri idi.
Qızı Minadan Tiflisdə oxuduğu məktəbdə bütün millətlərdən olan qızların ana dilindən dərs keçdikləri halda, müsəlman qızlarının ana dili müəllimlərinin olmadığını eşidən Həmidə xanım direktorun yanına getdi. Direktorun cavabı belə oldu: “Bu dili tədris etməyə nə müəllim, nə də o, müəllimə veriləcək pul var”. Həmidə xanım Şeyxülislamla görüşdü. Ona məsələni izah etdi və kömək istədi. Şeyx qızlara dərs demək üçün hələlik yaşlı müəllim tapa bilmədiklərini söylədi. Söz verdi ki, müəllim tapılana qədər qızlara özü dərs deyəcək və sözünə əməl etdi. Şeyxdən sonra məktəbin direktoru ilə gəldikləri razılığa əsasən, dərs deyən ana dili müəlliminin məvacibini Həmidə xanım verdi.
1906-ci ildə Mirzə Cəlil
ona evlilik təklifi etdi. Bir
il sonra ailə qurdular. 1908-ci
ildə oğulları Midhət bəy, 1911-ci ildə isə
Ənvər bəy dünyaya gəldi.
Millətinin pərvanəsi
İyirmi beş
il sürən evlilikləri müddətində Həmidə
xanım çox maneələrə cəsarətlə sinə
gərdi. Bu illərdə Mirzə Cəlilin ən
çətin günlərində, zərbələrlə,
ittihamlarla, nadanlarla qarşılaşdığı vaxtlarda mənəvi
dayağı Həmidə xanım oldu. Həmidə
Cavanşir-Məmmədquluzadə Mirzə Cəlil kimi
dövrünün sayılıb-seçilən qələm,
söz adamının fədakar ömür-gün
yoldaşı, ən yaxın maarifçi silahdaşı,
ziyalı dostu, həmdəmi, “Molla Nəsrəddin” jurnalının
xeyirxah himayədarı idi.
Həmidə xanımın
üzərinə götürdüyü vəzifələr hər
zaman böyük oldu. O, millətinin pərvanəsi kimi, özünü
oda-közə vururdu. Keçən əsrin əvvəllərində
Qarabağda dəhşətli aclıq, kütləvi epidemiya
tüğyan edəndə o, yüzlərlə insanı aclığın,
ölümün pəncəsindən xilas etdi. Həmidə
xanım öz faytonu ilə hər evə darı, un və digər ərzaqlar paylayırdı. Əhaliyə tauna, qızılcaya qarşı peyvəndlər
vurdururdu. O, hər kəsə öz doğması kimi
baxır, onların dərdinə yanır,
qayğılarını çəkir, dolanışıqları,
sağlamlıqları, savadlanmaları ilə bağlı
bütün problemlərinin həllinə
çalışırdı. Bu yolda ürək
açıqlığı ilə öz sərvətini xərcləyirdi.
1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb
açdı və orada dərs dedi. Həmidə
xanım yalnız Kəhrizli kəndindən deyil, bütün
Qarabağdan kömək üçün yanına gələnlərə
yardım edirdi. Hələ gənc
yaşlarından qadınların əsarət içərisində
yaşamalarının, çadraya bürünmələrinin
əleyhinə çıxmışdı. Onların təhsil almaları, ictimai həyatda fəal
rol oynamaları üçün mübarizə aparırdı.
O, dövrünün yardıma
ehtiyacı olan ziyalıların problemlərinin həlli
üçün əlindən gələni əsirgəmədi.
Ağır xəstəliyə düçar
olmuş görkəmli şair Mirzə Ələkbər Sabir
də Həmidə xanımın məsləhəti ilə
Mirzə Cəlil tərəfindən Tiflisə müalicə
üçün dəvət aldı. Abbas Səhhətə
yazdığı məktubunda şair bu barədə
yazırdı: “Mirzə Cəlil və Həmidə xanım cənablarından
çox razıyam. Bilmirsən mənə nə qədər
ehtiram edirlər! Bu neçə müddətdə
təmam məxaricimi və zəhəmatımı mütəhəmmil
olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada
yatmağıma razı olmadılar, öz evlərində mənzil
vermişlər. Xülasə, bilmirəm nə
dil ilə təşəkkür edim”.
“Məlumat” qəzetinin 1911-ci il 7
avqust tarixli sayında böyük şairin müalicəsinə
laqeydliklə yanaşanlardan narazılığını ifadə
edən Üzeyir Hacıbəyli Həmidə xanımın
xeyirxahlığını, qayğısını nümunə
göstərirdi: “Qoy ədəbiyyat tarixində
yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən
kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin səhhəti
və onun müalicəsi üçün milyonçu
kişilərə rəğmən öz varından keçəcək
qədər böyük bir həmniyyət göstərdi”.
Cəlil Məmmədquluzadənin vəfatından
sonra yazdığı “Mirzə Cəlil haqqında xatirələrim”
memuarında Həmidə xanım xatırlayırdı: “Hələ
çar zamanında Şuşada kiçik bir toxuculuq
emalatxanası var idi. Burada yun və pambıq
parçalar toxunurdu. ...Mən həmin emalatxananı nəzərdən
keçirdikdən sonra fikirləşdim, əgər 10-12 dəzgahlı
bir emalatxana düzəltsək, neçə nəfər
yoxsul qız və qadın gəlib orada işləyə bilər...”
