Qürur və
şərəf tarixi
1990-cı ilin 20
yanvarında xalqımızın azadlığını və
milli ləyaqətini hər şeydən uca tutan Vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucaldılar
28 il əvvəl
- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
baş verənlər tək faciə yox, həm də
xalqımızın tarixinin şərəfli səhifələrindən
biri, ictimai-siyasi təfəkkürümüzdə
yaranmış təbəddülatlar günü, milli
azadlıq hərəkatımızın yüksəliş
zirvəsi idi. Biz 20 Yanvar hadisələri ilə
özümüzü millət olaraq tanıdıq, dərk
etdik. Həmin gün Bakı
qırmızı rəngə boyanmışdı,
açılan 20 yanvar səhəri şəhid oğul və
qızlarımızın qanından rəng
almışdı, xalqımızın azadlıq harayı
sovet tanklarının tırtılları altında
boğulurdu.
Keçmiş SSRİ rəhbərliyinin
Azərbaycan xalqının demokratiya və milli azadlıq
uğrunda mübarizəsini boğmaq məqsədi
daşıyan bu hərəkəti nəticəsində
1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə Bakıda görünməmiş vəhşiliklərə
yol verildi, günahsız insanlar, o cümlədən
uşaqlar, qocalar, qadınlar qətlə yetirildi, yüzlərlə
adam müxtəlif dərəcəli bədən xəsarəti
aldı. Öz ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini
hər şeydən uca tutan mərd Vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucaldılar. Böyük itkilərlə,
günahsız insanların qətli ilə nəticələnən
20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar
imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar
siyasətinə dözməyən, öz
azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də
mübarizliyini, əyilməzliyini, məğrurluğunu
nümayiş etdirdi. Məhz bunun nəticəsində
uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə
qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
20 Yanvar hadisəsi Azərbaycan
xalqının milli bütövlüyünü təsdiqləyən
ən böyük hadisələrdən biri kimi tarixin
yaddaşına əbədi həkk edilib. Bu faciə
xalqı yumruq kimi birləşdirdi və bütün dünya
azərbaycanlılarının gücünü ifadə etdi.
20 Yanvar faciəsi nəinki Azərbaycanı,
bütün dünyanı lərzəyə gətirsə də,
yerli hakimiyyət orqanları baş verənlərin üzərindən
sükutla keçməyə üstünlük verir,
xalqın milli faciəsinə laqeyd münasibətlərini
ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər.
O ağır və faciəli günlərdə 20 Yanvar
qırğını ilə bağlı Moskvada vətəndaş
qeyrəti və həqiqi vətənpərvərlikdən
doğan cəsarətli bəyanatı ilə Heydər
Əliyev dünya azərbaycanlılarını ayağa
qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Haqq səsini ilk olaraq ucaldan, Azərbaycan xalqına
qarşı soyqırımı aktının həyata
keçirildiyini cəsarətlə bütün dünyaya bəyan
edən Heydər Əliyev idi. Dünya azərbaycanlılarının
bir millət kimi mütəşəkkilliyinə təkan verən
bu bəyanat həmvətənlərimizi xalqın taleyi
üçün tarixi məsuliyyəti daşımaq qüdrətində
olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi.
Baş verən hadisələri hüquqa, demokratiyaya,
hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab
edən Heydər Əliyev yüzlərlə insanın qətlə
yetirilməsini Azərbaycan xalqına qarşı cinayət
adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb
etdi.
1990-cı ilin yanvarından
sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə
ilk vəzifəsi faciəni təhlil etmək,
günahkarları üzə çıxarmaq və dövlət
səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da,
respublika əhalisinin təkidli tələblərinə
baxmayaraq, bununla bağlı faktiki olaraq heç bir tədbir
görülmədi. 1990-cı il yanvar ayının 22-də
çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə
sessiyası öz işini yarımçıq qoydu və
sonrakı sessiyalarda bu məsələnin müzakirəsini
davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini
tədqiq etməli olan komissiyasının da işi başa
çatdırılmamış qaldı. Çünki
Azərbaycanı bu faciəyə gətirib
çıxarmış səriştəsiz rəhbərlər
vətənpərvərlik hisslərindən məhrum
olduqlarından, habelə öz şəxsi
ambisiyalarının əsirinə çevrildiklərindən
xalqın gözünə pərdə asmaq niyyətinə
düşmüşdülər.
1990-cı ilin iyulunda Moskvadan Vətənə
qayıdan Heydər Əliyevin təşəbbüsü ilə
həmin il noyabr ayının 21-də
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində
20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət
verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində
qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk
siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan
xalqının ümumi rəyini özündə təcəssüm
etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü
kimi tarixə düşdü. Heydər
Əliyev hələ sovet imperiyasının mövcud
olduğu bir dövrdə heç nədən çəkinmədən
öz millətinin hüquqlarını müdafiə etməkdən
qorxmadığını sübut etdi. Sənəddə
respublika səviyyəsində 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən
tələb edilirdi.
