İnsanlığa sığmayan
terror aktı
Gürzalı NƏBİYEV,
Bakı şəhəri,
Nəsimi rayonunun sakini, pensiyaçı
- 1988-ci ildə Ermənistandan, Göyçədən
gələn qaçqın
kimi Biləcəridə
yataqxanada məskunlaşmışdıq.
Yanvarın 19-u günü gecə
metronun XI Qızıl
Ordu (o vaxt belə adlanırdı) stansiyasından çıxıb
Biləcəriyə, yaşadığım
yataqxanaya təzəcə
çatmışdım. Gəldiyim istiqamətdən, indiki mərkəzi avtovağzal
və Biləcəri yoxuşu deyilən ərazidən dəhşətli
insan səsləri və maşın-texnika tırıltısı eşidildi.
Bütün yataqxana sakinləri
narahat oldu. Qonşularımla Biləcəri enişinə
gəldik, gördük
ki, Xırdalan istiqamətindən gələn
sovet ordusunun tankları, “BMP-1”lər, “BMP-2”-lər,
“BTR”-lər magistral yolda böyük bir kolon yaradıblar.
Saqqallı silahlıların
sovet əsgərlərinin
və saysız-hesabsız
texnikanın şəhərə
girişinin qabağını
almaq üçün
dinc əhali “KaMAZ” və “QAZ-53” markalı yük maşınları ilə
yolu bağlamışdılar,
özləri isə yerdə oturmuşdular. Etirazçılara dəstək
olmaq üçün
biz də onlara qoşulduq... Bir də gördük,
sovet tankları kolon boyu nazik
işıq saldılar.
Bu paroldan sonra
Xırdalandan bəri magistralda dayanan bütün texnika bir anda hərəkətə
gəldi, tırtıl
səsləri aləmi
bürüdü. Qabaqda tanklar,
ardınca BTR-lər,
BMP-lər yola düzülmüş yük
maşınlarını əzib
keçərək yol
boyu oturan əliyalın əhalinin üstünə yeridilər.
Qaçıb sağ qalanlar bir azdan
yol qırağı ağacların arxasından,
yolkalıqdan çıxıb
magistralın ortasındakı
meyitləri görəndə,
yarımcan yaralılara
yardım etmək istəyəndə ürəyi
gedən də oldu. Kimi təcili
yardıma zəng etməyə, kimi dostunu, qonşusunu, kimi də səsə
gələn ətraf binaların sakinləri ilə birgə yaxınını axtarmağa
başladı... Dəhşətli o idi ki, bu
zaman sovet əsgərləri dinc, əliyalın əhaliyə
qarşı atəşi
dayandırmırdılar. İstər kişi
olsun, istər qadın, istər uşaq olsun, istərsə də qoca fərqi yox idi, hamıya
atəş açırdılar.
Hətta
yol qırağı binalarda işıq gələn pəncərələri
də güllə-baran
edirdilər.
Bu qanlı faciədən 28 il
ötür, bu illər ərzində hər dəfə o yolu keçib gedəndə o dəhşətli
mənzərəni xatırlayıram.
Bunları heç vaxt
unuda bilmirəm.
Mən sovet ordusunda əsgərlikdə olmuşam.
Çox
təəssüf edirəm
ki, xalqıma qarşı belə bir amansızlıq və haqsızlıq edən bir orduda
xidmət etmişəm.
Öz əllərimlə qəbirlərini
qazdığım, dəfnlərində
yaxınları kimi iştirak etdiyim o şəhidləri həmişə
bayramlarda və 20 Yanvar günü gəlib ziyarət edirəm. Allah onlara rəhmət eləsin!
Bu vəhşilikləri
törədən “sülh
carçısı” kimi
tanıdığımız sovet ordusunun əsgərləri idi
Şirməmməd RƏHİMOV,
Yasamal rayonu, təqaüddə olan həkim-terapevt
- O dəhşətli
gecənin şahidlərindən
biri də mənəm. O vaxt Bakının 9-cu mikrorayonundakı
təcili-tibbi yardım
stansiyasında həkim
işləyirdim. Yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi texnikasının və əsgərlərinin hücumuna,
atəşinə məruz
qalan yaralı insanlara yardım göstərənlərdən biri
idim. O zaman Bakı şəhərində
15 təcili yardım stansiyası var idi. Stansiyalarla əlaqə ancaq
hava telefonları (“ratsiya” qurğuları) vasitəsi ilə saxlanılırdı. Şəhərdəki narahatçılıqdan, qeyri-sabit
durumdan az-çox məlumatlı idik. Gecənin yarısı stansiyaya daxil olan məlumatdan
bəlli oldu ki, Bakı-Mərdəkan yolunda sovet hərbçiləri
tərəfindən bir
təcili-tibbi yardım
maşını vurulub,
içərisindəki həkim
ağır güllə
yarası alıb.
