Şəhidlərin xatirəsinə ucaldılan memorial abidə

 

Yanvarın 19-dan 20-nə keçən gecə Bakının hər yerində olduğu kimi, şimal qapısında da güllə səslərinin ardı-arası kəsilmirdi. O gecə 20 Yanvar dairəsi şəhid qanına boyanmışdı. Bu gün həmin yerdə şəhid olanların əziz xatirəsinə memorial abidə-kompleksi ucaldılıb. Eni 50, hündürlüyü 7 metrdir.

Həyatın sonuncu anında - ölüm məqamında bir-birinə dayaq olan günahsız vətən övladları qranit lövhə üzərində uca görünürlər. Ona görə ki, onların əməlləri, istəkləri vətənə sonsuz məhəbbətdən yoğrulmuşdu.

Canını azadlıq uğrunda qurban verənlər tərəddüd etmədən haqq yolunda ölümə gedirdilər. Bilirdilər ki, qazanacaqları bircə şey olacaq - Azadlıq! İmperiya ordusunun qəddar hərəkətlərinə qarşı çıxan bu adamlar sona qədər mübarizə apardılar, sərt Yanvar gecəsində işıqlı gün uğrunda çarpışdılar. Hətta Tanrı payı olan canlarından da keçdilər. Onlar nəyin uğrunda mübarizə apardıqlarını yaxşı bilirdilər. Bilirdilər ki, azadlıq pay kimi verilmir.

Bu yolda ən çətin maneələr keçilməli, sədlər dəf olunmalıdır.

Qan yaddaşı ilə tarixə yazılan 20 Yanvar gecəsindən 28 il ötür. O gecənin şəhidləri yeni bir nəslin azadlıq himnini, vətən nəğməsini yazdılar. O qanlı Yanvar gecəsində qan bahasına qazandığımız azadlıq bu gün əzmlə qorunur, nəsildən-nəslə ötürülür. O günlərdə bu millətə kömək olan bir meyar vardı - halal haqqımızı qorumaq cəhdi, bir sabaha inamla baxmaq əzmi. Belə olanda xalq bir-birinə həyan olub birləşə bilir, gələcəyə nikbinliklə baxır, azadlığını qorxa-qorxa, çəkinə-çəkinə tələb etmir. Əlbəttə, belə məqamların itkisi az olmur, o Yanvar gecəsində olduğu kimi...

O dəhşətli gecədə qurban gedənlər imperiya ordusunun güzəştsiz təpkisi ilə üz-üzə qaldılar. Xəstələri, uşaqları amansızcasına güllələyirdilər. Biz qədər humanist şüarlar eşitsək , əsl həqiqəti o gecə gördük. İmperiya qüvvələri törətdikləri cinayətləri pərdələməyə, ört-basdır etməyə cəhd etsələr , bu, mümkün deyildi. qədər çətin olsa da, xalq halal haqqını qazanmaq üçün ölüm-dirim mübarizəsinə çıxmışdı. Artıq elə mərhələ yaranmışdı ki, heç bir müqavimət adamları azad yaşamaq istəyindən döndərə bilməzdi. Bu, vaxtı-vədəsi çatmış zamanın tələbi idi! Millətin daxili səsi, harayı itirdiklərimizi tələb etməyə vadar edirdi. O qanlı Yanvar gecəsində imperiya ordusunun vəhşilikləri adamları inadından döndərə bilmirdi.

Qırmızı imperiyanın azğınlaşmış cəlladları o gecə Bakını hədəf seçəndə hər şeyi öncədən planlaşdırmışdılar. Gecəni səhərə qədər ayaqüstə qalan şəhər səbirsizliklə sabahın açılmasını gözləyirdi. Sabahın aydınlığında, qərənfil yağışının göz yaşlarında xalq öz qəm karvanını sonuncu mənzilə yola salırdı. Hələ dünyanın çox yerində bizim haqq səsimizdən çoxlarının xəbəri yox idi. Bakının küçə meydanlarına qan izləri bələdçilik edirdi. Sən demə, qırmızı imperiyanın sərt üzü bu qədər qanlı-qadalı olurmuş.

Bakının şimal qapısındakı həmin abidə bu gün bizim üçün müqəddəsdir - and yeridir. Hər gün bu abidənin bitib-tükənməyən ziyarətçiləri olur. Dünyanın müxtəlif yerlərindən, ən ucqar məkanlarından yurdumuza gələnlər bu abidə önündə ayaq saxlayır. Əlbəttə, bu şəhidlərin faciəli taleyi ziyarətçilərə çox şey deyir, imperiya ordusunun vəhşilikləri barədə hər kəsdə aydın təsəvvür yaradır...

Bir həqiqəti etiraf etməliyik. Xalqımız cəsarətlə sübut etdi ki, Azərbaycan ən ciddi müqavimətlərin, təpkilərin qarşısında dayana bilir. O yerdə ki xalqın azadlığından, müqəddəratından söhbət gedir, onda biz birləşə bilirik. Xalqın birliyi, əqidə möhkəmliyi böyük sərvətdir. Onu məhv etmək, Yer üzündən silmək o qədər asan deyil. İllər, əsrlər ötsə , bu abidə o günlərin nişanəsi kimi daim qalacaq, xalq bu yerləri əbədi ziyarətgaha çevirəcək. Hər gələn nəsil qürurla şəhidlərin əməlləri ilə fəxr edəcək, onları dönə-dönə xatırlayacaq.

Şimal qapısındakı bu möhtəşəm abidə-kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşlar Azad Əliyev, Cavanşir Dadaşov bitkin bir əsər, dolğun kompozisiya yaratmaq üçün müxtəlif mənbələrdən faydalanıblar. Ən başlıcası, xalq ruhu, əyilməzlik simvolu olan elementlərdən bacarıqla istifadə olunub. Təxəyyüllə həqiqətin simvolu, insan xarakterinin mətinliyinin qranit  lövhədə həlli uğurla alınıb. Abidə faciənin ağrısını, o günlərin fəryadını bizə dönə-dönə xatırladır. Biz fəxr edirik ki, belə qürurlu oğullarımız, igidlərimiz olub. Onların əməlləri bu qranit lövhədə daim əzəmətlə yaşayacaq!

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2018.- 20 yanvar.- S.1; 4.