Can verən
imperiyanın qurbanları
Mixail Qorbaçov hakimiyyətə gələndən
az sonra Sov.İKP MK Siyasi Bürosunun üzvlərindən Heydər
Əliyevi, Andrey Qromıkonu, Dinmuxamed Kunayevi, Vasili
Şerbitskini və digər görkəmli şəxsiyyətləri
müxtəlif bəhanələrlə SSRİ rəhbərliyindən
kənarlaşdırdı. Elə bundan sonra
milli zəmində baş verən qarşıdurmalar getdikcə
genişləndi. Qazaxıstan, Gürcüstan, Özbəkistan,
Pribaltika respublikalarında, habelə Rusiyanın daxilində
silahlı toqquşmalar çoxlu sayda insan tələfatı
ilə nəticələndi. Hiyləgər erməni
millətçiləri bu dəfə rüşvətxor və
xain M.Qorbaçovu ələ alaraq onilliklər boyu həsrətində
olduqları məqsədlərinə çatmaqdan ötrü
əzəli, əbədi torpaqlarımız olan Dağlıq
Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək
üçün məkrli niyyətlərə əl
atırdılar. M.Qorbaçovun hadisələri
daha da dolaşdırması, xalqımızın
hüquqlarını xaincəsinə pozaraq ermənipərəst
mövqedə dayanması bütün Azərbaycan vətəndaşlarını
hiddətləndirmişdi. O günlərdə “Bir dəli
quyuya bir daş atıbdı” adlı şeir yazaraq qəzəb
və nifrətimi ifadə etdim:
Gör necə söz deyib aqil babalar,
Bu sözün ardında mənalı
bir sirr.
Bir dəli quyuya bir daş
atıbdır,
Min ağıllı onu
çıxara bilmir.
“Daşa” da ad qoyub çox əziz-xələf,
Deyir ki, qoyuram “yenidənqurma”.
O daş o quyuya atılan gündən
Başladı vurhavur, yenidənqırma.
Hərdən ip salladı
özü quyuya.
Tarix naxələftək onu
anmasın.
İpə bilə-bilə sabun
çəkdi ki,
Xilas olunmağa ümid
qalmasın.
Bir az sayıq
olun, ölkələr, xalqlar,
Bu daşda məkrli,
çirkin bir sirr var.
Biz onu quyuda qoya bilmərik,
Yoxsa bu dünyanı çəkib
aparar.
Yaranan vəziyyət isə
ermənilərin iştahasını daha da
artırırdı. Sovetlər dövründə
Dağlıq Qarabağ Vilayətində komsomol və partiya
işində çalışmış R.Köçaryan və
qatil S.Sarkisyan Xankəndidə bu işlərə bilavasitə
rəhbərlik edirdilər. Onlar
Qarabağda azərbaycanlı əhaliyə divan tutur,
xalqımızı dədə-baba torpaqlarından qovur, mitinqlər
təşkil edib Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsini tələb edirdilər. Ermənilərin tərəfini saxlayan M.Qorbaçov
qəsdən özünü bilməməzliyə vurur,
deyirdi ki, kimin haqlı olduğunu bilmək mümkün deyil,
guya bunu aydınlaşdırmaq lazımdır. Guya SSRİ-də bəzi məsələlərin əsl
mahiyyəti hələlik məlum deyil, bunları
araşdırmaq müəyyən vaxt tələb edir. Bu cür bəhanələrlə Qorbaçov ermənilərə
silahlanmaq və cinayətlərini genişləndirmək üçün
münbit şərait yaradırdı. Azərbaycanın
o zamankı rəhbərliyi isə vəziyyətdən
çıxış yolu tapıb xalqı müdafiə etmək
əvəzinə, mərkəzin əlində oyuncağa
çevrilmişdi və Kremlin diktə etdiklərini robot kimi
icra etməkdə idi. 1988-ci ildə Topxana
meşəsində ermənilər tərəfindən
ağacların qırılması Azərbaycan xalqının
səbir kasasını daşdırdı. Paytaxt
Bakıda, respublikamızın bütün rayonlarında xalq
ayağa qalxdı, torpağımızda yaşayıb
çörəyimizi yeyən, suyumuzu içən, üstəlik,
özümüzə qənim kəsilən ermənilərin
hərəkətlərinə göz yuman
mərkəzin ikiüzlü siyasətinə etirazını
bildirdi. Xalq azadlıq, haqq-ədalət istəyirdi! Amma ermənilərə rəvac verən mərkəzi
hökumət xalqımızın haqq səsini boğdu,
nümayişi dağıtdı. Məsələ
düyünə düşmədən həll oluna bilərdi,
əgər Moskva düzgün mövqe tutub ocağı daha da
alovlandırmasaydı. Lakin münaqişə ermənilərin
hazırladığı ssenari üzrə davam edir,
qurbanların sayı artır, Ermənistanda yaşayan azərbaycanlı
əhali son nəfərinə kimi əzəli torpaqlarından
vəhşi üsullarla qovulur, Qarabağ od
tutub yanır, Sumqayıt faciəsi törədilir və
günahlar hiyləgərliklə azərbaycanlıların
üstünə atılırdı. Azərbaycanda
isə hakimiyyət uğrunda çəkişmələr
gedirdi. Onsuz da əliyalın olan xalq hiyləgər
və təpədən-dırnağa qədər
silahlanmış düşmənin təzyiqi altında idi.