Bəlkə də həyatımda
ilk dəfə idi ki, eşitdiklərimə inanmaq istəmirdim, təəssüf ki, bu kimi həyəcanlı
xəbərlər tez-tez
bir-birini əvəz edirdi.
Gecə saat 12-də indiki Mərkəzi Şəhər
Avtovağzalı istiqamətindən
şəhərə doğru
irəliləyən tankların,
tırtıllı texnikanın
səsi gecənin bağrını deşirdi,
havada sağa-sola şütüyən işıqsaçan
güllələr insanları
çaş-baş salmışdı. Təcili yardım
stansiyamız metronun
“XI Qızıl Ordu” (indiki “20 Yanvar”) stansiyasına nisbətən
yaxın olduğundan buraya ilkin tibbi
yardıma gedənlər
bizim həkim və tibb bacıları,
bir də vicdanlı xüsusi minik avtomobili sahibləri və yaralılara kömək etmək istəyən vətənpərvər insanlar
idi.
3-cü mikrorayonun
dairəsindən Azon zavodu istiqamətinə gedən təcili-tibbi yardım maşını
bır az
gedib dayandı, irəli getmək mümkün deyildi. İnsanlar ağlaya-ağlaya,
axın-axın üzüaşağı,
Papanin deyilən Xutor istiqamətinə doğru axışır,
ağacların dibində
yaralı iniltisi eşidilirdi, kim
isə kiminsə qoluna girib dirənə-dirənə
həyəcan içində
qaçmağa çalışırdı.
Zülmət gecədə güllənin
haradan atıldığı
dəqiq bilinmirdi, yalnız dəydiyi yerdə parlayan qığılcımları görmək
mümkün idi.
Bir neçə ağır yaralının səsini eşidərək yaxınlaşıb
onları xəstəxanaya
çatdırdıq. İki-üç dövrədən sonra yaxınlıqdakı
xəstəxana və
poliklinikalarda yer sıxlığından təcili
yardım maşınları
şəhərin digər
ərazilərindəki xəstəxanalara
“qaçmalı” oldular.
Sovet ordusunun “qəhrəmanları”
küçədəki əliyalın
insanlarla yanaşı,
yolun kənarındakı
hündürmərtəbəli binalarda yaşayanların,
güllə səsinə
yuxudan ayılıb otağının işığını
yandıranların mənzillərini
də atəşə
tuturdular.
Həmin dəqiqələrdə çağırışların
sayı artdığından,
onlara yerindəcə
ilk tibbi yardım göstərmək çətin
idi, demək olar ki, mümkün
deyildi. Yollar qorxulu olmaqla
“saqqallı hərbçilər”in
nəzarətində idi.
Bizdən bir az aralı
tankın üstündə
dayanan əsgərlər
təsadüfən şəhər
istiqamətindən köməyə
gələn “Jiquli”nin
əvvəl təkərlərini,
sonra da şüşələrini gülləbaran
etdilər. Biz həmin maşının
içindəki iki nəfəri, eləcə
də yolun kənarında divarın dibində qan itirib heydən düşmüş yaralını
götürüb ölümcül
halda xəstəxanaya
çatdıra bildik.
O dəhşətli
qanlı şənbə
gecəsindən 28 il ötməsinə baxmayaraq gördüklərimi
unuda bilmirəm. Bu vəhşilikləri törədənlər özünü
dünyaya “sülh carçısı” kimi tanıdan sovet ordusunun əsgərləri
idi. Bu qanlı
cinayət bəşəriyyətə,
humanizmə, insanlığa
qarşı törədilmiş
dəhşətli terror aktı
idi.
Söhbəti yazdı:
Rəhman SALMANLI,
Azərbaycan.- 2018.- 20 yanvar.- S.3.