Ölkəmiz müstəqillik
qazandıqdan sonra da - 1993-cü ilə qədər iqtidarda
olanların heç biri faciə ilə bağlı əsl həqiqəti
aşkar etməyə özündə cəsarət
tapmadı. Nə Ayaz Mütəllibov iqtidarı, nə
AXC-Müsavat qaragüruhu 20 Yanvar hadisələrinə
siyasi-hüquqi qiymət verilməsi ilə bağlı kifayət
qədər vaxtları və imkanları olsa da, bunu etmədilər.
Baxmayaraq ki, hadisəyə siyasi-hüquqi qiymətin verilməsi
istiqamətində çox iş görmək olardı. Əksinə, müxtəlif səthi qərarlar qəbul
edə-edə həmin günün müsibətlərini
xalqımıza unutdurmağa çalışdılar. O
illərdə hakimiyyətdə olanların cəsarətsizliyi
və xəyanətinin nəticəsi kimi az
qala, bu faciə də unudulurdu, onu törədən cinayətkarlar
da.
Xalqın taleyi
üçün məsuliyyət daşımalı olan kəslərin
bu cür biganəliyinə xəyanətdən başqa bir ad
vermək olmaz.
Azadlıq və mübarizə yolu Yanvar hadisələrindən
keçmiş xalqımızın bu faciəsinə ilk
üç il müddətində
siyasi-hüquqi qiymət verilməməsi əslində, Azərbaycanın
o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının
öz xalqına xəyanəti kimi qəbul edilir.
Yalnız Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışından sonra 20 Yanvar
hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti
məhz ulu öndərin təşəbbüsü və
bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il
yanvarın 12-də keçirdiyi müşavirədə
Prezident Heydər Əliyev bu barədə deyirdi: “...Xalqa təcavüz
olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir.
Görünür ki, ötən yaxın illərdəki
sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər
öz mənafeləri naminə bu böyük faciənin əsl
mahiyyətini xalqa bəyan etməmişlər”.
Ulu öndərin 20 Yanvar faciəsinin
4-cü ildönümünün keçirilməsi ilə
bağlı 1994-cü il yanvarın 5-də
imzaladığı fərmanda həm də Milli Məclisə
hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi
tövsiyə olunurdu. Bu qiymət
xalqımızın müstəqillik yolunda
çarpışmasının dolğun mənzərəsini
əks etdirməli idi. 1994-cü ilin mart
ayının 29-da respublika parlamenti “1990-cı il yanvarın
20-də Bakıda törədilmiş faciəli hadisələr
haqqında” qərar qəbul etdi. Beləliklə
də 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər
Əliyevin prinsipial və ardıcıl mübarizəsindən
sonra öz hüquqi-siyasi qiymətini aldı.
Heydər Əliyev 20 Yanvar
şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə,
onların ailələrinə dövlət
qayğısının gucləndirilməsinə hər zaman
böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər
xiyabanına gələrək ziyarət edir, şəhid ailələri
ilə görüşür, onların qayğıları ilə
maraqlanırdı. Bu gün Şəhidlər
xiyabınında ucalan “Əbədi məşəl” abidə
kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü
ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti
olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla
isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid
olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi”
fəxri adı verilib.
Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin
xatirəsinin uca tutulmasına, şəhid ailələrinin
sosial problemlərinin həllinə xüsusi diqqət göstərir,
hər il yanvarın 20-də Şəhidlər
xiyabanını ziyarət edərək “Əbədi məşəl”
abidə kompleksinin önünə əklil qoyur. “Həmin
gün respublikada haqq-ədalətin bərqərar edilməsi
tələbləri ilə çıxış edən Azərbaycan
xalqının inam və iradəsini qırmaq, milli mənliyini
alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata
keçirdiyi terror aktı nəticəsində bəşər
tarixində insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri baş verdi.
Yüzlərlə günahsız insan
yaralandı və qətlə yetirildi. Ən ağır
sınaqlara sinə gərmək əzmini bütün
dünyaya nümayiş etdirən Azərbaycan övladları
1990-cı il yanvarın 20-də
xalqımızın qəhrəmanlıq salnaməsinə
parlaq səhifə yazdılar”-deyə Prezident İlham
Əliyev bildirib.
Prezident İlham Əliyev
1990-cı ilin yanvarında şəhid olmuş oğul və
qızlarımızın xatirəsinin əbədiləşdirilməsi,
adlarının uca tutulması, onların ailələrinin,
övladlarının sosial müdafiəsinin gücləndirilməsi
üçün mühüm qərarlar vermişdir. Dövlət
başçısının 19 yanvar 2006-cı il
tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi
haqqında” fərmanı da şəhid ailələrinə
dövlət qayğısını artırmaq məqsədi
daşıyırdı.
Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 28 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.
20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada faciənin Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2018.- 20 yanvar.- S.1; 3.