Qəhrəmanlıq zirvəsi
Onlarca körpəni, qadını ölümün
ağuşundan alan
şəhid Aslan Ağaverdiyev
xalqın yaddaşında əbədi yaşayır
“1952-ci il
avqustun 24-də Bakıda
anadan olmuşdu. Paytaxtın Zevin
(indiki Əziz Əliyev) küçəsindəki
müəssisədə anbardar
işləyirdi. Yanvarın 19-da işdən çıxıb
birbaşa Naxçıvan
mehmanxanasına gedib.
Sonra evə gəlib dedi ki, oraya yaman
çox adam
yığışıb. Yorğun idi,
yeməyini yedi, televizoru yandırdı.
Elə həmin vaxt televizor birdən-birə söndü. Ayağa qalxıb
qayıtdı ki, nəsə olub mən gedirəm. Nə qədər etiraz etsəm də, razılaşmadı,
dedi ki, çox nigaranam, getməliyəm. Durub evdən çıxdı
və bu, son gedişi oldu...”
1990-cı ilin 20 Yanvar hadisələrində
qəhrəmancasına şəhid
olmuş Aslan Ağaverdiyevin həyat yoldaşı Zərifə
Ağaverdiyeva 28 il keçməsinə baxmayaraq,
hələ də onun yoxluğu ilə barışa bilmir. Çünki hər ilin yanvar
ayında o qanlı gecənin dəhşətli
mənzərəsini xatırlayarkən
bir fikir onu çox sarsıdır - Aslanın
evdən getməsinə
əngəl ola
bilsəydi, 3 qız övladını birlikdə
xoşbəxt böyüdərdilər.
28 il
öncə yaşadığı
dəhşətli anları
bizimlə bölüşən
Zərifə xanımın
söylədikləri ürək
dağlayır. Gənc yaşında
həyat yoldaşını
itirməsi, 3 qız övladını təkbaşına
böyütməsi onun
nə qədər ağrılı-acılı günlər
keçirdiyini göstərir.
Qan yaddaşımız olan 20
Yanvar hadisəsi həm böyük faciə, həm də qəhrəmanlıq
salnaməsi, şərəf
günümüzdür. Azərbaycanın müstəqilliyi, suverenliyi
üçün canını
fəda etmiş şəhidlərimiz isə
qürur mənbəyimizdir.
Ürək ağrısı
ilə söhbətini
davam etdirən Zərifə xanım hərdən fikrə gedir, sanki bir
anlıq həmin qanlı şənbə günündə yaşadıqları
yenidən gözü
önündə canlanır : “Evə zəng gəldi. Dedilər ki, Aslan ayağından yüngül
yaralanıb, təcili
“Semaşko” xəstəxanasına
gəlin. Tez-tələsik evdən çıxdım.
Ora çatanda gördüm ki, hər kəs
Aslanın başına
toplaşıb. Qarın nahiyəsindən
güllə yarası
almışdı. Ancaq huşu
yerində idi. Üzünü mənə
çevirib dedi ki, Naxçıvan mehmanxanasının qarşısında
sovet əsgərləri
ilə üzbəüz
dayanan əli körpəli və uşaqlı qadınları
görüb çox narahat olub. Üzünü kişilərə tutub sual verib ki,
siz neynirsiz? Onlar isə cavablarında deyiblər ki, qadınlara, uşaqlara əl dəyməzlər.
Bu sözü eşidən kimi dərhal əli körpəli və uşaq arabalı qadınları geri çəkib. Onların qarşısında
cavanlarla birlikdə sədd çəkib, dayanıblar. Gecə 12-ni keçəndə
atəş əmri verilib. Ön cərgədə dayandığı üçün
elə ilk atəşdən
yaralanıb. Güllə qarın
nahiyyəsinə dəyib”.
Qəhrəməncasına şəhid
olmuş Aslan Ağaverdiyev həmin gecə cavanlarla birlikdə onlarca qadını və körpəni ölümdən
xilas ediblər. Güllələrin, tankların səsləri
insanları vahiməyə
salsa da, mərd oğullarımız, qızlarımız
heç nədən qorxmayıblar, çəkinməyiblər.
Zərifə xanım
kövrələrək danışmağa
davam edir: “Hadisə zamanı güllə onun nazik və yoğun
bağırsaqlarını, mədəsini və böyrəyini zədələmişdi.
Həkimlər mənə dedilər
ki, Aslan xəstəxanaya gətirilənə
qədər 3 litr qan itirib. İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə
şam işığında
əməliyyat olundu.
Ona vurulan qanlar bədənində dövran
etmədiyinə görə
həlak oldu. Yanvarın
21-də şəhidlik zirvəsinə
ucaldı. Çox peşmanam
ki, ölüm ayağında olarkən 3
qız övladını
onunla görüşdürə
bilmədim. Düşünmüşdüm ki, sağ-salamat
evinə qayıdacaq”.
Dövlətimiz tərəfindən 20 Yanvar faciəsində şəhid olmuş Aslan Ağaverdiyevin xatirəsi əbədiləşdirilib. Hazırda Bakı şəhəri Yasamal rayounuda yerləşən 31 saylı tam orta məktəb onun adını daşıyır. Üç qızını təkbaşına böyüdən həyat yoldaşı Zərifə Ağaverdiyeva da təhsil işçisidir. Onun böyüdüb boya-başa çatdırdığı övladlarından biri isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist, Prezident mükafatçısı Məsmə Aslanqızıdır.
Bakının ən yüksək nöqtələrindən birində müqəddəs and yerinə çevrilmiş bir ziyarətgah - Şəhidlər xiyabanımız var. Qanlı Yanvar gecəsində və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə həlak olan şəhidlərimiz bu müqəddəs məkanda uyuyurlar. Aslan kimi yüzlərlə şəhidimiz xalqın yaddaşında əbədi yaşayırlar...
Səbinə MƏMMƏDOVA
Azərbaycan.-
2018.- 20 yanvar.- S.4.