Emalatxanaya dəzgahları böyük çətinliklə
aldıqlarını, işə həm azərbaycanlı, həm
də erməni qadınlarını cəlb etdiklərini yazan
Həmidə xanımın ömrü belə xeyirxah əməllərlə
keçdi.
Mərdliyinə,
qorxmazlığına görə kişilər də ondan
çəkinərdilər. Ermənilər
Şuşanın yolunu bağlayanda ata minib kişiləri
başına yığaraq Şuşaya gedən bu
qadını hər kəs yaxşı tanıyırdı.
Təəssüf ki, atası kimi Həmidə xanımın
da paxıllığını çəkənlər az olmadı. Ancaq heç bir
qüvvə onu məqsədindən döndərə bilmədi.
Həyat da hər zaman onun
üzünə gülmədi. Taleyin zərbələrinə,
ağrı-acılarına Həmidə xanım özünəməxsus
qürurla dözdü. Qızı Mina
xanımın gənc yaşında intihar etməsi xəbərini
eşidəndə də, onun iki övladını - Rəşidlə
Muradı himayəsinə götürəndə də
bütün dərdini içində çəkdi.
Ünvanına
dönən sevgi
Sovet hakimiyyətinin ilk illərində
Həmidə xanım Kəhrizlidə yaşadı. Bəy nəslindən
olduğu üçün ciddi çətinliklərlə
qarşılaşdı. Torpaqları əlindən
alındı, səsvermə hüququndan məhrum edildi.
Qərara aldı ki, birdəfəlik Bakıya
köçsün.
Ömrünün son illərini
çox yoxsul yaşayan həyat yoldaşı dəyərli əlyazmalarını
belə yandırmalı oldu. Həmidə xanım xatirələrində
yazırdı: “Mirzə Cəlil həmişə deyərdi
ki, uşaqları yaxşı yedizdirmək lazımdır,
yoxsa xəstələnib ölərlər. Amma
buna maddi imkan çatmırdı. Ona
görə də həyəcanlanır, əsəb
keçirirdi. Gedib kömək istəməyə
də razı deyildi. Düşünürdü
ki, onu lazımınca qiymətləndirmirlər. Biz heç odun da ala bilmirdik. Bir
dekabr axşamı qar qarışıq güclü xəzri əsirdi.
Mirzə Cəlil oğlanlarının otağına girdi və
oradan çıxarkən: “Çox soyuqdur, bu soyuqda
başlarına bir şey girməz, gərək sobanı
qalayaq” - dedi. Öz otağına gedib
şkafı açdı, əlyazmalarını
çıxartdı. Onları bir-bir
gözdən keçirib yerə atırdı. Mən narahat oldum, soruşdum ki, nə etmək istəyirsən?
Dedi sobanı qalamaq istəyirəm. Xahiş etdim ki, əlyazmalarını
yandırmasın, gərək ola bilərlər.
Ondansa taxta bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə mümkünsə
hamısını yandırmışıq. Mən
ürək ağrısı ilə onun əli ilə
yazdığı səhifələri qalaq-qalaq
yığıb sobaya qoymasına və kibrit çəkməsinə
baxırdım. Hiss edirdim ki, bu, çox
böyük itkidir. Amma mane ola bilmirdim, o,
çox əsəbi idi. Nəhayət, sobanın
ağzını bağladı, yenidən
oğlanlarının otağına getdi və qayıdıb:
“Soba istidir” - dedi. O, məmnun idi və arxayın
yıxılıb yatdı”.
1932-ci ildə beyninə
qansızmadan Mirzə Cəlil vəfat etdi. Həmidə xanım
heç həyat yoldaşının yoxluğuna
alışmamış - beş ay sonra isə
vərəm xəstəliyi 24 yaşlı oğlu Midhət bəyi
ondan aldı.
Həmidə xanım Ənvər
bəyin ayrılıq acısını isə bir başqa
cür çəkdi. Kiçik oğlu tibb fakültəsində
təhsil aldığı vaxtlarda ondan bir kurs yuxarıda oxuyan
iranlı qız Məhin Didəpura vuruldu. Qız 1941-ci ildə təhsilini başa vurub
İrana gedəndə Ənvər bəy təhsilini
yarımçıq qoyub onunla birlikdə getdi. Həmidə xanım ömrünün sonunadək
Ənvər bəy haqqında heç bir məlumat ala bilmədi.
Müzəffər bəyin üç qızından böyüyü, tibb elmlər doktoru, professor, elm xadimi Mina Davatdarova illər öncə söhbətimizdə iyirmi beş il bir evdə yaşadığı nənəsini belə təsvir edirdi: “Evimizdə nənəmin dedikləri qanun idi. Atam, anam kimi biz də Həmidə nənəmə həmişə “siz” deyə müraciət edirdik. Nənəm dostlarını, qohumlarımızı evimizə dəvət edərdi. Hər kəs gəldikdən sonra onu otağından çağırırdılar. Həmidə xanım içəri girəndə hamı ayağa qalxar, sıra ilə qadınlar gəlib onun üzündən, kişilər isə əlindən öpərdilər. Həmidə xanım stolun başına keçdikdən sonra məclis başlayardı”.
Həmidə xanım ömrünü sonadək qürurla, əzəmətlə, ləyaqətlə yaşadı. Bu dünyada bütün əməllər dönüb-dolanır, yenə öz ünvanına qayıdır. Həmidə xanımın xalqına sevgisi də xatirələrinə ehtiram kimi ona döndü.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2018.- 19 yanvar.- S.6.