Başıpozuq silahlı dəstələrimiz
isə ordu kimi birləşəcək bir vəziyyətdə
deyildi. Nəhayət, 1990-cı ilin
yanvarı. Xalq hərəkatı getdikcə
güclənirdi. Hökumətdən Azərbaycanın
haqlı tələblərinə ədalətlə baxmaq,
düzgün mövqe tutmaq tələb olunurdu. Xalq azad söz demək, sərbəst fikir ifadə
etmək hüququndan istifadə etmək istəyirdi. Uzun
illər boyu inanıb güvəndiyimiz sovet ordusu xalqın
haqq səsini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
Bakıya hücum etdi. Guya fövqəladə vəziyyət
həyata keçirilirmiş. Əslində,
bu, can verən qırmızı imperiyanın öz
ömrünü uzatmaq üçün son cəhdi idi. Fövqəladə vəziyyəti xalqa elan etmədən
Qərb istiqamətindən də şəhərə soxulan
ordu qarşısına nə çıxdısa, gülləbaran
etdi. Tanklar avtomobilləri
tırtılları altında qoyur, silahlılar dinc əhalini,
uşaqları, qadınları, qocaları, hətta bu mənzərəyə
çoxmərtəbəli binaların eyvanlarından baxan
sakinləri avtomatlardan atəşə tuturdular. İndiki 20 Yanvar metrosunun ətrafındakı
küçə və prospektlər qana bələndi. Həmin axşam və səhər qətliam davam
etmişdi. Nəticədə 130-dan
çox vətəndaşımız şəhid oldu. Onların arasında uşaqlar, qadınlar və
qocalar da vardı, 744 nəfər yaralandı, 841 nəfər
qanunsuz olaraq həbs edildi.
1990-cı ilin yanvarı faciəli
olduğu qədər də xalqımızın tarixində qəhrəmanlıq
səhifəsidir. Sovet imperiyası qanlı cinayəti ilə
Azərbaycan xalqını sarsıda bilmədi. Əksinə, xalqımız özündə yeni
güc tapdı. Milliyyətindən, din və
təriqətindən asılı olmayaraq birləşərək
yumruğa döndü. Şəhidlərimiz
sonsuz bir ehtiramla, izdihamla Dağüstü parkda dəfn
olundular.
Şəhidlərimizdən
biri Salyan şəhərində böyüyüb boya-başa
çatmış Elçin İmanov idi. O, Tibb Universitetinin 4-cü
kursunda oxuyurdu. Elçin də düşmən
gülləsinə tuş gəldi, təhsili kimi neçə-neçə
arzuları da yarımçıq qaldı. Salyan camaatı böyükdən tutmuş
kiçiyə kimi Elçin İmanovla vidalaşmağa gəldi.
Şəhidi Salyan qəbiristanlığında
torpağa tapşırdılar. 20 Yanvar
hadisələri qəlbi Vətən eşqi ilə
çırpınan hər kəsi hədsiz dərəcədə
hiddətləndirmişdi. Salyan rayonunun
Sarvan kənd sakini, adlı-sanlı əmək adamı, fiziki
cəhətdən çox sağlam olan Sakit Səmədovun
ürəyi baş verən bu haqsızlığa, cinayətə,
zülmə dözə bilmədi, birdəfəlik dayandı.
