Həmin gecə həkimlər dəsınaq
qarşısında idilər
“İnsanlar gözümüzün önündə ölürdü. Biz ordunun qarşısını almaq üçün irəli atılanda artıq bir neçə nəfərin yerdə inildədiyini gördük. Əvvəl küçədə yaralılara həkim kimi kömək etdim. Ara sakitləşdikdən sonra isə onları xəstəxanalara aparmağa başladıq. Çalışdıq ki, yaralılardan az adam həyatını itirsin!” 20 Yanvar gecəsinin şahidi, həkim Sultan Azadəliyev həmin günü belə xatırlayır...
O da digər şəhər sakinləri kimi yanvarın 19-dan 20-nə keçən gecə meydanda idi, azğınlaşmış sovet hərbi birləşmələrinin qarşısına çıxmaqla doğma şəhərini qorumaq istəyirdi, azadlıq səsini ucaldırdı. Həkimlik peşəsi isə onu həmin gün daha bir cəfakeşliklə sınağa çəkdi. Özü xəsarət alsa da, heç nəyə məhəl qoymadan yaralı həmvətənlərinə kömək etməyə başladı.
Həmin gün sovet ordusu ehtiyatda olan erməni əsilli kursantlar, əsgər və zabitlərdən ibarət quldur dəstələri ilə birlikdə Azərbaycanın paytaxtına soxulmuşdu. Bir neçə istiqamətdən şəhərin mərkəzinə doğru hərəkət edən qoşun birləşmələri heç kimə məhəl qoymurdular. Yaşlı, cavan, qadın və uşaqlar tankların tırtılları altında tapdanırdı. Yaralılara köməyə gələn təcili yardım maşınlarını atəşə tuturdular, həkimlərə imkan vermirdilər ki, onlara yardım etsinlər. Bir neçə yerdə təcili yardım maşınları gülləbaran edilmişdi. “Komsomol” dairəsində təcili yardım maşınlarına atəş açan zaman maşında olan həkim Aleksandr Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak oldu.
Sultan həkim deyir ki, əvvəlcə heç kimin ağlına gəlmirdi ki, illərlə xidmət etdiyimiz ordu birləşmələri xalqa, əliyalın insanlara atəş açacaq. Amma bunun canlı şahidi olduq: “Gözümün qabağında onlarca insanı öldürdülər, yüzlərlə adamın qanını axıdıb ağır xəsarət yetirdilər. Mənim özüm də zədə aldım. Amma həkim olduğuma görə, yaralılara ilkin tibbi yardım göstərməyə başladım, mənim zədəm onlardan yüngül idi. Bir gün sonra isə işlədiyim Mərkəzi Dənizçilər Xəstəxanasına gəldim, oranı da gülləbaran etmişdilər. Amma yaralılar gətirilirdi, biz xidmətimizi orada davam etdirdik...”
Həkim deyir ki, xəstəxanaya gətirilənlərə maksimum yardım göstərsələr də, ölənlər çox olub. Əksəriyyəti də güllə yarası alanlar idi. İki gün gecə-gündüz yaralı qəbul ediblər. Həkimlər, tibb işçiləri sızıltının, fəryadın nə olduğunu daha çox görürlər, ağrılarını daha çox yaşayırlar. Sultan doktor cərrah idi, bir gecədə illərlə gördüyü iniltinin şahidi oldu. Amma Hippokrat andı içmiş digər həkimlər kimi, o da müdhiş gecəyə şahidlik etməklə yanaşı, həmvətənlərinin qayğısına qalmağa çalışdı...
Bəli, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə növbəti dəfə xalqımızın, günahsız vətəndaşlarımızın başına müsibətlər gətirildi. Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 800 nəfərdən çox adam yaralandı. Vəhşiləşmiş hərbçilər tərəfindən 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, o cümlədən təcili yardım maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. XX əsrin əvvəllərində Bakıda bolşevik-daşnaklar tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşilik sanki təkrarlanırdı. Təpədən-dırnağadək silahlanmış hərbi birləşmələr PDM, zirehli transportyorlar və tanklarla bir neçə saatın içində Bakını gülləbarana tutdular. İnsanlar həyatları ilə sınağa çəkildilər, amma onları heç nə yolundan döndərə bilmədi, xalq sarsılmadı və geri çəkilmədi. Azadlıq, müstəqillik, özünə məxsus olana sahib çıxmaq onlar üçün canlarından da qiymətli oldu - hərə bacardığı kimi ölümün üstünə şığıdı. Əlbəttə, qan bahasına olsa da, bu, Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və çökməkdə olan imperiya üçün ağır zərbə oldu.
Beləcə, iyirmi səkkiz il əvvələ qədər hər birimiz üçün sadəcə təqvimin ilk ayı, qışın “oğlan çağı” olan yanvar xüsusi statuslu bir təqvim ayı oldu. Azərbaycanın müasir tarixinə faciəli, qanlı-qadalı günlərdən biri kimi daxil olub ürəkləri sızlatsa da, nə qədər itkilərə, sarsıntılara və dağıntılara məruz qalsaq da, 1990-cı ildən yanvar həm də tariximizin qəhrəmanlıq, azadlıq səhifəsinə çevrildi. Zaman göstərdi ki, bu tarix xalqımızın şanlı səhifəsi olaraq yaddaşlara Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi həkk olundu.
Elnur HADIYEV
Azərbaycan.-
2018.- 20 yanvar.- S.4.