20 Yanvar hadisələri
qırmızı imperiyaya qarşı ümumxalq hiddətini
və nifrətini daha da alovlandırdı. Rayonlarda da əhali
ayağa qalxaraq bu hadisəni törədənləri lənətləyir
və bunun üçün cavab verməyi tələb edirdilər.
Odur ki Cənub bölgəsində növbəti
hədəf Lənkəran və Neftçala rayonları oldu.
Yanvarın 22-də xüsusi təyinatlı
qırmızı ordunun zabit və əsgərləri Lənkəran
şəhərini mühasirəyə aldılar. Onların bu özbaşınalığına
qarşı müqavimət göstərən adamlara divan
tutuldu. Lənkəran rayon sakinləri Vaqif Məmmədov,
Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov
və Rövşən Bədəlov həlak oldular. Hadisələrin
iştirakçısı Rafiq Rüstəmovun sözlərinə
görə sonrakı mərhələdə imperiya
qoşunlarının silahlıları 16 nəfər lənkəranlı
gənci Rusiyanın Ulyanovsk, 30 nəfəri isə Bakı
yaxınlığındakı Şüvəlan qəsəbəsinə
apararaq 30 gün həbsxanada saxlamışdılar. Onlardan 1 nəfəri - Toğrul Abdullayev Ulyanovska
aparılarkən vertolyotda boğularaq
öldürülmüşdü.
Lənkərandan sonra yanvar
ayının 25-də silahlanmış ordu qüvvələri
Neftçala rayon mərkəzinə yeridilər. Burada da dinc əhaliyə
amansız divan tutuldu. Rayon sakinləri
Şəmsəddin Orucov, Əbülfəz Cəfərov və
Nurəddin Ağahüseynov həlak oldular. Bundan başqa, 9 nəfər yaralandı, 37 nəfər
həbs edildi. Həbsxanada onlar
dözülməz işgəncələrə məruz
qaldılar. Bu qəzəbli, kədərli günlərdə
şəhidlərə olan məhəbbət və ehtiram da
şeirlərə çevrilirdi:
Siz ey Vətən yolunda şirin
canından keçib,
İgidliyi, mərdliyi özünə
amal seçib,
Ömrün bahar çağında
həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu,
torpağı yaşadanlar!
Yaşayan hər ömürdə
qanınız, canınız var!
Səs verdiniz Vətənin
harayına, səsinə,
Yüksəldiniz müqəddəs
şəhidlik zirvəsinə.
Məzarınız
dönübdür ziyarət türbəsinə.
İnanın, and içirik,
qanınız alınacaq!
Xatirəniz, ruhunuz həmişə
anılacaq!
Bir ata övladından el
oğluna döndünüz.
Kim deyir ki, öldünüz, kim deyir ki, söndünüz?!
Gələcək nəsillərə
yetəcəkdir ününüz.
Siz bu gün də, sabah
da - əsrlərlə sağsınız!
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!
Siz yazdınız millətin tarixini
qan ilə,
Sinənizdə yurd saldı
yurda atılan güllə.
Məzarınız tutulub min
çələngə, min gülə.
Tərsiniz çiçək kimi, həmişə
baharsınız!
Azərbaycan köksündə həmişə
yaşarsınız!
20 Yanvar, Xocalı
soyqırımı, torpaqlarımızın zəbt edilməsi
ən yeni tariximizin qanlı səhifələridir. Bütün bu həqiqətlərin
dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara
çatdırılması, cinayətkarların cəzalandırılması
ilə bağlı Prezident İlham Əliyev və onun
göstərişi ilə lazımi qurumlar sistemli şəkildə
iş aparırlar. Görülən tədbirlər
sayəsində Azərbaycanın ayrılmaz hissəsi olan
Dağlıq Qarabağ haqqındakı həqiqətlər
dünyaya yayılır. Lakin düşmən
çirkin niyyətindən hələ də dönmək istəmir.
Xarici ölkələrdə yaşayan
milyonçu ermənilər də ayrı-ayrı siyasətçiləri,
diplomatları, jurnalistləri ələ almaqdadır və bu
istiqamətdə pullarını xərcləməkdə xəsislik
etmirlər. ATƏT-ə həmsədrlik edən ölkələrin
səfirləri dəfələrlə dəyişsə də,
vəziyyət dəyişmir ki, dəyişmir! Onlar tutduqları ikili mövqedən əl çəkmirlər.
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi
hələ də icra olunmamış qalır!
Seyran CAVADOV
Azərbaycan.-
2018.- 20 yanvar.- S.3.